Aslan Alı oğlu Əliyev

DAĞ VÜQARLI İNSAN

Borçalıda ağır ellərdən biri kimi tanınan Faxralı kəndində bir ağsaqqal yaşayırdı. Zirvələrin ba­şın­dan qar əskik olmadığı ki­mi, onun saçı ağarmış və ağardıqca bir müqəddəs amal yolunda yanar çırağa dönərək el-obasını işıqlı gə­ləcəyə aparmaq üçün şölə saç­mışdı. O, sözün əsl mənasında el adamı, ağsaqqal idi. Faxralıda böyükdən-kiçiyə hamı onun yolu­nu gözləyər, sözünü eşidər, də­yər­li məsləhətlərindən faydalanardı. Kəndin xeyir­-şərində bir ağsaqqal kimi daim başda olardı. Bir sözünü iki et­məz­dilər. Vaxtilə N.Nərimanov əbəs yerə demirdi ki: “Siz özü­nü­zü bir millətdən hesab edirsinizsə, özünüzün müəyyən bir vətəniniz vardırsa, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dər­di­niz, qəminizdir və ya bir millət və ya vətən sizi öz üzv­lərindən hesab edirsə, sizin dərdiniz, qəminiz millət və və­tən üçün ümumi dərd və qəm olmalıdır”. Və yaxud böyük şairimiz M.Müşfiq deyəndə ki:

Xalq ilə titrəyən, xalqilə gülən,
Vətənçün yaşayan, vətənçün ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Həqiqətən Aslan Əliyev elin kədərinnən, sevincinnən ya­şa­yan səmimi bir insan idi. Ocağında əxlaqi dəyərlərimizə söy­kə­nən sağlam bir mühit yaratmışdı.

Sinəsi sözlə dolu, özü canlı tarix idi. Üzündəki hər qırış ya­şa­dığı illərin, ömür kitabının səhifələri idi. Adam onun söh­bə­tin­dən doymaq bilmirdi. Elə ki, söhbətə başladı, bircə an içində xatirələr çözələnir, ötən çağlar kino lenti kimi gözlərin önündə can­lanırdı. İstər-istəməz bu müdrik el ağsaqqalının dərin ha­fi­zə­sinə heyran qalır, ömrünü elinin-obasının yolunda şam kimi əridərək gördüyü işlərə həsəd aparırdın.

Onu başqalarından fərqləndirən, hörmət qazandıran bir də onun böyüklüyündən doğan sadəliyi idi. Özünü böyüklə böyük, ki­çiklə kiçik kimi aparırdı. Kimsənin xətrinə dəyməzdi. Sözü ilə əməli bir olan bütöv şəxsiyyət idi. Haqqı nahaqqa qurban verməzdi.

Canında olan torpaq, vətən təəssübkeşliyinin nəticəsidir ki, Faxralının İsrafil Məmmədov, Əli Xəlilov, Əli Bayram oğlu, Sədrəddin Namazov, Uğurlu Hüseynov və neçə-neçə digər ər ki­şiləri kimi, o da hələ sağlığında ikən adını bu kəndin tarixinə həkk etmiş, ölməzlik statusu qazanmışdı. Neçə il bundan öncə Faxralıya həsr etdiyim şeirdə yazmışam:

Məməşoğlu İfrafilin ər idi,
Əli Bayram oğlu eldə bir idi.
Məhəmmədin ocaq idi, pir idi,
Sədrəddinim, həm Aslanım Faxralı.

…Aslan Alı oğlu Əliyev 1927-ci ildə Borçalının Faxralı kən­dində anadan olmuş, ilk təhsilini də burada almışdır. Əmək fəaliyyətinə hələ erkən yaşlarından, 1939-cu ildə kənddə yeni yaradılmış kolxozda başlamışdır. 1948–1951-ci illərdə hərbi xid­­mətdə olarkən Orta Asiyada baş verən zəlzələnin nəti­cə­lə­ri­nin aradan qaldırılmasında yaxından iştirak etmişdir. Ordudan tər­xis olun­duqdan sonra yenidən doğma yurda qayıdaraq kol­xoz kom­so­mol təşkilatının katibi, mühasib müavini, xəzinədar vəzi­fə­lərində çalışmışdır. O, 1954-cü ildə Kommunist Partiyası sı­ra­la­rına daxil olmuş, 1970-ci ildə isə Azərbacan Dövlət Uni­ver­si­tetinin xalq təsərrüfatının planlaş­dırılması fakültəsini bitir­miş­dir.

Hansı sahədə çalışmasından asılı olmayaraq işə vicdanlı mü­na­sibəti, prinsipiallığı, təşkilatçılıq qabiliyyəti, adamlarla iş­lə­mək bacarığı diqqətdən kənarda qalmır, təkcə Faxralıda deyil, rayon ictimaiyyəti arasında onun nüfuzunu, hörmətini artırırdı.

1973–1979-cu illərdə əvvəlcə kolxozda, sonra isə Gürcüs­tan­da ən böyük təsərrüfatlardan biri olan Faxralı üzümçülük sovxo­zunda partiya təşkilatının katibi işləyən A.Əliyev artıq yetkin bir rəhbər işçi kimi tanınırdı. Elə bunun nəticəsidir ki, 1979-cu ildə ona daha böyük etimad göstərərək Faxralı kənd sovetinə sədr seçdilər. O, 1982-ci ilədək bu vəzifədə çalışaraq kəndin abad­laşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz həmin dövrdə Gürcüstan KP-nın XXVI qurultayına Bolnisi rayonundan nümayəndə seçildi. A.Əliyev 1983-cü ildən 1986-cı ilə kimi sovxozda anbardar, 1986-1987-ci illərdə isə iqtisadçı-mühasib vəzifə­sin­də çalışmışdır.

Həyatını doğma el-obasının abadlaşdırılmasına, əhalinin  ri­fa­hının yaxşılaşdırılmasına həsr edən Aslan Əliyev təkcə yaşa­dığı Faxralı kəndində deyil, bütünlüklə Borçalıda tanınan, sayılıb-seçilən, hər bir məclisdə yuxarı başda yer göstərilən, də­­yərli məsləhətlərinə, öyüd-nəsihətlərinə ehtiyac duyulan müd­rik el ağsaqqalı idi. Qədirbilən faxralılar, yaxından tanı­yan­lar bu gün də onu böyük minnətdarlıqla xatırlayırlar. 1994-cü ildə dünyasını dəyişən A. Əliyev sözün əsl məna­sında el adamı, hər cür hörmətə layiq bir KİŞİ idi.

Əliyevi yaxından tanıyanlar onu da yaxşı bilirlər ki, o, həm də nümunəvi ailə başçısı idi. Uşaqlarının tərbiyəsinə, təhsilinə böyük diqqət yetirirdi. Elə bunun nəticəsidir ki, onun övladlarının hamısı ali təhsil almışlar. Hamısı da atalarının adını, şərəfini hər yerdə ucaldırlar.

Atalar yaxşı deyib: adam var evdən gedər, adam var eldən. Aslan Əliyevin bu dünyadan köçməsi təkcə onun ailəsinin yox, bü­tün Faxralının itkisi idi. Ölümündən uzun illər  keçməsinə bax­­ma­yaraq bu gün də böyük məhəbbət və ehtiramla xatır­lan­ması de­dik­lərimizin sübutudur. Axı, onun qəlbi doğma el-obasına sevgi ilə o qədər dolu idi ki, sözlə ifadə etmək belə çətindir. Elə buradaca bu gün Faxralı orta məktəbində ədəbiyyat müəllimi işləyən Fatma Aslan qızının atasına həsr etdiyi şeirin bir bəndini xatırlamaq yerinə düşər:

Bir peyğəmbər atam getdi,
Bizi oda atan getdi.
El-obaya məhəbbəti
Ulduzlara çatan getdi.

Neçə ki, Faxralı, qədirbilən faxralılar və bir də hər yerdə üz ağardan övladları var Aslan kişi də yaşayacaq, hər zaman minnətdarlıqla anılacaqdır. O, bu ümumxalq sevgisinə layiqdir.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur