Qara Əhməd Əhmədalılar nəslindəndir. İgid cəsarətli, adam olub. Çətin situasiyalarda vəziyyətdən çıxmağı bacarıb.
Hadisə 1922-ci ildə baş verib. Faxralılar Qaraxaç (Qaraqoç) yaylağından arana köçə hazırlaşırmışlar. Həmin vaxt Aralığın burnuna yaxın ərazidən keçən 2 nəfər erməniyə qoyun itləri hücum edir və itlər onlara xəsarət yetirirlər. Faxralılar itləri kənarlaşdırır, ermənilərə yardım edir və baş vermiş hadisəyə görə onlardan üzr istəyirlər. Sonra ermənilər Noreşənə tərəf gedirlər.
Bir müddətdən sonra, köç arana qayıdan zaman, Faxralılar Sərçəved ilə Noreşən arasında “Əyru su” deyilən yerdə əllərində balta, yaba və s. silahlanmış ermənilərlə qarşılaşırlar.
Azğınlaşmış erməniləri sakitləşdirmək və baş vermiş hadisəyə görə təkrar üzrxahlıq etmək üçün Balaməmmədlinin Rustam onların qabağına çıxır. Bu zaman ermənilər heç nəyi dinləmədən Rustama hücum edir və onu qətlə yetirirlər.
Baş vermiş hadisədən qəzəblənən və intiqam məqsədilə Qara Əhməd, həmin an əlindəki beşaçlan ilə 2 ermənini yerə sərir. Ermənilər öz ölülərini ortada qoyub qaçırlar.
Faxralılar Rustamı atın üstünə qoyaraq Qızıldaşa (Qızılkilsə), oradan da Candar yolu ilə Qızıl Qayaya və sonra Faxralıya gətirirlər. Rustam el qaydası ilə dəfn olunur.
Sonralar hökumtət Qara Əhmədi həbs edir və onu Gümrüdəki həbsaxanalardan birinə salır.
Günlərin bir günü, həbsxanada bir nəfər kürd, Qara Əhmədi məlumatlandırır ki, onu ermənilər bu gecə öldürməyi planlaşdırıblar. Bunu eşidən Qara Əhməd həbsxanadan qaçır və özünü yaxınlıqdan keçən çaya atır. O, arxası ilə düşən həbsxana mühafizəçilərindən gizlənmək üçün bir müddət suyun altında qalır. Onlar ətrafda olan ot tayalarına od vurur və Qara Əhmədi tapa bilməyib oradan uzaqlaşırlar.
Qara Əhməd yanan tayaların alovunun işığında Lökün zirvəsini görür və təhlükə sovuşduqdan sonra üstü-başı yaş halda Lökə tərəf istiqamət götürür. O, yolda 5-6 ədəd canavar sürüsü ilə də qarşılaşır. Lakin, canavarlardan qorxmayaraq yoluna davam edir və Faxralıya çatır.
Qara Əhmədi bir müddət (1 ilədək) Babaşlının Mehralının anası Qızeytar nənə gah Tənəklidə, gah Yaloxda və s. yerlərdə gizlin saxlayır.
1930-cu ilədək o, hökumətdən gizlənə bilir.
Sonralar Mehralı kişi Sərçəveddə dostluq etdiyi erməninin evində qonaq olan zaman evin xanımı ona deyib ki, “Mehralı can, bizim bir qohumumuzu sizinkilər öldürüblər”.
Təbii ki, Mehralı kişi öldürən adamın öz doğma xalası oğlu olduğunu bilir, lakin həmin adamın kimliyi barədə bir kəlmə də danışmır.
Bundan sonra o, həmin erməni ilə münasibətlərini tamamilə kəsir.
Qara Əhməd 1976-cı ildə rəhmətə gedib.
Mənbə: Əmirxan Babaşovun dediklərindən