QISA MƏLUMAT
Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə “Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)” mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, “Bakı” və “Baku” qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman “SSRİ xalqları ədəbiyyatı” kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildən bu kafedranın müdiridir.1975-ci ildə “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri vardır.Onun ən böyük ədəbi xidməti Ömər Faiq Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri şərh olunmuşdur.1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov 1980 – 2004-cü illərdə BDU-nun professoruolmuşdur. 22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. O, Bakı Dövlət Universitetinin “Türk və Şərqi slavyan xalqları ədəbiyyatı” kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak edirdi. Şamil Qurbanov 2004-cü ilin yanvar ayında Bakı şəhərində vəfat etmişdir.
Mənbə : REDAKTORDAN
OCAQDI ŞAMİLİM, PİRDİ ŞAMİLİM
Hər elin-obanın özünün məşhurları, tanınmışları, yurda şöhrət olan oğulları olur. Və bu oğulların içərisində elələri də olur ki, adını təkcə doğulub boya-başa çatdığı elin, mahalın yox, bir ölkənin, millətin şərəf tarixinə yazır. Təkcə bir kəndi, rayonu, mahalı yox, mənsub olduğu milləti, vətəndaşı olduğu dövləti dünya miqyasında layaqətlə təmsil edərək onun üzağlığına çevrilir. Böyük alim, böyük ziyalı, ictimai-siyasi xadim, bir eldə pərvəriş tapıb bir millətin oğlu olan filologiya elmləri doktoru, professor, iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş Şamil Qurbanov kimi. O Şamil Qurbanov ki, türk şairi Mehmet Akif demiş, heç zaman “zülmü alqışlamadı, zalımı sevmədi, gələnin keyfi üçün gedəni söymədi”. O Şamil Qurbanov ki, zəmanəmizin böyük şairi Zəlimxan Yaqub ona ünvanladığı şeirdə deyir:
Yeridin, başına səpələndi qar,
Baxmadın yolların uzaqlığına.
Elmin yollarında ağaran saçlar,
Döndü bir millətin üz ağlığına.
Təbiətən sakit, mülayim xasiyyətli, üzündən nur tökülən Şamil müəllim həmişə başqaqlarının (əslində onun üçün başqası yox idi – hətta ilk dəfə görüşdüyü adamı da doğması, əzizi kimi qarşılayar, olduqca həssas münasibət göstərərdi) dərdini öz dərdi bildi, şair demiş, “dərdli görüb, öz dərdini” unutdu, qayğıya möhtac olana qayğısını əsirgəmədi, ehitiyacı olanın hoyuna yetdi, dadına çatdı, elin ağrı-acısı kövrək qəlbini göynətdi, sevincli günlərində isə uçmağa qanadı olmadı.
Allah ona hər şeyi vermişdi. Şux qamətinə mütənasib olan ağayana yerişi, nurlu çöhrəsindən heç zaman əksik olmayan təbəssümü, uca dağların zirvəsini xatırladan ağ saçları ona çox yaraşırdı. Uzaqdan gələndə elə bilirdin bir vüqarlı dağ gəlir. Zahirən sakit təbiətli bir adam təsiri bağışlasa da, daxilən təlatümlü dəniz kimi qabarıb-çəkilən, dağ çayı kimi coşğun idi və elə coşğun çay ömrü də yaşadı Şamil müəllim. Səsi ən yüksək tribunalardan gəldi, millətin, dövlətin taleyüklü məsələləri həll olunanda bəziləri tək seyrçi mövqe tutmadı, millət vəkili, ziyalı və vətəndaş kimi prinsipial mövqedən çıxış etdi. Heç zaman əməldə bir, dildə başqa cür olmadı. Düşündüklərini cəsarətlə dilə gətirdi. Hətta dedikləri çoxunun xoşuna gəlməsə də, düz sözü söyləməkdən çəkinmədi. Milli Məclisdə Qarabağla bağlı məsələ müzakirə olunarkən çoxunun bu gün də həsəd apardığı bir cəsarətlə Avropanın ən böyük dövlətlərindən birinin prezidentinin ünvanına haqlı olaraq işlətdiyi olduqca kəskin ifadə bu gün az qala zərb-məsəl kimi dillərdə dolaşır. Həmin sözləri demək üçün böyük cəsarət, ən azı məhz Şamil Qurbanov olmaq lazım idi. Və haqsızlığa qarşı bu dözümsüzlük onda sadəcə olaraq bir millət vəkili kimi mandatının ona verdiyi səlahiyyətlərə arxayınçılıqdan gəlmirdi. Onu tanıyanlar yaxşı bilir ki, həyatdakı mövqeyindən, daşıdığı vəzifədən asılı olmayaraq o, həmişə haqqın, haqlının tərəfində olub. Burada bir hadisəni xatırlamaq istəyirəm. Hələ orta məktəbdə oxuduğu illərdən kommunist partiyasının üzvü olan Şamil müəllim universitetdə oxuyarkən ona dərs deyən müəllimlərlə bərabər partiya iclaslarında iştirak edirdi. İlk partiya təşkilatının növbəti iclaslarının birində erməni məsələsi ilə bağlı sərt mövqe sərgiləyən professor Abbas Zamanovun partiya sıralarından çıxarılması məsələsi müzakirə olunurdu. İclasda iştirak edən müəllimlərin hamısı onun partiyadan çıxarılmasına səs versə də, yalnız tələbə Şamil Qurbanov narazılığını bildirdi, müəllimlərindən fərqli olaraq Abbas müəllimin partiya sıralarından çıxarılmasına səs vermədi. İndi bəlkə də çoxlarına adi görünsə də, ötən əsrin 50-ci illərində bunun nə demək olduğunu yaşlı nəslin nümayəndələri yaxşı bilirlər. Xüsusən də bir tələbə üçün bunun çox ağır nəticələri ola bilərdi. Amma hər zaman haqqın-ədalətin tərəfində olan Şamil Qurbanov universitetdən xaric olunmaq təhlükəsi ilə üzləşsə də, vicdanının səsini dinlədi, əqidəsinə xilaf çıxmadı. Baxmayaraq ki, onun səsi heç nəyi həll etmirdi və Abbas müəllim onsuz da partiyadan xaric edildi. Sonralar Abbas Zamanov Şamil müəllimin bu qətiyyətini, qeyrətli addımını, – haqqın, ədalətin yolundakı fədakarlığını həmişə minnətdarlıqla xatırlayar, razılığını bildirərdi.
Bir alim kimi də yorulmaq bilmədi Şamil müəllim, məhsuldar işlədi. Gecəsi-gündüzü olmadı, yazdı, yaratdı. Onun tədqiq edib üzə çıxardığı ləyaqətli insanları saymaqla qurtaran deyil. Məmməd Qarayevi, Həmzət bəy Qəbulov-Şirvanskini, Rəhim bəy Məlikovu, Sona xanım Axundovanı, Kərim Yaycılını, Əlibəy Hüseynzadəni, Əhmədbəy Ağaoğlunu və başqa ziyalılarımızı xalqa tanıtdı. Cəmaləddin Əfqanini tədqiq etdi, onun milliyyət etibarı ilə Azərbaycanlı olduğunu sübuta yetirdi. Yubileyinin qeyd olunması yolunda qeyrət və qətiyyət nümayiş etdirdi. Əlaqədar təşkilatlara müraciəti nəticə verməyəndə isə XX əsrdə ədəbiyyatımızın böyük himayədarı və bilicisi olan ümummilli liderimiz H.Əliyevə müraciət etdi və onun şəxsi göstrərişi ilə C.Əfqaninin 160 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail oldu. XX əsrin əvvəllərində xalqımızın taleyində mühüm rol oynamış iki böyük şəxsiyyət – Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadədən, bu günkü Türkiyənin qurucusu M.K.Atatürkdən və XX yüzilliyin sonlarında öz milli müstəqilliyinə qovuşmuş müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevdən yazdı. Neçə-neçə açılmamış səhifələrə işıq saldı. Və mən onda böyük qürur və iftixar hissi ilə dedim:
El bilir o, elmin zirvəsindədi,
Ocaqdı Şamilim, pirdi Şamilim.
Sədası bütöv Azərbaycandan və türk dünyasından gələn Şamil müəllim doğma Borçalını bir an da olsa unutmadı. Bu qədim türk yurdunun son illərdəki ağrı-acısını içində yaşatdı, onun problemlərini ən yüksək tribunalardan cəsarətlə söylədi. Ötən əsrin 90-cı illərində Borçalıda, xüsusilə də Bolnisi rayonunda soydaşlarımızın yaşadığı kəndlərin adlarının dəyişdirilərək mənası bəzən heç gürcülərin özlərinə də məlum olmayan adlarla əvəzlənməsinə etirazını dəfələrlə Gürcüstanın o vaxtkı prezidenti E.Şevardnadzeyə bildirdi. Bütün cidd-cəhdinə baxmayaraq bu problem öz həllini tapmadıqda isə bir ziyalı və vətəndaş yanğısı ilə son ümid yeri kimi bir əli həmişə borçalıların üstündə olan Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət etdi.
Ulu Borçalının ağrı-acıları, burada yaşayan soydaşlarımızın üzləşdiyi problemləri ilə yanaşı hər biri bu torpağın şöhrətini artıran görkəmli ziyalıların həyatına da bir işıq saldı. Faiq əfəndi, Hüseyn Minasazov, Əlimərdan bəy Topçubaşov, Həsən Seyidov, Həsən Həsənov, Zəlimxan Yaqub, Pənah Xəlilov, İman İldırımtürk, Əli Bayramoğlu, Nəbi Gülməmmədov, Hüseynqulu Məmmədov, Hacı müəllim və Xalidə müəllimədən yazdı. Faxralının hər qarışına bələd olduğu əsrarəngiz təbiətindən vəcdə gəldi, Təhməz bulaqdan, Səkkizayaqdan yazdı. Sədası Qoşabulaqdan, Qızılqayadan, Səngərdən, Muşur bulağından, Babəkər dağından gəldi.
Oxucular üçün də maraqlı olacağını nəzərə alıb bu böyük insanın keçdiyi ömür yoluna bir də nəzər salmaq istəyirəm. Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1955-ci ildə bu kənddə onbirillik orta məktəbi bitirib və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ildə bitirib və “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayıb. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant vəzifəsinə keçib, 1962-ci ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya daxil olub və 1965-ci ildə “Zaqafqaziya rusdilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)” mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Müdafiədən sonra o, “Bakı” və “Baku” qəzetlərində ədəbiyyat şöbəsinin müdiri işləyib. 1968-ci ildə yenidən universitetə qayıdıb və “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında dosent kimi pedaqoji fəaliyyətə başlayaraq Azərbaycan dilindən dərs deyib. 1971-ci ildə universitetin Rus ədəbiyyatı tarixi kafedrasına keçib və rus ədəbiyyatından mühazirə oxuyub. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman «SSRİ xalqları ədəbiyyatı» kafedrası adlanırdı) keçib və həmin kafedranın dosenti, sonra isə professoru olub. 1975-ci ildə “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. 1989-cu ildən isə həmin kafedraya rəhbərlik edib.
Şamil Qurbanovun Azərbaycan ədəbiyyatında açdığı yeni səhifələrdən qismən yuxarıda danışdığımızdan burada yalnız onu qeyd etmək istəyirəm ki, onun ən böyük ədəbi xidməti Ömər Faiq Nemanzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirib.
1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi olub, 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şöbəsinin dekanı vəzifəsində çalışıb. Dəfələrlə beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran, Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak edib, Daşkənd və Tbilisi ali məktəbbrində Azərbaycan ədəbiyyatından dərs deyib.
30-adək kitabın, 300-dən çox elmi məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. 1995 və 2000-ci illərdə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilib. Omrünün sonuna – 2004-cü ilin yanvarına kimi Milli Məclisin üzvü olmaqla yanaşı həm də Bakı Dövlət Universitetinin “Türk və Şərqi slavyan xalqları ədəbiyyatı” kafedrasına rəhbərlik edib.
Tanrının ona verdiyi yetmişillik ömür payını ləyaqətlə yaşadı, KİŞİ kimi yaşadı Şamil müəllim! Həmişə qürurlu oldu, məğrur dayandı. Ən çətin anlarında belə qeyrətinə, qüruruna sığındı, şəxsiyyətinə, mənliyinə kölgə salacaq bir işə yol vermədi. Bu yetmiş ili elə yaşadı ki, millətimizin həmişəyaşar üz ağlığına çevrildi, az-az adamlara nəsib olan ümumxalq məhəbbəti qazandı, ürəklərdə özünə yuva qurdu, yaddaşlara yazıldı. Bu oldu onun zəhmətinin ən böyük bəhrəsi, həyatda qazandığı ən böyük mükafat.
Ümummilli liderimiz Heydər Əliyev və vurğunu olduğu dövlətimizin, dövlətçiliyimizin başında duran möhtərəm prezidentimiz İlham Əliyev cənabları da onun bir alim və ictimai-siyasi xadim kimi fədakar əməyini yüksək qiymətləndirdilər. Bütün bunlar isə işıqlı insanların onun keçdiyi şərəfli ömür yoluna verdiyi qiymət idi. Xalqın məhəbbətindən, dövlətin qayğısından ruhlanan Şamil müəllim bütün zülmətlərə nur saçan işığa dönmüşdü. Yeriyən, gəzən nur parçasıydı, nuruna ehtiyac duyulan hər yerdə tapılardı. Bu ehtiyac isə həmişə, hər yerdə duyulurdu.
Dünyasını vaxtsız dəyişməsi ilə bütün dostlarını, yoldaşlarını, doğmalarını, soraqları türk dünyasının hər bucağından gələn tələbələrini yandırıb yaxdı Şamil müəllim. Ölmədi, ölməzliyə qovuşdu. Torpaq, vətən təəssübkeşliyi, dövlətə, dövlətçiliyə məhəbbəti və bağlılığı, ədəbiyyatımıza, Türk elmi dünyasına verdiyi töhfələriylə, bərəkət kimi məclislərə nur gətirən nurani çöhrəsi, incə yumoru, haqqa, ədalətə çağıran qərəzsiz çıxışlarıyla yenə də bizimlədir, həmişə sıramızdadır. Özündən sonra bizə neçə-neçə qiymətli kitab yadigar qoyan Şamil Qurbanov haqqında hələ çox deyiləcək, çox yazılacaqdır. Çünki şeirlərimin birində dediyim kimi:
Bəhrəsi hardadı, özü ordadı,
Söhbəti ordadı, sözü ordadı.
Odu içindədi, közü ordadı
Hələ açılmamış sirdi Şamilim.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.