1920-1921-ci illərdə Gürcüstanda Sovet hakimiyyəti qurulana qədər Faxralıda təxminən aşağıdakı tayfalar yaşayırdılr:
- Hasanlı
- Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər
- Qazaxlı
- Qurbanlılar, Əhmədalılar, Nabadoğulları
- Aşırlı
- Dərgahlı (Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli və s.)
- Quyraxlı, Zamanlı
- Çöllüöyləri, Vərzalar, Qarabədəllər
- Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü
- Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar
- Alməmmədli (Bədəlli, Məməşdər-Teşərələr)
- Amaşdı, Məsimoğulları
- Baləmmətli, Qubuş evləri
- Babaşdı, Nəsib öyü, İramazan öyü
- Baytallı
- Kələli, Hasan öyü, Ayvaz öyü, Şirrətdi
- Qasımlı, Şamratdı
- Alqazaxlar, İskəndərlər, Tamılar
- Göyüşdər
- Adgözəllər
- Kovxalılar, Nurular
- Vəlxanlı
- Şahbuzlar
- Ayrımlar
- Təhlələr
- Nağılar
- Həvillər
- Qalayçılar
- Xəlfələr, Sədilər
- İmannı
- Qusayvazlar
- İveylər (Qarammədli və s.)
- Qəmbərli, Poladlı, Fatoylar
- Budaxlı, Kələşdi
- Gödəklər…
Məşhur Azərbaycan səyyahı Zeynalabdin Marağalı “İbrahim bəyin səyahəti haqqında gündəliklər” əsərində göstərir ki, hər il minlərlə iranlı açlıq və səfalət üzündən vətəni tərk edir, yad ölkələrdə yoxsulluq içində yaşayırdılar. Doğma yurd-yuvalarından didərgin düşən İran vətəndaşları qərib-qürbət ellərdə – Hindistnda, Türkiyədə, Rusiyada hər növ əzab və təhqirlərlə üzləşirdilər. Bu illərdə yalnız Qafqazda 60 minə yaxın iranlı, o cümlədən Cənubi azərbaycanlı köçmüşdür.
Zeynalabdin Marağalının göstərdiyi kimi, XVIII əsrin sonu XIX əsrin əvvəllərində yüzlərlə İran vətəndaşı Borçalının kəndlərinə dağılmış, nökərçilik etmək, bostan-tərəvəz əkmək, varlı, imkanlı ailələrin, bəylərin, mülk sahiblərinin taxıl zəmilərini əkib-becərməklə məşğul idilər.
Təsadüfi deyil ki, qonşu İmirhəsən kəndinin əsas əhalisi Cənubi Azərbaycandan gəlmədirlər. Müxtəlif illərdə İrandan gəlmə ayrı-ayrı şəxslər (Tat Maşadı, Tat Ələkbər, Tat Hüseyn, Tat Abbas, Tat Səfərəli və başqaları) isə ömürlük Faxralı kəndində məskunlaşmışlar.
Borçalıda, xüsusən Faxralı kəndində olan tayfaların bir qismi etnik mənşəyi İran, Türkiyə, Orta Asiya, Azərbaycan və digər ərazilərdə olan kəndlərin, tayfaların adları ilə bağlıdır. Hətta, bəzi tayfaların etnik qohumluq, soy kökü barədə rəvayətlər, müəyyən təfsilatlar hələ daha qədimdən məlum olmuş və müdrik qocaların nəsildən-nəsilə çatdırdığı yadigar kimi yaşamışdır.
Eldə – obada yaşayan rəvayətlərə əsasən bəzi tayfalar barədə olan məlumatlar:
- Hasannı. Qeyd edilir ki, bu tayfanın qədim mənşəyi Cənubi Azərbaycanla bağlıdır. Burada Hasanlı adlı qədim şəhər xarabası də vardır. Avropa arxeoloqları tərəfindən aparılmış qazıntı işləri nəticəsində Azərbaycan tarixinə aid zəngin maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Tapılan “Qızıl kasa” isə dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir. Tarixi sənədlər göstərir ki, Hasanlılar vaxtı ilə çox döyüşkən olmuş, ona görə də tayfanın gəncləri döyüşlər zamanı xüsusi dəstə halında İran ordusunun önündə getmişlər. Beləliklə də növbəti hücumların birində tayfanın bir hissəsi İranın hakimiyyəti altında olan Qafqazda, Gəncədə, bir qismi isə Gürcüstanda – Faxralı kəndində məskunlaşmışlar. Bu tayfanın Faxralıda yaşayan nümayəndələri əsrimizin 20-30-cu illərindən əvvəl zəngin var-dövlət və geniş torpaq sahibi olmuş, bir qədər nadinc tayfa sayılmışdır. Arnda-binədə, Ermənistan dağlarında (Qaraqoçda) onlara məxsus xüsusi yurd yerləri, otlaq sahələri var idi. Başqa nəsillərdən heç kəs icazəsiz onların ərazisinə ayaq basıb ziyan verə bilməzdi. Hasanlıların son sülaləsinə mənsub olan, tayfa ağsaqqalı Təhməzqulu kişi 1929-30-cuillərə qədər Faxralı kəndinin kattası olmuşdur. Hasanlı tayfası 1929-31-ci illərdə Sovet dövlətinin “qolçomaqları bir sinif kimi ləğv etmək” haqqında çağırışından sonra demək olar ki, tamamilə represiyaya məruz qaldı. Hətta bu tayfanın qızları ilə ailə quran Musa Pənah oğlu da sürgün edildi və digərləridə belə əsassız ittihamlardan yaxa qurtara bilmədilər. Köklü bir tayfanın nümayəndəsi olan Musa Pənah oğlu hələ 1927-ci ildə Dağ Borçalının Soyuqbulaq kəndində həmişəlik məskunlaşmasına və yurd-yuva salmasına baxmayaraq Hasanlılardan evləndiyinə görə iki dəfə/1931,1937/ həbsə məruz qaldı. Son dəfə isə 1937-ci ildə həbsə alındı, Sibirə sürgün edildi və bir daha geri qayıtmadı. Beləliklə Hasanlı tayfasından günahsız bir qadın da 4 oğul, 3 qız övladları ilə zamanın ədalətsiz hökmü qarşısında baş əyməli oldu. Ancaq heç vaxt sınmadı, ilk növbədə övladlarını ləyaqətlə, kişi qeyrəti ilə böyütdü. Oğlanlrına orta və ali təhsil verdi. Sovet hökümətinin bu ailəyə etdiyi zülm və həqarətlərə baxmayaraq Mehman xanımın böyük oğlu Sədi 1941-1945-ci illərdə alman faşistlərinə qarşı gedən müharibədə sədaqət və ləyaqətlə vuruşdu. Zabir rütbəsində, orden və medallarla cəbhədən qayıtdı. Sonralar maarif sahəsində çalışdı, bir daha təsdiq etdi ki, “ot kökü üstə bitər”. Sədi müəllim təqaüdçü, istefada olan hərbiçi veterandır. Mehman xanımın son beşiyi Tahir Pənahov fizika-riyaziyyat elmləri doktorudur. İnşaat mühəndisləri universitetində çalışır.
- Alqullar (Abış evi, Endirlər) çox güman ki, bu tayfalar Muğanda – Mildə ad ad eyniliyi olan kəndlər və tayfalarla əlaqədardır. Hazırda İmişli rayonu ərazisində olan Alqullar kəndi ilə Faxralıdakı Alqullar tayfası arasında tarixi əlaqə ola bilər.
- Aşırlı, Qazaxlı, Alqazaxlar və Poladlı tayfalarının Qazax mahalında indi də eyni adla qalan tayfalardan ayrılması inkar olunmaz bir həqiqətdir. Tarixi qaynaqlardan aydın olur ki, Kür qırağında vaxtilə Aşırlı adında kənd olubmuş. Sonralar kür çayının şıltaqlığı nəticəsində kənd dağılmış, bir qismi Qazax mahalının Daşsalahlı kəndinə, digər qismi isə Borçalının Faxralı kəndinə köçmüş, orada da məskunlaşmışdır. Yaşlı qocaların dediyinə görə, vaxtilə Kürün sahilində kiçik kənd olmuş, Kür çayının daşması nəticəsində dağılmış, burada yaşayan tayfaların bir hissəsi Borçalıya Faxralı kəndinə köçmüş və tarixi tayfa adını saxlamışdır. Rəvayətə görə Vaqif, Səməd Vurğunun ulu babası, Şəmkirli Aşıq Hüseyn bu tayfadan olmuşlar. Mərhum Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov “Mənim qardaşım” adlı romanında bu barədə ətraflı məlumat verir. Faxralıda olan Alqazaxlar tayfasının nümayəndələri XX əsrin əvvəllərinə kimi Qazaxdakı qohumları ilə yaxından əlaqə saxlamış, gediş-gəlişləri olmuş, sonralar bu əlaqələr tamam kəsilmişdir.
- Güllər (Yahyalar, Molla evi, Vəlixanlı). Bu tayfaların mənşəyi Qarabağdandır. Güllər/Yahyalar tayfasının son yaşlı nümayəndəsi, 110 yaşında dünyasını dəyişmiş Həsənəli kişi öz nəsillərindən söhbət açarkən ulu babalarının Qarabağın Dəymədağıldı/indi Mirbəşir rayonu ərazisindədir/ kəndindən gəldiyini qeyd edirdi. O vaxtilə Güllər və Yahyaların tayfa başçısı Səfqulu xocanın adı ilə bağlı maraqlı rəvayətlər danışardı. Maraqlıdır ki, Azərbaycan tarixində keçmiş müharibələrlə əlaqədar Səfqulu xocanın adı və şəxsiyyəti kaqqında bir sıra yazılı məlumatlar vardır. XIX əsrdə Gürcüstanda – Faxralı kəndində yaşamış və hazırkı Yahyalar tayfasının babaları hesab edilən Səfqulu xoca tam dini təhsil görmüş şəxs olmuş və bu ad bir neçə arxa atadan oğula, babadan nəvəyə keçərək son illərə qədər davam etmişdir.
- Keçili (Mahmudlar, Bayrışlar). Bir kökdən olan bu tayfanın Azərbaycanın Naxcıvan, Zəngilan, Şəmkir vilayət və rayonları ərazisində olan eyni adlı kəndlər və tayfalarla əlaqəsi barədə rəvayətlər vardır.
- Eyvazöyləri (Kələli, Hasanöyü, Hüseyn uşağı), Şirrətdi, İmannı, Osmanlı Süleyman (Yekə Xançal), Osman Dəşdəmir. Vaxtilə Türkiyənin Çıldır mahalından Faxralıya köçüb –gəlmələri və əjdadlarının səlcuq-türkmən mənşəli olmaları haqqında ehtimallar vardır. Bu tayfaların sünnü olmaları, inqlabdan əvvəlki dövrlərdə ziyalıların Türkiyədə təhsil almaları, əfəndi adı ilə vətənə dönmələri də fikrimizi təsdiq edir.
- Alməmmədli. Ağstafa rayonunun Dağkəsəmən kəndinin Faxralı hissəsində Alməmmədli adlı böyük bir nəsil yaşamaqdadır. Belə hesab edirik ki, Gürcüstanın Faxralı kəndində olan Alməmmədli tayfası ilə Ağstafadakı Alməmmədlilərin soy bağlılığı vardır.
- Amaşlı (Məsimöyü, Zurafılı, Alverdiöyü). Ağsaqqallar nəql edirdilər ki, Qaraçöp kəndinin Alı adlı sakini düşmənçilik ucbatından (o, adam öldürübmüş) doğma yurdunu tərk edib Faxralıya pənah gətirir. İlk illərdə onun bəxti burada da gətirmir. Təsadüfən qonşu kənddən olan bir nəfərlə savaşır, nəticədə həmin adamı da silahla öldürür. Çarın divanından yayına bilməyən Alı kişi Rusiya – Türkiyə sərhədlərinə yaxın əraziyə sürgün edilir. Bir müddət qapalı xəbsxanada saxlandıqdan sonra sürgün yerini tərk etməməklə şərti azadlığa buraxılır və çobanlara köməkçi göndərilir. Öz qorxmazlığı və mərdliyi ilə diqqət cəlb edən Alı tezliklə hamının ehtimadını qazanır və ona böyük qoyun sürüləri etibar edirlər. Dumanlı-çiskinli günlərin birində bir neçə nəfər Alını öldürüb sürünü ələ keçirmək məqsədilə ona hücum edir. İtlərin hürüşməsindən duyuq düşən Alı cəld hərəkət edərək hücum edənləri beşatılanın atəşi ilə qayşılayır. Atışma xeyli çəkir, basqıncıların biri ciddi yara alaraq yerindəcə qalır, digərləri isə atlarını çaparaq aradan çıxırlar. Sonra məlum olur ki, hücum edənlər türkiyə tərəfindən keçiblərmiş. Məqsəd Alının otardığı sürünü nəyin bahasına olur-olsun ələ keçirib o tərəfə addatmaq imiş. Çox keçmiş, baş verən hadisə Tiflisə də məlum olur. Göstərdiyi sücaətə görə qubernator Alını bağışlayır, üstəlik olaraq ona Gümrü ətrafındakı 3 kiçik kəndə katta təyin edilməsi haqqında göstəriş verir. Beləliklə bir müddət burada yaşayandan sonra Alı dörd oğlunu – Musanı, Paşanı, Məsimi və Alverdini də götürüb Faxralıya qayıdır. İndi Amaşlı nəsli Paşanın, Məsimöyləri Məsimin, Zurafılı Musanın, Alverdiöyü isə Alverdinin nəvə – nəticələridir.
- Şahbuzlu (Şahbuz uşağı). Faxralı kəndinin yuxarı hissəsi bu tayfanın adı ilə “Şahbuzlu” adlanır. Çox güman ki, bu əhalinin bir hissəsinin Naxçıvan Muxtar Respublikası Şahbuz ərazisində yaşayan tayfaların bəziləri ilə soy bağlılığı olduğu kimi, bir hissəsidə vaxtilə Ermənistanın ayrım kəndlərindən gəlmiş və indi də “Ayrımlar ” adını saxlayır.
Əlavə edək ki, qədim Dərbənd şəhəri ərazisində Şahbuz dağı vardır. Şahbuz dağının ətəklərində yerləşən və 9 para adlanan kəndlərdə azərbaycanlılar yaşayır.
Faxralı kəndində olan digər tayfalar barədə də buna bənzər fikirlər söyləmək olar.
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”