QISA MƏLUMAT
Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1941- 1952-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1952-1953-cü illərdə kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə universiteti bitirmiş və bioloq ixtisasına yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində kimya və biologiya müəllimi, sonra isə direktor müavini təyin edilmişdir. 1965-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. O, “Müxtəlif nisbətlərdə makro və mikrogübrələrin pambıq bitkisinin toxumlarında yağın miqdarına və keyfiyyətinə tə’siri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Tədqiqat işini keçmiş Leninqrad şəhərində aparmış və müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-da) saathesabı müəllim, Azərbaycan EA Botanika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1971-ci ildən 1982-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsini tutmuşdur. 1995-ci ildə Bakıda “Naxçıvan” özəl Universitetində biologiya kafedrasında professor yerini tutmuşdur. Hal-hazırda ADPU-nun biologiya tədrisi metodikası kafedrasının müdiridir.Ə.Hüseynov 1998-ci ildə “Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodiki əsasları” mövzusunda doktorluq dissertasiyası yazmış və AAK-ya təqdim etmişdir.Ə.Hüseynov elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq ADPU-da müdafiə şurasının, universitetin elmi şurasının, Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü seçilmişdir. Əli Hüsyenov 150-dən çox elmi və elmi metodik məqalə, kitab, dərslik və monoqrafiyaların müəllifidir. Orta və ali məktəblər üçün 2 dərslik və dərs vəsaiti, 10 proqram yazıb çap etdirmişdir.”Təbiətşünaslıq” orijinal dərsliklərinə görə 1990 və 1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyinin və akademik Xudu Məmmədov adına respublika mükafatına layiq görülmüşdür.1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin diplomunu almışdır. İngiltərənin Kembric Universitetində dünyanın 500 məşhur alimləri içərisində onun ingiliscə tərcümeyi-halı verilmişdir. Beynəlxalq Biologiya cəmiyyətinin “Qızıl” medalına, “Qızıl ulduz” medalına layiq görülmüşdür. Amerika Bioqrafiya İnstitutu Kembric Universitetindən aldığı mə’lumata əsasən onu Amerika Bioqrafiya İnstitutunun üzvü seçmişdir. Elmi fəaliyyətinə görə ABİ-nin “Qızıl heykəl” və “Honor” medalına layiq görülmüşdür.Əli Hüseynovun “Təbiətşünaslıq” dərslikləri rus dilinə, V sinif üçün dərsliyi həm də ingilis dilinə tərcümə olunmuşdur. Əli Hüseynov ADPU-da kafedra müdiri vəzifəsinə kimi yüksəlmişdir.
Əli Hüseynov 17.08.2021-ci il tarixində 86 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin!
Mənbə : REDAKTORDAN
AY ƏLİ MÜƏLLİM, YÜZ YAŞAYIN SİZ!
Hər dəfə məktəb və müəllim haqda söz düşəndə böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürkün cəhalətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü göstərərək dediyi bu fikri xatırlayıram: “…Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.
Bu müdrik kəlamların işığında bir daha əmin olursan ki, sevimli Xalq şairimiz Zəlimxan Yaqub “Məktəb Məkkə, müəllim peyğəmbər, qələm Allahın danışan dilidir”, – deyəndə nə qədər haqlıymış.
Bu kəlamları təsadüfən xatırlamadım. Qiymətli sözlər ancaq qiymətli insanlardan söz düşəndə xatırlanır. Və mən də hər dəfə Əli müəllimlə görüşəndə, ya da ki, hansısa bir məclisdə ondan söz düşəndə dahilərin müəllim haqda dedikləri fikirləri yada salıram. Çoxdan tanımağıma baxmayaraq hər dəfə görüşəndə onu özümçün sanki yenidən kəşf edirəm. Axı, müəllimlik təkcə sinfə girib-çıxmaqla bitmir. Müəllim təkcə məktəbdə – iş yerində deyil, cəmiyyət arasında digər peşə sahiblərindən daha çox diqqət mərkəzində olur. Bəzən onun bir kəlməsi, hərəkəti, adicə bir jesti də ətrafdakılara nümunə olur. Əli müəllim də məhz belə örnək ola biləcək müəllimlərdəndir.
… Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Borçalıda – Azərbaycan elminə bir çox görkəmli alimlər bəxş etmiş Faxralı kəndində anadan olub. Yaşıdları kimi, uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf edib. O illəri Əli müəllim belə xatırlayır: “1941-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil oldum. İlk müəllimim Mürsəl Budaqov oldu. Sonradan Mürsəl müəllim müharibəyə getdiyi üçün onu Gədəbəy rayonundan olan Muxtar Əliyev əvəz etdi. Müharibə illərinin çətinlikləri istər-istəməz özünü təhsildə də göstərirdi. Və məlum səbəblərdən səkkizinci sinfə kimi mən o qədər də yaxşı oxumadım. Amma səkkizinci sinifdən başlayaraq öz üzərimdə çalışdım və əlaçı oldum, şəklimi məktəbin “Şərəf lövhəsi”nə vurdular“.
1952-ci ildə orta məktəbi bitirən Ə.Hüseynov iki il kənddə əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə daxil olub. 1959-cu ildə ali təhsilli müəllim kimi doğma Faxralıya dönən Əli Hüseynov buradakı orta məktəbdə bir vaxtlar ona dərs demiş Nəbi Gülməmmədov, Hüseynqulu Məmmədli, İlyas Hüseynov, Qurban Hüseynov, Hacı Həsənov, Polad Poladov, İsmayıl Qazaxlı və digər müəllimlərlə çiyin-çiyinə pedaqoji fəaliyyət göstərib. Kimya, biologiya və bitkiçilik fənnlərindən dərs deyib, kimya laboratoriyasının yaradılmasına nail olub. İstedadı və bacarığı, gənc olmasına baxmayaraq yüksək pedaqoji ustalığı diqqətdən yayınmayıb və bir ildən sonra onu dərs hissə müdiri vəzifəsinə irəli çəkiblər. Ancaq gənc və perspektivli bir müəllim kimi kollektivə qaynayıb qarışan Əli müəllimin qəlbində daha böyük arzular vardı. Aspiranturaya daxil olub, təhsilini davam etdirmək istəyirdi. O illəri özü belə xatırlayır: “İki il pedaqoji stajım olduqdan sonra aspiranturaya daxil olmaq üçün Bakıya gəlmək istədim. Rəhmətlik anam ağlayaraq mənə dedi: “Əli, səni gözümdən qoya bilmərəm, heç yerə getmə”. Mən nə qədər təkid etsəm də, anam 6 il mənə icazə vermədi. Evləndirmək istədilər, razı olmadım. Mənim inadımı görən anam bir gün ağlayaraq dedi: “Oğul, daha sənə icazə verirəm, Bakıya get”… 1965-ci ilin sentyabrında Bakıya gəldim, ADU-nun biologiya fakültəsində biokimya ixtisası üzrə aspiranturaya daxil oldum”.
Bəli, böyük elmin çətin yollarında atılan ilk addımlar beləcə başlayıb. Və bu yol nə qədər çətin və əzablı olsa da, Əli müəllim möhkəm iradəsi ilə hər çətinliyə sinə gərərək cəfakeş bir alim ömrü yaşayıb. Artıq Bakıya qayıtdıqdan 4 il sonra – 1969-cu ildə o, biologiya elmləri namizədi idi. Elə həmin ilin fevralında Xalq Təsərrüfatı İnstitutunda (indik İqtisad Universiteti) saathesabı müəllim kimi pedaqoji fəaliyyətə başlayib, eyni zamanda Azərbaycan EA-nın Botanika İnstitunda kiçik elmi işçi vəzifəsinə təyin olunub. 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) kiçik elmi işçi vəzifəsinə keçirilib. 1980-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək ikinci ali təhsil alıb. 1982-ci ildə isə müsabiqə yolu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda – indiki Pedaqoji Universitetdə dosent vəzifəsinə işə götürülüb. 1998-ci ildə həmin universitetdə Biologiyanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə irəli çəkilib və hazırda da həmin vəzifədə çalışır. 1995-2001-ci illərdə eyni zamanda Bakıda fəaliyyət göstərən Naxçıvan özəl Universitetində əvəzçiliklə professor olub.
Yeri gəlmişkən bir şeyi də qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq “Biologiya tədrisinin nəzəri və metodik əsasları” movzusunda doktorluq dissertasiyası müdafiə edən alim də məhz Əli Hüseynovdur və 2004-cü ildə müsabiqə yolu ilə ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının professoru seçilib.
İlk baxışda adicə bioqrafik statistika kimi görünə biləcək bu məlumatlar əslində gərgin elmi axtarışlardan, böyük zəhmətdən xəbər verir. Təsadüfi deyildir ki, Əli Hüseynov bu gün Azərbaycanda biologiyanın tədrisi metodikası üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk alimdir, professordur. Elmi fəaliyyəti dövründə 10 aspirant və dissertanta elmi rəhbərlik etmiş, onlardan üç nəfəri elmlər namizədi adını almışlar. Üç nəfərin isə opponenti olub. Apardığı elmi tədqiqat işlərinin nəticəsi kimi bitki fiziologiyası və biokimyasına aid 8 elmi əsərin, 5 monoqrafiya, 27 dərslik və dərs vəsaitinin, 20 proqram, 17 metodiki vəsait və elmi jurnallarda dərc olunmuş 150 məqalənin müəlifidir. Kiyevdə (1973), Daşkənddə (1976), Moskvada (1978), 1990-1993-cü illərdə Türkiyədə, 2007-2008-ci illərdə isə Bakıda və Türkiyədə keçirilən Beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. Ə.Hüseynov orta məktəblərin III, IV, V və VI sinifləri üçün “Təbiətşünaslıq”, III-IV siniflər üçün “Həyat bilgisi” (1985-2008-ci illərdə), X-XI siniflər üçün “Ümumi biologiya”, ali məktəb tələbələri üçün “Təbiətşünaslığın tədrisi metodikası” (2001), “Biologiya tədrisinin ümumi metodikası” (2003), “Biologiya tədrisindən mühazirələr” (1998), “Biologiya tədrisinin ümumi və xüsusi metodikası” (2008), “Təbiətşünaslığın əsasları” (2001), magistrlər üçün “Biologiya tədrisi metodikasının elmi əsasları” (2009) kimi orijinal dərsliklərin və 30 qəzet məqaləsinin müəllifidir. Televiziyada (29 dəfə) və radioda (34 dəfə) təhsillə bağlı çıxışlar edib, ictimai fəaliyyətinə görə beş dəfə Fəxri fərmanla təltif olunub. Onun elmi-metodik fəaliyyəti xarici ölkələrdə də yüksək qiymətləndirilir. 2005-ci ildə Amerika bioqrafiya İnstitutunda Beynəlxalq Nobel mükafatı müsabiqəsində iştirak etmək üçün ona dəvətnamə göndərilib (S.M.Evans, prezident. 22 aprel 2005).
Bu gün professor Əli Hüseynovun keçdiyi ömür yoluna nəzər salanda bir daha görürük ki, əsl müəllimin əməyi həmişə layiqincə qiymətləndirilmişdir. 1998-ci ildə Kembric universitetinin ingilis dilində buraxdığı “Who is he” Beynəlxalq ensiklopediyasında tərcümeyi-halı verilib və “Beynəlxalq Biologiya Cəmiyyəti”nin diplomu, 2004-cü ildə “XXI əsrin ziyalıları” kitabında tərcümeyi-halı verilib və “Beynəlxalq diplom”u ilə təltif olunub. Elm və təhsildəki xidmətlərinə görə 1981-ci ildə Azərbaycan SSR-nin “Qabaqcıl maarif xadimi” döş nişanına, 1993-cü ildə akademik X.Məmmədov adına mükafata və 1996-cı ildə Azərbaycan Təhsil Nazirliyinin mükafatına layiq görülüb. 1999-cu ildə isə ona Amerika Bioqrafiya institutunun “Qızıl heykəl” mükafatı verilib. 2006-cı ildə Əli müəllimə “Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilib, 2007-ci ildə “İlin müəllimi”, 2008-ci ildə isə “İlin alimi” müsabiqəsinin qalibi olub. Üç “Beynəlxalq diplom”a layiq görülüb.
Rəsmi təltif və mükafatların sayını uzatmaq da olardı. Amma buna ehtiyac görmədik. Çünki hər cür rəsmi təltifdən, mükafatdan yüksəkdə duran bir mükafat da var: ona olan xalq sevgisi – eloğlularının, həmkarlarının, dostlarının, yaxınlarının və səsi bu gün Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gələn yetirmələrinin məhəbbəti. Bunu o, özü qazanıb. Gərgin əməyi, halal zəhməti ilə.
Əli müəllim haqqında hələ çox deyiləcək, çox yazılacaq. Alim Əli müəllim, Vətəndaş Əli müəllim, dost Əli müəllim, qeyrətli eloğlu Əli müəllim… Bunların hər biri ayrıca söhbətin mövzusu olduğundan biz hələlik bu yazını onun tələbəsi olmuş Günel Budaqovanın şeirindən bir hissə ilə tamamlayırıq:
Çağlayan bir bulaq, dinən simli saz,
Bir insan ömrünü xoş yazan olsun.
Yaşayıb-yaratmaq eşqilə ürək,
Hər zaman beləcə qoy cavan olsun!
Adların içində adınız əziz,
Ay Əli müəllim, yüz yaşayın Siz!
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.
İNSANLIĞI, ALİMLİYİ VƏ VƏTƏNPƏRVƏRLİYİ VƏHDƏT TƏŞKİL EDƏN ZİYALI
Əli Hüseynov – 80
Haqqında söz açdığım Əli müəllimin – professor Əli Məhərrəm oğlu Hüseynovun şəxsiyyətinə böyük hörmətim var. O da mənim xətrimi çox istəyir. Elmin zirvələrini fəth etsə də, ilk növbədə gözəl insan olan Əli müəllim həmişə həyatda təvazökarlığı, sadəliyi ilə seçilib. Sadəlikdən yüksək alilik yoxdur. Bəzək-düzək kamil insanı həmişə gözdən salıb. Əli müəllim isə sadəliyinə bir az da yumor hissi qataraq, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük kimi davranır. Mən, həkim Səməd və Əli müəllimin başqa yetirmələri dəfələrlə şahidi olmuşuq ki, o, bizimlə əlaqə saxlamağa, zəng etməkdə qabağa düşməyə önəm verib. Qətiyyən bunu öz böyüklüyünə xələl gətirəcək hal saymayıb. Həmişə hal-əhval tutanda yerində işlətdiyi baməzə sözləri ilə ovqatımızı oxşayır, “hardasan, ay etibarsız?” – deyə sual verir.
Əli Hüseynov bizim Faxralı yurdunun, Borçalı elinin, Azərbaycan adlı Vətənimizin çox dəyərli, hər şeyin fövqündə insanlığı görən, işıq ömrü yaşayan ziyalılarındandır. Göydə Allahın qüdrətini təqdis edən, Yerdə bəndənin qədrini-qiymətini biləndir. Zəlimxan Yaqub demişkən, Haqdan gəlib Haqqa gedən yolun yolçusudu.
Yolçuluqdan söz düşmüşkən, Əli müəllimin çox gözəl yoldaşlığı var. Bu barədə bir az sonra. İndi isə hələlik Əli müəllimin zəngin və şərəfli bioqrafiyasına nəzər salaq:
Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Gürcüstanın Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. 1941-ci ildə Faxralıda ibtidai məktəbin birinci sinifinə gedib, sonra təhsilini orta məktəbdə davam etdirib. Orta məktəbi başa vurduqdan sonra ilk əvvəl kolxozda əmək fəaliyyətinə başlayıb, lakin ali təhsilə yiyələnmək qərarından da vaz keçməyib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olub, 1959-cu ildə ali təhsilini müvəffəqiyyətlə bitirərək, doğma Faxralıya dönüb. Buradakı orta məktəbdə kimya-biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda dərs hissə müdiri vəzifəsində çalışıb.
Elmi işlə məşğul olmağa qərar verən Əli müəllim 1965-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə aspiranturaya daxil olub, elmi-tədqiqat işlərini Leninqrad (indiki Sankt-Peterburq) şəhərində apararaq uğurla namizədlik dissertasiyası müdafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1969-cu ildən D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki İqtisad Universiteti) saathesabı dərs deməklə yanaşı, həm də AMEA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərib.
Elmin zirvəsinə doğru pillə-pillə irəliləyən Əli müəllim 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) baş elmi işçi vəzifəsinə keçib. 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetinin ideologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, ikinci ali təhsil alıb.
Əli Hüseynov 1982-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitunda (indiki ADPU) dosent vəzifəsində çalışaraq, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra Bakıda fəaliyyət göstərən Naxçıvan Özəl Universitetinin biologiya kafedrasında professor vəzifəsinə dəvət olunub. 1995-2001-ci illərdə Bakıda Naxçıvan Universitetində əvəzçiliklə profes-sor olub. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiyanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Əli Hüseynov 2003-cü ildə “Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodik əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Xatırlatmağa dəyər ki, bu, müvafiq sahədə ilk doktorluq dissertasiyasıdır. 2004-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiyanın tədrisi metodikası kafedrasının professoru seçilən Əli müəllim 150-dən çox elmi və elmi-metodik məqalənin, kitabın və dərsliyin müəllifidir. Orta və ali məktəblər üçün 37 dərslik və dərs vəsaiti, 32 proqram yazıb hazırlamışdır.
Əli müəllimin elmi-pedaqoji sahədə xidmətləri layiqincə qiymətləndirilib. Belə ki, o, 1990 və 1993-cü illərdə “Təbiətşünaslıq” orjinal dərsliyinə görə Təhsil Nazirliyinin mükafatına və akademik Xudu Məmmədov adına mükafata layiq görülüb. O, 1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin diplomuna layiq görülüb. Elə həmin ildə İngiltərənin Kembric Universitetinin nəşr etdirdiyi “Whois who” (Kim kimdir) Beynəlxalq Ensiklopediyasında dünyanın 500 məşhur alimləri içərisində professor Əli Hüseynovun da tərcümeyi-halı vardır. Daha əvvəl isə o, 1981-ci ildə Azərbaycan SSR-nin “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülmüşdü. 1996-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mükafatı ilə təltif olunub. 1999-cu ildə isə Amerika Bioqrafiya İnstitutunun “Qızıl heykəl” mükafatını qazanaraq, həmin instituta üzv seçilib.
Professor Əli Hüseynov 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2007, 2008 və 2009-cu illərdə “İlin müəllimi”, 2008 və 2009-cu illərdə isə həm də “İlin alimi” müsabiqəsinin qalibi olub.
Elmi fəaliyyəti dövründə 10 aspirant və dissertantın elmi rəhbəri olub, onlardan 3 nəfəri biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Bitki fiziologiyası və biokimyasına aid 8 elmi əsərin, biologiya üzrə 5 monoqrafiyanın, 27 dərslik və dərs vəsaitinin, 20 proqramın, 17 metodik vəsaitin və müxtəlif elmi jurnallarda dərc olunmuş 150-dən çox məqalənin müəllifi olan professor Əli Hüseynov Kiyevdə (1973), Daşkənddə (1978), Moskvada (1978), Türkiyədə (2007, 2008, 2010) və digər yerlərdə beynəlxalq elmi simpoziumlarda məruzə ilə çıxış edib. Eyni zamanda, orta məktəblərin III-VI sinifləri üçün “Təbiətşünaslıq”, III və IV sinifləri üçün “Həyat bilgisi” (2005-2008), X-XI siniflər üçün “Ümumi biologiya”, ali məktəb tələbələri üçün “Təbiətşünaslığın tədrisi metodikası” (2001), “Biologiya tədrisinin ümumi metodikası” (2003), “Biologiya tədrisindən mühazirələr” (1998), “Biologiya tədrisinin ümumi və xüsusi metodikası” (2008), “Təbiətşünaslığın əsasları” (2001), magistrlər üçün “Biologiya tədrisi metodikasının elmi əsasları” (2009) kimi orjinal dərsliklərin, 30-dan çox qəzet məqaləsinin müəllifidir. Dəfələrlə televiziyada, radioda təhsillə bağlı çıxışları olub. İctimai fəaliyyətinə görə 9 dəfə fəxri fərmanla təltif olunub. 3 beynəlxalq diploma, 2012-ci ildə isə “Qızıl qələm” mükafatına və “Bizim lider” fəxri diplomuna layiq görülüb.
Elmi-metodik fəaliyyəti xarici ölkələrdə də yüksək qiymətləndirilən Ə.Hüseynov 2005-ci ildə Amerika Bioqrafiya İnstitutunda Beynəlxalq Nobel mükafatı müsabiqəsində də iştirak etmək üçün dəvət olunub. (S.M.Evans, prezident, 22 aprel 2005).
Fəal vətəndaşlıq mövqeyinə malik ziyalı olan professor Əli Hüseynov siyasi orientasiyasını da düzgün müəyyənləşdirib, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1993-cü ildə Ümumilli lider Heydər Əliyev Bakıya gələrkən onu qarşılayanlardan olan Əli müəllim Ulu Öndərin yaratmış olduğu partiyanın uğrunda M.Əsgərov, Z.Bünyadov, N.Xudiyev, Z.Qaralov, Ş.Mikayılov və başqa vətənpərvər ziyalılarla birgə fəaliyyət göstərib. Siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı tərəfindən “Fəxri Fərman”a layiq görülüb.
Professor Əli Hüseynov son dərəcə istedadlı, işgüzar, əməksevər, təvəzökar, xeyirxah alimlərdən, nadir şəxsiyyətlərdəndir. Bəşəri duyğulara malik əsl insandır. Elmi-pedaqoji fəaliyyəti dövründə öz xeyirxahlığı və yüksək səviyyəli xidməti ilə xalqın hörmət və rəğbətini qazanıb. Onun kimi mütəxəssislərə heç də hər yerdə, hər vaxt rast gəlinmir. O, elm aləmində, praktik müəllimlikdə, eləcə də ictimai həyatda nadir incidir. Gərgin və müntəzəm çalışır. İşinə o qədər böyük sevgi və şövqlə yanaşır ki, nəticədə bütün araşdırmaları səmərəli olur. Əsas məziyyətlərindən biri və bəlkə də birincisi məhz alimliyi ilə insanlığının vəhdət təşkil etməsidir. Bu səbəbdən də hamı onu sevir, hörmətini saxlayır, ehtiram göstərir. Həyatının bütün dövrlərində amalını, məqsədini, məramını xeyirxahlıq üstə kökləmiş bu nəcib insan, böyük alim haqqında alim və pedaqoqlar, müqtədir qələm sahibləri yazmış və yazacaqlar. İllər keçdikcə biz Əli müəllimin böyüklüyünü, kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. Çünki Əli müəllimdəki bu cəhətlər bir-biri ilə elə möhkəm çuğlaşır ki, onları ayırmaq qeyri-mümkündür. İstər-istəməz ona hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs etməli olursan. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu malik olduğu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdir. İnanılmaz zəka, zəhmətkeşlik, qayğıkeşlik, həssaslıq, dostcanlıq, səmimiyyət, yüksək əxlaq – bütün bunlar Əli müəllimə xas olan keyfiyyətlərdir.
Əli Hüseynovu yaxşı tanıyanlar onun son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirlər. Onun qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Professorun bütün yaradıcılığı onun müasirləri olan bizlərə və gələcək nəsillərə öz həyat anlayışımızı və mənəvi dünyamızı zənginləşdirməyimizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir. Əli müəllimin bütün elmi-pedaqoji və ictimai fəaliyyəti bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsidir. Onun indiyədək keçdiyi 80 illik ömür yolu, həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir kişi ruhunun təcəssümüdür. Əli Hüseynov həqiqət, düzlük, səmimiyyət amilini, ailəsini, övladlarını sevən, qoruyan səxsiyyətdir.
Əli müəllimlə yaxından ünsiyyətdə olmaq, onun əsərlərini oxumaq, elmi söhbətlərini dinləmək, gözəl əxlaqının, mənəviyyatının, davranış və rəftarının şahidi olmaq belə qənaətə gəlməyə əsas verir ki, o, İslam peyğəmbərinin nəsihət və vəsiyyətlərini nəzərə alaraq “elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”lə məşğuldur. Əli müəllim alimliyin və insanlığın zirvəsinə gərgin, yorulmaz zəhməti, təmkini, çətinliklərə mətanətlə sinə gərməsi sayəsində çatıb. Bu yolda gecəsini gündüzünə qatıb və əziyyəti hədər getməyib. Pillə-pillə ucalıb, hörməti, nüfuzu, şöhrəti artıb. Gözəl əxlaq sahibi Əli Hüseynov işləmiş olduğu kollektivlərdə həmkarlarının qayğıları ilə yaşayıb, çiyindaşlarının sevincinə və kədərinə şərik olub. Həssasdır, obyektivdir. Alim, müəllim və ləyaqətli insan adlarını şərəflə daşıyıb və bu gün də daşımaqdadır.
Həqiqətən də insanlar səfərdə, yol yoldaşı olduqda, bir-birlərini daha yaxşı tanıyırlar. Əli müəllimlə birgə keçirdiyim günlər, hesab edirəm ki, sözün həqiqi mənasında ömrümün ən gözəl günlərindəndir. İki il bundan qabaq biz onunla Naftalandakı sanatoriyada bir yerdə olduq. Şəxsi maşınımla getmişdim. Sevincimin həddi-hüdudu yox idi. Əli müəllimlə birlikdə ən görməli yerləri gördük, ən gəzməli yerləri gəzdik, ən əsrarəngiz mənzərələri seyr etdik. O yerlərin təbiəti biz tərəfin – Borçalının, Başkeçidin mənzərəsinə oxşayır. Sərhəd kəndimiz Tapqaraqoyunluda dəfələrlə olduq. Düşmənlə üz-üzə olan mövqedə qərar tutan bu kənddə qonaq olanlar əslində özlərini bir növ nişangahda hiss edirlər. Amma Əli müəllimdə əksinə, vətənpərvərlik ruhunun gücləndiyini hiss etdim: “Ay Səməndər, gəlsənə, adama bir silah götürək, dığaların dərsini verək!”…
O yerlərdə çox gəzdik, şəhidlərin məzarını ziyarət etdik, ruhlarına rəhmət oxuduq. Sonra Qaşaltıda, Dost qapısında oturub çay dəsgahı arxasında söhbət elədik. Orada çox yaxşı göl düzəldiblər, kənarında əyləşib istirahət eləmişik, Allah verən ruzidən yemişik. Əli müəllimin çox gözəl, dərin söhbətlərini dinləmişəm.
Əli müəllimin sadəliyinə, səmimiliyinə, insaniliyinə dəlalət eləyən daha bir hadisəni xatırlayıram: Bir gün həyat yoldaşım Şahpəri xanımın ad gününü qeyd edirdik. Həyat yoldaşıma nənəsinin adını qoyublar. Əli müəllim də onlarla qonşu olduğundan, qonşu qızı Şahpərini necə çağırıb-sa, nəvəsinə də eləcə cavanlıq şövqüylə müraciət edir, adını ərklə çəkir. Baxmayaraq ki, elmlər doktorudu, əməkdar müəllimdi, daha başqa neçə-neçə titulların, fəxri adların sahibidi, bizim tarixi məhrəm məclisdə necə oxuyub-oynamağı, deyib-gülməyi ailəmizin xatirəsində silinməz izlər buraxıb.
Bir dəfə də elə oldu ki, qərara gəldik yığışaq gedək Ağcakəndə. Kəlbəcərin sərhəddidi, gözəl təbiəti var. Dağ çaylarının şırıltısı, oxuduğu nəğmə adama ləzzət eləyir, mənəvi zövq alır insan. Orda gözəl, amma dağın o üzündə, keçilməsi çətin bir yer də var ki, cənnətməkan istirahət guşəsidi. Təklif elədim Əli müəllimə ora getməyi.
Dumduru bulaq suyundan içdik. O səfərə ailəvi çıxmışdıq. Özümüzə də, ailəmizə də xüsusi ləzzət elədi. Bizimlə bərabər gedən İlham müəllim də, həyat yoldaşı da çox məmun qaldı. Belə ziyalılarla ünsiyyətdə, yol-yoldaş olanda adamın ruhu qanadlanır.
İndi Əli müəllim ömrünün elə bir zirvəsinə çatıb ki, o zirvədən Yer kürəsi görünür. Şair yaxşı deyib:
Bəzən əlli də yorur insanı,
Bəzən bilinməyir yüzü dünyada.
Səksən yaş nə yaşdı ki, Əli müəllim?! Ömrünün, ahıllığının çiçəklənən vaxtıdı, müdrikliyindən həmvətənlərinə, gənclərə pay verən vaxtların hələ qabaqdadı. Yaşa, yarat, bizlərə göstərdiyin gözəl nümunələrin sayını artır, örnək olduğunu, öndər oduğunu təkrar-təkrar sübuta yetir. Necə ki, bizim el şairi İsmayıl Güllər demişdir:
Ondu – dondu,
İyirmidi – dəyirmidi,
Otuzdu – toppuzdu,
Qırxdı – nırxdı,
Əllidi – bəllidi,
Altmışdı – çatmışdı,
Yetmişdi – bitmişdi,
Səksəndi – sərsəmdi,
Doxsandı – nöqsandı,
Yüzdü – düzdü!
Allah qoysa, sənnən yüzdə – düzdə görüşəcəyik, inşallah!
Əli müəllim, sizə uzunömürlülüyün də zirvəsini fəth etməyi arzulayıram. Allah sizi qorusun!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.