Ana­xa­nım Süleyman qızı Şahnəzərova

“İLLƏR KEÇDİ, DÖNDÜ QARA SAÇLARIN”

Hər dəfə Borçalının ağır elllərindən olan Fax­ralı və soraqları Gür­­cüs­ta­nın hüdud­larından çox-çox uzaqlardan gələn və tək­cə Fax­ralıya yox, bütövlükdə Bor­çalıya, Azər­bay­cana, bir sözlə mil­lə­timizə baş­u­calığı gətirən faxralı­lar haq­qında ya­zan­da bu kən­din zi­yalı qızı Anaxa­nım Şahnəzərovanı da müt­­ləq xatır­lamış, onun haq­qında da yazmaq istəmişəm. Bu günlərdə fik­ri­mi qətiləşdirib kağız-qələm götürdüm. İllərlə elimin bu xanım-xatın ziyalısı barədə beynimdə dolaşdırdığım fikirləri vərəqlərə köçürmək is­tə­dim. Və bəlkə də ilk dəfədir ki, bu işin nə qədər çətin olduğunu gör­düm. Olduqca çətin, məsuliyyətli, bununla belə şərəfli bir işin al­tına girdiyimi hiss elədim. Ona görə yox ki, onun haqqında de­məyə söz tapmırdım. Əksinə ona görə ki, hardan başlayıb harda qurtarmaqda çətinlik çəkirdim. Nə de­yim, necə deyim ki, onun adına yaraşsın, özündən sonra min­lərlə könüldə qoyduğu xati­rə­lə­ri bir də oyatsın, üstünə işıq sal­sın.  Nə deyim ki, heç ol­maz­sa, min­lərlə yetirməsinin ömür yo­luna nur saçmış, həm müəllimə, həm də  ana kimi qayğı göstə­rə­rək öyüd-nəsihətləri ilə onları müs­tə­qil həyata hazır­lamış bir insanın şəninə yaraşan olsun.

Oxucuların daha da yaxından tanıması üçün deyim ki, Ana­xa­nım Süleyman qızı Şahnəzərova 1937-ci il fevralın 4-də Bor­çalıda – o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kən­dində anadan olub. Yaşıdları kimi onun da uşaqlığı qanlı-qa­dalı ikinci dünya müharibəsi illərinə təsadüf edib, müharibənin vurduğu ağrı-acıları görüb. O vaxtlar dolanışığın çətin olması uc­ba­tından çoxları orta məktəbdə təhsilini yarım­çıq qoyub kolxozda işləmək məcburiyyətində qalırdı. Qız uşaqlarının orta məktəbdə sona qədər oxuması isə daha çətin idi. Üstəlik qızların ali təhsil al­­masına isə o dövrdə az-az rast gə­linərdi. Bunun da əsas səbəbi maddi vəziyyətlə yanaşı, həm də valideynlərin qız uşağının tək-tən­ha şəhər yerində oxuma­sı­na razı olmamaları idi.

Anaxanım Süleyman qızı 1956-cı ildə Faxralı orta məktə­bini bitirəndə qərarı qəti idi: ali təhsil almaq. Özünün möhkəm iradəsi, arzusuna çatmaq istəyi və böyüklərin də onun bu istəyinə qarşı çıxmamaları onu elə həmin il Bakıya gətirib çıxardı. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya-biologiya fakültəsinə verdi. Orta məktəbdə aldığı dərin savad burda onun köməyinə gəldi: o, tələbə adını qazandı. Qaynar tələbəlik illəri bir-birini əvəz etdikcə gələcək ixti­sa­sı­nın sirlərinə yiyələnir, müəlimlik sənətinin incəliklərini öyrən­mə­yə çalışırdı. Nəhayət, kövrək xatirələrlə dolu tələbəlik illəri arxada qaldı. Anaxanım Sü­leyman qızı 1962-ci ildə Faxralıdan ali təhsil alan qadınların ilk qaranquşu kimi Borçalıya – doğma Faxralıya qayıtdı. Möhübbət Hüseynovla ailə həyatı qurdu (Mö­hübbət müəllim sonralar uzun müddət Faxralıda məktəb direktoru işlədi. Borçalıda təhsilin inki­şa­fında, Faxralı ziyalı­larının yetişməsində və formalaş­ma­sın­da xüsusi xidməti oldu.) Faxralı orta məktəbində adına əmək kitabçası açıldı – burada pedaqoji fəaliyyətə başladı. 1969-cu ildən fəaliyyətini Faxralı səkkizillik məktəbində davam etdirdi, 1973-1991-ci illərdə isə Şahbuzlu səkkizillik məktəbində çalışdı. Və çox təəssüflər olsun ki, o, öm­rü­nün ən gözəl çağında, əsl  ağbirçəklik eləyəsi vaxtında – 1995-ci il sentyabrın 5-də dünyasını dəyişdi.

Bu sadaladıqlarımız ilk baxışda bəlkə də  sadəcə olaraq hər bir insanın həyatında bu və ya digər formada rast gəldiyimiz avto­bi­oq­rafik məlumatlar təsiri bağışlayır. Amma dəftər-kitab arasında ke­çən bu illərin arxasında görün nələr dayanır?! Yu­xusuz gecələr, müx­təlif xarakterli şagirdlərin nazı ilə oyna­maq, onların bir ana kimi qayğısına qalmaq, düzgün yol göstərmək və bütün bunların qar­şılığında bircə şey qazanmaq: el məhəb­bəti, bir də sorağı el-el dolaşan yetirmələrinin hər uğurundan haqlı fərəh hissi keçirmək, qürur duymaq!

Hər dəfə Anaxanım Süleyman qızını xatırlayanda istər-is­tə­məz sevimli xalq şairimiz Zəlimxan Yaqubun bir bəndi yadıma dü­şür:

Cavan idin, kəlağayın ağ idi,
Yaraşırdı ağa qara saçların.
Örpəyinin rəngi hopdu tellərə,
İllər keçdi, döndü qara saçların.

Bəli, Anaxanım Süleyman qızı da qara saçlarını elinin-oba­s­ı­­nın işıqlı sabahı, yeniyetmələrin savadlı və qəlblərində Vətən mə­­həb­bəti, yurda bağlılıq hissi ilə böyümələri  naminə ağartdı. Ağar­­tdı ki, dərs dediyi şagirdlərinin yolunu bir az da  çox işıq­lan­­dı­ra bilsin. Bu gün Anaxanım müəlliməni sevdirən, kö­nül­lərdə ya­şadan bir də odur ki, o, təkcə dərs deməklə kifayət­lən­mirdi. Şa­gird­lərə həm də həyat dərsi keçir, oğlanlara ilk növ­bə­də qeyrətli kişi, qızlara  isə ləyaqətli ana olmaq barədə dəyərli tövsiyələrini verirdi.

Uzun müddət Faxralı orta məktəbinin direktoru və Azər­bay­can Maarif nazirliyinin inspektoru vəzifələrində çalışmış gör­kəmli folklorşünas alim Hüseynqulu Məmmədli Anaxanım Şah­nə­zərovadan söhbət düşəndə onu Faxralının ali təhsilli qadın­la­rı­nın ilk qaranquşu kimi xarakterizə edərək haqqında ürəkdolusu xoş sözlər söyləyər, onun bir müəllim kimi pedaqoji ustalığını yük­sək qiymətləndirərdi. Özünün “Görüm Faxralının biri olsun beş” adlı kitabında da elimizin bu ziyalı qızına yer ayırmış, barəsində ürək sözlərini yazmışdır.

Vaxtilə onun şagirdi olmuş Azərbaycan Jurnalistlər Birli­yi­nin üzvü, Bakının Suraxanı rayonundakı 278 saylı orta məktə­bin müəllimi Şahpəri Hüseynqızı isə onu belə xatırlayır:

– Anaxanım müəllimə ilə biz kənddə qonşu olmuşuq. De­yər­­dim ki, o, qonşu kimi əvəzsiz, tayı-bərabəri olmayan bir in­san idi. Pa­xıllıq nədi bilməzdi. Atalar demiş, qonşusunu iki, özünü bir inəkli görmək istəyənlərdən idi.  Daim çalışardı ki, qon­şuluqda söz-söh­bət olmasın, həmişə mehribançılıq olsun. Müəllim kimi də  ol­duqca tələbkar idi. Bununla belə həm də həssas idi. Gözündən bir­cə şey yayınmazdı. Hər şagirdə fərdi qaydada yanaşar, prob­lemi ilə maraqlanar, qayğı və diqqətini əsirgəməzdi. Şagirdlərə elmin sirləri ilə yanaşı həm də həyat dərsi keçir, daim sadəliyə, düzgünlüyə, yaxşılıq etməyə çağı­rır­dı. Deyirdi ki, adam gərək harda nə danışdığını bilsin. Tez-tez müd­riklərdən sitat gətirərək deyərdi: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”.  Şərdən uzaq ol­ma­ğı tövsiyə edər, şər  iş görməkdən qorx­san, heç nə­dən qor­x­maz­san, – deyərdi. Bir də deyərdi ki, insan gərək nə bəd­bəxtliyə görə həd­siz kədərlənməsin, nə də xoş­bəxt­liklə də çox sevinməsin. Həm onu, həm də bunu qəlbində mərdliklə daşımağı bacarmaq la­zımdır.

Şahpəri xanımın öz müəllimi haqda bu minnətdarlıq dolu sözləri yadıma müəllifini unutduğum bir bənd şeiri də saldı:

Ömür əmanətdi, hədiyyə deyil,
Qaytarır bir nəsil, alır bir nəsil.
Vay o şəxslərə ki, yaşayır yüz il,
Düşməyir ünvanı, izi bir yana.

Haqqında söhbət açdığımız Anaxanım Süleyman qızı haqq dün­­yasına qovuşsa da, bu dünyada adı, ünvanı yaşayır. Qədir­bilən faxralılar və vaxtilə dərs dediyi şagirdləri ilə yanaşı bir də  Arzu və Elmira kimi ləyaqətli övladları  onun mənəvi ömrünə ömür ca­­layırlar.  Bu gün Arzunu faxralılar qeyrətli, el-oba təəs­sübü çə­kən, elin xeyir-şərində həmişə başda olan  bir eloğlu kimi tanı­yır­lar. Arzunun Vyana Beynəlxalq universitetinin biz­nes inzibat­çı­lı­ğı fakültəsində təhsil alan oğlu Qara və Sabunçu rayonundakı 271 saylı orta məktəbin məzunu, hazırda Azər­baycan Dövlət İqtisad Uni­versitetinin biznesin təşkili fakül­tə­si­nin tələbəsi olan qızı La­mi­yə də ziyalı, el ağbirçəyi olan nənə­lə­rinin arzualrını reallaş­dı­rır­lar. Anaxanım xanımın qızı Elmira isə Azərbaycan Vergilər na­zir­­liyində çalışır.

Anaxanım Süleyman qızı talenin ona bəxş elədiyi qısa ömrü elə yaşadı ki, bir ömürdə bir neçə ömrə sığmayacaq qədər xe­yir­xah­lıq­larla yaddaşlara yazıldı, özünə əbədilik qazandı.  Elə bu yerdə bir tacik xalq misalı yerinə düşür: “İnsanın ömrü – onun dünyaya bax­ması və dünyanın onu gör­məsi ilə deyil, insanların onu yadda saxlaması ilə ölçülür”. Bu mənada Anaxanım Süley­man qızı Tanrının ruhu həmişə şad olan xoş­bəxt bəndələrindəndir desək yanılmarıq. Çünki hər zaman xa­tır­lanır, minnətdarlıqla yad edilir. Deməli yaşayır!

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur