“BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ”
Eldə-obada belə bir adət, yazılmamış qanun var: birinci dəfə rastlaşdığın adamla tanış olmazdan əvvəl onun kimin oğlu, yaxud qızı olması ilə maraqlanırsan. Və bu ilk məlumat, qarşındakı adamın hansı ocaqdan od, hansı kökdən güc alması, hansı bulaqdan su içməsi sənə çox şey deyir. Atalar nahaq deməyib ki, ot kökü üstə bitər. Nadir istisnaları nəzərə almasaq adətən övlad valideynlərin əmələrinin davamçısı, adının üstünə ad gətirəni olur. Təbii ki, burada valideynlərdən də çox şey asılı olur. Əsil övlad əsil atadan törəyər.
Ulu Borçalının ağır eli kimi tanınan Faxralı kəndində də belə ağır-batman, ədəb-ərkanı, yüksək mədəniyyəti, əsl el-oba adamı olmaları ilə seçilən ailələr çoxdur. Onlaradan biri də Əli Alməmmədli nəslində Xəlilovun ailəsidir. O Əli Xəlilov ki, uzun müddət Faxralıda kolxozun və kənd sovetinin sədri vəzifələrində ləyaqətlə çalışaraq böyük hörmət və nüfuz qazanmışdı. 20 ildən çoxdur ki, aramızda olmasa da, qədirbilən faxralılar bu gün də onu minnətdarlıqla xatırlayırlar. Bu arada vaxtilə yazdığım şeirin bir bəndi yadıma düşür:
Əli Xəlil el hörməti qazandı,
Bütöv oldu, uca tutdu düz andı.
Xalq üçün yaşadı, xalq üçün yandı,
Adı bəlli şöhrət- şanım, Faxralı.
Bəli, Əli Xəlilov el hörməti qazandı. Ona görə ki, həmişə xalq üçün yaşadı, xalq üçün yandı, xırda hisslərlə yaşamadı, hər əməlində bütöv oldu. Və Əli Xəlilovdan söz düşəndə Xalq şairi Zəlimxan Yaqubun bir beytini xatırlamamaq olmur:
Diri var ki, tez bükəsən ağlara,
Ölü varki, dayaq olub sağlara.
Bu yazıda məqsədim Əli Xəlilov haqqında söhbət açmaq olmasa da (onun haqqında ayrıca yazı yazmışam), söhbətə onunla başlamağım səbəbsiz deyil. Əvvəldə də qeyd etdiyim ki, barəsində söz açacağım Yasin Xəlilov haqqında oxucuda ilkin təsəvvür yaratmaq üçün öncə məhz onun atası barədə məlumat verdim. Yeri gəlmişkən onu da qeyd edim ki, Əli Xəlilovun əmisi oğlu, uzun müddət Bolnisi rayonunun ayrı-ayrı kəndlərində kolxoz sədri işləmiş İsrafil Məmmədov da sayılıb-seçilən, adı həmişə hörmətlə çəkilən kişilərdən olmuşdur.
Belə bir ailədə boya-başa çatan Yasin Əli oğlu Xəlilov 1939-cu ildə anadan olub. Uşaqlığı qanlı-qadalı ikinci dünya müharibəsi illərinə təsadüf edən Yasin 1946-cı ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub, 1957-ci ildə orta təhsilini başa vurub. Elə həmin ildə də ali təhsil almaq arzusu ilə Bakıya gəlib və o vaxtkı M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna daxil olub. 1962-ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra yenidən Borçalıya – doğma Faxralıya qayıdıb və bir vaxtlar təhsil aldığı Faxralı orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Bir il burada müəllimlik fəaliyyətindən sonra hərbi xidmətə çağırılıb və 1963-1965-ci illərdə sovet ordusu sıralarında qulluq edib. Hərbi xidmətini başa vurduqdan sonra yenidən doğma kəndinə qayıdan Yasin müəllim yenidən burada pedaqoji fəaliyyətini davam etdirib. 1969-1972-ci illərdə məktəbdə dərs hissə müdiri, 1972-1974-cü illərdə isə Faxralı orta məktəbinin direktoru kimi daha böyük qayğılarla məşğul olub. Sonrakı illərdə də təcrübəli müəllim, bacarıqlı maarif təşkilatçısı kimi əlindən gələni əsirgəməyib.
İlk baxışda adi avtobioqrafik məlumat xarakteri daşıyan bu məlumatların, qeyd olunan illərin arxasında gərgin zəhmət, elinə-obasına can yandıran, onun maariflənməsi yolunda ömrünü gilə-gilə əridən böyük bir ziyalının yanar ürəyi dayanır. Bir pedaqoq kimi Yasin müəllim yaxşı bilirdi ki, Xalq şairi Zəlimxan Yaqub demiş, “gənclik üzünü dədələrə tutanda, yönünü sənət Məkkəsinə, elm məbədinə, fikir ehramına, hikmət türbəsinə çevirəndə kamilləşmə yolunda yorulmaq bilmədən irəliləyir və kamilləşir”. Ona görə də çalışırdı ki, gənclər daha çox elmə bağlansınlar. Bunun üçün isə gecəli-gündüzlü çalışmaq lazım idi. O dövrdə isə Faxrlıda təlim-tərbiyənin səviyyəsinin yüksəliş dövrü olmasına baxmayaraq müəyyən problemlər də var idi. Bu da hər şeydən əvvəl məktəb binasının kiçik olmasından, tələbatı ödəyə bilməməsindən irəli gəlirdi. 1968-1969-cu tədris ilində Faxralıda səkkizillik məktəbin açılması da yeni məktəb binasına olan tələbatı aradan qaldırmamışdı. Faxralı orta məktəbinə yeni bina tikilməsinə böyük ehtiyac vardı. Məktəbin direktoru vəziyyətdən çıxış üçün yollar arayır, yuxarı təşkilatlara müraciətlər edirdi. O dövrdə Bolnisi rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Faxralının qeyrətli oğlu, təkcə öz kəndi üçün yox, bütövlükdə Bolnisi rayonu üçün çox işlər görmüş Əli Bayram oğlu Əliyev növbəti müraciətlərinin birində Yasin müəllimə belə cavab vermişdi: “O kəndi mən də çox istəyirəm, bir neçə dəfə tikinti nazirinin yanında və Maarif nazirliyində olmuşam. Bir dəfə yenə gedəcəyəm, bu dəfə bir az ciddi danışacağam”. Əli Bayram oğlunun növbəti müraciətinə isə Maarif nazirinin müavini ironik bir cavab vermişdi: “Faxralıda hər ailənin on uşağı var, biz borclu deyilik ki, onlara hər il bir məktəb tikək”. Bu cavaba Əli Bayram oğlunun sərt reaksiyasından ehtiyatlanan Maarif naziri Tamara Laşkaraşvili Faxralıda yeni məktəbin tikintisinə başlamağı tapşırmışdı. Artıq yeni binanın tikintisinə razılıq alınmışdı. Bundan sonra layihə-smeta sənədlərinin tez bir zamanda qaydaya salınması lazım idi ki, tikinti işləri yubanmasın, vaxtında başlasın. Əli Bayram oğlunun qətiyyəti hesabına yaranan bu fürsəti əldən vermək olmazdı. Yasin müəllim böyük zəhmət bahasına bu işin öhdəsindən gələ bildi. Məktəbin tikintisi aparılan vaxt artıq Bolnisi rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə T.Xelaşvili seçilmiş, Ə.Əliyev isə Bolnisi rayon Su Təsərrüfatı və Meliorasiya idarəsinin rəisi vəzifəsinə keçirilmişdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı. 1973-cü ilin sentyabrında yeni dərs ilini Faxralı məktəbliləri yeni məktəbdə qarşıladılar. Məktəbin açılışına həsr olunmuş böyük təntənədə raykomun birinci katibi T.Xelaşvili də iştirak edirdi. Məktəbin direktoru Yasin Xəlilovun və bütün faxralıların həmin andakı sevincinə isə bir kədər də əlavə olunmuşdu: yeni məktəbin tikintisi üçün əlindən gələni edən, böyük zəhmət çəkən Əli Bayram oğlu Əliyev bu təntənədə iştirak etmirdi. Tədbir iştirakçıları onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
…Dünya şöhrətli yazıçı Cek London yazırdı: “Düşünməyi bacarmayanlar elə bilirlər ki, düşünürlər və odur ki, doğrudan da düşünə bilən adamların müqəddəratını həll edirlər”. Bu mənada Yasin müəllim doğrudan da eli-obası, onun daha firavan gələcəyi üçün düşünməyi bacaran insan idi. Nə etmək, necə etmək lazım olduğunu bilirdi. Bir müəllim kimi onu əsas düşündürən isə təbii ki, yeniyetmə soydaşlarının yüksək səviyyədə təlim-tərbiyə əldə etmələri idi. Heç zaman yersiz söz danışmaz, boş vədlər verməzdi. Onun bu xarakterinə bələd olan həmkarları, eloğluları bilirdilər ki, Yasin müəllim bir söz dedisə, deməli onu yüz ölçüb, bir biçdikdən sonra qərara gəlib və bu fikir, bu təklif ümumi işin xeyrinədir. O, danışmağı, özü də yerində və gözəl danışmağı bacarırdı. Elə burdaca müdriklərdən birinin dediyi fikir yada düşür: «Данышмаг цчцн инсана ики ил лазым олдуьу щалда, данышмаьы юйрянмяк цчцн 60 ил вахт тяляб олунур».
Zəlimxan Yaqubun tez-tez işlətdyi bu sözlər heç vaxt yadımdan çıxmır: “Müsəlmanların qibləsi Məkkədirsə, bəşəriyyətin qibləsi dahi şəxsiyyətlər, ustadlar, sərkərdələr, dühalar, peyğəmbərlərdir”. Bəli, bəşəriyətin qibləsi dahilərdir. El-obada, daim böyük-kiçik yeri bilinən kəndlərimizdə isə bu qiblə el ağsaqqaları, ağır-batman kişilərdir. Yasin Xəlilov kimi kişilər… O Yasin müəllim ki, ləyaqətli ömür yaşadı, xeyirxah əməlləri ilə adını Faxralının tarixinə yazdı. 2005-ci ildə haqq dünyasına qovuşan Yasin müəllim bu gün də bizimlədir, bizim sıramızdadır, elmin sirlərini öyrətdiyi minlərlə yetirməsinin qəlbində, qədirbilən faxralıların yaddaşındadır. Sonda yenə də fikrimi elə Xalq şairi Zəlimxan Yaqubla tamamlamaq istəyirəm:
Baxmağa güzgüsü, aynası yoxdu,
Yüz il yaşasa da mənası yoxdu.
Diri ölülərin dünyası yoxdu,
Bu dünya əbədi dirilərindi.
Mənbə : Səməndər Məmmədov – “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2009, I kitab.