YAŞADI ƏR KİMİ, GETDİ ƏR KİMİ
Faxralının görkəmli ziyalıları haqqında kitab hazırlamaq qərarına gələndə yadıma ilk düşənlərdən biri də Hümbət həkim oldu. Yaxından tanıyıb vaxtilə barəsində yazı ilə mətbuatda çıxış etsəm də, nədənsə bu məqamda bir şəxsiyyət kimi onu xarakterizə edəcək ən yığcam ifadə kimi sadiq dostu Cəfər Quliyevin sözlərini xatırladım: “Əzizlər əzizi Hümbət həkim!”
Bəli, Hümbət Nağıyev əzizlərin əzizi idi. Təkcə yaxınları, doğmaları, ailə üzvləri üçün yox, böyüyüb boya-başa çatdığı Faxralı, canından artıq sevdiyi Borçalı və ömrünün çox hissəsini keçirdiyi can Azərbaycanda onu tanıyanların hamısı üçün. Çünki dostları demiş: “O, yaşamaqla bəhrələnmək yox, qəlbinin odunun bütün gücündən xalqını bəhrələndirmək üçün yaşamaq istəyirdi”. Bu da səbəbsiz deyildi. O, Borçalıda qüruruna tapınan, kimsənin qabağında əyilməyən, sınmayan adlı-sanlı bir nəslin nümayəndəsi di. Atası və əmiləri eldə-obada böyük ad-san qazanmışdılar. Sağlam kökdən güc alan Hümbət Nağıyev mənsub olduğu soyun qeyrət genini canında, qanında daşıyırdı. Elə bu səbəbdən də Borçalıya, onun ağır ellərindən olan Faxralıya hər gəlişi bir bayrama çevrilərdi. El-oba özünün ləyaqətli övladına hərarətlə qol açardı.
…Hümbət Əhməd oğlu Nağıyev 1941-ci ildə Faxralıda anadan olub. Orta məktəbi də burada bitirib. 1961-ci ildə arzuların qanadında Bakıya gələrək ali təhsil almaq arzusu ilə sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verib və bu ali məktəbin müalicə-profilaktika fakültəsinə daxil olub. 1967-ci ildə institutu bitirən Hümbət Əhməd oğlu təyinatla Azərbaycanın Naftalan şəhərinə göndərtilib və buradakı “Naftalan” sanatoriyasında həkim-ordinator kimi əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra hərbi xidmətə çağırılıb. 1971-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycana qayıdan Hümbət həkim bu dəfə Sumqayıt şəhərində təcili tibbi yardım stansiyasında işə düzəlib. 1974-cü ildən isə fəaliyyətini Sumqayıt Onkoloji dispanserində davam etdirib. O, 1982-ci ildə burada şöbə müdiri vəzifəsinə irəli çəkilib. Ötən əsrin 80-ci illərinin sonlarında ölkədə nisbətən aşkarlıq ab-havasının duyulduğu bir vaxtda – 1988-ci ildə çalışdığı kollektivin üzvləri qətiyyət göstərərək böyük hörmət və nüfuz sahibi olan cərrah-onkoloq Hümbət Nağıyevin dispanserin baş həkimi vəzifəsinə təyin olunmasına nail olublar. Həmkarlarının etimadını ləyaqətlə doğruldan Hümbət Əhməd oğlu qısa müddətdə kollektivdə sağlam atmosfer yaratmağa nail olub, Sumqayıt şəhərində səhiyyənin inkişafı, əhaliyə yüksək səviyyəli tibb xidmət göstərilməsi yönündə məqsədyönlü işlər həyata keçirib. On il bu vəzifədə ləyaqətlə çalışıb. 1998-ci ildən ömrünün sonunadək isə həmin müalicə ocağında cərrahiyyə şöbəsinə başçılıq edib.
Fəaliyyətinin böyük hissəsi Sumqayıt şəhərindəki Onkoloji dispanserlə bağlı olan Hümbət Nağıyevi vaxtilə onunla birlikdə çalışmış həkimlər, tibb bacıları, şəfalı əllərindən müalicə tapan minlərlə insan, bir sözlə bütün sumaqyltlılar bu gün də minnətdarlıqla xatırlayırlar. Bir həkim kimi savadlı olması ilə yanaşı o, həm də təşkilatçılıq qabiliyyəti ilə fəqrlənirdi. Dispanserin rentgen şöbəsində müasir rentgen diaqnostik aparatlarının quraşdırılması, patohistoloji laboratoriyanın yaradılması və lazımi avadınlıqlarla təchiz edilməsi məhz onun adı ilə bağlıdır. O, Sumqayıt şəhərində onkoloji xəstəliklərin törənmə səbəblərini öyrənmək məqsədilə sənaye müəssisələrində tez-tez yoxlamalar, araşdırmalar aparardı. Rəhbərlik etdiyi dispanserin və bütövlükdə Sumqayıt şəhərində səhiyyənin inkişafı naminə çox işlər görən Hümbət Nağıyev həm də Sumqayıtda fəaliyyət göstərən ekoloji cəmiyyətin yaradıcılarından idi.
Dərin zəkası, şəfalı əlləri ilə minlərlə xəstənin ömrünə ömür calayan Hümbət həkim həm də yüksək insani keyfiyyətləri, elitar mədəni səviyyəsi, ünsiyyət qurmaq bacarığı sayəsində insanlarla tez qaynayıb-qarışması ilə seçilirdi. O, hətta ona qarşı haqsızlıq edənlərə də yaxşılıq etməyi bacaran insan idi. Hümbət həkimi haqqın varlığı adlandıran Azərbaycanın Xalq şairi Məmməd Araz yazır: “Mən Hümbət həkimlə 25 il əvvəl Cəfər həkimin bağında tanış olmuşam. O vaxtdan mənim Hümbət həkimə olan hörmətim birə min artdı”.
Şair Qəhrəman Tovuzlu isə Hümbət həkimi belə xarakterizə edir:
Dünyaya əzəldən fani deyildi,
Hər an haqq olanın haqqı yeyildi.
Nə bir yol büdrədi, nə də əyildi,
Elə qurban dedi canı Hümbətim.
Tibb elmləri doktoru, akademik Rəhim Rəhimov isə onun barəsində belə deyib: “Onun xarici gözəlliyi, davranışı, sadəliyi, elmi diskussiyaları düzü, məni həmişə sevindirir, heyran edirdi. Sevindirici haldır ki, xalq ona sağlığında öz yüksək qiymətini verə bildi”.
Deyirlər vəzifə insan üçün bir növ məhək daşıdır. İnsanın bütün xarakterik xüsusiyyətlərini üzə çıxarır. Kreslo çoxlarının gözünü tutur, dost-tanışı tanımır, el-oba qeyrətinə, Vətən məhəbbətinə aparan bütün yollar belələrinin cibindən o yana keçə bilmir. Bu hisslər Hümbət həkim üçün yad idi. O, sözün əsl mənasında böyük ziyalı, bütün varlığı, canı, qanı ilə Vətəninə, xalqına bağlı olan bir insan idi. Elə bu səbəbdəndir ki, onu şöhrətin zirvəsinə aparan cığırı böyük yola çevirərək əsl xalq adamı ola bilmişdi. Daim ürəyigenişliyi ilə seçilən Hümbət həkim tutduğu vəzifədən asılı olmayaraq həmişə böyüklə böyük oldu, kiçiklə kiçik. Gülərüzü, xoş təbəssümü və sadəliyi ilə seçildi, ehtiyacı olanlara əl tutdu. Ürəyi xalqı ilə bir vurdu, vətənin ağrı-acısını qəlbində daşıdı. Ancaq təkcə bu ağrı-acıya ağlayıb-sızlamadı, ondan çıxış yollarını düşündü. Onun adını yuxarıda qeyd etdiyimiz sədaqətli dostu, mən deyərdim ki, dostluqda çoxlarına nümunə göstərilə biləcək Cəfər Quliyev xatirələrində yazır: “1987-ci ilin noyabr ayında Hümbət həkimlə Elçibəyin görüşünə getdik. Onda Elçibəy Bakıda qardaşının evində qalırdı. Evin pəncərəsi naxışlanmış qəzetlə örtülmüşdü. Bəy döşəmənin üstündə oturub nəsə yazırdı. Divardan böyük Atatürkün portreti asılmışdı. Atatürkün iti, qartal baxışlarının təsirindən çıxmaq olmurdu. Biz xeyli söhbət etdik.
… Bəy bizi yola salanda Atatürkün şəklini mənə bağışladı və biz Hümbət həkimin maşınında Sumqayıta qayıtdıq. Şəkil iki il Hümbət həkimin qarajında qaldı”.
Cəfər həkimin təbirincə desək, Vətən üçün ağlayan göz, sızlayan ürək, düşünən beyin olan Hümbət həkim Vətənin dar günündə gendə durub seyrçi mövqeyi seçməmiş, hadisələri dəqiq qiymətləndirərək daim kömək əlini uzatmış, əlindən gələni əsirgəməmişdir. Elə buradaca yenə C.Quliyevin xatirələrini diqqətə çatdırmaq istəyirəm:
“…1988-ci ildə Hümbət həkimlə Nasosnu qəsəbəsindəki “N” hərbi hissəsindən 150 yeşik patron alıb yük maşınına yüklədik. Maşının banında milis nəfəri oturdub düz aeroporta sürdürdük. O zaman aeroportun rəisi, mənim yaxın dostum Məhərrəmin köməyilə patronları hücuma məruz qalmış Naxçıvana yola saldıq. Həmin patronların 20 yeşiyi Ordubadda “Soyuqqala”nın müdafiəsində istifadə olunmuşdu. Bütün bunlar sənədləşdirilmiş halda arxivdə qalır”.
Xeyirxah insan olan Cəfər həkim bunları yazmasaydı bəlkə də çoxlarının bundan xəbəri olmayacaqdı. Çünki Hümbət Nağıyev kiməsə etdiyi yaxşılığı heç zaman dilinə gətirməyi sevməzdi. Vətənin dar günündə isə əlindən gələni etməyi hər bir vətəndaşın sadəcə olaraq borcu sayırdı. Bununla yerli-yersiz öyünmək, etdiklərini müxtəlif məqamlarda gözə soxmaq, bundan özünüreklam kimi istifadə etmək onun təbiətinə yad idi. Vətənin ağır günlərində gördüyü işləri isə sadalamaqla qurtarmaz. Məhz həmin ərəfədə iki dost dörd ədəd “Mayak” ötürücü qurğusu alıb “Əlincə” cəmiyyətinin xəttilə Naxçıvana göndərmişdilər. Bu gün bəlkə də çoxlarına adi görünə biləcək bu işlərin həyata keçirilməsi o vaxtlar hər addımda təhlükəli, bəzən hətta həyat bahasına başa gələcək olduqca riskli bir iş idi. Amma Vətən sevgisi, Vətən qeyrəti, Vətən təəssübü hər şeydən üstün olduğundan heç bir çətinlik onları qorxutmamışdı.
Həmişə, hər yerdə qüruruna, qeyrətinə söykənən Hümbət Nağıyev talenin ona bəxş etdiyi ömür payını ləyaqətlə yaşadı, kişi kimi yaşadı. Kimsənin qarşısında əyilmədi, sınmadı. Başqa cür ola da bilməzdi. Əyilməzlik, əqidəsindən dönməzlik, qətiyyət və cəsarət ona soyundan-kökündən gəlirdi. Axı o, həm də Sovet hakimiyyətinin ilk illərində Borçalıda qaçaqçılıq hərəkatında qeyrəti və qüruru ilə tanınan, heç kəsdən çəkinməyən, heç nədən qorxmayan, sərrast atıcı kimi ad çıxaran əmisi Çərçioğlu Hümbətin adını daşıyırdı. O Hümbətin ki, el şairi İsmayıl Güllər onun haqqında belə yazırdı:
Orcunnu Hasanmış bir ətdən qala,
Çərçioğlu bənzərmiş Rüstəmi Zala.
Ordular dağıdıb düşəndə dara,
Görənlər danışır, eldə söylənir.
Atası Əhməd də eldə sayılıb-seçilən kişilərdən olub. İyirminci əsrin ilk onilliklərində Faxralıda savadsızlığın ləğvi üçün açılmış kurslara məhz o, rəhbərlik etmişdir.
Belə bir sağlam kökə, qeyrətə və qürura söykənən Hümbət Nağıyev həmişə haqqa güvəndi, yalanı sevmədi, ikiüzlüləri qəbul etmədi. Böyük arzularla yaşadı, xırdalıqlara enmədi. Həyatın tör-töküntüsü sayılacaq vecsiz adamcıqlara qarşı amansız olsa da, heç zaman özündən çıxmadı, təmkinini pozmadı, öz mərtəbəsində dura bildi. Kişi kimi yaşadı, öləndə də kişi kimi öldü –2001-ci ildə haqq dünyasına qovuşdu. Əslində ölmədi, cismi torpağa qarışıb Vətən oldu, ruhu isə yenə də bizimlədir, onu sevənlərlədir. Şəfa verdiyi minlərlə insanın, dostlarının, tanışlarının, doğmalarının və qədirbilən soydaşlarımızın qəlbində zaman-zaman yaşayacaq Hümbət Nağıyev.
Doğuldu ər kimi, sevdi ər kimi,
Yaşadı ər kimi, getdi ər kimi.
Vuruldu Vətənə Səməndər kimi,
Xalqımın qürurlu balası Hümbət!
Onilliklər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək. Dünyaya yeni əhmədlər, hümbətlər gələcək – gələcəyinə böyük ümidlər bəslədiyimiz nəvə Hümbət kimi! Dəyişməyən isə bir şey olacaq: hər yeni gələn nəsil özünün ulu babalarının adını ləyaqətlə daşıyacaq, hünər üstə hünər, zəfər üstə zəfər gətirərək bu nəslin şərəfini daha da artıracaqdır.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.