1988-ci ilin iyul ayının 28-də Bolnisidə ciddi milli qarşıdurma yaranmışdı. Bu, ermənilərin siyasi təxribatının nəticəsi idi. Həmin gecə azərbaycanlılarla gürcülər arasında silahlı toqquşma oldu; rayon mərkəzinin Çürük Qəmərli deyilən hissəsində səhər açılana kimi atışma davam edirdi. Gürcüstan hökuməti Bolnisiyə 1000 nəfər milis işçisi göndərmiş, rayon mərkəzi mühasirəyə alınmış, ətraf kəndlərlə əlaqə kəsilmişdi…
Belə bir şəraitdə Faxralını da təhlükə gözləyirdi. Hüquq-mühafızə işçilərinin əlinə girəvə keçmişdi və həmişə çəkindikləri Faxralıda da qərəzli axtarışlar apara bilərdilər; camaatın olan-qalan silahını yığışdırılardı, müqavimət göstərənlər cinayət məsuliyyətinə cəlb edilərdi. Məhz buna görə də siyasi stabilləşmə yaranana kimi onları kəndə buraxmaq olmazdı.
İyul ayının 29-da kənddə operativ qərargah yaradıldı (Kərim Kərimov, Bayram Əliyev, Aslan Həsənov, Rəşid Faxralı, İlham Hüseynov, Tahir Musayev, Tofıq Ayvazov, İsfəndiyar Həsənov, Mahal Əliyev və b.). O narahat yay gecəsi qərargahın üzvləri kənd Soveti sədrinin kabinetinə toplaşdı. Sədrəddin Namazovun dediyi sözlər, bu sözlərin səmimiliyi hamının heysiyyətini, təəssübkeşliyini qətiyyətə, cəsarətə köklədi: Buna görə məni vəzifəmdən azad eləsələr də kabinetim sizə qurbandı. Danışın, məsləhətləşin, yaradın. Mən də sizin biriniz. Təki kəndimizə ətəf-xataf toxunmasın!
Belə qərara alındı ki, kəndin bütün giriş yolları nəzarətə götürülsün, gecəli-gündüzlü mühafizə edilsin, bu işə bütün məhlələr cəlb edilsin. Faxralıların təşəbbüsü və məsləhəti ilə qonşu kəndlərdə də belə postlar yaradıldı…
…Bu tədbir səmərəli oldu və gürcülər avqust ayının 4-nə kimi əl-qol aça bilmədilər.
Avqust ayının 4-də günorta üstü Traktor parkı-nın altındakı postda dayananlar sayıqlığını bir qədər itirir postu boş qoyub kölgəliyə çəkilirlər. Qazqanlar nəslindən olan Mübarizin – 13-14 yaşlı yeniyetmənin nəzərləri Təpələr tərəfdən kəndə yaxınlaşan PDM-ə və onun arxasınca gələn 2 RAF-a sataşır. O, “Kəndə basqın edirlər!” – deyə qışqırır və özü qaçaraq düz yolun ortasında dayanır. PDM bu cürətli uşağa çatanda dayanır.
Gürcüstan DİN-in müavini general-mayor Şaduri RAF-dan düşür. Yox yerdən toplanmış camaatı inandırmağa çalışır ki, Faxralıya ciddi bir əməliyyat üçün gəlməyiblər. Qoy camaat görsün ki, hüquq-mühafizə işçiləri sayıqdır, gürcülər tərəfindən heç bir təhlükə olmayacaq; general yalan danışırdı, RAF -dakı avtomatlıları kəndin evlərində qərəzli axtarışlar aparmaq, kəndi “şmon” – talan elətdirmək üçün gətirmişdi.
Camaat getdikcə sıxlaşır, böyük bir izdiham yaranır. Kimsə generalın qoluna girib beş-altı addım aralıda dayanmış cavanları göstərir:
– Onların əllərindəki partladıcıdır. Artıq bir hərəkət eləsəniz maşınlarınız partladılacaq. Burda hər pencəyin altında bir silah var. Qayıdıb gedin, yoxsa qan tökülər. Bu kənd Faxralıdı. Camaat razı olmasa, siz Faxralıya girə bilməzsiniz…
General düşünüb-daşınır. Hələ də yolun ortasında dayanmış uşağı qanlı-qanlı süzür. Camaatın qırımını görüb maşına tərəf gedir. PDM də, RAF-lar da gəldikləri yolla geri qayıdır…
O hadisələrdə gürcülər faxrallların iradəsini, əzmini sındıra bilmədilər! Faxralılar Faxralının ad-sanını, şöhrətini mərdliklə, cəsarətlə, kişi kimi mühafızə etdilər!..
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”