QISA MƏLUMAT
Cəlilli Alının nəslindəndir (Amaşlı)
Əflatun Əhməd oğlu Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Jurnalistika və ictimai-siyasi fəaliyyəti
1985-1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. BMM-in “Söz” mükafatına layiq görülüb.
Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, bir övladı var.
Jurnalist Əflatun Amaşov hal-hazırda Azərbaycan Mətbuat Şurasının sədri və eyni zamanda AR Milli Məclisinin V çağırış deputatı olmuşdur.
Mənbə : REDAKTORDAN
SAĞLAM FİKİRLİ ZİYALI
Onu nəinki faxralılara və borçalılara, bütövlükdə Azərbaycan ictimaiyyətinə təqdim etməyə ehtiyac yoxdur. Çünki onu hər yerdə təqdimatsız-filansız sadəcə olaraq Əflatun Amaşov kimi tanıyırlar. Artıq bu ad Azərbaycan ictimaiyyətinə o qədər doğmalaşıb ki, son illərdə respublikamızda mətbuatdan söz düşəndə mütləq Əflatun Amaşov, Əflatun Amaşovun adı çəkilən yerdə isə ilk növbədə mətbuatımız yada düşür. Borçalıda və Faxralıda isə onu həm də bu yurdun layiqli təmsilçisi, daim el-oba təəssübü çəkən bir eloğlu kimi tanıyırlar.
Eloğlu dedim, yadıma iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş filologiya elmləri doktoru, professor, rəhmətlik Şamil Qurbanov düşdü. Elimizin bu ən böyük oğlu Əflatundan həmişə razılıqla danışar, gələcəyinə böyük ümidlər bəslədiyini deyər, onun hər uğuruna sevinərdi. Elə Əflatun Amaşov da öz müəllimini həmişə minnətdarlıqla xatırlayır. Bu gün əminliklə demək olar ki, Əflatun Amaşov vaxtilə Şamil müəllimin ona bəslədiyi etimadı tam doğruldub.
Məlumat üçün deyək ki, Amaşov Əflatun Əhməd oğlu 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə sovet ordusunda xidmət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü illərdə “AzərTAc” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
Ə.Amaşov 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifəyə təkrarən seçilib. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin üzvüdür. Avropa Mətbuat Şuraları Assosiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, bir övladı var.
Ötən əsrin səksəninci illərinin sonlarında keçmiş SSRİ-nin hər yerində milli azadlıq hərakatı güclənməyə başladığı vaxtda xalqın doğru sözə, tarixi keçmişimiz, qan yaddaşımız haqqında əsl həqiqətləri öyrənməyə böyük ehtiyacı vardı. Sovet rejiminin çürük ideologiyasının təbliğat qrupu olan mətbuatdan bezikmiş cəmiyyət azad sözə təşnə idi. Bu ehtiyacı isə həmişə olduğu kimi, söz adamları doldurmalı idi. Belə bir həssas məqamda mətbuatımıza yeni ruh, yeni nəfəs gətirmək istəyənlərdən biri də Əflatun müəllim idi. Təsadüfi deyildir ki, 1994-cü ildə yaradılan “Yeni nəsil” Jurnalistlər Birliyinin təsisçilərindən biri Əflatun Amaşov idi. 1997-ci ildə isə “Ruh” Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsini təsis edərək ona rəhbərlik etdi.
Ölkəmizdə yeni keyfiyyətli, yeni ruhlu azad bir mətbuatın formalaşmasında böyük zəhməti olan Əflatun Amaşova respublikanın mətbuat işçiləri, ictimaiyyətin nümayəndələri böyük etimad gösdərərək onu yeni yaradılan Azərbaycan Mətbuat Şurasının sədri seçdilər. Sonradan bu vəzifəyə təkrar seçilərək artıq neçə illərdir ki, Azərbaycan Mətbuat Şurasının sədri kimi olduqca məsul və çətin bir vəzifəni daşıyır.
Yeri gəlmişkən bir faktı da qeyd etmək lazımdır ki, Əflatun Amaşov elə bir vaxtda Azərbaycan Mətbuat Şurasının rəhbəri seçildi ki, keçid dövrünü yaşadığımızdan cəmiyyətimizin bütün sahələrində olduğu kimi, mətbuatın da özünəməxsus spesifik problemləri vardı. Üstəlik keçmiş SSRİ məkanında bu yöndə ilk qurumlardan olan Şuranın özünün təşkil olunması da böyük zəhmət tələb edirdi. Hər işin başlanğıcı çətin olsa da, möhkəm iradə, prinsipiallıq və peşəkarlıq olan yerdə bütün maneələri dəf etmək mümkün olur. Əflatun Amaşov da Mətbuat Şurasının sədri seçilərkən ona necə böyük etimadın göstərildiyinin, hansı yükün altına çiyin verdiyinin fərqində idi. Amma nə işin çətinliyi, nə də bəzən ünvanına söylənən yersiz iradlar onun əlini işdən soyuda bilmədi. İqtidar və müxalifət yönümlü olmaqla iki cəbhəyə bölünmüş mətbuatımızın problemlərinə eyni prizmadan baxmağı bacardı.
Böyük yapon alimlərindən sayılan Nişi buyurur: “Əsas hadisələr deyil, əsas sənin ona münasibətindir”. Bu hikmətli fikir bugünkü Azərbaycan reallığında olduqca aktual səslənir. Bu gün cəmiyyətdə baş verən hər hansı bir hadisəyə ayrı-ayrı mətbuat orqanlarında müxtəlif fikirlərin səsləndirilməsinin azmı şahidi oluruq? Bəzən eyni hadisəyə bir-birindən kəskin fərqlənən, əks qütblərdə dayanan elə fikirlərə rast gəlirik ki, hətta mənafeyinə toxunulduğunu hesab edən tərəf Əflatun Amaşovun obyektivliyinə, olaya ədalətli münasibət göstərəcəyinə inandığından haqqının qorunması üçün ilk növbədə Mətbuat Şurasına üz tutur. Çünki yaxşı bilir ki, Əflatun müəllim ağa qara, yaxud da əksinə deyən deyil. Bilir ki, müdriklərdən biri demiş: “Əgər biz, doğurdan da, xəstəyiksə, camaatın bizi sağlam hesab etməsinin bizə nə xeyri?! Əgər biz, doğurdan da, sağlam olanda bizi xəstə hesab edirlərsə, bunun bizə nə zərəri ola bilər”.
F.Köçərli çox haqlı olaraq yazırdı: “Doğru və salamat fikirli adamların kamalı həmişə aydın, açıq və düzgün olur”. Ə.Amaşov doğru və salamat fikirli, sözü urvata mindirən ziyalıdır. O, sözü havayı yerə xərcləmir. Fikrini az sözlə yerində ifadə edir. Yaxşı bilir ki, söz insan mənəviyyatının sultanıdır və sultanı sevmək lazımdır. Sultanı sevmək sözümüzü sevmək, fikrimizi sevmək, mənəviyyatımızı sevməkdir. N.Gəncəvi nahaq yerə demirdi ki:
Ağıllı adamın söylədikləri
Yer altına düşsə, itməz dəyəri.
Söz deyən düşünüb söyləsə əgər,
Pis söz də söyləsə, yenə xoş gələr.
O, eyni zamanda jurnalistikanın nəzəri məsələləri – müasir jurnalistikanın qlobal problemleri ilə də məşğul olur. Çoxsaylı kitablar müəllifidir.
Əflatun Amaşov keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə bilən ziyalı, çox iş görüb az görünən, etdiklərini gözə soxmağa çalışamayan təmənnasız adamdır. Bu gün Azərbaycan mətbuatının başında duran, sözün əsl mənasında onun cəfakeşlərindən biri olan Əflatun müəllim bu cəbhədə general kimi külüng çalsa da, özünü sıravi əsgər kimi aparır. Fəxri ad, müxtəlif mükafatlar almaq üçün hər cür imkanı və üstəlik buna layiq olsa da, belə şeylərdən həmişə gen durub. Düşünüb ki, xalq şairi Osman Sarıvəlli demiş, şan-şöhrət dalınca qaçmaq əbəsdir, ləyaqəti olanı cəmiyyət özü onsuz da axtarıb tapacaq. Jurnalistikamızın inkişafında onun xidmətləri isə nəinki respublikamızda, həm də dünya miqyasında yüksək qiymətləndirilməkdədir. Hələ 2001-ci ildə ona BMT-nin “Söz” mükafatının verilməsi də dediklərimizin sübutudur.
Əflatun Amaşovu mənsubu olduğu elimiz Faxralıda da çox sevir, oxuduğu Faxralı kənd orta məktəbində ona dərs deyən müəllimlər də hər uğurlu addımına sevinirlər. Sadə bir ailənin övladı olan Əflatun Amaşovun çox hörmətli, nüfuzlu bir ziyalıya çevrilməsi, respublika miqyasında, ölkəmizin hüdudlarından kənarda da tanınması, əlbəttə ki, onun həmkəndlilərinin, ellilərinin qəlbini qürur hissi ilə doldurur. Azərbaycana çox böyük ziyalılar bəxş etmiş Borçalı mahalının, Faxralı kəndinin yetirdiyi görkəmli şəxsiyyətlər içərisində özünəməxsusluğu ilə seçilən Əflatun Amaşov artıq növbəti beş il müddətinə də Mətbuat Şurasına sədr seçilmişdir. Bu, tərəqqipərvər Azərbaycan jurnalistikasının onun zəhmətinə verdiyi qiymətdir.
Əflatun Amaşovun Azərbaycan mətbuatının sağlamlaşdırılması naminə xidmətləri dövlətimiz, onun başçısı cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Məlum olduğu kimi, bu yaxınlarda möhtərəm prezidentimiz “Jurnalistlərin dostu” seçildi. Belə bir seçim media nümayəndələri tərəfindən atılmış tamamilə doğru addımdı. Məsələ burasındadı ki, jurnalistlər Prezident İlham Əliyevin diqqət və qayğısını hər zaman hiss ediblər. Həm jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir. Yeri gəlmişkən, cənab İlham Əliyevin jurnalistlərin dostu seçilməsi ilə əlaqədar tədbirdə dövlətimizin başçısı mətbuatımızın yaxın gələcəkdə inkişaf perspektivləri ilə bağlı ümidverici mesajlar verdi. Prezident çıxış edən jurnalistləri dinləyərək, mövcud problemlərin həlli istiqamətində tapşırıqlar verdi, Azərbaycan jurnalistikasının durumu ilə bağlı öz düşüncələrini açıqladı. Bildirdi ki, Azərbaycanda digər hüquq və azadlıqlar kimi, söz və mətbuat azadlıqları da qorunur. Mətbuat azadlığı Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsib edir: “Bu gün biz dünyanın mütərəqqi medialarının təcrübəsindən istifadə etməliyik. Azərbaycanda müxtəlif dillərdə medialar fəliyyət göstərməli və Azərbaycan mənafeyini, haqq sözünü dünyaya çatdırmalıdır. Əsasən də dövlətimizi qara piardan qorumalıyıq”.
Prezident həmçinin qəzet satışında yaranmış problemlərin həll olunacağını vəd etdi, gələcəkdə mətbuatın inkişafına öz dəstəyini əsirgəməyəcəyini və bu şəkildə üçüncü dəfə də “Jurnalistlərin dostu” mükafatına layiq görüləcəyinə ümid etdiyini bildirdi.
Həmin tədbirdə çıxış edən Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun nitqi, yaddaqalan oldu: “Mən 65 ildir dövlət rəhbərliyinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Burdakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Biz Vətən abadlığından yazanlarıq, Vətəni abad edən deyilik. Biz millət salamatlığından yazanlarıq. Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri – Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz, biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə “Jurnalistlərin dostu” adını vermək qanunidir, təbiidir, seçim düzdür”.
Şirməmməd müəllim həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı Sərəncama görə təşəkkürünü bildirdi.
Əlbəttə, bütün bunlar bir daha təsdiqləyir ki, dünyada Azərbaycan kimi elə bir demokratik dövlət yoxdur ki, jurnalistlərə bunca qayğı, qələm adamlarına diqqət göstərilsin. Bu həssas münasibətin əsasını vaxtilə Kremlə sancılmış Türk Bayrağı Heydər Əlirza oğlu Əliyev qoyub. Ulu Öndərimizin mətbuatın inkişafına qayğı siyasəti bu gün Ümummilli liderimizin siyasət məktəbinin ən kamil məzunu, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev tərəfindən davam etdirilir. Belə həssas münasibət jurnalistlərə qol-qanad verir, yazısının siqlətini dəyişir, mənasını dəyişir. Hörmətli Prezidentimizi özünə dost seçən Əflatun Amaşov və ölkəmizin digər tərəqqipərvər, salamat fikirli jurnalistləri, heç şübhə yoxdur ki, bundan sonrakı fəaliyyətlərində sübut edəcəklər ki, bu dostluğa sədaqətlidirlər.
Bəlkə də bəziləri, elə Əflatun Amaşovun özü də heç bunun fərqində deyil ki, o, bu gün Azərbaycanda mətbuatın inkişafı üçün hansı böyük işləri görür, bu yolda necə fədakarlıq edir. Amma illər ötəcək, Azərbaycan Mətbuat Şurasının qurucularından biri və ilk sədri kimi adını mətbuat tariximizə yazmış Əflatun müəllimin xidmətləri daha aydın görünəcək. Və o zaman bu gün hətta müəyyən məqamlarda nəyisə irad tutanlar da onun azad, demokratik mətbuatımızın təşəkkül tapması və inkişafı naminə ardıcıl və yorulmaz xidmət göstərdiyini etiraf edəcəklər. Hələliksə o, mətbuatımızın sükanı arxasındadır və inanırıq ki, bundan sonra da hələ uzun müddət azad sözün daha da güclənməsinə, mətbuatımıza, onun sözün əsl mənasından dördüncü hakimiyyət kimi cəmiyyətdə mövqelərini möhkəmləndirməsinə sanballı töhfələr verəcəkdir.
2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə parlamentin üzvü seçilib, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna başçılıq edib. Tez-tez Gürcüstana gedib bu ölkənin rəhbərliyi ilə görüşüb, Borçalıda yaşayan soydaşlarımızın problemlərinin aradan qaldırılmasına çalışıb.
Əflatun müəllimin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2015-ci il iyulun 15-də Azərbaycan Respublikası Preidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2017-ci il aprelin 25-də isə anadan olmasının 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub. Əziz eloğlumu yubileyi və bu təltifi münasibəti ilə təbrik edirəm.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.