GÖZƏL DAĞI, QOLLARINI BİRCƏ AÇ…
Hər dəfə onun haqqında düşünəndə insan ömrünün təkcə yaşadığı illərlə ölçülmədiyini deyənlərin nə qədər haqlı olduğunu görürəm. 80-90 il yaşayıb bu dünyadan izsiz köçənlərin azmı şahidi olmuşuq. Amma elə insanlar da var ki, yaşadıqları qısa ömürdə bir neçə ömrə belə sığmayacaq qədər böyük işlər görərək xatirələrdə əbədiləşmiş, ölməzlik qazanmışlar. Sevimli xalq şairimiz Zəlimxan Yaqub demiş, “diri ölülərin” dünyası ola bilməz, “bu dünya əbədi dirilərindi”.
Mənim üçün əbədi diri olanlardan biri də Fikrət Məmmədovdur. Təkcə ona görə yox ki, o, mənim qardaşımdır. Həm də ona görə ki, o, ruh adamıydı, söz adamıydı. Cəmisi iyirmi illik ömrünü elə yaşadı ki, vaxtsız ölümü ilə doğmalarına bir ömürlük nisgil verməklə yanaşı, həm də özündən sonra yadigar qalan sözü ilə, daim minnətdarlıqla xatırlanacaq izi ilə təsəlli də verdi. Bir qardaş kimi təsəllini həm də onda tapıram ki, bu gün Fikrəti xatırlayan təkcə biz qohum-qardaşları deyilik. Borçalıdan olan qələm əhli – nisbətən yaşlı nəslin nümayəndələri bir şair kimi onu yaxşı xatırlayırlar.
Doğma qardaş haqqında keçmiş zamanda danışıb yazı yazmaq asan iş deyil. Elə mən də bu yazını uzun tərəddüddən sonra qələmə aldım. Daha doğrusu, mənə təkan verən, köməyimə çatan elə onun özü oldu: 1997-ci ildə işıq üzü görmüş “Bir durna ayrıldı öz qatarından” adlı kitabı ilə. İlk dəfə əlimə alırmış kimi kitabdakı şeirlərini və barəsində deyilənləri yenidən birnəfəsə oxudum. Və gördüm ki, Fikrəti oxuculara təqdim etmək üçün mənim üzərimə heç bir yük düşmür. Elə haqqında vaxtilə deyilmiş fikirlər onu tanıtmaq üçün kifayətdir. Gürcüstanın Əməkdar jurnalisti, bu ölkənin “Şərəf” ordeninə layiq görülmüş Dünyamalı Kərəm yazır:
“Fikrət Məmmədov Bolnisi rayonunun ən böyük, abad və axar-baxarlı kəndlərindən biri olan Faxralıda anadan olmuşdur. Uşaq vaxtlarından laləli-nərgizli “Gözəl dağı”na, kəndin lap yaxınlığındakı meşəyə, dağların zümrüd sinəsindən süzülüb gələn nəğməli bulaqlara vurulmuşdu. Bəlkə də elə ana təbiətə aludəçilik onu şair qəlbli etmiş, saf və təmiz sinəsini ilhamla coşdurmuşdu.
1978-ci ildə kənddəki orta məktəbi müvəffəqiyyətlə bitirən Fikrət sənədlərini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat-uçot fakültəsinə təqdim edir. Müsabiqədən keçib instituta qəbul olunur, tələbə bileti alır. 1981-ci ildə institutun ikinci kursundan ordu sıralarında xidmət etməyə gedir… Lakin vaxtsız ölüm Fikrətin neçə-neçə arzusunu yarımçıq qoyur, yazacağı ürək nəğmələrinə həmişəlik xitam verir. O, yaşasaydı Vətəninə, xalqına daha çox fayda verərdi, onları özünəməxsus sənətkarlıqla tərənnüm edərdi!.. Yaşayasıydı!..”
Yaşasydı… Həyatdan vaxtsız köçən əzizlərimizdən söz düşəndə ağlımıza ilk gələn bu olur ki, əgər yaşasaydı… Amma yaşamadı Fikrət. Vurğunu olduğu Gözəl dağının gülünü-çiçəyini doyunca sinəsinə taxa bilmədi, “gəzək binələri, lap əldən düşək, yağışda islanaq, gün altda bişək”, – desə də, nə o binələri gəzə bildi, nə də yağışda islanıb gün altda bişmək ona nəsib olmadı. “Dələver, nə səsdi belə sübh çağı”, – dedi, amma nə dözümdə, iradədə bənzədiyi qızılquşlar oylağı olan Qızılqayanı istədiyi kimi gəzib vəsf edə bildi, nə də “dərdlərə dərman” olan “Möylə bulağı”nın suyundan doyunca içdi.
Hələ neçə illər öncə onun vaxtsız ölümündən təsirlənən şair Əli Səngərli “Ağla, Gözəldağı, a Qızılqaya, yad et zaman-zaman bu ağır dərdi”, – deyərək yazırdı:
Yaşasaydı gözəl şair olardı,
Sinəsi söz dolu, saz oldu getdi.
Gənclik illərinin ilkindi çağı
Ömrü çiçək yüklü yaz oldu getdi.
O, bu dünyadan erkən getdi. Faxralılar elin igid oğlunu, şeirsevərlərsə gözəl bir şairi itirdi. O şairi ki, ilhamını doğma yurdundan, el-obasından alırdı:
Gözəl dağı, qollarını bircə aç,
Öz balantək qucağına atılım.
Nə ki, sağam, qoy asılım boynundan,
Öləndə də torpağına qatılım.
Həyatdan vaxtsız köçəcəyi ürəyinəmi dammışdı, yoxsa bu, bir şair duyumuydumu ki, “öləndə də torpağına qatılım”, – deyirdi Fikrət.
Böyük türk şairi Nəcib Fazil Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Poeziyanın çətin yollarında ilk addımlarını atan Fikrət də hələ otuz il bundan əvvəl sanki Borçalının bu günkü narahat anlarını görürmüş kimi yazırdı:
Arzum budur, uca, məğrur başından
Dünya varkən qara yellər ötməsin!
İyirmi yaşındaydı Fikrət. Bu yaş segi yaşıdır, sevib-sevilmək yaşıdır. Qoca Faxralının cavan şairinin də sevgiyə, məhəbbətə özünəməxsus baxışı, özünün sevgi dünyası vardı:
İstəmirəm məhəbbətin
Yollarında duman ola.
Ulduzumuz barışmağa,
İstərəm ki, güman ola.
Məhəbbətin yollarını dumansız görmək istəyir, ulduzlarının barışmasına güman diləyir, “Fikrət Eyvaz gedər bada, sevgisini verməz yada”, – deyirdi. Amma sevgisinə qovuşmağa, ulduzlarının barışmasına güman çox olsa da, aman olmadı. Taleyin vaxtsız əsən acı yelləri ona bu amanı, imkanı vermədi. Vaxtilə Bolnisi rayonunda çıxan və Fikrətin də əməkdaşlıq etdyi “Qələbə bayrağı” qəzetinin şöbə müdri vəzifəsində çalışmış Xəlil Allahverdiyevin onun vaxtsız itgisindən təsirlənərək yazdığı kimi: “… hayıf ki, yaşıdı olduğu baharların ömrünü ömrünə qatmaq, yaşamaq mümkün olmadı. Hayıf ki, doğma yerlərin yeni baharlarına şirin gənclik heyrəti, heyranlığı ilə gözüdolusu baxmaq, gül-çiçəyinə doğru can atmaq, çeşmələri üstə diz qatlamaq, bulaqlarıyla öpüşmək ona müyəssər olmadı. Axı, o, bu təbiəti necə də sevir, necə də məhəbbətlə tərənnüm edirdi. Necə də şirin arzular, ümidlər bəsləyirdi Vətəninə, elinə, obasına, vurğunu olduğu qələm qaşlı Borçalı sonasına”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu isə bu nakam şair haqqında belə deyir: “Nağıl ömrünün iyirminci ilini yaşayırdı Fikrət. O, layiq olduqlarını göstərə bilmədi. Özündən başqa heç kəsin yaza bilməyəcəyi neçə şeiri, neçə məqaləni köksünə sığmayan qəlbində apardı Fikrət. Onun gördüyü işlər, yazdığı şeir və məqalələr, görmədiyi işlərin, yazmadığı şeir və məqalələrin təmizliyindən, möhtəşəmliyindən, səmimiliyindən xəbər verirdi”.
Bu yazıda Faxralının həyatdan vaxtsız getmiş bir şair oğlundan söhbət açmaq istədim. Daha doğrusu, vaxtilə onun barəsində deyilmiş fikirlərə söykəndim, heç bir şərhsiz-filansız bu fikirləri oxuculara da çatdırmaq qərarına gəldim. Və elə sonda da bu yazını Xəlil Allahverdiyevdən sitatla tamamlayıram:
“Bir durna ayrıldı öz qatarından. Sim kimi tarıma çəkildi, gərildi qanadlar. Son vida nəğməsi harayı qopdu, bir ömrün sarayı qopdu. Arzular, istəklər, şirin gümanlar səhər şehi kimi tər çəmənlərə, bir də çox sevdiyi, vurğun olduğu ana torpağa hopdu. Hopdu ki, hər bahar üzü günəşə boy atan güllər-çiçəklər oxuya bilmədiyi nəğmələri ötsün, yaza bilmədiyi şeirləri yazdırsınlar. Onda ayrılıq əbədiliyi də uzaq dolanar, gəzər.
Bir durna ayrıldı
öz qatarından,
Uçub öz səfinə
çata bilmədi.
Uzatdı əlini
Günəşə, Aya,
Əlləri yoruldu,
tuta bilmədi.
Bir durna ayrıldı
öz qatarından,
Ayrıldı, özü də
vədəsiz, vaxtsız”.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.
Yusif YUSİFLİ
FİKRƏT MƏMMƏDOV (1961-1981)
1960-2008-ci illərdə Gürcüstan azərbaycanlılarının yaşadığı bütün bölgələrdə apardığım araşdırmalara, tədqiqatlara əsasən Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz tərkib hissəsi olan Borçalıda yaranan ədəbiyyatın tarixinin XVIII əsrdən başlanmasını dəqiqləşdirdim. Bu araşdırmalar zamanı Səməndər Məmmədovun “Faxralı tək ağır elim var mənim” kitabı mənim yardımçım oldu. Faxralı kəndi XVIII əsr ədəbiyyatımıza Allahverdi İbrahimi, Fatma Alı qızını, XIX əsrdə Güllər Pərini, Səhnə Alməmmədlini, İsmayıl Orucoğlu Gülləri, Kərbəlayi İbrahimi, XX əsr ədəbiyyatımıza iyirmi yeddi nəfərdən çox qüdrətli söz sənətkarlarını bəxş etmişdir.
Şair, maarif xadimi və ədəbiyyatşünas Səməndər Məmmədov Faxralı ədəbi məkanı, Azərbaycanın və Borçalının yaradıcı ziyalıları haqqında doqquz kitab yazıbdır. O, on dörd bənddən ibarət olan “Faxralı” rədifli şeirində yazır:
Bu torpaqdı sazın, sözün mahalı,
Hər çəməni, hər talası bir xalı.
Dağları var yapıncılı, çalmalı,
Kitab tutmaz min dastanım, Faxralı!
İstedadlı şair Fikrət Məmmədov 1961-ci ildə belə zəngin ədəbi məkanda, təbii gözəlliyə malik olan şairlərin könül rübabını dilə gətirən Faxralı kimi nurlu bir məkanda anadan olmuşdur. Faxralı orta məktəbini 1978-ci ildə əla qiymətlərlə bitirən Fikrət Məmmədov D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun mühasibat-uçot fakültəsinə daxil olur. 1981-ci ildə ikinci kursdan hərbi xidmətə çağrılır. İlhamının yeni-yeni coşduğu bir dövrdə yazıb-yaratmağın fərəhli anlarını yaşadığı gənclik çağında eşqli-sevdalı ürəyində ən saf, ən zərif, ən pak arzularının qanad açdığı bir zamanda Borçalıdan çox uzaqlarda Vətən qarşısındakı borcunu yerinə yetirdiyi qayğılı günlərdə amansız ölüm Fikrətin böyük arzularını ürəyində qoydu. Bu böyük kədər Fikrətin doğmaları üçün, Faxralı kimi bir böyük el üçün nə qədər ağır idisə, Borçalı ziyalıları üçün də bir o qədər ağır idi. Borçalının söz dünyasının üfqqlərində şölə saçan bəxt ulduzunun gənc şairlərimizdən Məmmədəli Zənginin 18 yaşında, İsa Sadiqin 30 yaşında, Fikrət Məmmədovun 20 yaşında sönməsi təkcə bir ailənin, bir kəndin kədəri deyildi, belə kədər, həm də Borçalı ədəbiyyatının, Borçalı qələm sahiblərinin kədəri idi. Görkəmli şair, tanınmış maarif xadimi, Fikrətin ədəbiyyat müəllimi Əli Səngərli “Fikrət Məmmədovun əziz xatirəsinə” şeirində yazır:
Çita… Borziya… Əsgəri xidmət,
Mayda öz qoynuna aldı Fikrəti.
Dərd amansız oldu, zaman qayğısız,
Ölüm caynağına saldı Fikrəti.Ağrıya-ağrıya gəzdi neçə gün,
Vaxtında halına yanan olmadı.
Torpaq yad, komandir ögey – amansız…
Dərdlinin dərdini qanan olmadı!… Beləmi göndərdi ana oğlunu?!
Gələndə laçını qutuda gördü.
Ağla, Gözəl dağı, a Qızılqaya,
Yad et zaman-zaman bu ağır dərdi.Yaşasaydı gözəl şair olardı,
Sinəsi söz dolu, saz oldu getdi.
Gənclik illərinin ilkindi çağı,
Ömrü çiçək yüklü, yaz dolu getdi.Əlvida, əlvida, balamız Fikrət,
Doğma torpağındır, öz elində yat.
Nə qədər cavanlar nakam gedibdir,
Neyləyək, belədir vəfasız həyat.
Görkəmli Borçalı şairi Əli Səngərlinin şeirlərində qəddar sovet rejiminə, onun qeyri-humanist qanunlarına, qanlı repressiya olaylarına qarşı ciddi tənqidi iradlar var. Bu qorxmaz, bu cəsarətli şairin qələmi qılınc kimi həmişə kəsərli olmuşdu, çünki bu qələmin arxasında insanpərvər Əli Səngərlinin məğrur şəxsiyyəti, əyilməz vüqarı, qeyrəti dururdu. Uzun müddət onun çoxşaxəli yaradıcılığını tədqiq edəndə, zəngin yaradıcılığının dərin qatlarına nəzər yetirəndə onun polad iradəsinə, cəsarətinə valeh olurdum.
Gənc şair Fikrət Məmmədovun ömrünün ən coşğun, ən qaynar bahar çağında, arzularının, eşqinin, ilhamının qönçələndiyi bir vaxtda, uzaq Çitada hərbi xidmət borcunu yerinə yetirdiyi məqamlarda həlak olması Əli Səngərlinin kövrək şair qəlbini həm yandırıb-yaxır, həm də hərbi hissədəki komandirlərin qayğısızlığı, diqqətsizliyi onu qəzəbləndirir! Belə ağır dərdə – “gələcəyin gözəl şairinin” ölümünə dözə bilməyən şair gözyaşları içində, Fikrətin Faxralıda doğma torpağa tapşırılan rəsmi dövlət dəfn mərasimində, rayon partiya rəhbərliyinin və hərbiçilərin qarşısında bu odlu-alovlu şeirini oxuması o dövr üçün çox nadir hadisə idi. Əli Səngərlini həmişə bu qeyrət, bu cəsarət, bu qorxmamazlıq yaşadacaqdır!…
Unudulmaz Fikrət Məmmədovun 1981-ci ildə 20 yaşında dünyasını dəyişməsi xəbəri Borçalı qələm sahiblərini də sarsıtmışdı. Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu “Ölüm sevinməsin qoy…!”, Əməkdar mədəniyyət işçisi, şair Dünyamalı Kərəm “O, yaşasaydı!…”, “Qələbə bayrağı” qəzetinin şöbə müdiri Xəlil Allahverdiyev “Bir dünya ayrıldı öz qatarından…” məqalələrini yazdılar. Fikrətə ithaf edilmiş şeirlər, məqalələr gənc qələm sahibinə, vətənpərvər Azərbaycan oğluna, onun mənsub olduğu ocağa, bir də Fikrətin nakam, pak ruhuna hörmət və ehtiram idi.
Fikrətin “Qələbə bayrağı” qəzetində yazdığı məqalələri, “şeirlər dəftərini” oxuyan Arif Əmrahoğlu yazır:
“Bir gənc tanıyıram….
Elə bir gənc ki, xidməti borcunu, vətəndaşlıq borcunu yerinə yetirərkən həlak oldu. Nağıl ömrünün 20-ci ilini yaşayırdı Fikrət. O, layiq olduqlarını göstərə bilmədi. Özündən başqa heç kəsin yaza bilməyəcəyi neçə şeiri, neçə məqaləni köksünə sığmayan qəlbində apardı. Onun gördüyü işlər, yazdığı şeir və məqalələr, görmədiyi işlərin, yazmadığı şeir və məqalələrin təmizliyindən, möhtəşəmliyindən, səmimiliyindən xəbər verirdi.” (“Bir durna ayrıldı öz qatarından” kitabından səh. 5-9, Bakı, 1997-ci il.)
Fikrət Faxralı toy-nişan şənliklərində saatlarla aşıqlara qulaq asa-asa, sazın alışıb-yanan pərdələrində Kərəmlərin, Əslilərin dərdinə şərik ola-ola saz havalarını, aşıq mahnılarını ana laylası kimi ürəyinin tac damarına hopdururdu. O, orta məktəb illərindən başlayaraq Azərbaycan dastanlarını, Vaqifin, Səməd Vurğunun şeirlərini ardıcıl oxumağa başladı, Faxralı kimi ağır bir elin şeir-sənət bağça-bağından şirə çəkə-çəkə özü də bu sənət bağının iştirakçısına çevrildi.
Fikrət, Bolnisinin rayon qəzeti – “Qələbə bayrağı” ilə əməkdaşlıq etməyə, öz canı qədər sevdiyi Faxralıdan, onun zəngin təbii gözəlliklərindən, fədakar əmək adamlarından, uzunömürlü nurani şəxslərdən oçerklər, publisist məqalələr yazmağa başlayır: “Faxralının dünəni və bu günü”, “Bahar ömürlü qoca”, “Mexanizator Camal” və b.
Ulu Borçalının Faxralı kəndi İlahinin yaratdığı ən şəfalı, ən axar-baxarlı, zirvəsi qartallı dağları, keçilməz meşələri, insana sağlamlıq bəxş edən çağlayan bulaqları, insanın ruhunu oxşayan bir məkanda yerləşir. Belə zəngin təbiət gözəllikləri əhatəsində yaşayan Fikrət ,,Faxralının dünəni və bu günü” oçerkində ilk öncə doğma kəndinin göz-könül oxşayan gözəlliklərinin bədii təsvirini verir. Sonra müəllif Faxralıya başucalığı gətirən, kəndi hər yerdə, hər yanda tanıtdıran, məşhurlaşdıran, bütün respublikada adları dillərdə əzbər olan qazilər, şeyxlər, elm-maarif xadimləri, qəhrəman oğulları, XVIII əsrdən başlanan ədəbi mühitimizin nümayəndələri, çoxsaylı alimlərinin tərənnümü müqayisəli şəkildə Faxralının dünəninin və bu gününün bədii xəritəsini yaradır.
Azərbaycanın aqil və müdrik kişiləri demişlər: sağlam ab-havada, dağlar, meşələr, diş göynədən buz bulaqlar, ətir saçan gül-çiçək əhatəsində məskunlaşan el-oba tarixə böyük şəxsiyyətlər, qəhrəman oğullar, çoxlu sayda uzunömürlü adamlar bəxş edir. Faxralı kəndinin simasında biz bu deyimin real olduğunu görürük. Mərhum Fikrətin “Bahar ömürlü qoca” oçerki Faxralının uzunömürlü qocası İsmayıl babanın 115 yaşının tamam olması münasibəti ilə yazılmışdır. Yazıçı İsmayıl babanın ömür yolunun ən fərəhli məqamlarını qələmə alandan sonra, qocanın son illərdə ömür-gün yoldaşını itirməsini, İsmayıl babanın həyatının kədərli anlarını bu bayatı ilə yekunlaşdırır:
Əzizim, qara dağlar,
Kəkilini dara, dağlar.
Vəfalı yar itirmişəm,
Bir onu ara, dağlar!
Unudulmaz Fikrət Məmmədov çox az yaşadı. Bu az ömürlə, coşqun ilham sahibi Gürcüstan azərbaycanlılarının ən yeni dövr ədəbiyyat tarixinə yeddi məqalə və səkkiz lirik şeirlə daxil olubdur. Onun qələmindən, fikir-düşüncə dünyasından süzülüb gələn əsərlərin azlığı bir tədqiqatçı kimi məni qətiyyən narahat etmir. Çünki onun əsərlərindəki yüksək sənətkarlıq, peşəkarlıq, bir bədii əsər kimi dəyəri, sözlərin misralara mirvari kimi düzülməsi, Azərbaycan dilinin zənginliyindən, incəliyindən məharətlə istifadə etməsi ilk andan oxucunun qəlbinə, ruhuna qonur, yaddaşlara hopur. Nəğmə kimi, mahnı kimi könül sazının pərdələrində, simlərində gənc aşiqlərə, sevənlərə fərəh bəxş edir:
İstəmirəm məhəbbətin,
Yollarında duman ola.
Ulduzumuz barışmağa,
İstərəm ki, guman ola.Möhnətini çəkə-çəkə,
Tay olmuşam pərgu-tükə.
Həsrətimə bircə tikə,
Mərhəmətin dərman ola.Suya gəlsən – bulaq ollam,
Seyrə çıxsan – oylaq ollam.
Yolunda göz-qulaq ollam,
Kaş işimiz səhman ola.Fikrət Eyvaz gedər bada,
Sevgisini verməz yada.
Küpəgirən qarılarda
İnsaf ola, iman ola.
Tədqiqatlar göstərir ki, sevgi və məhəbbət motivli şeirlər Azərbaycan şairlərinin əksəriyyətinin yaradıcılığının ilk dövrünü təşkil edir. Yəqin ki, şair Fikrət də səkkiz şeirindən ikisini – “Ola” və “Xoş gəldin” rədifli şeirlərini sevdiyi Azərbaycan gözəlinə ithaf etmişdir. “Ola” rədifli şeirində Fikrət arzu edir ki, onun sevgi və məhəbbət yolu işıqlı, nurlu olsun, bu pak, saf, təmiz yolda bunların istək və arzularına mane olan nə duman, nə çiskin, nə də aravuran, sözgəzdirən, küpəgirən qarılar olmasın. Çünki artıq xeyli vaxtdır ki, sevdiyi qızın möhnətini çəkə-çəkə, “pərgü-tükə” – saçları, hörükləri qu quşunun tükləri kimi yumşaq bir gözələ tay-tuş, sirdaş olmuşam, – deyir. Onun bircə tikə, bircə damcı mərhəməti şair üçün dərman olduğunu bu şeirində sevgilisinə bəyan edir.
Şeirin üçüncü bəndində şair cəsarətlə sevdiyi gözəlin nəzərinə çatdırır ki, dağlar ətəyində çağlayan bulaqlardan su aparmağa gəlsən, sənin xətrinə bulaq olaram, əgər eşqli könlünü açmaq üçün oylaq yerlərini gəzmək istəsən, sənin üçün turaclı, qırqovullu, kəklikli, marallı, ceyranlı oylaq olaram, Faxralının gözəl oylaq yerlərini gəzəndə sənin keşiyində duraram.
Şeirin dördüncü bəndində şair sevgilisinə özünün sədaqətini, mətanətini bildirərək yazır: “Fikrət Eyvaz gedər bada, sevgisini verməz bada!”
“Ola” rədifli şeirində şair sevgilisini bulağa, Faxralının gəzməli, görməli yerlərinə dəvət edirsə, “Xoş gəldin” şeirində isə sevdiyi gözəlin bulaq başında yolunu gözləyir, bulağa yaxınlaşan gözələ “Ay qız, xoş gəldin”, – deyə müraciət edir:
Bulaq üstə gələn gözəl,
Ay qız, xoş gəldin, xoş gəldin.
Gəl oduma bələn, gözəl,
Ay qız, xoş gəldin, xoş gəldin.Ətirim var, əllərində,
Bihuş olum tellərində,
Məhəbbətin sellərində,
Ay qız, xoş gəldin, xoş gəldin.Yaraşıqdı xal üzünə,
Can qurbandı bal üzünə,
Gəl Fikrəti sal gözünə,
Ay qız, xoş gəldin, xoş gəldin.
Ulu Tanrının Borçalıya, Faxralı tək ağır bir elə bəxş etdiyi təbiət gözəlliyini, bu gözəlliyin bir çox nişanələrini bu elin qüdrətli qələm sahibləri böyük fərəh hissi ilə poeziyaya gətirmişlər. Peyzaj lirikasının, təbiət lirikasının ən gözəl nümunələrini şair Nəbi Borçalı, Qara Qərib, İsmayıl Güllər, Hüseynqulu Məmmədov, Əli Səngərli, Məmmədəli Əlləzov, Səməndər Məmmədov, unudulmaz Fikrət Məmmədov və b. yaratmışlar. Bu şairlərin şeirlərinə qol-qanad verən, ilhamını coşduran başı qartallı Gözəl dağı, Səngər dağı, Qızılqaya, Haçaqaya, Qaraqaya, Kəmərqaya, Təhməzin bulağı, Molla Qurbanın bulağı, Qoşabulaq, Möylə bulağı, Sarıbulaq, Əli Xəlilin bulağı, Fikrətin bulağı, Ördəkli, Divsiz gölləri, Ballı dərə və b. gözəlliklər olmuşdur.
Şair Fikrətin sevdalı könlü qartal kimi qanad açıb Gözəl dağının ətəyində dayanır. O, Gözəl dağına hörmət və ehtiram göstərərək, dağın zirvəsində yox, ayağının altında dayanıb, dağdan rica edir ki, qollarını aç, öz övladın kimi məni ağuşuna al, nə qədər ki, sağam boynundan asılıb sənin xidmətində, qulluğunda olmaq, öləndə də sənin doğma torpağına qovuşmaq, qatılmaq istərdim, – deyir.
Gözəl dağı, qollarını bircə aç,
Öz balantək qucağına atılım.
Nə ki, sağam, qoy asılım boynundan,
Öləndə də torpağına qatılım.Arzum budur, uca, məğrur başından,
Dünya varkən qara yellər ötməsin!
Ətəyin dolu olsun çiçəklə,
Səngərində bircə mərmi bitməsin!Gözəl dağım, ulu babam oylağı,
Fikrətəm, adına şeir yazıram.
Harda olsam, tərlan könlüm oyaqdı,
Lazım gəlsə, keşiyində hazıram!
Fikrətin yaradıcılığında vətənpərvərliyin, insanpərvərliyin, sülhsevərliyin, təbiətsevərliyin, İlahinin bəşəriyyətə bəxş etdiyi gözəlliyin tərənnümü əsas yer tutur. Azərbaycan ədəbiyyatında “qara” sözü böyük, möhtəşəm mənasında işləndiyi kimi, “qara” sözü bədxəbər, qara gün, dağıdıcı qasırğa, tufan gətirən qara yel mənasında da işlənir. “Gözəl dağı” şeirinin ikinci bəndində şair arzu edir ki, Gözəl dağı, nə qədər ki, dünya var, bəşəriyyət var, sənin həmişə məğrur dayanan uca başından qara yellər əsməsin, əl-ətəyində ətir saçan güllərin həmişə dolu olsun, el-obanı müdafiə edən səngərlərində heç bir vaxt mərmi bitməsin.
Şeirin sonuncu bəndində şair oxucuların da nəzərinə çatdırır ki, gözəllər gözəli bu məğrur dağ ulu babamın ən çox gəzib dolandığı oylaq məskəni olubdur. Ulu babamın ən çox sevdiyi, ayağı dəymiş, nəfəsi hopmuş bu dağlar, dərələr, meşələr, bulaqlar mənim ata-baba yurdum olduğuna görə, bu doğma yerlərin həmişə keşiyində ayıq dayanmışam, vətəndən uzaq düşsəm belə, tərlan könlüm həmişə o yerlərdə olacaqdır, – deyir şair.
Fikrətin şeirlərinin dili bədii cəhətdən, fəlsəfi-estetik cəhətdən əlvan və axıcıdır. Bu şeirlər oxucunun zövqünü, ruhunu oxşayır. Onun müraciət etdiyi mövzular incədir, zərif sözlərlə tərənnüm etdiyi bədii obrazlar didaktik-tərbiyəvi qüdrətə malikdir, həm də bu deyimlərin gözəlliyi orijinallığındadır. Bunun sirrini şairin az sözlə daha çox sahələri tərənnüm etmək istedadına malik olmasında axtarmaq, araşdırmaq lazımdır. Onun səkkiz şeirinin altısı üç bənddən, ikisi isə dörd bənddən ibarətdir. Üç bənddən, səkkiz hecadan ibarət olan “Ovçu” şeirində möcüzələrlə dolu olan doğma təbiəti Fikrət sevə-sevə tərənnüm edir, digər tərəfdən də şairlərin ilhamını pərvazlandıran, yatmış duyğuları oyadan, qədəhlənmiş dilləri açan, tavar sazı ruha gətirən, insanların əkiz qardaşı hesab etdiyimiz təbiət gözəlliklərini, bu gözəlliyə pənah gətirən, aşiq olan, bülbülü, kəkliyi, durnaları, turacı, maralı, ceyranı, cüyürü və b. ovçulardan, təbiətin düşmənlərindən müdafiə etməyə səsləyir bəşəriyyəti.
Mahnılarımızın şairi, bəstəkarı və müğənnisi kimi, şeirlərimizdə tərənnüm etdiyimiz şeyda bülbül, meşələrə, tarlalara, dağların ayna sinəsində çağlayan bulaqlara yaraşıq verən, təkrarsız gözəllik nişanəsi kimi şeirimizdə tərənnüm edilən bülbül, kəklik, turac, maral, ceyran və cüyürlərin bədii obrazlarını yaradan şair Fikrət, canlı təbiətə qənim kəsilən ovçuların mənfi obrazını yaratmışdır “Ovçu” şeirində.
Yenə qondu körpə bülbül,
Qızılgülün sinəsinə.
Zalım ovçu, gözəlliyi
Nişan alma, sinə-sinə!Ay insafsız, bir az ləngi,
Dabanından sal tüfəngi!
Ovla belə döyüş cəngi,
Yaraşarmı heç o sinə?!Cüyür gələr yorğun-yorğun,
Quşlar ötər oğrun-oğrun.
Fikrət ala gözə vurğun,
Daş ürəksən sən əksinə.
Axıtdığı günahsız qanların hesabına özünə ruzi toplayan, şərəfli həyat tərzindən – zəhmətdən, əməkdən, qabarlı əlləri ilə yaşamaqdan imtina edən, sinə-sinə, oğrun-oğrun Allahın yaratdığı təbiət gözəllərinin al qanını axıdan, qan içməkdən doymayan mənfi ovçu obrazından sonra, şair “Meşəbəyi” şeirində təbiətin dostu, meşələrin, ətir saçan gül-çiçəyin, durnagözlü bulaqların, quşların, maral və cüyürlərin qoruyucusu, onların keşiyində mərdanə dayanan, qansız ovçuların, meşələrə qənim kəsilənlərin barışmaz düşməni, sülh, əmin-amanlıq, kef-damaq eşqilə yaşayan müsbət Meşəbəyi obrazını yaradır. Bu şəxs meşəbəyi İlyas Məmmədovdur.
“Meşəbəyi” şeirinin birinci bəndində şair meşəbəyini sözünün ağası, əhd-peymanına sədaqətli, mərdanə bir şəxs kimi oxuculara təqdim edir. Borçalı cavanlarına Əzgilli talasında kef məclisi qurmağa söz verən meşəbəyi vədini yerinə yetirir, quzu kəsir, palıd közündə kabab çəkir, telli saz sinəsində gənclərə Koroğlu havalarını oxuyur.
Söz vermişdi, sözü üstə,
Möhkəm durdu meşəbəyi.
Əzgillidə cavanlara,
Məclis qurdu Meşəbəyi.Quzu əti, soyuq bulaq,
Bu dağ-aran, bu quzqulaq.
İstəyənlər gəlsin qonaq,
Dedi, umdu meşəbəyi.Gözü sərraf, bığı şeşə,
Yağlı əti çəkdi şişə.
Közdə kabab bişə-bişə,
Yüz-yüz vurdu meşəbəyi.Təbiətdən ilham aldı,
“Koroğlu”nu sazda çaldı.
Əli sığal, sözü baldı,
Çölə nurdu meşəbəyi.
Ulu Borçalının bütün məclislərində – nişan, toy, milli bayramlarımız, dostların, kirvənin şərəfinə təşkil olunan məclislər aşıqsız keçməzdi. Aşıqlara Borçalıda həmişə böyük hörmət və ehtiram olmuşdur. Borçalının möhtəşəm aşıq məclisləri keçirilən kəndlərindən biri də ağır məclisli Faxralı kəndi olmuşdur. Faxralı məclislərində çalıb-oxuyan yerli aşıqlıardan aşıq Oruc, aşıq Həsən, aşıq Bayram, aşıq Müsəllim, aşıq Nəsiblə yanaşı, Çıldırlı aşıq Şenlik, Şəmkirli Pərvanə Həsən, aşıq Hüseyn Saraçlı, aşıq Xındı Məmməd, aşıq Əmrah, aşıq Kamandar və b. Faxralıda ağır məclislər aparmışlar.
Faxralı kəndində deyişmə o qədər dəbdə olmuşdur ki, Faxralı aşıqları və şairlərinin əksəriyyəti aylarla davam edən çox maraqlı deyişmələri ilə saz və sözsevərlər kəndində elə bil ki, deyişmə məktəbi yaratmışlar. “Mehdi bəy” dastanının və aşıqların dastanlaşdırdıqları on beş rəvayətin yaradıcısı, Azərbaycan aşıq şeirinin bütün janr və növlərində gözəl lirik şeirlər yaratmış şair Nəbi Borçalının müxtəlif bölgələrin aşıq və şairləri ilə deyişmələri təqdim etməklə kifayətlənirik:
Şair Nəbi Borçalının Çıldırlı aşıq Şenliklə, Cənubi Azərbaycan aşığı Heyli ilə, Göyçəli aşıq Dost Pirməmmədlə, Ağstafa bazarında nar satan şair Abdulla ilə, Başkeçidli şair Balakişi ilə, şair Təhləli Novruzla, şair Kərbəlayi İbrahimlə deyişməsi, eləcə də bütün Borçalı aşıq və şairlərinin deyişmələri aşıqlarımız tərəfindən dastanlaşdırılıb, məclislərdə oxunur. Çağdaş dövrümüzdə dastanlarımızın bir qolu da bu yolla yaranmaqdadır.
Faxralının belə aşıq və şairlərinin deyişmələrində, dastan gecələrində, toy nişan məclislərində uşaq yaşlarından ardıcıl iştirak edən, bu poetik ənənənin təsiri altında ilhamı, eşqi coşan gənclərdən biri də unudulmaz Fikrət Məmmədov idi. Borçalı aşıqlarının, şairlərinin, Borçalının yaradıcı gənclərinin yaradıcılığına təsiri olduğu kimi, Fikrətin şeirlərinə də təsirini araşdırdıq. Bunun parlaq nümunəsini aşıq Kamandara ithaf etdiyi “Kamandar”, “Dillənir” rədifli şeirlərində də gördük.
Ay ustad Kamandar, sazın dinəndə,
Yurdumun hər qarış çölü dillənir.
Nərə çəkib hay salanda dağlara,
Möhtəşəm xalqımın dili dillənir.Aşıq Qərib yaddan çıxmır bir anda,
Şahsənəmi ana-ana çalanda,
“Kərəmi”ni yana-yana çalanda,
Vətənin yamacı, yalı dillənir.Ucalır sinəndən Abbasın səsi,
Sadığın, Şenliyin şirin nəfəsi,
Bil, Fikrətdi hər kəlmənin xəstəsi,
Əlində qəlbimin teli dillənir.
Azərbaycan dastanlarına, klassik aşıqlarımızın poeziyasına, saz havalarına min bir könüldən bağlı olan Fikrət Kamandara ithaf etdiyi hər iki şeirində Kamandarın məlahətli səsinə, böyük ustalıqla çaldığı saz havalarına, məclis aparmaq istedadına vurğunluğunu bildirir. Aşıq Kamandarın vaxtı ilə Azərbaycan televiziyasında “Aşıq Qərib” dastanının nəsr hissəsini danışmasına, qoşmaları çalıb-oxumasına bütün dünya Azərbaycanlılarının heyran qalmasını bir daha oxuculara xatırladır Fikrət.
Şair, Kamandarın möcüzə yaratmasının əsas səbəbi kimi, haqlı olaraq Tufarqanlı aşıq Abbasın, Türkiyənin Çıldır mahalından olan Çıldırlı aşıq Şenliyin səsindən, saz çalmasından, məclis aparmaq üslubundan öyrəndiyini, eləcə də Borçalı aşıqlarından aşıq Əmrahın, aşıq Sadığın şagirdi olmasını ön plana çəkir. Şair bu meyarları ona görə şeirində tərənnüm edir ki, Borçalı aşıqları Türk-Azərbaycan ustad aşıqlarının klassik ənənəsindən, təkrarsız sənətindən öyrənmiş, kamilləşmiş və klassiklərimizin bu möhtəşəm sənətini gənclərə öyrətmişlər. Bu müqəddəs ənənə aşıqlıq sənətini öz kökündən, öz soyundan ayrılmağa, uzaqlaşmağa, yad meyillərə üz çevirməyə imkan verməmişdir. İstedadlı şair üç bənd şeirlə necə də zəruri, həyat əhəmiyyətli mətləbləri gələcək nəsillərə, gənc aşıqlara bir daha xatırlatmağı zəruri saymışdır. Aşıq Kamandar sənətinin kamilliyinin, təkrarsızlığının sehri, sirri nə ilə bağlı idi?!
Əvvəla, Kamandarın səsindəki şirinlik, məlahət, sazın bütün pərdələrində səsinin dağ şəlaləsi kimi aşıb-daşması Allah vergisi idi. İkincisi, aşıqlıq sənətinin klassiklərindən aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımın, aşıq Alının, aşıq Ələsgərin və b. möhtəşəm sənətini kamil öyrənməsi idi. Üçüncüsü, Borçalı aşıq mühitinin korifeyləri – aşıq Sadıq, aşıq Əmrah, aşıq Xındı Məmməd, aşıq Hüseyn Saraçlı, aşıq Musa Qaraçöplü, aşıq Əlixan Qarayazılının yaratdıqları Borçalı aşıq mühitindən yetərincə bəhrələnməsi, bu gənc istedadın yaşadığı ulu torpağın yetirdiyi bu ustadlarla birlikdə ağır məclislər aparması, ustad-şagird ənənəsinə hörmət və ehtiram göstərməsi Kamandarı aşıq sənətinin zirvəsinə ucaltmışdır.
Oxucuların da nəzərinə çatdırmaq istərdim ki, aşıq Kamandar haqqında Fikrətin yazdığı “Dillənir” rədifli üç bənddən ibarət olan bu kiçik şeirə nə üçün belə geniş şərh verdim. Məni bu şeirə möhkəm tellərlə bağlayan nə idi?! 20 yaşlı gənc şairin Türkiyə, Azərbaycan və Borçalı aşıq mühitlərini mükəmməl bilməsi, üç bənd şeirdə bu mühitlərin Kamandar sənətinə təsirini düzgün qiymətləndirməsi idi.
Bu gənc istedad sahibi kiçik həcmli “Dillənir” şeirinin ikinci bəndində Kamandarın Azərbaycan dastanlarını kamil bilməsini, “Aşıq Qərib” dastanını Azərbaycan televiziyasında görkəmli, ustad aşıqlarımıza məxsus dadlı-duzlu dastan, nağıl dili ilə məharətlə danışması, dastanın nəzm hissələrini ən çox sevilən Azərbaycan aşıq havaları üstündə təkrarsız oxuması, bu dastanın ifası ilə bütün sənətsevərlərin, folklorşünasların, ədəbiyyatşünasların, bəstəkarların, əlli milyonluq Azərbaycan xalqının hörmət və ehtiramını qazanması, 16-17 yaşlı bu gəncin eşqli qəlbinə hopduğuna görə, sonralar Kamandara, Türk-Azərbaycan aşıqlıq sənətinə olan rəğbətini bildirməsinin tərənnümünü iki misrada şah beyt kimi təqdim etməsi oxucuların ruhuna, sevdalı ürəyinə qonmasına, yaddaşlarda müdrik kəlam kimi uzun müddət yaşamaq hüququ qazanmasına səbəb olmuşdur:
Ucalır sinəmdən Abbasın səsi,
Sadığın, Şenliyin şirin nəfəsi.
Bu iki misranın qüdrəti, məna dərinliyi, tərənnüm və təsvir dairəsinin geniş areal təşkil etməsi, Türkiyə, Azərbaycan və Borçalı aşıq mühitlərinin klassiklərini – aşıq Tufarqanlı Abbası, aşıq Şenliyi və aşıq Sadıq Sultanovu düzgün, dəqiq seçməsi üç qardaş dövlətin sənətinin də bir kökdə, bir pərdədə, bir milli mənəvi dəyərlər üstündə köklənməsini oxucuların da nəzərinə çatdırır Fikrət Məmmədov.
Ömrünün bahar çağında, ilhamının coşqun anlarında, arzularının tuğyan etdiyi, aşıb-daşdığı may ayında şair Fikrətin dünyasını dəyişməsi doğmalarını yandırıb-yaxdığı kimi, Borçalı qələm sahiblərini də kədərləndirdi. Borçalının yaradıcı ziyalıları Fikrətin şəxsiyyətinə, qələminə, ilhamına öz şeirləri, məqalələri ilə ehtiramlarını bildirdilər.
Fikrətin böyük qardaşı Səməndər müəllim “Gözəl dağı, qollarını bircə aç…” məqaləsində yazır: “Mənim üçün əbədi diri olanlardan biri də Fikrət Məmmədovdur. Təkcə ona görə yox ki, o, mənim qardaşımdır. Həm də ona görə ki, o, ruh adamıydı. Cəmisi iyirmi illik ömrünü elə yaşadı ki, vaxtsız ölümü ilə doğmalarına bir ömürlük nisgil verməklə yanaşı, həm də özündən sonra yadigar qalan sözü ilə, daim minnətdarlıqla xatırlanacaq izi ilə də təsəlli verdi. Bir qardaş kimi təsəllini həm də onda tapıram ki, bu gün Fikrəti xatırlayan təkcə biz qohum-qardaşları deyilik. Borçalıdan olan qələm əhli – nisbətən yaşlı nəslin nümayəndələri bir şair kimi onu yaxşı xatırlayırlar.” (“El sevəni aləm sevər” kitabı. Səh.198.)
“Salamat qal” şair Fikrətin son şeiridir. Uzaq Çitaya hərbi xidmətə gedən Fikrət əvvəlcə doğmalarıyla, dostlarıyla, sevgilisi ilə, eşqini, ilhamını coşduran dağlarla, bulaqlarla, meşələrin ətəyində bitən güllərlə, çiçəklərlə vidalaşmaq üçün Bakıdan Faxralıya gəlir. Şair əvvəlcə vurğunu olduğu Gözəl dağına müraciət edir:
Vurğunu olduğum, a Gözəl dağı,
Gülünü sinəmə tax, salamat qal.
Bağçadı bu yerlər, bağdı bu yerlər,
Bağça salamat qal, bağ salamat qal.
Gəzək binələri, lap əldən düşək,
Yağışda islanaq, gün altda bişək,
Dağların alovu, odu, a şimşək,
Gurulda, nərildə, çax, salamat qal.Qızılqaya qızılquşlar oylağı,
Dərmandı dərdlərə Möylə bulağı.
Dələver, nə səsdi belə sübh çağı,
Çağla, salamat qal, ax, salamat qal.
Fikrətin səkkiz şeirinin dördü – “Meşəbəyi”, “Ovçu”, “Ola”, “Xoş gəldin” rədifli şeirləri aşıq şeirinin gəraylı növündədir. Şair bu şeirlərin misra və misradaxili (4+4=8) hecalarının bölgüsünü dəqiq aparması, şeirə gözəllik verən, ahənk verən, musiqi kimi çağlamasına şərait yaradan gözəl qafiyələr seçməsi oxucuların da, aşıqların da sevincinə səbəb olmuşdur. Məs:
Gözü sərraf, bığı şeşə, (4+4=8)
Yağlı əti çəkdi şişə, (4+4=8)
Közdə kabab bişə-bişə, (4+4=8)
Yüz-yüz vurdu meşəbəyi. (4+4=8)
Ədəbiyyatımızda çox geniş yayılmış, aşıqların mahnılarında, sazının şah pərdələrində şahanə yer tutan qoşma növündə də şair dörd şeir yazmışdır. Bu qoşmaların üçü on bir hecalı, 6-5 bölgüsündə, “Gözəl dağı” qoşması isə 4+4+3=11 bölgüsündə yazılmışdır.
Sazın hal əhlinə dindi, imandı, (6+5=11)
Xalların, güllərin canlara candı, (6+5=11)
Bizi özümüzdən alma, amandı, (6+5=11)
Laylalı sonadı sazın, Kamandar. (6+5=11)
Amansız ölüm Fikrətə yaşamaq üçün ömür versəydi, indi onun çoxsaylı kitabları işıq üzü görmüşdü. Cəmi iyirmi il yaşamış şair Fikrət Məmmədov Gürcüstan Azərbaycanlılarının ədəbiyyat tarixinin ən yeni dövrünə 7 sanballı məqalə, ruhlarda, könüllərdə, yaddaşlarda ədəbi məskunlaşan, uzunömürlü səkkiz şeirlə daxil olmuşdur. Faxralı kəndini abadlaşdıran – məktəb binası, mədəniyyət evi, məscid tikdirən, kəndə uzaq məsafədən bulaq çəkdirən xeyirxah şəxslərin, uzunömürlü, aqil kişilərin, nağıllaşan müdrik qocaların ümumiləşmiş parlaq obrazını 115 il ömür sürmüş İsmayıl babanın şəxsində yaratmışdır. Onun bu məqalədə Faxralının din və maarif xadimləri, çoxsaylı şairləri, alimləri, tarixi şəxsiyyətləri haqqında apardığı ilk araşdırmaları bu günkü və gələcək nəsillər üçün çox gərəkli və dəyərlidir.
Fikrətin şeirləri Azərbaycan aşıq şeirinin qoşma və gəraylı növündə yazılmışdır. Bu səkkiz şeirin, yeddi məqalənin əsas ideya-məfkurə istiqaməti, fəlsəfi-didaktik dəyəri bütün dövrlər üçün aktual və yeni olmasındadır. Çünki vətənpərvərlik, insanpərvərlik, yurdsevərlik kimi milli-mənəvi dəyərlərə bağlılıq, Borçalının, Faxralının təbiət gözəlliklərinə və gözəllərinə vurğunluq onun yaradıcılığının əsas ruhunu, canını təşkil edir. Onun şeirlərinin gözəlliyi, cazibə və nüfuzetmə təsiri Azərbaycan dilinin, Azərbaycan şeirinin incəliyindən, zərifliyindən, əlvanlığından, estetik-bədii dəyərindən səmərəli istifadə etməsindədir. Bu şeirlər Azərbaycan sazının pərdələrinə, gümüşü tüllərinə tez qonan, aşığın səsinə, ruhlara hakim kəsilən havalarına çox uyğun gələn şeirlərdir. Bir də gənc şairin atalar sözlərindən, bədii ifadə və təsvir vasitələrindən, çox oynaq, çox zəngin çalarlara, musiqi ritmlərinə, ladlarına uyğun gələn doğma heca vəznimizin ruhuna, coşqun təbinə, sevdalı, eşqli könlünə hopdurduğuna görə, onun şeirləri necə də saf, necə də səmimidir.
Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan şairləri, aşıqları yaşayır, sədəfli saz yaşayır, nə qədər ki, “Ədəbiyyat tarixi” kitabları və gənc şair haqqında yazılan məqalələr, şeirlər yaşayır, elə o qədər də Vətəni uğrunda canını fəda edən xalqımızın vətənpərvər oğlu şair Fikrət Məmmədov da yaşayacaqdır!…
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.