Faxralı Borçalının poeziya-söz, saz-aşıq sənəti məktəbinin mənəvi mərkəzlərindən biri, bəlkə də birincisini hesab edirəm. Faxralının mərd, qeyrətli, səxavətli kişilərinin adı-sanı zaman-zaman dillərdən düşməyib. Bu mənada Faxralı həm də qəhrəmanlığımızın, qətiyyətimizin simvolu olub.
Kəpənəkçidə doğulmuşam. Bizim nəslimizin xeyir işlərinə Şair Nəbinin təbii, ilhamı şırqa verib. Əmim İlyaz 95 yaşındadı. Şair Nəbini əzbər bilən kişilərdən biri də odur. Şair Nəbinin şəxzsiyyətina vurğunluğun, sözünə heyranlığın nəticəsidir ki, bu azman şairdən danışılanda babam indinin özündə də yaz buludu kimi dolur, kömür.
Faxralını Şair Nəbinin sözünün işığında görmüşəm. Onun ləl-gövhər misallı sözlərilə tanımışam.
Mən Nəbiyəm bu cahanın bülbülü,
Otuz min şairə yetirrəm dili.
Borçalı mahalı, Faxralı eli,
İnad olsan eşqim daşar sel indi.
bəndi Faxralı ilə mənim aramda ilk tanışlıq, ünsiyyət körpüsü olub. Düşünürdüm ki, görəsən bu Faxralı deyilən kənd nə boyda kanddi ki, şair Nəbi onu İstanbula tən bölür. Faxralını mənə sevdirən da elə bu maraq olub.
Şair Nəbinin Faxralıda doğulması bu ağır eli Borçalı şeirinin mərkəzi, paytaxtı eledi. Faxralıda kimi dilləndirsən saz-söz üstər rəvayət, lətifə, dastan… diliylə danışmağı bacarır, saza-sözə vurğunluq Faxralının qanında-canındadır.
Ali məktəbi təzəcə bitimişdim. Rayondan Bakıya qayıdanda yolüstü Qazaxda dayandıq. Tale fürsət verdi, adım eşidib üzünü görmədiyim, söhbətlərdən şəxsiyyətinə vurulduğum Molla Qurbanın oğlu Hacı Həsənovla görüşə bildim. Onda Hacı müəllim “Kommunist” qezetinin Gəncəbasar üzra müxbiriydi. O, özünəməxsus ağayanalıqla, öz çəkisinə, salğanna münasib bir ziyafət verdi mənim şərəfımə. Hacı müəllim ziyafətdə Səməd Vurğunun Faxralıya gəlişini çox böyük ilhamla, həvəslə danışdı. Onun danışığı məni ən mahir natiq, hafiz səviyyəsində heyran elədi. Elə bu ovqatla da Bakıya qayıtdım. Bu söhbət mənə ələdüşməz bir mövzu verdi: Səməd Vurğunun Faxralıya, ümumən Borçalıya gəlişi. “Borçalıda qalan izlər” poemamı yazdım. Bu əsərdə Hacı müəllimin, onun anası Sənəm ananın, Faxralının ağsaqqalarının obrazları var.
Mənim bu ağır elə məhəbbətimin bir adı da Şair Nəbinin ruhunun çəkib Faxralıya gətirdiyi Səməd Vurğunun, Osman Sarıvəllinin, Hüseyn Arifın ruhudu. Xalqımızın yaddaşında heykəlləşən üç böyük şairin üçü də Faxralıda olub. Hər kəndə belə xoşbəxtlik nəsib olmur.
Oruc Əlizadənin faxralılığı, səxavəti adnandı. O, başda mən Zəlimxan Yaqub olmaqla yüzlərlə borçalı cavanının ağsaqqalı, yol göstərəni, məsləhət ünvanı olub; çətinə düşənin imdadına çatıb, hoyuna yetib, heç kimdən səxavətini əsirgəməyib. Mən Faxralının səxavətini Oruc Əlizadənin timsalında görmüşəm.
Dosdum Əli müəllimin (Əli Xudatov) oğlunun toyundaydım. Əli müəllim adına layiq çox təmtəraqlı bir toy elədi – əsl Faxralı toyu. Bu toyda gözəl duyğular yaşadıq. Bu toydan bir xatirəni heç vaxt unutmayacağam:
Toyun səhərisi günü Əli müəllimin evində bir ağsaqqal (Balaməmməddinin Pənah Qurbanəli oğlu)
“Şair, Gedirəm, a dağlar, salamat qalın,
Sizə tapşırıram, yar amanatı,
– yazırsan. Bu boyda camaatın, qohum-əqrəbanın içində, etibarlı bir kişi tapmadınmı ki, yarını dağlara, təbiətə tapşırırsan?” – deyə soruşdu.
Allah, Allah, bu sual, bu məzmunlu sorğu mənə nə qədər ləzzət elədi. Bir daha əmin oldum ki, faxralılar şeiri elə-belə oxumur, məqamında şairdən hesabat da istəyir. Səni sevənlərin ruhunu oxşayan şeir yazmasan, batdın. Faxralıların yanında qazandığın ad-sanı da itirəcəksən. Neçə onillərdi ki, Faxralı mənim üçün mənəviyyat etalonudu, şeiriyyətdi, musiqidi, “Doşanquluoğlu” havasıdı, “Dilqəmi”di, “Zarıncı”dı, “Mixəyi”di, “Məmmədbağırı”dı…
Faxralının hər daşı-qayası, ağacı, enişi-yoxuşu, alimi-çobanı sənətkarı… məndən ötrü əzizdi. Mən Faxralıdan danışanda elə, bilirəm ki, öz ocağımdan, öz ata yurdumdan, öz beşiyimdən, ana laylalamdan, ata öyüdlərimdən danışıram. Azərbaycan poeziyasında müəyyən bir mərtəbəyə çatdığıma görə Faxralıya məxsus ədəbi mühitə, Faxralının saz-söz adamlarına borcluyam.
Faxralı ürəyimdə Borçalının mənəvi dəyərlərinə poeziyasına, adət-ənənəsinə, tarixinə sahib olan, torpağında möhkəm dayanan ağır bir el kimi heykəlləşib. O kəndin Azərbaycana verdiyi şəxsiyyətlərə görə biz həmişə başucalığıyla, üzağlığıyla nərə çəkirik.
Umumiyyətlə, Faxralının şerimizdə, musiqimizdə, puplisistikamızda, jurnalistlərin qələmində yaşamağa haqqı var…
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı