Əjdər AGAYEV Faxralıda olduğu anların təəssuratını, 15 sentyabr 2001-ci il də “Gürcüstan” qəzetində “FAXRALIYA QONAQ GƏLİB QALMASAN…” məqaləsində yazmışdır. Məqaləni ixtisarla təqdim edirik.

1973-cü ilin iyununda mən, Şəmistan Mikayılov və Rəfiqə xanım Mustafayeva Balakənə ezamiyyətə gedəsi olduq. Qayıdanda Şəmistan müəllim təklif etdi ki, gəlin yolu Tbilisidən salaq… Razılaşdıq. Günorta yeməyini Tbilisidə yedik və axşama Tbilisi-Bakı qatarına bilet sifariş vermək məsələsi ortaya çıxdı. Şəmistan müəllim azacıq fıkirləşib “Gəlin Sənan dağına çıxaq, oradan bizim tərəflərə baxaq, bilet məsələsini sonra həll edərik”, – dedi.

– Sizin tərəflər haradı ki?
– Bolnisi rayonunun Faxralı kəndi. Gəlin əvvəlcə zəng edim, hal-əhval tutum, dağa rahat çıxım.

Saat 17 olardı… Bir “Volqa” yanımızda dayandı. Sürücü yerə düşüb Şəmistan müəllimlə görüşdü, qucaqlaşıb öpüşdü. Bizimlə də əl tutdu.

Şəmistan müəllim:

– Qardaşımdır, Əflatun, dedi. Bizi aparmağa gəlib, maşına əyləşin gedək…

“Volqa” Faxrallya istiqamət götürdü.

…Biz Faxralıya çatanda Günəş hələ əyilməmişdi. Şəmistan müəllimin dədə-baba həyətinə girdik, abad, iri birmərtəbəli binanın qarşısında dayandıq. Gəlişimizi irəlicədən gözləyirmişlər. Böyük ehtiram və nəvazişlə qarşılandıq…

Şam yeməyi bitər-bitməz qonşular, qohumlar görüşümüzə gəldilər, gecədən xeyli keçənədək olub-keçənlərdən, sazdan-sözdən, aşıqdan, şeirdən, sənətdən danışdıq…

Səhər Şəmistan müəllimin gənclik dostu İlyas müəllim (Qırıx Mustafanın oğlu Ilyas) bizi evinə qonaq dəvət elədi. O, Bolnisinin özündə yaşayırdı. Yelçəkən küləfırəngisi olan saliqə-sahmanlı, hündür evi vardı. Bu günümüzü də burada dadlı-ləzzətli nematler dolu süfrə arxasında keçirdik. Axşam yenə Faxralıya gəldik. Şəmistan müəllim səhər bizi öz maşınında Başkeçid tərəfə gəzintiyə aparacağını bildirdi. “Oralar cənnət-misal yerlərdir,” – dedi.

Səhər bir az gec qalxdıq. Möhkəm yeyib-içdikdən sonra “Volqa”da Başkeçid tərəfə üz tutduq…

Saat 15-i keçmişdi. Bolnisi şəhərinin ortasında maşınımızı  saxlatdılar. Cavan bir oğlan bizə yaxınlaşıb “Arxamca sürün”, – dedi. “Birinci katib qonaqlarıyla sizi gözləyir”. Biz getmək istəmədik. “Yox” – dedi. “Bu mümkün olan iş deyil, bir saatdır ki, burda, yolayrıcında dayanıb sizi gözləyirəm. Arxamca sürün”. O, cəld öz maşınına əyləşdi.

Getdik və gördük ki, səfalı bir guşədə, şırıltılı çay üzərində tikilmiş yeməkxananın banket salonunda gözəl bir məclis qurulub. Bizim gəlişimizi gözləyirlər. Bolnisi rayon partiya komitəsinin birinci katibi irəli gəlib hamımızla bir-bir görüşdü. Sən demə, qonaqları da Azərbaycandan imiş. İndiki N.Tusi adına ADPU-nun əməkdaşlan Sərdar Quliyev və daha iki nəfər təşkilat nümayəndəsi gələcək gürcüstanlı abituriyentlər problemi ilə əlaqədar səfərə çıxıblarmış…

…Gecəyarısı məclis dağıldı, evə necə gəldik, yadımda qalmayıb. Bir də özümə gəldim ki, yataqdayam. Şəmistan müəllim də qarşı tərəfdə öz yerindədir. Deyəsən, dan yeri sökülürdü, xoruzlar banlaşırdı. Hava işıqlaşırdı, pəncərdən süzülən işıqda yazmaq olardı. Əlimi uzadıb yaxınlıqdakı stula keçirilmiş pencəyimin cibindən kağız-qələm çıxartdım. Mənə ilham gəlmişdi, şeir yazmaq istəyirdim. Dəftəri balıncın üstünə qoyub yazmağa başladım. Beləcə, bir qoşma alındı…

FAXRALIYA QONAQ GƏLİB QALMASAN…

Faxralıya qonaq gəlib qalmasan, 
Qohum-qonşu haray salar, el qınar, 
“Misrı’” üstə Koroğludan çalmasan, 
Zərif barmaq, sədəfli saz, tel qınar.

Borçalıda dərə gözəl, dağ gözəl, 
Bu yerlərə bir gəlibsən, bir də gəl.
Gözlərə bax, qəlbi anla əlbəəl, 
Anlamasan ürək küsər, dil qınar.

Təhməz bulaq donur dildə, dodaqda, 
Bülbüllərim cəh-cəh vurur budaqda, 
Laləyə bax, nərgizə bax bu dağda –
Toplamasan göz yorular, əl qınar.

Meşə-yaşıl, dağlar-uca, su sərin, 
Elə iç ki tökülməsin dişlərin. 
Ləzzətini duyammasan bu elin, 
Dağlar titrər, çaylar daşar, çöl qınar.

Havasmdan ciyər dolu nəfəs al, 
Hara getsən Şəmistanı yada sal.
Unudarmı, bu İlqarı de, xəyal? – 
Unudarsa dostlar küsər, gül qınar.

Əjdər, gəldin, qonaq oldun bu yerdə, 
Cay suyu tək sən duruldun bu yerdə. 
Demə, getdin, unuduldun bu yerdə.
Unudulsan göy guruldar, sel qınar.

…Həmin gün səhər yeməyindən sonra hazırlıq görüb meşəyə Təhməz bulağına getdik. Çox gözəl istirahət elədik, təbiətin gözəlliyindən vəcdə gəldik. Bir guşəyə çəkilib danüzü yazdığım qoşmanı bir az da təkmilləşdirib süfrə başında oxudum. Hamının xoşuna gəldi. Şəmistan müəllim indi bildi ki, mənim işıqlaşmamış yazdığım bu şeir imiş…

…Şerin dərc olunmasından təxminən 18 il sonra mənə Borçalı cəmiyyətinin bir dəvətnaməsini göstərdilər. Dəvətnamədə epiqraf olaraq mənim qoşmamın ilk bəndi verilmişdi. Əlbəttə, buna da çox sevindim və qədirbilən faxralılara qəlbən razılığımı bildirdim.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur