Osmanlı Süleyman Ayvaz öyündəndir. Cəsarəti ilə ad qazanıb. Qorxu nə olduğunu bilməyib. El-obada özünə görə xətir-hörmət yiyəsi olub.

1892-ci il idi. Süleyman Haqverdi oğlunun ailəsi Saxundurda binələnmişdi. Qonşu kəndin bir dəliqanlısı ilə onun arasında söz-söhbət yaranır. Bu mübahisədən heç biri geri çəkilmir. Məsələ qəlizləşir. Axırda mübahisəni güllə tamamlayır; Süleyman həmin dəliqanlını öldürür. Onu mühakimə edirlər, üç il həbs cəzası verib Sibirə – sürgünə göndərirlər. Təbii ki qohum-əqrəbanın pulu olmasaydı ona daha ağır cəza verilərdi…

Sürgünlüyün ağrı-acıları, mənəvi sarsıntıları onu sıxıb incitsə də dözür, dözür ki, üç ili birtəhər başa vurub el-obasına qayıtsın. Dözümün də bir həddi var. Süleymanın səbri tükənir haqsızlıqlara, işgəncələrə dözə bilmir. Bu yaşacan heysiyyətini kişi kimi qorumuşdu.. Sürgün onu sıxırdı və bir gün söyünc söydüyünə görə nəzarətçini öldürür və sürgündən qaçır…

…Minbir zülümlə, əzab-əziyyətlə İrana, ordan da Türkiyəyə gəlir, burda 15 il yaşayır. Vətən həsrəti onu üzsə də yenidən tutulacağından ehtiyat eləyir. Qəriblik nə qədər ağır olsa da Türkiyədə ailə quran, oğul-uşaq yiyəsi olan Süleymanın qətiyyəti, cəsarəti azalmır. Darğanın özbaşınalığı, ağzıpartoyluğu ilə barışa bilməyən Faxralı balası onun baş-gözünü çomaqla əzir. Qohumları – arvadı tərəfın adamları işə qarışdığından ona cəza verilmir…

Aslan qardaşının xiffətini çəkirdi. O, “Hökümət Süleymanı yəqin ki, çoxdan unudub” – düşünür və heç kimlə məsləhətləşmədən qardaşını gətirmək üçün Türkiyəyə gedir. Həsrət qollar bir-birinin kürəyində çarpazlaşır.

Aslan 1909-cu ildə qardaşını dilə tutub ailəsi ilə birlikdə Faxralıya gətirir. Doğrudan da, Yekəxançal Süleymanı bir müddət çək-çevirə salan olmur…

Təbiəti etibarilə imanlı, namuslu adam olub Süleyman Haqverdi oğlu. Kənddə gəzən kollektivləşmə söz-söhbətindən çoxu kimi Süleyman da narahat olur. “Hamının bir yorğan altına doluşacağı” fikri onu girinc eləyir. Ona görə də belə hökumətin əsabəsi olmaq istəmir – yenidən Türkiyəyə qayıtmağı qərara alır. Ona qohumlarından, dağ kəndlərindən də qoşulanlar olur. 1930-cu ilin payızında çox da böyük olmayan bir dəstə ilə Türkiyə sərhəddinə çatırlar. Sərhəddi sakitçiliklə keçmək mümkün olmur. Atışmada 18 faxralılı, bir nəfər yırğançaxlı öldürülür. Oğlu, qızı və gəlini də gülləyə tuş gələn Yekəxançalın gözləri qaralır. Qisas almaq istəyir. Təslim olmaq adı ilə əllərini qaldırıb sərhədçilərə tərəf gedir. Onlara çatan kimi arxalığının altından xəncəri çıxardıb komandirin qarnına soxur…

…Əsgərlər Yekəxançal Süleymanı güllələyir…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur