Səməndər Məmmədovun nəşr edilmiş kitabları:
- Ağır elsən, Borçalıda adın var… Bakı, “Nurlan”, 2010, 208 səh.
- Faxralılar (I kitab), Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2017, 696 səh.
- Faxralılar və tarix yaradanlar (II kitab), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 468 səh.
- Ömrüm boyu yanılmadım. Bakı, “3 saylı Bakı Mətbəəsi” ASC, 2020, 340 səh.
- Kişilər ölmür. “Bakı Mətbəəsi” ASC. Bakı, 2022. 368 səh.
Səməndər Məmmədov: Faxralılar (I kitab)
Müəllifin uzunillik zəhmətinin bəhrəsi olan bu kitabda Borçalının ağır ellərindən biri Faxralı kəndinin yetirməsi olan görkəmli dövlət, elm və sənət adamları, eləcə də, müxtəlif peşə sahibləri haqqında oçerklər, bu elin yetirməsi olan şairlərin yaradıcılığından nümunələr və S.Məmmədovun özü haqqında tanınmış elm və sənət adamlarının, təhsil işçilərinin söylədikləri dəyərli fikirlər toplanıb.
Səməndər müəllimin bu kitabları Faxralıda boya-başa çatmış neçə-neçə elm və sənət adamını, müxtəlif peşə sahibini daha geniş müstəvidə tanıtmaqla yanaşı, həm də bu kəndin tarixi keçmişi haqqında bilgi əldə etmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Məhz bu kitablardan öyrənirik ki, hələ XVIII-XIX əsrlərdə Faxralıda neçə-neçə şair olub. XX əsrin əvvəllərində Gürcüstanda Azərbaycan dilində məktəblərin açılma-sında, soydaşlarımızın maariflənməsində bu elin yetirmələrinin xidmətləri ilə də S.Məmmədovun yazıları vasitəsilə tanış olmaq mümkündür.
Səməndər müəllimin faxralılardan bəhs edən yazılarında diqqəti çəkən bir məqam da odur ki, burada kənddəki hər bir nəslin nümayəndələrindən söz açılır və elə nəsil var ki, bir neçə nümayəndəsi barədə maraqlı bilgilər əldə etmək mümkündür. Hətta ata, oğul və nəvə haqda yazılar da var ki, bu da haqqında danışılanların sözün yaxşı mənasında nəsildə varislik ənənəsini qoruyub saxladıqlarının sübutu olmaqla yanaşı, Səməndər müəllim tərəfindən də faxralılara göstərilən qədirşünaslıq nümunəsi kimi dəyərləndirilməlidir.
Kitabın tam versiyası ilə tanış olmaq üçün aşağıdakı link üzərinə klik etmək lazımdır:
Semender_Memmedov_faxralilar_1-ci_kitab
Səməndər Məmmədov: Faxralılar və tarix yaradanlar (II kitab)
Kitabda müəllifin Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, tanınmış elm və sənət adamları ilə yanaşı, Borçalı əsilli ziyalılar haqqında oçerkləri və müxtəlif mövzularda yazdığı publisistik yazıları yer alıb. Oxucular eyni zamanda S.Məmmədovun özü haqqında tanınmış elm və sənət adamlarının, təhsil işçilərinin söylədikləri dəyərli fikirlərlə də tanış ola biləcəklər.
Bu kitabın bir özəliyi də ondan ibarətdir ki, burada yalnız faxralılardan söhbət getmir. Faxralını da böyük Azərbaycanın mənəvi dünyasının bir parçası sayan müəllifin bu kitabı həmişə sevə-sevə vəsf etdiyi Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyev haqqında yazdığı “Kremlə sancılmış Türk bayrağı” adlı yazısı ilə açılır. Oxucular burada həmçinin vaxtilə Səməndər müəllimə də dərs demiş böyük yazıçı və müəllim Mir Cəlal haqqında maraqlı yazını da oxuyacaq, təhsil və digər sahələr haqqında müəllifin maraqlı mülahizələrinin yer aldığı məqalələr və bir sıra qiymətli kitablar haqqında yazdığı rəylərlə tanış ola biləcəklər.
Kitabın tam versiyası ilə tanış olmaq üçün aşağıdakı link üzərinə klik etmək lazımdır: