Almalıq. Qızıl qayanın üstü Almalıq adlanır. Cır, yabanı alma ağacları ilə zəngin olduğu üçün belə adlandırılıb (Qarağaclıda qara ağac, Süpürgəlidə süpürgəyə bənzər kol, Moruqluda moruq və s. bol olduğu kimi ). Almalığın dar keçidini keçən kimi dikdirdi.

Bu keçidi addamaq istəyən qaçaqlar – Hümbətoğlu Sülöymən, Məsimoğlu İmamalı və Sarvandan olan cavan bir oğlan qəflətən “atıyadla” qarşılaşırlar. Sülöymənlə İmamalı fıstığın dalına keçib atışır, oğlan vələs ağacının dalında çox dayana bilmir. Ağacın dalından çıxanda güllə sinəsini yandırır. Eyni andaca çekist Şərifoğlu -“otryadın” başçısı yerə sərilir. Şərifoğlunun iki silahlısı da öldürülür…

Həmin yer Şərlfoğlu vurulan yer adlandırılır…

Faxralıda beş rəngdə 20-dən çox irili-xırdalı qaya var.

Sarı qaya.

  1. Təhməzdə, Daşın altından sağda Otaq daşın qarşısındakı qaya.
  2. Qızıl qayanın girəcəyini keçəndə sağ tərəfdəki hündür, əyri gövdəli qaya.

Göy qaya:

Miyirdişin bulağına gedən yolun üstündəki qaya. Oğuzlarda “qara” sözü rəng bildirməklə bərabər, iri böyük anlamı da verib. Faxralıda “qara” təyini ilə qoşa işlədilən yer adı çoxdu: Qarabulaq, Qarasu, Qaradaş… Bu adların məhz rəng bildirdiyini güman olunur. Beş yerdə “qara” təyinli qaya var:

Qara qaya:

  1. Əzgilli binəsində – Əzgillinin bulağının günçıxan tərəfindəki qaya.
  2.  Tənəklidə, Anbar bulağına çatmamış yolun solundakı qaya.
  3. Tənəklidə, Şeşəpapaxların yurdunun yanında, Anbar bulağın sağındakı qaya.
  4. Qoşa bulaqda, Uzun Novruzun damının üstündəki qaya.
  5. Maraluçan, Qaravullu qayalarının alt tərəfindəki qaya.

“Qara” təyini ilə qoşa işlədilən bu beş qayadan savayı Faxralıda dağ da var: Qaradağ . İndi nisbətən seyrəlsə də vaxtilə sıx, qalın meşəliklə əhatələnib. Qara dağın adı ilə bağlı əfsanə də var.

Qızıl qaya: Qoşa bulağa çatmamış yolun sağında qalan dağ silsiləsi və bu dağ silsiləsində qaya. Şair İsmayıl Giillər onu “qayaların başı” kimi tanıdır.

Ağ qaya: Əzgillidən yuxarıda Qamışdının ayaq tərəfindəki qaya.

Azərbaycan Respublikasının Şəmkir rayonundakı Ağ qaya da, adları “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında çəkilən Ağ qayalar da adlarını rənglərindən alıblar. Faxralının Ağ qayasının da daşları ağaçalandı, ağımsovdu. Sonralar onun taleyi qara gəlib, “başına oyun açılıb”, rəngi öz başına bəla olub; Ağ qaya kənddə genişlənən tikintilərin “badına gedib”. 40-cı illərdə camaat əksər tikinti materiallarını kəndin təbii ehtiyatları hesabına əldə edirdi. Meşədən çatmalıq, millik, qapı-pəncərəlik oduncaq gətirərdilər. Gildən kərpic bişirərdilər (kərpic sexi indiki dəyirmanın yanında olub), daşdan kirənc. Kirənc üçün, əsasən, ağ daş seçilərdi ki, alınacaq məhsulun rəngi də ağımsov olsun.

Bu mənada 30-cu illərdə Balaməmmədlinin Nəbi, Əhmədalı, İmamalı, Zurav oğlu Hümbət kolxoz üçün kirənc yandırmaq məqsədilə Ağ qayanı seçir.

Əhvalat:

Hümbət oğlu İsmayılın güzarı Ağ qayanın yanından düşür. Hər dəfə dədə-baba binə yerlərinə gedib-gələndə gördüyü Ağ qayanın görkəmi kişini kövrəldir. İsmayıl kişi onun “əriyib getdiyinə” təəssüflənir, köksünü ötürür: – Vaxt varıydı ki, görkəmin ac qarınlar doydururdu. Gör indi nə günə düşübsən. Orduqırxıq tərəkəmə səni də yedi, Ağ qaya, səni də yedi!..

Qızıl qayanın ətəyindən keçən (bu adda meşə də var: Qızıl qayanın üstü) , gün işığı düşməyən meşə yolu yol adamını Qoşa bulağa çatdırır.

Qoşa bulaq dərə misallı, nazik sulu dağ çayının yaxasındadı. Dərəni keçən kimi biri digərindən yaraşıqlı, sərin sulu iki bulaq görünür; biri digərinin qoynuna sığınıb. Əsrlər yormuş ağacların üç-dörd addımlığındadırlar. Uzun Novruz sağdakı bulağa ana bulaq deyərdi və niyəsə həmişə o birisi bulağın suyundan içərdi. Nazik sulu dağ çayının suyu burda bir az gurlaşır – qoşa bulaqların suyu da ona qarışır. Adı da, bulaqların qoşalığı ilə bağlıdı. Bu ad bir əfsanə ilə yaşdaşdır.

Qoşa bulağın sərin suyu can dərmanıdı, bircə qurtum içənin dillərinin taqəti artır, yorğunluğu çıxır. Onlar da digər meşə bulaqları kimi qaynama bulaqlardı. Üst tərəfi sərt yarğandı. Ömrünü bu yarğanda tapmış cavanlı-qocalı ağacların irili-xırdalı kökləri torpağı “dördəlli qamarlayıb”; bu ağacların həyat eşqi görənlərə görk olur.

Kökləri bu ağacları əyilməyə, qopmağa qoymur. Nabələd adamlara – Bejanazarandakı, Qızıl qayanın üstündəki ağacları görməyənlərə elə gəlir ki, göyləri çiyinlərində bu ağaclar saxlayır. Onların budaqları bəlkə də indiyə kimi insan təmasına, insan əllərinə tamarzıdı. Hər oğul ürək eyləyib bu ağaclara yaxın düşə bilmir.

Əhvalat:

Mahmuddarın (əslində Keçilinin) İsmayıl qıvçaq yüklənmiş odun arabasıyla kəndə gəlirmiş. Dərəyə çata-çatda uçqun səsi eşidir. Az qala at xəflənəcəkdı – atın başını çəkir, dönüb uçquna tərəf baxmaq istəyir. Bu məqamda qənşərində bir küp görür – qızıl dolu küp. 

O vaxtlar parça – bez qıtıydı. İsmayıl kişi cibinə bir qədər qızıl qoyub yol alır Lemsəyə – rayon mərkəzinə. Satıcıya üç qızıl verib “Buna nə qədər düşürsə bir o qədər parça ver” deyir. Bu qızılların dəyəri qədər parçası olmayan satıcının qəlbinə şeytan girir. Parçasının az olduğunu o biri dükanlardan gətirəcəyini bəhanə eləyib eşiyə çıxır və geri milis işçiləri ilə qayıdır. Bir küp qızıl dövlətə qismət olur. Qızıl dolu o küp kiminiymiş, kim gizlədibmiş, nə vaxt gizlədibmiş, indi də bilinmir.

Göyrüşdünün (göyrüc ağacları ilə zəngin olan yer) yanında bir qaya var. Adına Tək qaya deyirlər. O, yazıq-yazıq boylansa da məğrurdu, dərdini üzə vurmur. Əsən yellər, yağan yağışlar onun bir çarpanasını da qoparda bilməyib. Baxışları yollardan yığılmır Tək qayanın – təkcə qayanın. Elə təkliyin, tənhalığın sıxıntısıdı ki, sinəsindən, yan-yörəsindən dikələn, qorxacaq böyüyən ağaclar da mağmın görkəmindədi; bu ətrafdakı ağacların, kol-kosun bət-bənizindən solğunluq, küskünlük yağır.

Faxralıda “dik” kəlməsi “tik” kimi də ifadə olunur. Tək qaya tək olmağına təkdi. Bu qürurlu qaya həm də şax dayanır, dik dayanır – düz qamətlidi Tək qaya. Təkliyi, tənhalığı öz yerində, bəlkə ilkin adı elə Dik qaya olub? Səs dəyişməsi ( d-t fonetik hadisəsi) ad dəyişməsinə təsir göstərib? Hər halda, neçə-neçə əsrlərdi ki, dik dayanır, şax dayanır Dik qaya – Tək qaya!..

***

Onda hələ dünyanın arşını əyilməmişdi. Onda kəsək daşdan ağır deyildi. Onda Faxralının meşələrində ağaclara dəyən baltalara bir az insaf varıydı, balta tutanlar “insafı arada görürdü”. Onda Faxralının ocaqlarının istisi də, tüstüsü də bir ayrı cürəydi…

Onda bircə kəlmə ağsaqqal sözünə qan bağışlanırdı, illərlə çəkən qan davasına son qoyulurdu. Minnət tutmayanlar el arasında hörmət-izzətini itirirdi, urvatdan düşürdü. Onda bu ağır elin sözüötgün kişilərinin hər kəlməsi qılıncdan itiydi. Onda ərənlərin, igidlərin qılıncından qan damırdı…

Onda böyük duran yerdə kiçik danışmırdı…

Onda Faxralının meşələri də turac səsinə, qırqovul, qaratoyuq səsinə uçunurdu, kəklikləri öz qayalarında xınalanırdı, çeşmələri, bulaqları əliklərin ayaq səslərindən diksinirdi, səksənirdi. Onda Faxralının “göylərə baş çəkən” (S.Vurğun) dağları, dağ gövdəli qayaları göy üzünə könül xoşluğuyla gülümsünürdü…

Onda Faxralıdan uzaqlarda Faxralının dağlarına qovuşmaq üçün ömür əridənlərin həsrəti də təcnisləşirdi, ürək üzən, könül qübarlandıran sözə dönürdü:

Təcnis:

Ömürə vəfa yoxdu,
Görəydim səni, dağlar!

Ürəyimi üzən qəm
Gəlməsəm səni dağlar.

Ömür verrəm bir ana,
Aylar illəri ana.

Məni ağlayan ana,
Kövrələr, səni də ağlar!.

Bu təcnisə duruşunda bir ağayanalıq olan Səngər hay verərdi. Elə onda da, indi də Səngəri görənlər istər-istəməz Qazaxdak1 Göyəzən dağını xatırlayır. Tanrı elə bil onları cüt yaradıb – birini Qazaxda, birini Faxralıda…

Səngərin bitki örtüyü zəngindi. Bu dağlıq massivin otuna ot çatmaz. Səngərin gül-çiçəyinin ətri də möcüzədi. Səngər öz zamanında qaçaqlara səngər olub, neçəsinin hoyuna yetib, neçəsinin canını çor güllələrdən qoruyub.

Səngər həm də Huseynqulu oğlu Məmmədin şair oğli oğlunun, Rəşid Məmişdan oğlunun ustadı Əlinin adı ilə qoşa yaşayır, Əli Əngərli!

Səngərin özü də şair durıışludu, şair baxışlıdı. İnada düşsən hər daşından, hər çarpanasından bir qoşma, bir gəraylı umarsan. Yaxınlaşanların ayaq səsinə sevinən, fərəhindən bir boy da dikələn, yol adamı görüncə ürəyi atdanan Səngərin daş dili şeir pıçıldayır:

Kəhərini öyənlərə,
Yol-yolağı söyənlərə,
Ayağımı döyənlərə –
Yolçulara salam olsun!

Quzeydən güneyə gedən,
Daşa dəyə-dəyə gedən,
Arandan binəyə gedən
Elçilərə salam olsun!…

***

Son 40 ildə suyu ancaq yağışlar yağıb sellər oynayanda gələn dərə Faxralını iki yerə ayırır: dərənin sağ sahili, sol sahili. Cabbarın qənsəsi, Ocağın yanı, Arxac məhləsi, Gözəl dağı Şahbuzlu dərənin sol sahilindədi. Bu məhlələri birləşdirən yol Şahbuzluya (indi Faxralının bir məhləsidi, əvvəllər ayrıca kənd olub), ordan da Təhməzə, Miyirdişə tərəf uzanıb gedir.

Faxralının yuxarı hissəsi Şahbuzlu (el arasında Şalvızdı deyilir) adlanır. Bu adla Naxçıvan Muxtar Respublikasının ərazisindəki Şahbuz yaşayış məntəqəsi arasında ad oxşarlığı – ad eyniliyi göz önündədir.

…1864-cü ildə Gürcüstanda torpaq islahatı haqqında Fərman verildi və 1872-ci ildə başa çatdırıldı (Faxralının Qaraxaç yaylağı da həmin il icarəyə götürülmüşdü, icarədar Aşırlının Allahverdi olub. Qaraxaç 1873-cü ildən sənədlə Faxralının daimi torpağıdır. İslahata əsasən torpaqlar knyazlara və pay torpaqları kimi əhaliyə verilmişdi. O vaxtlar bu tərəflər üç knyazın – Mantaşovun, Yanqulanın, Muxranskinin sərəncamında idi; pay torpaqlarının vergilərini onlar toplayırdı. Faxralı knyaz Mantaşova tabe idi. Bu knyazın vergilərini ayrı-ayrı kəndlər üzrə inandığı  səlahiyyətli nümayəndələri toplayırdı. O, İmirhəsənə Şahbuz oğlunu təyin eləmişdi. Şahbuz kişi Borçalıya Naxçıvandan gəlibmiş. Şahbuz oğlu Muxranskinin indiki Şahbuzluda ona verdiyi torpaqda ev tikir. Sonralar Şahbuz oğlunun başına toplaşanlar tək evi məhlə, məhləni kənd eləyir.

…Şahbuzlunun 2 kilometrliyində haçalaşan yollardan biri Miyirdişə, digəri isə Təhməzə aparır. Təhməzə gedən yol da ikiləşir; sağa dönən yol Gav keçidə gedən yola qarışır – bu yol Gəzdəyin çiynindən keçir. Miyirdişə gedən yolun sağında duruşu nabələd yol adamını eyməndirən, nə vaxtsa daşlarında diz qanatmış yolçulara qucaq açan bir qaya görünür – Göy qaya. Sinəsi, daşları göyümsovdu. Göy qayanın bərabərinə çatanda Təhməzin şərti sərhəddi başlayır…

Miyirdişə gedən yol Miyirdişin bulağının ətəyindən keçir. Bulaqdan bir qədər uzaqlaşdıqdan sonra sol tərəfə bir dərə uzanır. Bu, Baş bulağın dərəsidi. Adını qoynunda çağlayan iki bulaqdan birinin adından ad alıb. Aşağıdakı bulaq Cülyənəli bulaq, yuxandakı isə Baş bulaq kimi tanınır. Hər ikisinin gur suyu var. Miyirdiş yolu Canavar kalafasından, Göyəmli kalafasından keçib İt körpüsünəcən uzanır.

Yeri gəlmişkən,

İt körpüsünün quruluşu Qoçulu körpüsünü xatırladır. Onda onun 7-8 əsrə qədər yaşı olduğunu güman etmək olar. Çox nazik körpüdür; kənarları açıq olduğundan arabaçılar burdan ehtiyatla keçirlər.

Bu yol Dərvənddərə qədər uzanır. Burdan o yana Lök dağıdi. Qaraxaça bu yolnan da getmək mümkündü; vaxtilə aran kəndlərin yaylaqçıları yaylağa bu yolla gedərdilər. Bu yol Dumaneşəndən başlayıb, Qara xaça, ordan da o üzə – Türkiyəyə qədər uzanır. Bu yol qədimlərdə ticarət yolu – karvan yolu olub. İndi urvatdan düşüb. Hardan keçməsindən asılı olamyaraq irili-x1rda11 bütün yollar bu yola qovuşur.

…Su aydınlıqdı. Su həyatdı…

Bu inanclar öz yerində, “Kitabi-Dədə Qorqud”dan da bir müraciəti xatırlayıram: “Şırıl-şırıl qayalardan çıxan su!.”

Hər sözün, hər kəlmənin qədrini bilən, hər sözü öz adına ad eləyən (iynə, tikən, gəlin, ayran sözlərini çıxmaq şərti ilə) Qorqud Dədə hər suyu öyməzdi, hər suyun adına soy soylamazdı. Qolça qopuzun səsinə uçunan o suyun Təhməz bulağı (Təhməzin bulağı!) olduğunu güman eləsəm suçmu olar? Axı, Təhməz bulağının da suyu sıldırımlı bir qayanın bətnindən süzülüb gəlir! Bu torpaqlar da türksoylu xalqların, bu sıradan oğuzların qayım-qədim yaşayış məskənləri, ov yerlər olub! Təhməz bulağının abi-kövsər suyundan içənlər mənə haqı qazandırar.

Girəcəyi keçən kimi ağacların kökünə sürtünə-sürtünə uzanan yol Təhməz bulağının qənşərində qırılır. Bu tayda dayanan kimi bulağın sehri-ovsunu, suyunun pıçıltı, təranə biçimində harayı “əlindən yapışıb” səni özünə tərəf çəkir. Suyu can dərmanıdı Təhməz bulağının. İsmayıl Güllər onu “bulaqların mərcanı” kimi tanıdır.

İllər görmüş, illər yormuş ceviz ağacının kölgəliyində sal daşın üstündə oturub bulağın şırıltısını dinşəyənə qopuz əvəzidi bu səs; olan-qalan qayğılarını da, dərd-sərini də unudursan, qübarın yadından çıxır, könlün açılır. Təhməz bulağının “ayaqları altından” qayğısızlıqla axıb gedən arx misallı dərənin kövrək ləpələrinin səsini, daşlarda çiliklənən “ömrünü” ağacdələnlərin ritmik taqqıltısı, qumruların ötüşməsi, kəkliklərin ələdüşməz təranəsi, bir də uzaqlardan gələn tütək səsi “Çobanbayatı” tamamlayır; Təhməz bulağı bir ayrı aləmdi! Şırıltısı duyanlara sözdü – şeirdi. Təhməzin türküsü:

Dərə çoxdu, dağa sarı
Körpü salıb keçən gərək!
Bulaqları sonulaylb
Yaxşısını seçən gərək!
Suyum dirilik suyudu.
Ovuclayıb içən gərək!..

İl boyu Təhməz bulağının qonaq-qarası əskik olmur. Hamı qonağını Təhməzin ecazkarlığına, Təhməzin gözəlliyinə çəkib aparır: Təhməz özü boyda bir mö’cüzədi!.. Təhməzın təkrarsızlığı güzarı düşənlərin ömrünə yazılır.

Sözə qüvvət:

“Təhməz ölüb-qalmalı yerdi” (aktyor Səməndər Rzayev);

“Beş-on çadır qursan hazırca sanatoriyadı” (şair Nizami Saraclı);

“ Təhməzdə təbiətin gözəlliyindən vəcdə gəlirsən” ( professor Əjdər Ağayev).

Təhməz bulağının suyunun süzülüb gəldiyi qayanın üstü gözişlədikcə genişlənən bir düzənlikdi, biçənəkdi. Bu biçənək yay biçinindən yaz qoruğuna kimi örüş yeri olur; binəçilərin də, arançıların da mal-qarası burdan dolanır.

Bu biçənəyin yan-yörəsində qədim yaşayış məntəqəsinin qalıqları, qəbir yerləri indi də qalmaqdadır. Biçənəyin yaxasından enən nazik cığır Otaq daşda sonuclanır. Bir vaxtlar otaq daşın ətrafında açıq olub, sonralar daşla hörülüb. Bu hörgünün yaşı qərinələrlə hesablanır. Biçənəkdəki xarabalıqları, qəbir yerlərinin qalıqlarını nəzərə alsaq, Otaq daşın öz zamanında müşahidə məntəqəsi olduğunu güman edə bilərik. 30-cu illərdə Otaq daş dəfələrlə qaçaqların hoyuna yetib.

Otaq daşa çıxıb-düşmək çətin olduğundan onun zövqü-səfasını ancaq orda çimir alanlar bilər.

20-30-cu illərdə bu həndəvərlərdə “otryadla” ağır atışmalardan çıxıb Təhməz bulağına pənah gətirən qaçaqlar yaralı yoldaşlarını Otaq daşda daldalayardılar, özləri dava·dərman, çörək dalınca kəndə enərdilər. Dara-dar qalanda yaralmm yaralarına Təhməz bulağının yan-yörəsində ətirə dolmuş bağayarpağı qoyardılar.

Əhvalat:

Mahmudla Mado çox addı-sanlı qaçaq olub. Onlar hər il neçə dəfə üzə çıxmaları haqqında edilən təklifləri qətiyyətlə rədd ediblər. Atışmaların birində Mahmud yaralanır. Mado onu yaxın kəndlərdən birinə – ya Faxralıya, ya da Kəpənəkçiyə aparmaq istəyir. Bu kəndlərdə də “otryad” dolaşa biləcəyindən ehtiyatlandığından qaçaq dostunu T əhməzdə qoyub özü Faxralıya getməyi qərara alır. Mahmudu güc-bəla ilə Otaq daşa çıxardır ki, işdi-şayəd, “otryad ” bu tərəflərə gəlib-eləsə Mado qayıdınca Mahmud özünü müdafiə eləyə bilsin…

Mahmud Otaq daşda şəfa tapır…

Növbəti bölməyə keçid : Faxralı kəndi ətrafındakı yer adları (hissə 3)

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur