Vaqif Vəli oğlu Qarayev

HƏQİQƏT CARÇISI

Cəlilli Alının nəslindəndir (Alverdi öyü)

Uşaqlar bizim gələcəyimizdir! Bu, həqiqətdir və eşidəndə nə qədər adi səslənsə də, yazıdan oxuyanda nə qədər adi görünsə də, “sırğatək qulağımıza asılıb, gözümüzü döyənək edib”, deyərək üstündən asanca keçə bilmərik. Çünki uşaq ilk növbədə məsuliyyət deməkdir. Həm onu dünyaya gətirən valideyn üçün, həm təlim-tərbiyə edən müəllim üçün, həm də layiqli vətəndaş olmasını gözləyən dövlət üçün. Daha böyük çətinlik, məsuliyyət isə əlbəttə ki, həkimlərin, məhz uşaq həkimlərinin üzərinə düşür. Axı sağlamlıq ən vacıb şərtdir, hər şeydən öndə gəlir. Sağlam olmayan uşağın həyatı fiziki-bioloji cəhətdən təhlükədə olmasa belə, mənəvi-psixoloji cəhətdən təhlükəlidir. Beləsi verilən tərbiyəni, təlimi mənimsəyə bilmir, həmyaşıdlarından geri qaldığı üçün sıxıntı keçirir. Tanınmış pediatr Vaqif Qarayevi əksər həmkərlarından fərqləndirən cəhəti onun təkcə hansısa məhrəm məclislərdə, məhdud sayda insanlarla səmimi söhbətlərində deyil, kütləvi çıxışlarda, böyük auditoriyaya malik informasiya vasitələrində əsl həqiqəti deməkdən çəkinməməsi, xalqın uşaqlarının sağlamlığı öz şəxsi maraqları, bizneslərinin inkişafı naminə təhlükəyə atan inhisarçıları ifşa etməsidir.

Vaqif Vəli oğlu Qarayev 1957-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1963-1973-cü illərdə Faxralı kənd orta məktəbində orta təhsil alıb. 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1979-cu ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub. 1979-1980-ci illərdə Rustavi şəhərində pediatriya üzrə internatura kursu keçib. 1980-1993-cü illərdə Kazreti qəsəbəsində sahə pediatrı, sonra isə xəstəxanada uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonra müəyyən səbəblərdən Azərbaycana gəlib, 1993-2008-ci illərdə Təcili Yardımda uşaq reanimatoloqu kimi çalışıb. Paralel olaraq müxtəlif humanitar təşkilatlarda qaçqın və məcburi köçkünlərə xidmət göstərib. 2008-2013-cü illərdə özəl klinikada baş həkim (paralel olaraq pediatr) vəzifəsində fəaliyyət göstərib. İşlədiyi müddətdə Bakıda və müxtəlif ölkələrdə dəfələrlə təkmilləşmə kurslarında iştirak edib. 2013-cü ildən bu günə qədər özəl klinikada pediatr kimi fəaliyyətini davam etdirir.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Ailəcanlı, qohumcanlı, dostcanlı, elcanlı adam kimi tanıdığım Vaqif Qarayev respublikanın qabaqcıl pediatr həkimlərindən olmaqla, valideynlərin də ən yaxın məsləhətçisidir. Başqa pediatrların mütləq öz kabinetlərində çağırdıqları, nəsə umduqları valideynlər asanlıqla Vaqif həkimin internetdəki, sosial şəbəkədəki ünvanlarını tapıb təmənnasız tövsiyələrindən yararlana bilirlər. Şəxsən mən müəllim və eyni zamanda təhsil müəssisəsi rəhbəri olduğum üçün məktəbyaşlı uşaqları müşahidə etmək imkanına malikəm. Doktor Qarayevin qəzetlərə, saytlara verdiyi müsahibələrdə təsvir etdiyi naqislikləri daşıyan uşaqları da görürəm, maddi imkanları yetərli ola-ola uşaq sağlamlığına səhlənkar yanaşan valideynləri də.

İndi isə gəlin görək nə deyir, nədən ötrü “həyəcan təbili” döyür Vaqif həkim?… Məsələn deyir ki, peyvəndləşmədən imtina edən valideynlər uşaqlarını böyük risk altına salırlar. Çünki peyvənd edilməmiş uşaq istənilən zaman təhlükəli yolxucu xəstəliyə tutula bilər. Ancaq təkcə valideynləri qınamır, “plan” arxasınca qaçan həmkərlarını da peyvənd vurmazdan əvvəl uşaqları zəruri müayinədən keçirmədiklərinə və ya bunu başdansovdu elədiklərinə görə tənqid edir.

Uşaq səhiyyəsinin ən aktual probləmlərinə öz münasibətini bildirən, onların həlli yollarını göstərən Vaqif həkimi, bəlkə, sevməyənlər də var. Axı, o, körpələrə ana südü yerinə süni qidaların verilməsinin, yeniyetmələrin çox istifadə etdikləri fastfud qidalarının, dərsə qarşı intizamı pozan, qavrayışı zəiflədən enerji içkilərinin də qəbulunun əleyhinədir, onların zərərli təsirlərindən danışır. Həmin məhsulların satışı ilə məşğul olanlar isə bizneslərinə böyük gəlirlər gətirir deyə, istehlakçıları aldatmaqda davam etmək istəyirlər.

Doğum evlərində hətta südü olan anaya da uşağına “filan” süni qidanı yedizdirməyi məsləhət verən həkimləri qınayır, “südü olduğu halda, bunu uşağından əsirgəyən qadını mən ana saymıram”, – deyir.
Pediatriya uzmanı Vaqif Qarayevin irəli sürdüyü təşəbbüslər, bəzən qeyri-ordinar görünən fikirləri uşaq bağçalarını, məktəbləri də qayğılan-dırılmalıdır, ədəbiyyat, incəsənət adamlarını da. O, təklif edir ki, uşaqlara həm sinifdə, həm də yemək masası arxasında düzgün oturmaq qaydası öyrədilsin. Əks halda, uşaq görmə, onurğa və qamət deformasiyası problemləri ilə qarşılaşacaq. Deyir ki, biz indiki uşaqların düşüncə tərzi, maraq dairəsi ilə mütləq barışmalıyıq: “Yoxsa, arada böyük boşluq yaranır, yaranacaq. Yoxsa, “Maşa və ayı” sindromundan qurtula bilməyəcəyik… Məncə indiki uşaqlara “Xoruz”, “Keçi”, “Dovşan” şeirləri də maraqsızdı. Yeni şeirlər, nağıllar yazılmalıdı. Milli dildə yeni cizgi filmləri çəkilməlidi. Əks halda, “indiki uşaqların davranışı qəribədi” gileyini eşitməkdə davam edəcəyik”.
Yaxşı yadımdadır, devalvasiyasiyanın ilk günlərində Vaqif həkim analara məsləhət görmüşdü ki, “pampers” əvəzində bələklərdən istifadə etsinlər. Onun bu fikri çox müzakirələrə səbəb oldu. O vaxt “pampers” istehsalçıları, idxalçıları qaldı bir yana, tənbəl gəlinlər etirazlarını bildirdilər. Halbuki, doktor Qarayev iqtisadi cəhətdən deyil, həm də tibbi nöqteyi-nəzərdən, təbii parçadan olan bələyin sintetik bezlərdən üstünlükləri sadalamışdı.

Amma Vaqif həkimi sevənlər və ona inananlar əlbəttə ki, daha çoxdur. Yazdığı müalicəsi, tibbi göstərişi ilə sağalan körpələrin aldıqları hər nəfəs Allah yanında Vaqif həkim üçün şəfaətçidır. Heç bir əczaçı şirkəti ilə “centlmen sövdələşməsi”nə getməsə də, heç zaman xəyanət etmədiyi Həqiqət, daim sadiq qaldığı dürüstlük onu insanların gözündə ucaldacaqdır. Elimin həkim oğlu, ən tükürpədici uşaq ağlartısını özünün şəfalı əlləri ilə dünyanın ən gözəl simfoniyası olan uşaq gülüşünə çevirən Vaqif Qarayeva uzun ömür, möhkəm cansağlığı, cəmiyyətdə sağlam nəsli yetişdirmək kimi vacib və müqəddəs işində uğurlar arzulayıram.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar, Bakı, “Elm və təhsil” nəşriyyatı 2018, II kitab

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur