Tahir Musa oğlu Pənahov (fizika-riyaziyyat elmləri doktoru, professor)

QISA MƏLUMAT

Tahir Musa oğlu Pənahov 1936-cı il iyunun 10-da anadan olmuşdur. 1955-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına işə göndərilmişdir. 1962-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş, maqnit hadisələri, metallar fizikası və dəqiq ərintilərin fiziki metalşünaslığı istiqamətində elmi işlər aparmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1988-ci ildə “Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturası və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Müxtəlif tərkibli poladların fiziki xassələrinin tədqiqi ilə əlaqədər olaraq bir neçə elmi mərkəz və zavodlarla təsərrüfat hesablı müqavilələr əsasında tədqiqat işləri aparmış, 18 elmi işinin nəticəsi istehsalata tətbiq edilmiş və böyük iqtisadi səmərə vermişdir. 40-dan çox beynəlxalq və respublika konfranslarında mə’ruzələr etmişdir. Onun 7-dən çox müəlliflik şəhadətnaməsi vardır, 150-dən çox elmi məqaləsi çap edilmişdir. 10-dan çox aspirant və tədqiqatçının elmi işlərinə rəhbərlik və opponentlik etmiş, elmlər namizədi yetişdirmişdir. Hazırda çoxkomponentli yumşaq və bərk maqnit materialların texnologiyası, struktur və fiziki xassələrinin kompleks öyrənilməsi ilə bağlı, müasir avadanlıqlarla təchiz edilmiş “Metal və ərintilərin fizikası” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. 1965-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura, doktorantura keçmişdir. Amorf materialların texnologiyası sahəsində tədqiqatlar aparmaq üçün Budapeşt Texniki Universitetində ezamiyyətdə olmuş və elmi mühazirələr oxumuşdur.Son beş ildə 10-dan çox elmi konfranslarda çıxış etmişdir. AzTU-nun “metallurgiya” fakültəsində 1991-ci ildə “Metalların fizikası” ixtisasının açılmasının təşəbbüskarı olmuş və tədris planına uyğun olaraq, “Metal və ərintilərin fiziki xassələri”, “Eksperimentin texnikası”, “Eksperimentin təşkili”, “Dəqiq ərintilərin fiziki metalşünaslığı” və s. proqramları tərtib edib çapdan çıxarmışdır. “Metal və ərintilərin fiziki xassələri”, “Dəqiq ərintilərin fiziki metalşünaslığı” dərs vəsaitlərini çap etdirmişdir.İxtisaslışdırılmış müdafiə şurasının, Universitet və fakültə elmi şuralarının üzvü olmuşdur. Bir neçə elmi yaradıcılıq Akademiyasının üzvüdür.

Mənbə : REDAKTORDAN

ZƏKANIN İŞIĞI…

Deyirlər ki,  insan dünyaya gələndə Allah-Təala onun tale­yini yazır. Yəni alnına yazılan taleyin yolu ilə insan addımlayır və Allahın verdiyi bütün gözəlliklərdən bəh­rələnir. İnsanın ömrünün bütün çağlarında onu yaşamağa və yarat­mağa ruhlan­dıran, döyünən bir ürək olmalıdır. Əgər bir ürək döyünürsə, deməli, insan yaşayır və öz amalı uğrunda mübarizə aparmağa can atır.

Dahi filosoflardan kimsə gözəl bir fikir işlədib: “Həyat mü­barizədir və mübarizə aparanlar həmişə istəklərinə nail olur­lar”. Bu deyimdə və bu fikirdə böyük bir həqiqət var. O həqiqət ki, onu hamıdan çox alın təri ilə yaşayan, ömrünü zəhmətə, elmə həsr edən və bu yolda ən çətin anlar yaşayan insanlar bi­lirlər. O insanlar da onu yaxşı bilirlər ki, dünyanın bütün sirlə­rindən xəbər tutmaq üçün ən müasir və yeni kəşflərdən belə agah olmalısan. Daha doğrusu, insan hər gün, hər an oxumalı və öyrənməlidir.

Borçalının Faxralı kəndində dünyaya göz açan Tahir Musa oğlu Pənahov da belə insanlardandır. Yəni o, həyatın mənasını zəhmətdə, elmdə və gərgin axtarışlarda hiss edib. Tahir Pəna­hov 1936-cı ildə Faxralı kəndində dünyaya göz açıb. Əlbəttə, bu qədim və zəngin mədəniyyətə malik olan kəndin ziyalıları hə­mişə elmə, təhsilə və biliyə  böyük üstünlük veriblər. Başqa sözlə demiş olsaq, ziyalılıq və maarifçilik onların qanına işlə­yib. O yerdə ki, ziyalılıq var, o yerdə ki, insanlara nur verən, elm öyrədən insanlar var, həmin el-oba, sözün həqiqi məna­sın­da xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, o yurdun ziyalı oğulları qa­zandıqları nurdan və işıqdan başqalarına da pay verirlər. Ta­hir Pənahov məhz belə bir məkanda, özü də başqa tanınan ziya­lı­lardan işıq alıb və bu işığı zaman-zaman başqalarına paylayıb.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziy­yat fakültəsinə daxil olub və oranı bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına işə gön­də­rilib. Təbii ki, elm aləminə gələn bu ziyalı insan qazandığı uğur­la kifayətlənə bilməzdi. Ona görə də zaman-zaman yeni uğurlar əldə edib. Tahir Pənahov Azərbaycan Elmlər Akademi­ya­sının Fizika İstitutunda aspiranturaya qəbul olunub. Burada o, elmi işlər aparıb, 1966-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını qaza­nıb. Hər günü və hər anı elmi axtarışlara və yeni uğurlara köklənib. Elə bunun da nəticəsində 1988-ci ilə o, “Nikel əsa­sında ikiqat və üçqat ərintilərin strukturası və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, professor adına layiq görülüb.

Gecəsini gündüzə qatan və həmişə elmi axtarışlardan yorulmayan Tahir müəllim daha böyük elmi uğurlara nail olub. Belə ki, onun 18 elmi işinin nəticəsi istehsalata  tət­biq edilib və bu, böyük iqtisadi  səmərə verib. Bununla yanaşı, onun 7  müəlliflik şəhadətnaməsi var. Tahir müəllimin 100-dən çox elmi məqaləsi müxtəlif ölkələrdə çap edilib. Eyni zamanda bu istedadlı alim 40-dan çox beynəlxalq və respublika konfraslarında məruzə oxuyub.

Bir sözlə, professor Tahir Pənahov elmin hansı kürsüsündə çıxış edibsə, öz orijinal fikri, elmdə yaratdığı yeniliklərlə çox alimləri təəccübləndirib. Ona görə təəccübləndirib ki, az zaman kəsiyində böyük uğurlara, elmi yeniliklərə imza atıb. Onu da qeyd edək ki, Tahir Pənahov bu gün “Metal və ərintilərin fizikası” elmi-tədqiqat laboratoriyasına rəhbərlik eləyir. Qeyd etdiyimiz kimi, Tahir müəllim zamanından və məkanından asılı olmayaraq, müxtəlif ali  məktəb ocaqlarında, beynəlxalq konf­rans­larda özünün elmi mühazirələri və fikirləri ilə auditoriyanı hər zaman təəccübləndirib. İnsan var ki, adi bir uğura, qazan­dığı  müvəffəqiyyətə  arxayınlaşıb sonradan heç bir iş görmək istəmir.

Amma Tahir müəllim tamamilə başqa düşüncənin, başqa ama­lın sahibi olub. Yəni elmdə və təhsildə qazandığı bir uğur onu növbəti bir uğura doğru aparıb. Bu gün ölkəmizdə Tahir Pənahovun yetişdirdiyi 10-dan çox alim var və onların hər biri elmdə qazandığı uğurlara və müvəffəqiyyətlərə görə Tahir müəllimə minnətdardır.

Azərbaycan elmində yeni söz demək və kəşflər etmək o qə­dər də asan deyil. Ona görə asan deyil ki, bu gün ölkəmizdə xarici ölkələrdə tanınan çox sayda alim, elmlər doktoru və pro­fes­sor var. Və indiki dövrdə elm aləmini də təəccübləndirmək o qədər də asan deyil. Amma bu baryerləri  və maneələri, demək olar ki, professor Tahir Pənahov  çoxdan aşıb. Onun bir-birin­dən gözəl mühazirələri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində alimlərin böyük marağına səbəb olub. O da sirr deyil ki, indiki elm və texnikanın inkişaf etdiyi bir məqamda xarici ölkələrin auditoriyasında istənilən qədər alim mühazirə oxuya bilir. Amma bu alimlərin arasında Faxralı kən­din­də bö­yü­yüb, boya-başa çatan və bu gün Azərbaycan elmin­də xüsusi yeri, çəkisi olan professor Tahir Pənahov həmişə seçilib. Təbii ki, onu başqalarından ayıran və fərqləndirən bir cəhət var: zəhmət. Zəhmətə və alın tərinə güvənən insan istər elm, istərsə də digər sahədə həmişə başqalarından seçiləcək, həyata baxışı orijinal münasibətləri ilə həmkarlarının diqqətini cəlb edəcək.

Elmin yolları elə də hamar deyil. Ancaq enişli-yoxuşlu yol­lar o kəsləri sevir ki, onlar bu yollarla gedib zirvəyə çata bilir­lər. Professor Tahir Pənahov da bu yolla elmin zirvəsinə çatıb və Azrbaycan elmində öz sözünü deyib. Və bundan sonra da təbii ki, gözəl ziyalı yeni fikirləri və axtarışları ilə çoxlarını təəccübləndirəcək. Buna isə ən çox sevinən onun yurdu və böyüyüb, boya-başa çatdığı el-obası olacaq.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur