“İNSANIN NƏ GÖZƏL DİLƏKLƏRİ VAR”
Müəllim peşəsi həmişə müqəddəs sayılıb. Müəllim şəxsiyyət olub və çoxlarına düzgün yol göstərib. Həyatın çətin sınağından çıxmağın sirlərini öyrədib. Dünyada elə bir insan olmaz ki, onun müəllimi və düzgün yol göstərəni olmasın. Müəllimin şərəfi, ləyaqəti və qüruru heç nə ilə ölçülə bilməz. Bu şərəf və qürur dünyanın ən qiymətli varlığından da qat-qat dəyərlidir.
1936-cı ildə Borçalının Faxralı kəndində anadan olan Möhübbət Mustafa oğlu Hüseynov da özünün həyat yolunu müəyyənləşdirərkən çox fikirləşməyib. Bircə fikirləşib ki, seçdiyim sənət ürəyimcə olmalıdır. Aydındır ki, müəllim olmaq, kimlərəsə dərs demək və düzgün yol göstərmək o qədər də asan iş deyil. Amma bu yolun çətinliyini zaman-zaman dərindən dərk edən Möhübbət Hüseynov öz yolunu seçdi və o, orta məktəbi bitirəndən sonra Tbilisidə Puşkin adına Dövlət Pedaqoji İnstitutunun tarix –filologiya fakültəsinə daxil oldu.
Təbii ki, Möhübbət müəllim həmin illərdə bir müəlllim kimi biliyini artırmağa başladı. Və o, 1960-cı ildə həmin institutu bitirdi. Uzağa getmədi, elə doğma kəndi olan Faxralıda orta məktəbində müəllim işlədi. Əvvəlcə müəllim, sonra təşkilatçı, daha sonra isə tədris hissə üzrə müdiri oldu. Bu vəzifələrdə işləyəndə dünyagörüşü və təşkilatçılığı Faxralı kənd məktəbinin kollektivini, eləcə də rayonun vəzifəli ziyalılarının diqqətini cəlb elədi. Elə bu bacarığına görə də həmin məktəbə direktor vəzifəsinə təyin etdilər. Direktor işləmək olar, ondan da böyük vəzifədə əyləşmək mümkündür. Amma şagirdlərin və müəllim kollektivinin hörmətini və məhəbbətini qazanmaq hər insana nəsib olmur. Ən azından bunun üçün hamı ilə ünsiyyət qurmağı bacarmalısan və çoxları ilə ünsiyyət yaratmalısan.
Elə ilk gündən Möhübbət Hüseynov həm şagirdlərin, həm də müəllimlərin sevimlisinə çevrilib. Daha doğrusu, o, hərəni “öz dili” ilə danışdırmağı bacarırdı. Heç kimin yanında heç kimin xətrinə və qəlbinə toxunmazdı. Düzdür, kiminsə bir balaca səhvi olanda onu danlayıb, məzəmmət edib. Ən çox da yolunu azan şagirdləri diqqətdən kənarda qoymayıb. Deyib ki, əgər mən bir müəllim və direktor kimi pis yola düşən uşaqları, şagirdləri normal həyata qaytarmasam, nə vaxtsa bunu özümə bağışlaya bilmərəm. Buna görə də onu ən dəcəl şagird belə başa düşüb. Möhübbət müəllim dəcəl şagirdə bir şillə vuranda o şillə yadda qalıb. Bu şillədən çoxları yararlanıb və haqqın yoluna qayıdıb. O şillədən yararlananlardan biri də mənəm. Böyük rus şairi Puşkinin belə bir fikri var: “Həyatda hamar, aynatək yol olmur. Yolda rast olduğun kiçik çuxurlar ümidsizlik, kədər gətirməməlidir”. Bu mənada təcrübəli pedaqoq və gözəl ziyalı Möhübbət Hüseynov zamanın hər bir sınağından və çətinliyindən uğurla çıxıb. İnanıb ki, harda və necə işləməsindən asılı olmayaraq, həmişə təmiz vicdan və mənəviyyat onu düz yola aparacaq və məqsədinə qovuşduracaq. O, nə az, nə çox 1969-cu ildən 1971-ci ilədək Faxralı kənd orta məktəbində direktor işləyib. Sonradan 1971-ci ildə öz təşəbbüsü ilə Şahbuzlu ibtidai məktəbinin bazasında Şahbuzlu səkkizillik məktəbi yaradıb. 1971-1993-cü illərdə həmin məktəbin direktoru olub.
Möhübbət müəllimin yaxın dostlarından biri olan gözəl ziyalı Zahid Xəlilov deyir ki, mən onun kimi etibarlı və sədaqətli insan görməmişəm. Möhübbət özünə qarşı nə qədər tələbkardısa, ətrafına da bir o qədər diqqətlidir. O adamın işinə, səliqə-səhmanına və əməlinə söz ola bilməz. Bu cür insanların həyat yolu çoxları üçün örnək sayıla bilər. Vaxtı ilə Möhübbət müəllimin şagirdi olmuş, sonra işə həmkarı kimi Faxralı orta məktəbində müəllim işləmiş Tofiq Bədəlovun dediklərindən: “Əvvəla, Möhübbət müəllim hamının qəlbini ələ almağı bacaran ziyalıdır. Böyüklə böyükdür, kiçiklə kiçik. Uzun müddət Faxralı orta məktəbində direktor işlədi. Möhübbət müəllimin yetirmələrinin yaxşı soraqları indi çox-çox uzaqlardan gəlir. Möhübbət müəllimin ən böyük xidmətlərindən biri də elin hörmətini qazanması oldu. Bu da az-az insanlara nəsib olur. Möhübbət müəllim gəncləri ətrafına toplayıb böyük müəllim ordusu yaratdı. Gənclik isə daha böyük enerji və uğur deməkdir. Həyatının bütün anlarında özünə və bir də çəkdiyi zəhmətə inanıb Möhübbət müəllim. Və zaman-zaman öz əqidəsinə sadiq olub”.
İnsanın ürəyi həmişə gözəl diləklər üçün çırpınır. Yarada-yarada yaşamaq istəyir insan. “Gah açıb gülə dönən, gah sakit gölə dönən insan” çalışır ki, həyatdan zövq alsın. Çünki arzular və diləklər tükənmir:
“Yarada-yarada yaşamaq istər,
İnsanın nə gözəl diləkləri var”.
Mənbə : Səməndər Məmmədov – “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2010, II kitab.