QISA MƏLUMAT
Sabir Ayvaz oğlu Xəlilov 1941-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958-ci ildə Faxralı orta məktəbini və 1963-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. 1965-ci ildən Azərbaycan Texniki Universitetində işə başlamışdır. 1974-cü ildə “İkiforsunkalı yanacaq sistemi vasitəsilə dizel mühərrikinin işinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsi almışdır. 1976-cı ildə “Daxili yanma mühərrikləri” kafedrasının dosenti olmuşdur. 1981-1985-ci illərdə Əlcazair respublikasının Yüngül Sənaye İnstitutunda işləmişdir. 1996-cı ildən Türkiyə Respublikasının Erciyəz Universitetində çalışır.Daxili yanma mühərrikləri üzrə 30-dan artıq elmi əsərin müəllifidir.
Mənbə : REDAKTORDAN
“YAXŞILAR YAŞADIR YAXŞILIQLARI”
El-obasına bağlı, doğulduğu yurdla nəfəs alan insanlar çoxdur. O insanların hər biri öz məhəbbətini doğulduğu mahala müxtəlif cür ifadə eyləyib. Adam var ki, uzun müddət yaşayır, amma el-obası, milləti və xalqı üçün bir qara qəpiklik iş görmür. Bu cür adamların nə el-obada, nə də ailədə hörməti olmur. Amma elə insan da var ki, özünün qazandığı xətir-hörmətlə, yaxşı əməllə nəinki ailəsində, el-obada da böyük nüfuz sahibi olur. Belə kişilərdən biri də Sabir Eyvaz oğlu Xəlilovdur.
Sabir Xəlilov 1941-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1958-ci ildə Faxralı kənd orta məktəbini bitirib. Maksim Qorkinin belə bir deyimi var: “Həyatın mənası gözəlliyə və məqsədə meyl etməklə güclüdür”. Həyatın hər bir anının öz məqsədi, məramı olmalıdır. Bu mənada Sabir Xəlilov da ilk vaxtlarda öz məramını və məqsədini müəyyənləşdirə bilib. Daha doğrusu, müəyyənləşdirdiyi arzunu reallaşdıra bilib.
1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəbdə o, ürəyi istədiyi ixtisasa – Avtomobil nəqliyyatı üzrə mühəndis-mexanik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 26 Bakı komisarı adına NMİ-nin nəqliyyat sexində başlayıb. Əvvəlcə sex ustası, qaraj müdiri vəzifələrində işləyib. Sonradan isə elmi fəaliyyət barəsində götür-qoy edib. Elə bu məqsədlə də 1965-ci ildə Azərbaycan Texniki Universitetində çalışmağa başlayıb. Çəkdiyi əziyyət və zəhmət müəyyən zaman kəsiyindən sonra öz bəhrəsini verib. Sabir Xəlilov 1974-cü ildə namizədlik disertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi alıb. 1980-ci ildən isə dosent kimi fəaliyyətə başlayıb. Elmi fəaliyyətlə yanaşı, M.Tores adına Moskva Xarici Dillər İnstitutunda 1 illik fransız dili kursunu bitirib. Kursu bitirəndən sonra Fransanın Poc Valeri Universitetində 2 aylıq dil təcrübəsində olur. Bununla yanaşı o, 1981-1985-ci illərdə Əlcəzairin Milli Yüngül Sənaye İnstitutunda dossent vəzifəsində işləyir. 1996-2010-cu illər ərzində Erciyez Universitetində dosent vəzifəsinə çalışır.
Onun bu illər ərzində çox maraqlı mülahizələri və çıxışları olub. “Maşın hissələri”, ”Mexanizmlər nəzəriyyəsi”, ”Maşın dinamikası”, ”Motorlar” fənlərindən mühazirələri çox maraqla qarşılanıb. Ən maraqlısı ondan ibarətdir olub ki, Sabir Xəlilov mötəbər kürsülərdən çıxış edəndə onun çıxışlarını əcnəbi alimlər belə böyük maraqla qarşılayıblar. Hətta onun söylədiyi fikirlərə məşhur alimlərdən təəccüblənənlər də olub. İstedadlı alimin illər ötdükcə yeni ixtiraları yaranır. Təbii ki, bütün bu yeniliklər və orijinal fikirlər kitab şəklində öz əksini tapmalı idi. Təsadüfü deyil ki, tanınmış alimin 40-dək elmi əsəri respublikamızda və xaricdə çap olunub. Elə bir konfrans və simpoziumlar olmayıb ki, orada çıxış edərkən Sabir müəllimin fikri hörmətlə qarşılanmasın, böyük maraq doğurmasın. Hər şeydən öncə onun hər hansı elmi mövzuya yaradıcı yanaşması, fikirlərinin digər alimlərin fikirlərinə bənzəməməsi istər yerli alimlərimizin, istərsə də xarici mütəxəssislərin diqqət mərkəzində olub.
Təbii ki, insan qarşısına məqsəd qoyanda çox arzularına nail olur. Tanınmış alim heç də bu uğurları asanlıqla qazanmayıb. Yəni o, həyatda nə əldə edibsə, alın təri tökərək, gecəsini gündüzünə qataraq bu nailiyyətləri qazana bilib. Böyük Nizami Gəncəvi deyib: “İnsanın bacarmadığı iş yoxdu”. Bəlkə də bu amalı, deyimi özünə əsas məqsəd kimi seçən Sabir müəllim elmin zirvələrinə doğru zaman-zaman irəliləyib.
Sabir Xəlilov hər addımı atıb irəlilədikcə növbəti uğura doğru inamla irəliləyib. Gözəl ziyalı və istedadlı alim Sabir Xəlilov həm də üç oğul atasıdır. Onun həyat yoldaşı Sona Əlizadə Azərbaycan İnşaat Mühəndisləri Universitetində çalışır. Oğlu Rövşən Xəlilzadə həkimdir – beyin cərrahıdır və Tibb Universitetində çalışır. Digər oğlu Eyvaz Xəlilov xarici şirkətlərin birində auditor vəzifəsində işləyir. Oğlu Elçin Xəlilov isə “Britiş American Tobacca”nın Qafqaz üzrə maliyyə menecceridir.
Atalar yaxşı deyib: “Ot kök üstə bitər”. Onun övladları da zəhmətkeş və ziyalı insanlardır. Bu övladlar gözlərini açanda kitab, dəftər, qələm görüblər. Kitab, dəftər, qələm olan yerdə isə ziyalılığa gedən, işığa gedən bir yol başlanır. Bu yolun yolçuları həyatda öz yerini tapa bilir və digər insanlardan qabiliyyətinə görə seçilir, yaxşıların yolu ilə tale yollarını gedirlər. Çünki, yaxşılıqları yaxşılar yaşadır. Xalq şairi Zəlimxan Yaqub deyən kimi:
Can yerin payıdı, ruh göylərindi,
Pislər pisliyindən əl çəkməsə də,
Yaxşılar yaşadır yaxşılıqları.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.