BİR QƏLBİN DÖYÜNTÜSÜ
Bəzən illər, günlər, həftələr bir göz qırpımında ötüb keçir. Həmin illərin və günlərin necə keçdiyini, ötdüyünü insan yaşa dolduqca zaman-zaman hiss eləməyə başlayır. Hiss eləyir ki, arxada bir il qaldı, on il qaldı, iyirmi il qaldı. Elə ki, insan arxada qalan illərdə bir iş görə bilir, iz qoyur, ürəklərdə xoş duyğular yaradır, onda fikirləşir ki, mən ötən günlərimi və ömrümü heç də boş-boşuna keçirməmişəm. Yəni ötən günlərin hər biri ömürdən getsə də, bu ömrün izləri və ləpirləri var. Elə bu ləpirlər və izlər də insanda müəyyən xoş duyğular yaradır, ömrünün boşu-boşuna keçmədiyini yadına salır.
Ürəyi həmişə qurub yaratmaq, el-obasına xidmət etmək, insanların qayğısını çəkmək yolunda döyünən ziyalılardan biri də Oruc Dünyamalı oğlu Qurbanov olub. O, Oruc ki, onun qəlbində ürəyi həmişə döyünüb. Ürək döyünüb ki, sahibini xoş bir günə qovuşdursun. Ürək möhkəm olanda, ürək möhkəm döyünəndə insanın nə ölümündən qorxusu olur, nə də həyatın çətinliklərindən.
Oruc Qurbanov 1942-ci il fevralın 12-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dünyaya göz açıb. Əlbəttə, hər bir insan dünyaya göz aça bilər, gələ bilər, amma böyük insanlar o insanlardır ki, dünyaya gələndə yadda qalırlar və çoxlarının qəlbində xoş duyğular yarada bilirlər. Oruc Qurbanov da heç də dünyaya elə-belə gəlmədi. Düzdür, o, bu dünyanı cavan yaşlarında tərk edib. Ancaq bu o demək deyil ki, Oruc Qurbanov nəsə bir iş görməyib gedib. Oruc müəllim 1959-cu ildə Faxralı kənd orta məktəbini bitirib. Elə həmin ildə də Azərbaycan Politexnik İnstitutuna daxil olaraq, tələbə adını qazanıb. Tələbəlik illərində özünəməxsus bir ömür yolu yaşayıb. Başqalarından sadəcə olaraq, zəhmətsevərliyinə və halallığına görə fərqlənib. Elə tələbə dostları da, onu tanıyanlar da məhz bu cəhətlərinə görə Orucu həmişə çox istəyiblər. Kimsə dara düşəndə, çətin anlar yaşayanda birinci o, özünü həmin dostlarına çatdırıb və kömək əlini uzadıb. Həmişə də onu tanıyanlar deyir ki, Orucun çox gözəl və təmiz ürəyi var. Təmiz ürəyin sahibi olan bu insan son tikəsini də heç kimdən əsirgəməyib. Sadəliyi, səmimiyyəti və əl tutmağı ilə həmişə dostları arasında sayılıb, seçilənlərdən olub.
Oruc Qurbanov 1965-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi fakültəsini bitirəndən sonra təyinatla Ermənistan SSRİ-nin Basarkeçər rayonunda işləməyə başlayıb. Orda da öz işinə və peşəsinə çox məsuliyyətlə yanaşıb. Hətta ermənilər bu istedadlı gəncin qabiliyyətinə və işgüzarlığına həmişə paxıllıq eləyiblər. Ona görə paxıllıq eləyiblər ki, erməninin bir həftəyə, on günə görə bilmədiyi işi Oruc Qurbanov bir neçə saatın ərzində yoluna qoya bilirdi. Təbii ki, ermənilər həmişə millətpərəst, özünü sevən bir xalq olub. Amma Oruc müəllim sübut edib ki, onun milləti ermənilərdən qat-qat zəngin tarixə, mədəniyyətə və maddi, mənəvi dəyərlərə malikdir.
Sonradan Oruc Qurbanov 1967-ci ildə Bakıya gəlir və Nərimanov rayonunda rabitə qovşağında iş icraçısı işləyir. Təbii ki, o harda çalışıbsa və harda işləyibsə, həmişə qabilliyyəti və işgüzarlığı ilə seçilib.
Elə bu zəhmətsevərliyinə görə də 1982-ci ildə onu Azərbaycan Rabitə İnşaat Trestində rəis vəzifəsinə təyin edirlər. Həmin vəzifədə də çalışanda Oruc Qurbanov işgüzarlığı və zəhmətsevərliyi ilə fərqlənib. Yəni sıravi işçidən tutmuş, rəhbər vəzifədə olanlara eyni məhəbbət bəsləyib. Onların heç birinə fərq qoymayıb. Kim yaxşı işləyibsə ona hörmətlə yanaşıb. İşi bacarmayanlara isə düzgün yol göstərib və öyrənmələrini məsləhət bilib.
Ürəyi həmişə yaşayıb, yaratmaq eşqi ilə döyünən Oruc Qurbanov 1990-cı ilin avqustun 29-da 48 yaşında dünyasını dəyişib. Ömrünün qaynar çağında və enerjili vaxtında dünyasını dəyişən bu insan çox işlər görə bilərdi. Amma görürsən ki, ölüm bir çox halda nə cavana baxır, nə də yaşlıya. Sadəcə olaraq, bu cür insanlar az yaşamalarına baxmayaraq, öz sözlərini deyə bilirlər və zamanın müxtəlif kəsiyində nəyə qadir olduqlarını sübut edirlər. Elə ona görə də Oruc Dünyamalı oğlu Qurbanov kimi insanlar da heç vaxt yaddan çıxmırlar.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.