QISA MƏLUMAT
Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1963-cü ildə Bakının 23 saylı orta məktəbini bitirmişdir. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur . Elmi fəaliyyətə “Şair Nəbinin həyat və yaradıcılığı”na həsr etdiyi diplom işi ilə başlamışdır. 1969-cu ildən folklorumuzun toplanması və təbliği ilə bağlı geniş fəaliyyət göstərir. Həmin ildən e’tibarən Azərbaycan radiosunda fəaliyyət göstərən “Bulaq” verlişinin aparıcı müəlliflərindən biri kimi tanınmışdır. Yaradıcı ömrünün on ildən çoxunu “Bulağ”a həsr edən Elxan Məmmədli 80-ci illərin əvvəlindən başlayaraq Azərbaycan televiziyasında saz-söz sənətkarlarına həsr etdiyi bir sıra verilişləri ilə də yadda qalmışdır.1979-cu ildən öz taleyini Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi ilə bağlayan tədqiqatçı-alim bu illər ərzində bir sıra folklor kitablarının işıq üzü görməsində əlindən gələni əsirgəməmişdir. Belə ki, iki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri” (1984-cü il), “Azərbaycan bayatıları” (1984-cü il), “Cinaslar” (1985-ci il), “Bayatı, qoşma, təcnis” (1988-ci il), “Borçalı şair Nəbi” (1991-ci il) kimi kitabların tərtib və toplanması məhz Elxan Məmmədlinin yorulmaz əməyinin məhsuludur. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı “Təcnis sənətkarlığı” dissertasiyası nəzəri baxımdan kamil poetika əsəri kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 50-dən çox elmi məqalənin və bir sıra monoqrafiyanın müəllifidir. 1992-ci ildən bu günə kimi Azərbaycan radiosunda “Sarıtel” və “Gözəlləmə” həftəlik musiqili verilişlərin aparıcısı kimi sazın-sözün təbliği işində əvəzsiz xidmət göstərir. Elxan Məmmədov üç cildlik “Borçalı folkloru” kitabının müəllifidir.
Mənbə : REDAKTORDAN
“EL ÜÇÜN YARADAN, EL ÜÇÜN YANAN, DİRİDİR HƏMİŞƏ, SAĞDIR HƏMİŞƏ”
Bəzən gündəlik qayğılar başımızı elə qatır ki, ömrün-günün necə keçdiyindən də xəbərimiz olmur. Bir də gözümüzü onda açırıq ki, nağıllarda deyildiyi kimi, ömür yarı, gün yarıdır.
Neçə il əvvəl əmioğlu Elxanın altmış yaşının tamam olmasını eşidəndə də ilk növbədə bu hissləri yaşamışdım. Aylar, illər necə də sürətlə bir-birini əvəz edirmiş. Bir anlığa xəyal məni uzaqlara, bir neçə onilliyin o üzündə qalmış qayğısız illərə apardı. Gözəl dağı, Qaraarxac yaylağı gözlərim önünə gəldi. Qayğısız uşaqlıq illərimizi xatırladım. İndi tarixə dönmüş şirin xatirələr məni yenidən qoynuna aldı.
Elxan məndən bir neçə yaş böyük idi. Məktəbdə yaxşı oxuyurdu və onun ali məktəbə daxil olacağına kimsədə şübhə yox idi. Təhsildə olduğu kimi, fiziki cəhətdən də yaşıdlarından seçilirdi. Yaxşı güləşirdi. Tay-tuşları arasında böyük hörməti vardı. Mən ona həmişə “əmioğlu” deyə müraciət edərdim. Elə bu gün də belə müraciət edirəm. Yaş fərqimizə baxmayaraq aramızda olduqca səmimi münasibət vardı. Çox vaxt bir yerdə olurduq. Həmişə mənə böyük qayğı və diqqətlə yanaşırdı.
1962-ci ildə onlar ailəlikcə Bakıya köçdülər. O, ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil aldı. Bir müddət bir-birimizlə müntəzəm əlaqə saxlaya bilməsək də o, mənim üçün doğma bir insan olaraq qalırdı. Nəhayət, mən də orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gəldim. Təbii ki, mənim üçün hələlik yad olan bu böyük şəhərdə mütləq onu görmək istəyirdim. Ancaq bir tərəfdən şəhəri tanımamağım, digər tərəfdən də imtahan qayğıları bu istəyimi reallaşdırmağa imkan vermirdi. Sənədlərimi Elxan əmioğlunun təhsil aldığı fakültəyə – universitetin filologiya fakültəsinə vermişdim. Yəqin ki, burada da mənim hələ uşaqlıqdan Elxanla olan isti münasibətimin, ruhən yaxınlığımızın və bir də o vaxtlar təkcə Faxralıda yox, bütünlükdə Borçalıda dəyərli ziyalı kimi tanınıb böyük hörmət və nüfuz qazanmış rəhmətlik Hüseynqulu müəllimin də təsiri olmuşdu. Mən də onun kimi ədəbiyyatçı olmaq istəyirdim. O vaxtlar ali məktəblərə qəbul indiki kimi testlə yox, ixtisasa uyğun olaraq ayrı-ayrı fənlərdən imtahan götürməklə keçirilirdi. Universitetin həyəti əsl bilik yarışı meydanına çevrilirdi. Müəllimlərdən öncə abituryentlər özləri bir-birlərini sınağa çəkərək suallaşırdılar. Təbii ki, bu sual-cavab yarışmasından kənarda qalmırdım. Növbəti imtahan ərəfəsində yenə yığışıb suallaşırdıq. Bir də gördüm Elxan əmioğlu mənə yaxınlaşdı. Görüşüb hal-əhval tutduq. Onun kimi filologiya fakültəsini seçdiyimi dedim. Təsadüfən rastlaşmağımız onu da, məni də hədsiz sevindirmişdi. Qəbul imtahanlarını uğurla verib universitetə daxil oldum. Elə o vaxtdan da Elxan müəllimlə əvvəlki isti münasibətlərimiz yenidən öz təbii axarı ilə davam etməyə başladı. Tez-tez mənimlə görüşür, hər hansı bir çətinliyimin olub-olmamasını soruşurdu. Universitetdə mənə dərs deyən müəllimlərin vaxtilə ona da dərs deməsi və ondan razılıqla danışmaları çox zaman köməyimə çatırdı. Artıq bizim münasibətimiz sadəcə qohum, dost münasibətləri ilə məhdudlaşmırdı. Biz həm də elmi mövzularda fikir mübadiləsi edirdik. Mənim şeir yazdığımı bilir, folklorumuzla, elimizin saz-söz adamları ilə bağlı araşdırmalarımı yüksək qiymətləndirirdi. Faxralının neçə-neçə el şairinin irsini araşdırıb nəşr etdirərkən mən həmişə folklorumuzun bilicisi və yorulmaz tədqiqatçısı kimi onun və saçlarını bu yolda ağartmış müdrik ağsaqqal Hüseynqulu müəllimin dəyərli məsləhətlərini əsas tutmuşam. Bu səbəbdəndir ki, bu gün Elxan müəllim mənim üçün uşaqlıq dünyamızın şirin xatirələrinin canlı tarixi, səmimi dost və qohum olmaqla yanaşı, həm də istedadlı bir filoloq alim, folklorumuzun cəfakeş tədqiqatçısı, bilicisidir. O, Azərbaycanımızın hər guşəsinin folklorunun özünəməxsusluğunu, incəliklərini o qədər dərindən bilir ki, bu sahədə onun arqumentlərini qəbul etməmək sadəcə mümkün deyildir. Onun keçirdiyi tədbirlərin, apardığı tədqiqat işlərinin, yazdığı kitab və məqalələrin hesabını aparsaq həqiqətən böyük bir siyahı alınar. Elə təkcə neçə illərdir ki, efirdə səslənən və hər buraxılışı səbirsizliklə gözlənilərək böyük rəğbətlə qarşılanan “Sarıtel” verlişinin adını çəkmək kifayətdir ki, Elxan Məmmədli haqqında hər kəsdə təsəvvür yaransın.
Onu da qeyd edim ki, Elxan müəllimin folklorumuza bunca bağlılığında Borçalının qadın şairləri arasında özünəməxsus yeri olna nənələrimiz Səhnə Alməmmədlinin və Yetər Bayram qızının da rolu böyükdür… Yetər nənə olduqca hazırcavab, sözü məqamında deməyi bacaran və sinədəftər bir qadın idi. Filologiya elmləri doktoru, professor, folklormuzun gözəl bilicisi Şurəddin Məmmədlinin “Azərbaycan ədəbiyyatının Borçalı qolu” əsərində yazdığı kimi, Yetər nənəyə də bu keyfiyyətlər anası Səhnə Alməmmədlidən keçmişdi.
Heç yadımdan çıxmaz, bir dəfə Elxan əmioğlu ilə birlikdə Faxralıya getmişdik. Bizi doqqazda qarşılayan Yetər nənə üzünü Elxana tutub dedi:
Yalqız ağac yaldadı,
Dağlar ona daldadı.
Demirsənmi, ay zalım,
Gözlərimiz yoldadı.
Sonra da əlavə etdi:
-Hardasınız ay qırılmışlar, niyə tez-tez gəlmirsiniz?
…Tale verən ömrü elə yaşamalısan ki, bir anlığa nəfəs dərib arxada qoyduğun illərə boylanmağa, bir növ özün-özünə hesabat verməyə haqqın olsun. Vay o adamın halına ki, bu məqamda geriyə boylanmağa üzü olmasın. Elxan əmioğlu bu mənada bəxti gətirənlərdən, el yanında üzüağ olanlardandır. Bəli, onun həm elmdə, həm də eldə üzüağdır. İnanıram ki, ömrünün yetkinlik yaşını yaşayan alim qardaşım Elxan Məmmədli – Elxan əmioğlu hələ bundan sonra çox işlər görəcək, onun gərgin elmi axtarışları çox qaranlıqlara işıq salacaqdır.
Sevimli şairimiz Hüseyn Arif şeirlərinin birində yazmışdır:
Çəkilmədim otaqların küncünə,
Düzlər keçib, dağlar aşan şairəm.
Mən nə deyim, görürsünüz özünüz,
Qocaldıqca cavanlaşam şairəm.
Qocalmaq sözü sənə yaraşmır, əmioğlu. Arzu edirəm ki, bundan sonra da gənclik eşqi ilə yaşayıb yaradasan. Biz sənin gücünü dizindən çox ürəyində və biləklərində görmüşük. Qoy bu güc heç vaxt azalmasın.
Çoxlarının da etiraf etdiyi kimi, adam həmişə öz yaxınları, doğmaları haqqında nəsə yazmaqda çətinlik çəkir. Bilmirsən nədən başlayıb, nədə qurtarasan. Elxan əmioğlu haqqında yazmaq istəyəndə mən də eyni hissləri yaşadım. Bizi bir-birimizə bağlayan tellər birmi, beşmi? Hansından söhbət açasan… Elə bu səbəbdən də deyirəm: “Hər cür yasarın at oynada bilmədiyi Faxralıda” ər oğlu ərlər çoxdur. Onlardan biri də folklormuzun yorulmaz araşdırıcısı, gözəl alimimiz, istiqanlı qohumumuz, Respublikamızın Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlidir. O Elxan Məmmədli ki, diridir həmişə. Gözəl şairimiz Rasim Kərimlinin vəsf etdiyi kimi:
Durnaya kəm baxmaz tel üçün yanan,
Seldən ayrı düşməz sel üçün yanan,
El üçün yaradan, el üçün yanan
Diridir həmişə, sağdır həmişə.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.
SAZ ÖMÜR VƏ DADINDAN DOYULMAYAN SAZ ÖMRÜ YAŞA, ƏMİOĞLU!
2016-cı ilin yeni nəşrlərindən biri də tanınmış folklorşünas alim Elxan Məmmədlinin anadan olmasının 70 illiyi münasibətilə hazırlanmış, onu yaxından tanıyan ziyalıların, mütəxəssislərin, aşıq və sənətçilərin, tələbə yoldaşlarının, yaxın qohumlarının ürək sözləri ilə yanaşı, yubilyarın poetik yaradıcılığından nümunələrin də daxil edildiyi “Elxan ömrü, saz ömrü” kitabıdır. Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, tərtib edəni Vüsal Abiyev, sponsoru t.e.f.d, dosent Hüseyn Artıkoğludur. Kitab AMEA Folklor İnstitutunun xətti ilə Bakıda “Ağrıdağ” nəşriyyatında işıq üzü görüb.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləyib.
1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb.
1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildən AMEA-nın Folklor İnsitutunda Aşıq yaradıcılığı şöbəsinin müdiridir.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verlişlərinin müəllifi və aparıcısı olub.
O, bir monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub.
2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Elxan Məmmədlinin rəhbərlik etdiyi Aşıq yaradıcılığı şöbəsində Azərbaycan aşıq yaradıcılığı araşdırılır, nümunələri toplanılır, sistemləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xüsusiyyətlərinin, ideya-məzmun məsələlərinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin toplanması və nəşri, onlar haqqında monoqrafik tədqiqatlar aparılması, “Azərbaycan aşıqları” çoxcildliyinin tərtib və nəşr edilməsi də bu şöbənin əsas vəzifələrindəndir. Şöbə Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri istiqamətində folklorumuzun tarixi və nəzəri problemləri ilə məşğuldur. Şöbədə 21 nəfər elmi əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1nəfəri elmlər doktoru, professor, 5 nəfəri elmlər namizədi, qalanları isə laborant, kiçik elmi işçi və böyük elmi işçilərdir.
Aşıq sənətinin kökləri qədim dövrə gedib çıxsa da, Elxan Məmmədli aşıq sənətinin əsasının XV əsrin sonu XVI əsrin əvvəllərində qoyulduğu qənaətindədir. Mətbuata verdiyi müsahibələrin birində Elxan müəllim deyir ki, xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcılıq fəaliyyətlərinin nəticələri ilə müəyyən olunur: “Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yeni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur”.
Elxan Məmmədli əmindir ki, Azərbaycan, aşıq sənəti, saz yalnız Azərbaycan xalqına məxsusdur: “Televiziya kanallarında, etdiyimiz səfərlərdə görürük ki, Türkiyədə, Mərkəzi Asiya ölkələrində saza bənzər musiqi alətləri var. Ancaq bizim saz sənətimiz bizə məxsusdur. İstər qərb bölgəsi, itərsə də Şirvan bölgəsi olsun, bu sənət sırf Azərbaycana məxsusdur. Arzuolunan oldu ki, dövlətin dəstək və qayğısı nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bir var, şəhər musiqisi, şəhər ədəbiyyatı, biri də var elat musiqisi. Elat musiqisinə aşıq yaradıcılığı daxildir. Şəhər musiqisinə isə muğam daxildir. Son zamanlar şəhər və elat mədəniyyəti qovuşmaq üzrədir. XIX əsrdə Sadıqcan tarı dizdən sinəyə qaldırdı, tarın texniki imkanlarını artırdı. Eyni zamanda Azərbaycan xalqının istedadı muğama öz töhfəsini verdi, muğamın məzmununa təsir göstərdi. Nəticədə muğam hazırda əlçatmaz mövqedədir. Demək istəyirəm ki, aşıq sənəti doğmamızdır, muğam sənətini isə doğmalaşdırmışıq. Hər iki sənətimiz böyük sənətdir. Bədnam qonşularımız muğam sənətimizə, aşıq sənətinə, mətbəximizə əl atırlar, mənəvi-maddi irsimizi özlərininki kimi dünyaya təqdim etməyə çalışırlar, can atırlar. Azərbaycan xalqı nə qədər zəngindir ki, onun süfrəsinin tör-töküntüləri başqalarını da dolandırır, yaşadır”.
Elxan müəllim uzun illərdən bəri respublika televiziya və radiosu vasitəsilə aşıq sənətinə dair silsilə verlişlər hazırlayıb, aşıqsevərlərə ərməğan edib. Bu verlişlər demək olar ki, bütün Azərbaycan aşıqlarının, habelə Gürcüstan, Türkiyə və İran İslam Respublikasının saz-söz ustalarının həyat və yaradıcılığını özündə əks etdirən qiymətli audio-video sənədləridir. Hörmətli alim əsl milli qeyrət göstərərək təmənnasız olaraq bu qiymətli sənət nümunələrini Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə təqdim edib. Sonradan həmin materiallar elmi-texniki cəhətdən işlənərək rəqəmsal formata keçirilmişdir. Arxiv rəhbərliyi Elxan müəllimin bu addımını “əsl milli qeyrət nümunəsi” adlandırıb.
Professor M.Allahmanlının redaktoru olduğu “Elxan ömrü, saz ömrü” kitabına müqəddimədə yazdığı kimi, Elxan Məmmədliyə olan rəğbət və sevgidən yoğrulan bu kitabda folklorşünas alimin həyat və fəaliyyətinin müxtəlif tərəfləri təfərrüatlı şəkildə özünün ifadəsini tapmış, onun Azərbaycan folklorşünaslığı, mədəni mühiti, sazımızın, sözümüzün təbliği üçün gördüyü işlər boy göstərir, sonsuz, daha doğrusu, ilahi sevgi ilə milli mədəniyyətin qorunub saxlanılması və gələcəyə ötürülməsi yolunda apardığı mücadilə təqdim olunur. Şadam ki, kitabda Elxan Məmmədli haqda yüksək fikirləri paylaşılan müqtədir söz sahiblərinin qələm məhsullarının sirasında mənim də müəllifi olduğum, daha əvvəl “Ağır elsən, Borçalıda adın var” kitabımın II cildində getmiş “El üçün yaradan, el üçün yanan, diridir həmişə, sağdır həmişə” başlıqlı oçerkim yer almışdır. Yaxın adamım, doğmam, əmim oğlu olduğundan, onun barəsində yazmağa çətinlik çəkirəm. Orta məktəb illərində də, ali məktəbdə oxuduğum dövrdə də məndən bir neçə yaş böyük, seçdiyim Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olan əmim oğlundan gördüyüm diqqət və qayğı ölçüyəgəlməzdir desəm, yanılmaram. O vaxt yazdığımın indi də üstündə dururam ki, Elxan əmioğlu bəxti gətirən insanlardandır. Belə ki, o tale verən ömrü elə yaşayıb ki, hər an nəfəs dərib arxaya boylanmağa, bir növ özü özünə hesabat verməyə haqqı var. Vay o adamın halına ki, bu məqamda geriyə boylanmağa üzü olmasın.
Elxan Məmmədli ilə birgə 1986-cı ilin yayına təsadüf edən Göyçay səfərindən yazan AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov yubilyarın portret cizgilərini təsvir edərkən, ilk növbədə təvazökarlığının, təmənnasızlığının altını cızır: “…Aşıq ədəbiyyatına aid neçə-neçə elmi yazının müəllifi olan bu adam biz yoldaşlarından fərqli olaraq, elmlər namizədi olmağa o qədər də həvəs göstərmirdi. Bu baradə yoldaşlar arasında söz düşəndə mən zarafatla deyirdim ki, savadsız namizədlərin günü-gündən artmağı müdafiə məsələsini Elxanın gözündən salıb. Zarafat zarafat yerində, amma namizədlik məsələsinə E.Məmmədlinin adi bir şey kimi baxmağında, bəlkə, aşıq şeirinin özündən gələn bir fəlsəfə vardı. Hadisələrə yumorla yanaşan E.Məmmədli hər xırda şeyi özünə dərd eləmək istəmir, hər xırda uğurla qürrələnməyi uşaq işi sayırdı”.
Filologiya üzrə elmlər doktoru, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çağdaş Azərbaycan folklorçuları içərisində onun qədər xalqa yaxın ünsiyyətdə olan ikinci bir araşdırmaçının olmadığını təxmin edir: “Saz-sözdən söhbət gedən elə bir məclis olmaz ki, orada Elxan Məmmədli xatırlanmasın. Bu sahənin ən mübahisəli, qaranlıq problemlərinin aydınlaşmasında onun faktoloji biliyi hər zaman həlledici olur. Elxan sazı və bütövlükdə aşıqlığı ustad aşıqların özü səviyyəsində bilir. Mən dəfələrlə müşahidə etmişəm ki, onun olduğu saz-söz məclislərində aşıqlar öz çalğı və oxumalarına xüsusi həssaslıqla diqqət yetirirlər”.
Filologiya elmlər doktoru, professor Mədəd Çobanov isə qənaətini belə bölüşür ki, Elxan Məmmədli hər bir ədəbi-bədii məclislərdə çıxış edərkən sanki dinləyiciləri ovsunlayır, filologiya üzrə fəlsəfə doktoru adını harada olmasından asılı olmayaraq ləyaqətlə doğrulda bilir: “O, ziyalılarımız arasında, demək olar ki, özünün azərbaycançılığı, vətənpərvərliyi, milli ruhu, milli ideyası, alicənablığı, insanpərvərliyi, əxlaqi-etik görüşlərinə və ümumi dünyagörüşünə görə hamımızın sevimlisinə çevrilən ən yaxşı eloğlulardan və həmkarlardan biridir, bəlkə də, birincisidir…”
Rəhmətlik şair, böyük müəllimimiz Əli Səngərlinin qardaşı oğlu Elxan Məmmədliyə yazdığı şeir də kitabda yer alıb:
Qocalıq gözümdən yaman alıbdır,
Daha köç üstəyəm, a qardaş oğlu.
Qaçqını, köçkünü görəndən bəri,
Sağlamaz xəstəyəm, a qardaş oğlu.Dolu divan tutub, tağım quruyub,
Bostanım soğulub, bağım quruyub,
Çəmənli, çiçəkli çağım quruyub,
Sanki qəfəsdəyəm, a qardaş oğlu.Ağrımı, acımı bilənim yoxdu,
Könlümün pasını silənim yoxdu,
Gözlərim yoldadı, gələnim yoxdu,
Qulağım səsdədi, a qardaş oğlu.
Şair Osman Əhmədoğlu (Dərviş) Elxana hər zaman bir dastan kimi baxdığını yazıb: “Duruşunda, yerişində, cah-cəlallı söz-söhbətində bir dastan tamlığı, bütövlük və yetkinlik urvatı görmüşəm. Özünün sambalı sözünün sambalıyla tən gəlib hər zaman. Sərrast düşüncələri, hədəfə deyən fikirləri onu köklü-köməcli bir tamlıq simgəsi kimi tanıdıb əhli-ürfan aləmində. “Zər qədrini zərgər bilər” demiş atalar. Onun duruş gətirə bilmədiyi söz oyununa rast gəlmədim onu tanıyanı və biləni. Əslində çox uzun zamana ehtiyacı var onu başdan-ayağa oxumağın. Çünki bir dəfəyə oxunan və ya bir tənliklə həll olunan məsələyə bənzəyən döyül Elxam Məmmədli”.
Dosent, dövlət qulluğunun müşaviri Eldar Hüseynquluoğlu böyük qardaşını folklora gətirən yoldan yazır və onun xətrini Azərbaycanın hər yerində əziz olduğunu sübuta yetirən bir əhvalat nəql edir: “Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyəndə iş yoldaşlarımla (Onlardan biri Tovuz, digəri isə Gədəbəy rayonundan idi) söhbət edirdik. Söz aşıqlardan, “Sarıtel” verlişlərindən və Elxandan düşdü. Yoldaşlarım bir-biri ilə mübahisə etməyə başladı, biri deyir Elxan Tovuzludur, digəri isə Gədəbəydən olmasını israr edirdi. Mən isə bunlara baxıb gülürdüm. Mənə dedilər ki, Eldar müəllim, nəyə gülürsüz? Mən dedim ki, mənim böyük qardaşımın üstündə bir-birinizin “qırmağınıza” gülürəm. İksi də bir ağızdan “Elxana yiyə çıxanın biri də artdı” dedilər. Nə isə, mən səhəri gün rəhmətlik atam Hüseynqulu müəllimin “Görüm Faxralının biri olsun beş”… kitabını gətirib bunlara verdim və onlar bizim ailəvi şəkilmizi kitabda gördükdən sonra Elxanın Borçalıdan olmasına inandılar və hər iksi qeyd etdi ki, Elxanı bizim rayonda bütün xeyir və şərdə iştirak edən və aşıqlarımızın yubileylərini aparan görmüşük, ona görə də elə bilirdik ki, bizim rayondandır”.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu Elxan Məmmədli haqda yazısının əvvəlini Çingiz Aytmatovun ibrətamiz fikri ilə başlayıb: “İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”. Musa müəllim bu fikri ona görə xatırladır ki, Hüseynqulu müəllim təkcə öz elmi-pedaqoji fəaliyyəti, bir el ağsaqqalı kimi dəyərli məsləhətləri ilə yox, həm də böyük yazıçının dediyi kimi, ailəsində ləyaqətli övladlar böyütməklə cəmiyyətə öz töhfəsini vermişdir və elə bu səbəbdən də bu gün onun ruhu şaddır: “Onun ruhu bir də ona görə şaddır ki, övladlarından biri həm də onun elmi fəaliyyət sahəsindəki işinin layıqli davamçısıdır. Elxan müəllimin bir folklorşünas kimi yetişməsində, tanınmasında təkcə bir ata kimi yox, həm də tanınmış bir pedaqoq kimi Hüseynqulu Məmmədlinin böyük rolu olub”.
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhərrəmli də Elxan müəllim haqqında qiymətli fikirlərini qələmə alıb: “Elxan Məmmədli o qisim kimsələrdəndi ki, ağır-ağayana yerişi-duruşu, salğarlı-səbatlı danışığı, doğruluğu-dürüstlüyü ilə hər kəsə nümunə, örnək ola biləcək halaldan halal bir ömür yaşayıb. 15-20 il qabaq onu necə görmüş, necə tanımışamsa, bu gün də həmin xislətdə, həmin sanbalda, həmin insanlıq pilləsində qərarlaşıb. Yolunu həmişə düz gedib: hər cür pisliklərdən, xəbisliklərdən uzaq, müdrik, nurani-pirani bir dərviş ömrünü davam etdirməkdədir. Yorulub-usandığını görmədim əsla! Yaxşılıqdan, halallıqdan usanılarmı heç?! Çünki bu cür Tanrı övladları yalnız xeyirxahlıq missiyasını həyata keçirmək üçün göndəriliblər Yer üzünə. Həmişə… kimə görəsə narahat, nigaran, sevgili, sayğılı… – belə bir missiyanın daşıyıcısıdır bizim Elxan Məmmədli!”
Kitabda Elxan Məmmədlinin haqqında yer alan yazıların əksəriyyətinin elə sərlövhələri yubilyarın barəsində çox şey deyir. Məsələn, “Aşıq sənətinin yorulmaz yolçusu” (İsrafil Abbaslı), “Folklorlaşan folklorşünas” (Mahmud Allahmanlı), “Şaman Elxan” (Mürsəl Həkimov), “Aşıq sənətini Elxandan soruş” (Səadət Buta), “Dostluğun fövqündə dayanan insan” (Tariyel Abbaslı), “Elin xanı” (Miraslan Bəkirli), “Güney aşıqlarının sevimlisi” (Böyükbəy Ələkbəroğlu), “Ozan kimi” (Həzi Həsənli), “Bir ömürdə iki həyat yaşayan alim” (Elbəyi Cəlaloğlu), “Aşıq sənətinin məcnunu” (Şöhlət Əfşar), “Folklorumuzun cəfakeşi” (Maşallah Xudubəyli), “Dədə Elxan” (Aşıq Altay Məmmədov), “Sazın bəstəsində yaşayan ömür” (İsmayıl İlməzli) və s.
Hələ Xalq şairi, Türk dünyasının böyük söz fatehi Zəlimxan Yaqub sağlığında Elxan Məmmədlinin 60 illik yubiley gecəsindəki çıxışında demişdi: “Elxan öz səsini elə səslərə qoşdu ki, ona nə ayrılıq, nə də zaman sədd, sərhəd şəkə bilmədi. Türküstanda da, Qafqazda da, İranda da, Türkiyədə də, Şərq aləmində də, Türk dünyasında da, bütövlükdə Şərqi, Qərbi qucaqlayan böyük dünyada da dalğalara qoşuldu Elxan səsi, şairlərimizin, alimlərimizin, aşıqlarımızın, ozanlarımızın, ustadlarımızın, övliyalarımızın, dədələrimizin təbliğatı ilə məşğul ola-ola özü də nuraniləşdi, piraniləşdi, gözəlləşdi, duruldu, saflaşdı, oldu saz, oldu aşıq, oldu şair, oldu folklorşünas. Bax, bu mənada, bunun bir səbəbi də onu yetirən, onun doğulduğu ailədi. O ailədi ki, Borçalı ziyalılarının hamısının ocağı olub Hüseynqulu müəllimə görə. Və saçları qar kimi dümağ olan qibləgahımız, anamız Fatma xanım bu gün bu məclisdə iştirak edirsə, o deməkdir ki, bu əsərin baş qəhrəmanı Fatma xanımdır. Ən böyük folklorşünas alim odur. Buna görə, əzizim, iki gözlüm, Fatma ana, Səməd Vurğun deyirdi ki:
Dünya binasını qurandan bəri,
De, hansı dahinin xəyal şahpəri,
Ucala bilmişdi barı bir kərə,
Ana qəlbindəki sonsuz göylərə”.
Saz ömür və dadından doyulmayan, saz ömrü yaşa, əmioğlu!
Mərhumə ananız və hamımızın anası Fatma xala hər söhbətimizdə mənə deyərdi: “Atan Eyvaz Məmmədov Hüseynqulu əminin sıxıntılı günlərində həmişə tərəzinin Hüseynqulu müəllim olan gözündə olardı”. Hörmətli bükülməz biləkli pələng əmioğlu! Bu fikrə şərh vermək çətindi. Özümüzü biləndən bu fikrin üstündə köklənmişik, bir-birimizə arxa-dayaq olmuşuq. Bundan belə də Allah verən ömrü beləcə, şərəflə və şərəfimizi qoruya-qoruya yaşamalıyıq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.