Baytallının Güləndam qənirsiz gözəl olub. Gözəlliyi öz yerində, həm də güclü, qüvvətli bir qız imiş. Sorağı yaxın-uzaq ellərə də çatıbmış. Elçilər qapılarını yağır eləsə də, Güləndam heç kimi bəyənmirmiş – hərəsinə bir qulp qoyurmuş.
Güləndamın dayısı Şahverdi aşağı kəndlərdən birindən gələn elçilərə “hə” deyir. Sən demə, təzə bəy yaşlı-sinni adammış və işin üstünün açılacağından ehtiyat elədiyi üçün toyu tezləşdirir. Nə isə, Güləndamı böyük təmtəraqla ər evinə köçürürlər…
…Bəy otağının qapısı açılanda elə bil Güləndamın başına bir qazan qaynar su tökürlər. Bu qənirsiz gözəl görür ki, əri olası kişi yaşlı-sinni adamdı; Güləndam aldadıldığına yanıb-yaxılır. Ancaq üzə vurmur, özünü toxdaq aparır. “Sinçini Allah vursun! Sənə arvad olsam atamın qızı deyiləm!” pıçıldayır…
Əri olası kişini qılıqla ram eləyən Güləndam bir-iki gündən sonra həyət-bacaya çıxır. Həyətdə qalaqlanmış odunun hardan gətirildiyini soruşur. Heç nə unamadıqlarından deyirlər ki, Saraclıdan gətirilib. Güləndam guya maraq xətrinə Saraclının harada olduğunu da soruşur, əslində bu kəndin səmtini öyrənmək istəyir. Salığını verirlər.
Güləndam gecənin bir aləmində təzə bəyin papağını, çuxasını geyinir, tüfəngini götürür, atına minib Faxralıya tərəf yol alır. Səhər gəlib evlərinə çatır…
“Oğlan” evinin adamları gəlinin – Güləndamın qaçdığını, “ərinin” papağını, atını, tüfəngini də apardığını görüb əl-ayağa düşürlər. Borçalıda da papaq, at namus rəmzidi. Oğlan evindən üç kişi yol alır Faxralıya…
Güləndam qətiyyətlə: “Adımın üstünə ad qoyub. Atı, papağı vermiyəcəm. Silaha görə isə fılan qədər pul verməlisiniz.”
Gələnlər pulu verib tüfəngi götürsələr də papaqla at qalır Faxralida Güləndamgildə…
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”