Faxralının Qaraxaç yaylağındakı yurd yerlərindən biri də Qaranlıq dərədədi. Bir gün binəçilərin mal-qarası Yırğançağın qoruğuna dolur. Qoruqçu mal-qaranı qabaqlayıb aparır, xalxala salır. Xəbər Avış öyünün Hüseynəli kişiyə də çatır. Həmin vaxtlarda binədə başıpapaqlı bircə o imiş. Kişi koğasını götürüb yol alır Yırğançağa – mal-qaranı buraxdırmağa.
İnsafən, qoruqçu da, qoruqçunun qonu-qonşusu da onu səmimi qarşılayır. Xoş-beşdən sonra nə diləyə gəldiyini soruşurlar. Hüseynəli kişi mətləbini bildirir. Heç kim dillənmir. Handan-hana qoruqçu deyir:
– Hüseynəli dayı, sənin xətir-hörmətin bizim üçün çox əzizdi. Ancaq mal-qara qoruğa yaman ziyan vurub. Cəriməsini almamış verə bilmərəm. Sənin özünün neçə baş malın var?
– On baş.
– Sən mallarını seç apar, bir qəpık da pul istəmirəm. Qalan malların yiyələrinə çatdır ki, hər mala uç manat pul gətirsinlər.
Hüseynəli kişi qoruqçunu tərs-tərs süzür. Yerindən qalxıb koğasına mətəristlənir:
– Mən bura öz mallarım üçün gəlməmişəm. O ki hamısını vermirsiniz, mən öz mallarımı da aparmaram. Bu sinnimdə bıqeyrət iş tutmaram!
Hüseynəli kişinin səsindəki qəzəbi duyanlar bir-birinin üzünə baxır. Ağsaqqallardan biri aramla Hüseynəli kişiyə yaxınlaşır:
– Faxralılar bineyi-qədimdən el təəssübü çəkən olublar. Sən ki, belə qeyrətdi, comərd adamsan, xalxaldakı malların hamısı sənə qurbandı. Malların hamısını aparacaqsan – pulsuz-parasız. Dədəm həmişə deyərdi ki, Faxralıynan dost olana zaval yoxdu. Bu gündən sonra səninlə qardaşam.
Sonra üzünü qoruqçuya tutub ötkəm səslə deyir:
– Xalxalın qapısını aç, özün də düz Dəvə qoruğunacan kişiyə kömək elə!..
Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı”