Şair Şaban barədə məlumat

Şair Şabanla Qara Qəribin “küsüşməsi”

Dodaqdəyməz

O dildarı görüncə qeyri dolandı,
Ox atdı hədəfə, yay çəkə-çəkə.
İlqar verdi, ilqarında gec oldu,
Gözlədik yolları ay çəkə-çəkə.

Könül quşu havalanar dağında,
Ötüşər kəkliklər səhər çağında.
Olaydıq yarıynan yar otağında,
Tutaydıq əlindən toy çəkə-çəkə.

Şabanın sinəsi qaynayar, coşar,
Dalğalı dənizdi, həddini aşar.
Sevgi sevgisinnən şirin danışar,
Xoş keçər günləri say çəkə-çəkə.

Qocalıq

Cavanlıq çağım yad olub gedir,
Vədəsiz üstümü alır qocalıq.
Əyir qəddimi, bükür belimi,
Deyəsən, boynumda qalır qocalıq.

Qara saçlar tən ağarır başımda,
Tük uzanır, kirpik sürür qaşımda.
Bu nöqsanı mən görürəm yaşımda,
Ayağımı daşa çalır qocalıq.

Qulaq kəsmir, diş tökülür, göz qalır,
Bədən əsir, hey gözlərim sulanır.
Şair Şaban, niyə qəlbin bulanır,
Səni bu hallara salır qocalıq.

Dünya

İnsi-cinsi mövlamızdı yaradan,
Onları zafına salandı dünya.
Yaranmış insanlar çıxır aradan,
Axırı bilinmir, yalandı dünya.

Əvvəli bilinmir, axırı yoxdu,
Çəkənin əlində kamandı, oxdu.
Xavar al özündən, əhvalat çoxdu,
Neçə yol boşalıb-dolandı dünya.

Mən bilirəm yaman namərddi bizə,
Xudamın cəfası görünmür gözə.
Neçə pəhləvanı vurubdu dizə,
Rusdamı fəndinə salandı dunya.

Əzbər eləsəm də hər bir lisanı,
Kəsibdi qarşımı haqqın divanı.
Füzuli, Firdovsi, Qurbani hanı? –
Saban deyər, namərd olandı dünya!..

Yara

Yarım xəyalımdın ölüncə getməz,
Dəstimdə qələmim, nə yazım yara.
Surəti gözümün önündən getməz,
İllərlə həsrətdi sağ gözüm yara.

Gün kimi dağlara yayılım – dedi,
Ağlaram, açılmaz ayınım – dedi.
A qardaş, sənə də qayınım dedi,
Yetir bu naməni əzizim yara.

Mən Şabanam, dağlar aranı kəsdi,
Çəkdiyim intizar özümə bəsdi.
Yarsız bu dünyada gəzmək əbəsdi,
Budu son təmənnam, son sözüm yara.

Ağlama

Elə durma – qəm içində,
Gül, ağlama, gül, ağlama.
Sən ağlasan mən ağlaram,
Gəl ağlama, gəl ağlama.

Sənin umuddu sözünü,
Ocağıma qat közünü.
Görən itirər özünü,
Göz yaşını sil, ağlama.

Cismim yandı ahu–zardan,
Üzülürəm intizardan.
Gəl Şabanı qurtar dardan,
Ürəyini al, ağlama!

 

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur