Söhbəddin Məmmədov barədə məlumat
DÜNYADI
A dostlar, bilin ki, düz tutulmayıb
Mayası, yalandan yalan dünyadı.
Kimiyə səfadı, kimiyə cəfa,
İnsanı ucaldan, salan dünyadı.
Dinləyin sazımı, dinləyin bir az,
Dərdimi çəkəmməz nə Kür, nə Araz.
Nə ola, gözündə qalmaya muraz,
Əhdinə vəfasız olan dünyadı.
Sevinci dayazdı, kədəri dərin,
Söhbəddin, ağırdı qəza-qədərin.
Talayıb könlümü, bilmirəm sirrin –
Gətirən dünyadı, alan dünyadı.
BƏLKƏ
Dillən könül sazım, öt yavaş-yavaş,
Sinəmin dərdləri azala, bəlkə.
Haray sal simlərə, od sal simlərə,
Pozulmuş pərənim düzələ, bəlkə.
Qəm karvanı, qəm yüküdü “Urfanı”,
Havalar sultanı, havalar xanı.
Dağıt bu boranı, qov bu tufanı,
Oxuya bülbüllər, yaz ola, bəlkə.
Bilmirəm, düşübmü ömrüm düyünə,
Çoxdandı həsrətəm toya-düyünə.
İstərəm ki, sazda gülüm güllənə,
Nəğməli dastanlar yazıla, bəlkə.
AYAQ SAXLA
Etibarsız heç olmadın,
Getmə, dayan, ayaq saxla.
Kimsəni darda qoymadın,
Getmə, dayan, ayaq saxla.
Coşqun çayım, Kür, Arazım,
Nəğməm, sazım, xoş avazım.
Qoyma gözümdə murazım,
Getmə, dayan, ayaq saxla.
Süfrə salıb, məclis quran,
Dost-qohuma arxa duran.
Gədiklərdə köhlən yoran,
Getmə, dayan, ayaq saxla.
Hanı Arif, Xan Sultanım?
Yıxılıbdı xanimanım.
Ər Aydınım, ər Aslanım,
Getmə, dayan, ayaq saxla.
Söhbəddini darda qoyma,
Çovğun, boran, qarda qoyma.
Ərzurumda, darda qoyma,
Getmə, dayan, ayaq saxla.
MƏNİM
Tale məndəm üz döndərib,
Heç sarımır bəxtim mənim.
Dərdi-qəmi yüz göndərib,
Yıxılıbdı taxtım mənim.
Mizrab vurdum telli saza,
Nəğmə qoşdum bahar, yaza.
Bürünmüşəm qar-ayaza,
Dağılıb imarətim mənim.
Sinəm yara dilim-dilim,
Zəhər dadır ağzım, dilim.
Qardaş dərdi qırdı belim,
Qalmadı taqətim mənim.
Söhbəddinəm, yandı canım,
Talandı dağım, aranım.
Kor eylədi qəm karvanım,
Əyildi qamətim mənim.
NEYNİM
Sənsiz yurda, a qardaşım,
Ayaqlarım getmir, neynim.
Selə dönüb gözdə yaşəm,
Ər igidim səkmir, neynim.
Səyyad idin adlı-sanlı,
Hər dəfə də ovun qanlı.
Qohum canlı, istiqanlı,
Səğalımı çəkmir, neynim.
Sinəm dolu, kitab tutmaz,
Nağıla, dastana səğmaz.
Ötən günlər yaddan çıxmaz,
Xatirələr bitmir, neynim.
“Narın qala”m sökülübdü,
Yuxum ərşə çəkilibdi.
Gözüm yola tikilibdi,
Dərdli ürək yatmır, neynim.
Söhbəddin də yaralandı,
Sinəsindən paralandı.
Canı candan aralandı,
Qırıq könül bitmir, neynim.