Fikrət Məmmədov barədə məlumat

GÖZƏL DAĞI

Gözəl dağı, qollarını bircə aç,
Öz balan tək qucağına atılım.
Nə ki sağam, qoy asılım boynundan,
Öləndə də torpağına qatılım.

Arzum budur, uca, məğrur başından
Dünya varkən, qara yellər əsməsin.
Əl-ətəyin dolu olsun çiçəklə,
Səngərində bircə mərrmi bitməsin.

Gözəl dağım, ulu babam oylağı!
Fikrətəm, adına şeir yazıram.
Harda olsam, tərlan könlüm oyaqdı,
Lazım gəlsə, keşiyində hazıram.

OLA

İstəmirəm, məhəbbətin
Yollarında duman ola.
Ulduzumuz barışmağa
İstərəm ki, güman ola.

Möhnətini çəkə-çəkə,
Tay olmuşam pərğu-tükə.
Həsrətimə bircə tikə
Mərhəmətin dərman ola.

Suya gəlsən – bulağam mən,
Seyrə çıxsan – oylağam mən,
Yolunda göz-qulağam mən,
Kaş, işimiz sahman ola.

Fikrət Eyvaz gedər bada,
Sevgisini verməz yada.
Küpəgirən qarılarda
İnsaf ola, iman ola.

KAMANDAR (Aşıq Kamandar Əfəndiyevə)

Nəğməli könülsən Borçalımıza,
Ağdı el yanında üzün, Kamandar.
Nəfəsin, duyana həyat eşqidir,
Sənət məktəbisən özün, Kamandar.

Sazın hal əhlinə dindi, imandı,
Xalların, güllərin canlara candı.
Bizi özümüzdən alma, amandı,
Laylalı sonadı sazın, Kamandar.

Faxralıda söz sərrafı Nəbim var,
Tükənməyən, coşub-daşan təbim var,
Dindirdiyin hər havada həbim var,
Məlhəmdi dodaqda sözün, Kamandar.

OVÇU

Yenə qondu körpə bülbül,
Qızılgülün sinəsinə.
Zalım ovçu, gözəlliyi
Nişan alma sinəsinə.

Ay insafsız, bir az ləngi,
Dabanından sal tüfəngi.
Ovla belə döyüş cəngi
Yaraşarmı heç o sinnə?!

Cüyür gələr yorğun-yorğun,
Quşlar ötər oğrun-oğrun.
Fikrət ala göz vurğun,
Daşürəksən sən, əksinə.

SALAMAT QAL

Vurğunu olduğum, a Gözəl dağı,
Gülünü sinəmə tax, salamat qal.
Bağçadı bu yerlər, bağdı bu yerlər,
Bağça, salamat qal, bağ, salamat qal.

Gəzək binələri, lap əldən düşək,
Yağışda islanaq, gün altda bişək,
Dağların alovu, odu, a şimşək,
Gurulda, nərildə, çax, salamat qal.

Qızılqaya qızılquşlar oylağı,
Dərdlərə dərmandı Möylə bulağı.
Dələver, nə səsdi belə sübh çağı,
Çağla, salamat qal, ax, salamat qal.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur