Səməndər Məmmədov barədə məlumat

Səməndər Məmmədov: “Səngərim…” şeiri

KİTAB TUTMAZ MİN DASTANIM, FAXRALI

Vurğun könlüm pərvanədir başında,
Canımdan da əziz canım, Faxralı.
Həyatım, varlığım, zövqüm, kamalım,
Səcdəgahım, din-imanım, Faxralı.

Qızılqaya, Böyükgüney, Qaradağ,
Səngərimdə əriməyən qara bax.
Dağlarında “Cəngi” çalır hər bulaq,
Ömrümdə mənalı anım, Faxralı.

Eşqinlə çırpınır könlümün səsi,
Oylağım, yuvamsan, Möylə dərəsi.
Səndədir, ceyranın, cüyürün dəsi,
Yerim, göyüm, asimanım, Faxralı.

Bu torpaqdı sazın, sözün mahalı,
Hər çəməni, hər talası bir xalı.
Dağları var yapıncılı, çalmalı,
Kitab tutmaz min dastanım, Faxralı.

Mirzə Rzam, Mirzə Həbim, Gül Pərim,
Hümmət, Musa kimi kəsərli ərim,
Telli sazda həm zilimsən, həm bəmim,
Nəbim kimi gövhər-kanım, Faxralı.

Məməşoğlu İsrafilin ər idi,
Əli Bayramoğlu eldə bir idi.
Məhəmmədin ocaq idi, pir idi,
Sədrəddinim, həm Aslanım, Faxralı.

Əli Xəlil el hörməti qazandı,
Bütöv oldu, uca tutdu düz andı.
El üçün yaşadı, el üçün yandı,
Adıbəlli şöhrət-şanım, Faxralı.

Hümbət oğlu Qara idi ziyalı,
Belə oğlu unudarmı Borçalı.
Canpoladın tökməbədən, arxalı,
Hüseynqulum, Şəmistanım, Faxralı.

Gözəllərin heç solmayan çiçəkdir,
Loğmanların milyonlara köməkdir.
Şamilin var, ölkələrə gərəkdir,
Ulusum, sultanım, xanım, Faxralı.

Övladların alnıaçıq, üzüağ,
Tarixində çox Namazlar qalacaq.
Vəzirlərin zaman-zaman olacaq,
İncim, dürrüm, zər-nişanım, Faxralı.

Qartalqonmaz dağlarını anıram,
Sönməmişəm, qucağında yanıram.
Səngərimdə duruş tapan mamıram,
Əzəl andım, son məkanım, Faxralı.

Ağır elsən, Borçalıda adın var,
Yananın var, yamanın var, yadın var.
Səməndərə həyat verən odun var,
Od tutub odunda yanım, Faxralı.

SƏNGƏRİM

Tarix yatır torpağında, daşında,
Ağsaçlı dağlardan qoca Səngərim.
Qoymaram tapdaya yad ellər səni,
Elimin, obamın tacı Səngərim.

Yüksəkdəsən qəm-qüssədən qəhərdən.
At üstəsən, düşməmisən yəhərdən.
Dosta dostsan, düşməninə zəhərdən
Daha da acısan, acı, Səngərim.

Faxralıda Səməndərə qalasan,
Sinən üstə nəyin varsa qala san,
Arzum budur qaldığıntək qalasan,
Möhtəşəm Səngərim, uca Səngərim.

ŞAMİLİM (Şamil Qurbanovun “Nəriman Nərimanov dünyası” kitabını oxuyarkən)

“Alimlik, insanlıq yüzdə birdədi”,
Onların içində birdi Şamilim.
El bilir, o, elmin zirvəsindədi.
Ocaqdı Şamilim, pirdi Şamilim.

Girmədi heç zaman gündə bir dona,
Ömər, Cəmaləddin, Həmzət bəy, Sona,
Məmmədəmin şandı, şöhrətdi ona,
Nəriman incidi, dürdü, Şamilim.

Bəhrəsi hardadı, özü ordadı,
Söhbəti ordadı, sözü ordadı.
Odu içindədi, közü ordadı,
Hələ açılmamış sirdi Şamilim.

GÖZƏL DAĞI

Doğma Faxralımın
Tacıdır Gözəl dağı.
Ağsaçlı Səngərimə
Bacıdır Gözəl dağı.

Yazda çən olar başı.
Çiçək bitirər daşı.
Bəlli deyildir yaşı,
Qocadır Gözəl dağı.

Cığırlar misra-misra,
Bənzəyir qırışlara.
Baş çəkir buludlara,
Ucadır Gözəl dağı.

ALLAH SAXLASIN! (Nurlu kişinin işıqlı övladı Arif Aslanoğlu Alməmmədliyə)

Mayan halallıqdı, ay dayım oğlu,
Belə qazanıbsan hər bir uğuru.
Gedirsən açılan qollara doğru,
Mərhəmətin bulaq kimi çağlasın,
Allah səni pənahında saxlasın.

Ağır eldə oğullardan birisən,
Əzəmətsən, əyilməzlik sirrisən.
Söykökünün ocağısan, pirisən,
Mərhəmətin bulaq kimi çağlasın,
Allah səni pənahında saxlasın.

Ömrünün yaz çağı, bahar çağıdı,
İlqarın, vüqarın Gözəl dağıdı.
Qəlbin insanlara Hatəm bağıdı,
Mərhəmətin bulaq kimi çağlasın,
Allah səni pənahında saxlasın.

Adınla ucasan, adını qoru,
İçin də, çölün də durudu, duru.
Yaradan veribdi sənə bu nuru,
Mərhəmətin bulaq kimi çağlasın,
Allah səni pənahında saxlasın.

“Yaşamaq yanmaqdır” – yanan qalacaq,
Məhəbbət, sədaqət, ad-san qalacaq.
Səməndər, anılan, anan qalacaq.
Mərhəmətin bulaq kimi çağlasın,
Allah səni pənahında saxlasın.

DÖZƏ BİLMƏDİ (Uğurlu Hüseynovun əziz xatirəsinə)

Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.
                                          M.RAHİM

Rəhbər oldu, eldə hörmət qazandı,
Düz oldu ilraqı, düz oldu andı.
Heç incik salmadı bircə nəfəri,
El-oba yolunda şam kimi yandı.

Ömür yollarında boşaldı, doldu,
Həyatda amalı halallıq oldu.
Başıuca, alnıaçıq yaşadı,
Xalqın da gözündə daim ucaldı.

Fərmanın dağına dözə bilmədi,
Onsuz gen dünyada gəzə bilmədi.
Qardaş itkisi də əydi qəddini,
Dərd üzdü, o, dərdi üzə bilmədi.

GETDİ (Mahal Əliyevin xatirəsinə)

Xəbər gəldi, dəhşət bizi bürüdü:
Mahal getdi – artıq yoxdur həyatda.
El-oba ağlayıb yandı, yaxıldı,
Ağı deyib yaş axıtdı həyat da.

Vətənimin el oğlu, el balası,
Yaşadı hörmətli, yaşadı adlı.
Dünyanı həm görür, həm də bilirdi,
İnsanlıq həyatda ən böyük addı.

Saflığa tapınıb, nəcib yaşadı,
Elinə vurulub, elini andı.
Mərifət ucalıq, mərifət tacdı,
Tacı, ucalığı özü qazandı.

Nurlu simasını görməyən oğlu,
Sönməz ocağını yandıracaqdır.
Uca tutub atasının adını,
Soyuna, kökünə nur saçacaqdır.

ƏR OĞLU

CANPOLAD BUDAQOV! Bu ad artıq dünya idmançıları arasında qürur və şərəflə çəkilir. Müstəqil Azərbaycanımızın üçrəngli bayrağını ilk dəfə dalğalandıran idmançımızdır Canpolad Budaqov. Azərbaycandan uşu üzrə ilk Avropa çempionu və dünya çempionatının ilk gümüş medal mükafatçısı da Canpoladdır. Üçqat dünya Çempionu C.Budaqov doğulduğu ocağın, Faxralının, Borçalının, Azərbaycan və türk dünyasının fəxridir.
Uzaq Çində keçirilən bu çempionatda Canpoladın əsas rəqibi Aram Markaryana böyük üstünlüklə qalib gəlməsi azərbaycanlılarda, xüsusən, borcalılarda böyük qürur hissi doğurmuşdur.

Hər tərəfi ocaq, pirdi yurdumun,
Sözü bütöv, ağzı birdi yurdumun.
Oğulları bəbir, şirdi yurdumun,
Qarı düşmən, oğulu gör, nər oğlu,
Poladcanlı Canpoladı, ər oğlu.

Borçalıda Səngərimdən güc alıb,
Döyülməyib, döyə-döyə ucalıb.
Döyüşüylə uzaq Çinə səs salıb,
Qarı düşmən, oğulu gör, nər oğlu,
Poladcanlı Canpoladı, ər oğlu.

Dağ oğludu, dağtək durdu Pekində,
Qartal kimi bir qıy vurdu Pekində,
Qalib gəldi Uşu yurdu Pekində.
Qarı düşmən, oğulu gör, nər oğlu,
Poladcanlı Canpoladı, ər oğlu.

DİNDİR (Söhbəddin müəllimə)

Könül havadarım, qardaş, a qardaş,
Köklə telli sazı çək zilə, dindir.
Gəlsin oğuz oğlu tüğyan eyləsin,
Car eyiə “Cəngi”ni sən elə, dindir.

Bu dağların ən ucası sazında,
Bəzirganı, həm xocası sazında.
Yurdumuzun lap qocası sazında,
Necə yaşayırsa bax, elə dindır.

Sazda gəzən barmaqların birdi, bir,
Barmaqların gəzişməsi sirdı, sirr.
Donmuşam yerimdə, olmuşam əsir,
Gətir Səməndəri sən dilə, dindir.

İMDAD (Aşıq İmdad Səmistan oğluna)

Köklə sazı, bir “Mansırı” çal görək,
Ünün yetsin dağa-daşa, ay İmdad.
Elnən durub, elnən nəfəs alırsan,
Tale verən paydı, yaşa, ay İmdad.

Faxralıtək ağır eldi dirəyin,
İçi-çölü durulardı köməyin.
Köksünə sığmayan böyük ürəyin
Hər zaman atdana, coşa, ay İmdad.

Səməndərəm, sazı ruhum bilmişəm,
Yurd-yuvamdı, ona könül vermişəm.
Tanıyandan səni belə görmüşəm,
Sözə bağlı, sazla qoşa, ay İmdad.

MÜRSƏL ƏMİ (Asıq Mürsəl Faxralıya)

Ağır-ağır toylar yola salardı,
Saz çalar, söz qoşar, nəmər alardı.
Saç-saqqalı bu yollarda ağardı,
Mürsəl əmi ipək kimı kişiyidi,
Xeyirxahlıq əməliydi, işiydi.

Dağlar onun oylağıydı-oylağı,
Addım-addım gəzərdi hər yaylağı,
Cənnət idi ona “Cənnət bulağı”.
Mürsəl əmi ipək kimi kişiyidi,
Xeyirxahlıq əməliydi, işiydi.

Yay oldumu, yaylaqlardan enməzdi,
Bir kimsənin toyğuna kiş deməzdi,
Ömrü boyu haram tikə yeməzdi,
Mürsəl əmi ipək kimi kişiydi,
Xeyirxahlıq əməliydi, işiydi.

SƏCDƏGAH OLDU (20 yanvarda şəhid olmuş Faxralı balası İLQAR HÜMBƏT oğluna)

Yenə matəm içindədir ağsaçlı Səngər,
Qoynuna ilqarlı İlqarı gəlir.
Şax dayan, a kəndim, bil ki, oğlunu
Bütün Azərbaycan öz oğlu bilir.

Doğma Bakımızda adı başdadır,
Adı da, andı da dillərdə əzbər.
Canını yurduna qurban eylədi,
Belə bir oğula varmı bərabər?

Möhtəşəm xalqımın qartal balası,
Ağılarda nalə oldu, ah oldu.
Uca tutdu Borçalının adını,
Torpağa qarışıb səcdəgah oldu.

DAĞLAR (Əmioğlu dəmirçi Ələddin Mıısa oğluna)

Axa-axa durulmuşam,
Qucağında özüm, dağlar.
Çeşmən üstə diz çökmüşəm,
Güc alıbdı dizim, dağlar.

Nur çiləyir gün düzünə,
Yaraşıqdı gül üzünə.
Yol salıbdı el düzünə,
Yolum dağlar, izim dağlar.

Ömür keçir bala-bala,
Ölüm baxmır vara-hala.
Səməndərə ocaq ola,
Odum dağlar, közüm dağlar.

ATADIR (Faxralı toponomik yer adlarının mahir bilicisi, el şairi, hörmətli müəllimim İsmayıl Güllərə məktub)

Zəhmində ildırım çaxarı vardır,
Qismətim, çörəyim, duzum atadır.
Odur əyilməyən sərt qayalartək,
Dönməz əqidəli, dözüm atadır.

Ömrümün sultanı, ömrümün xanı,
Təmizdi əməli, pakdı vicdanı.
Qeyrətdən yoğrulmuş canımın qanı,
Sinəmdə çağlayan sazım atadır.

Elin tarixidi, elin yaşıdı,
Ailə üzükdü, ata qaşıdı.
Qartaldı, oylağı dağlar başıdı,
Ləlvərdə açılan gözüm atadır.

Qurub-yaradandı, hesabı çəksən,
Çıxdaşdı, kim salsa onu nəzərdən.
Ərdilər, özləri törəyib ərdən
Ən şirin söhbətim, sözüm atadır.

Meydanında kim at sürər, söylə, kim,
Kərəmim, Xətaim, ulu Babəkim.
Kəpəzim, Murovum, dumanlı Ərkim,
Şahdağım, Səngərim, Bəzzim atadır.

Andımdı: yanında ağ olsun üzüm,
Yerişim, duruşum, nur alan gözüm.
Səməndər, yaylağım, çəmənim, düzüm,
Oduna yandığım közüm atadır.

BALA (Müəllimim İsmayıl Güllərin cavab məktubu)

Səməndər, belədir diləyim mənim,
Kişitək yaşasın, qocalsın bala.
Oğullar atanın gələcəyidi,
Atanın başında tac olsun bala.

Sən özün oğulsan, mən də bir ata,
Səni mən öyrədib atdım həyata.
Şükür ki, çatıbsan belə büsata,
Şair meydanında bac alsın bala.

Nəbinin nəvəsi, Faxralı eli,
Yaşasın, yaratsın, var olsun əli.
Kitablar bağlasın, sevinsin eli,
İstərəm hər yerdə ucalsın bala.

Oğullar atanın göz nurasıdı,
Oğullar atanın göz qarasıdı,
Oğullar atanın yurd-yuvasıdı,
Tacını verməsin, tac alsın bala.

Beş yüz əlli addan ilham almışam,
Səksən üç baharı yola salmışam,
İsmayıl Güllərəm, ta qocalmışam,
Özündən güclüdən güc alsın bala.

ÇƏRÇİ QIZI

Qızılqaya binələrdən başadı,
Büloylüklə, Armudluyla qoşadı.
Çərçi qızı sinəsində yaşadı.
Eymənib kimsəni salmadı saya,
Halal olsun belə igid anaya.

Vurğun idi obasına, elinə,
Yalan-palan heç gəlmədi dilinə.
Xəncər taxıb, tüfəng aldı əlinə,
Söz də qoşdu göydə uçan durnaya,
Halal olsun belə igid anaya.

Yonubəri, Böyükgünöy, Qaradağ,
Almalıxda almaya bax, nara bax.
Şadlanardı görcək onu hər budaq,
Bəzək idi hər məclisə, hər toya,
Halal olsun belə igid anaya.

Şalvar geydi, şinel geydi əyninə,
Qanad çaldı qardaşının yelinə,
Yağıları heç almadı eyninə.
Haylayanda tez gələrdi haraya,
Halal olsun belə igid anaya.

Unutmuşdu vahimənin daşını,
Hey kəsərdi gədiklərin başını,
Gözləyərdi Ortayalın qaşını.
Nigartək yaşadı, yetişdi hoya,
Halal olsun belə igid anaya.

Keçiqıran, Divsiz idi oylağı,
Asırğallı, Kürənyalı yaylağı.
Dirilik suyudu Cənnət bulağı,
İstərdi hər zaman coşa, qaynaya,
Halal olsun belə igid anaya.

Bəyənmişdi Xan Kərəmi, Lələni,
Aşdı at belində yüz dağ, dərəni,
Keçilməz yerlərdən keçdi köhləni.
Baxmaz idi nə sel-suya, nə çaya,
Halal olsun belə igid anaya.

Dağların sultanı, dağların bəyi
Dəllək İsmayılın qəlbi, dirəyi.
El-el danışıldı onun çörəyi,
Zəhməti heç zaman getmədi zaya,
Halal olsun belə igid anaya.

Həssas idi həm haraya, həm küyə,
Mat qaldılar onda olan ürəyə.
Kişi kimi at da sürdü sürəyə,
Kim vurulmaz bu hünərə, bu soya,
Halal olsun belə igid anaya.

Hər yaylaqda, hər bulaqda izi var,
Ürəklərdə söhbəti var, sözü var,
Ocağında heç sönməyən közü var.
Ona heykəl olub o Qızılqaya,
Halal olsun belə igid anaya.

Düz oldu binadan sözü, əməli,
Qeyrət idi bünövrəsi, təməli,
Düşmədi dilindən “Allah”, “Ya Əli”.
Analarımız kaş beləcə qarıya,
Halal olsun belə igid anaya.

Ay Səməndər! Nənən dillərə düşdü,
Adı zaman-zaman illərə düşdü.
Hünəri ellərdən-ellərə düşdü,
Yayıldı mahala, elə, obaya,
Halal olsun belə igid anaya.

GÜLƏNDAM (Aldandığı nadürüstü bağışlamayan, onun papağını, atını və tüfən¬gi-ni ata ocağına gətirən igid nənəm pəhləvan Güləndam Baytallıya ithaf olunur)

Şir ürəkli, şir biləkli gözəli,
Bir görün, aldadıb hara verdilər?
Kim qol qoydu bu sevdaya, görəsən?
Görməzə-bilməzə, vara verdilər.
Darılmadı, möhkəm durdu Güləndam,
Bu qurğuya zərbə vurdu, Güləndam.

“Başıma açılan işə bax”, – dedi,
Od qoy bu ocağa, yandır-yax dedi,
Gecənin birində “ya Allah” – dedi,
Xalqımızın pəhləvanı, ər qızı,
Faxralıtək ağır elin nər qızı.

Kişi kimi atlı gəldi Güləndam,
Qisas alıb, adlı gəldi Güləndam,
Əldə tüfəng, odlu gəldi Güləndam,
Xalqımızın pəhləvanı, ər qızı,
Faxralıtək ağır elin nər qızı.

Aldanışla banşmadı, öc oldu,
Qarşı tərəf qarşısında heç oldu,
Vətənində yenilməyən güc oldu,
Xalqımızın pəhləvanı, ər qızı,
Faxralıtək ağır elin nər qızı.

Minnət üçün gələnlər çox dirəndi,
Gördülər ki, igid nənəm ərəndi.
Şərt qoymuşdu, qoyduğu şərt ödəndi,
Xalqımızın pəhləvanı, ər qızı,
Faxralıtək ağır elin nər qızı.

FAXRALININ QARAGÖZLÜ QIZLARl (Güləndam pəhləvan, Matış qarı, Balaxanım Çərçi qızı, Nənni Babaş qızı, Əsli Əlləz qızı, Fatma Molla qızı, Yetər Bayram qızı, Balaxanım Məşədi Söyün qızı kimi adlı-sanlı və qəhrəman qadınlarımızın rəmzi nəvə-nəticələrinə)

Dəstə-dəstə gül bəsləyər gül əllər,
Qismət olmur hər yetənə gül əllər.
Ömrü boyu şadlanarlar, gülərlər,
Faxralının qaragözlü qızları,
Elimizin sazlı-sözlü qızları.

Gözlərindən dağ alışar, dağ yanar,
Gəzməsələr, bağça yanar, bağ yanar.
Namusuna, ismətinə sığınar
Faxralının qaragözlü qızları,
Elimizin sazlı-sözlü qızları.

Qoşabulaq dillərində bal dadır,
Barmaqları ilmə-ilmə şaldadır.
Çoxusunun gözü hələ yoldadır,
Faxralının qaragözlü qızları,
Elimizin sazlı-sözlü qızları.

Dolaşdılar söhbətimdə, sözümdə,
Adlarıyla fəxr elədim özüm də,
Hara getsəm, gedəcəklər gözümdə,
Faxralının qaragözlü qızları,
Elimizin sazlı-sözlü qızları.

Səməndərəm, yar yolunda yanaram,
Sanmayın ki, etibarı danaram.
Sizi eşqin qızıl tacı sanaram,
Faxralının qaragözlü qızları,
Elimizin sazlı-sözlü qızları.

YA QİSMƏT

Görüşünə Qızılqaya, Qaradağ,
Bir də gələm, ya gəlməyəm, ya qismət.
Sevincimi, Qoşa bulaq, səninlə,
Bir də böləm, ya bölməyəm, ya qismət?!

Dolaşmışam qarış-qarış hər düzü,
Aramışam addım-addım o üzü.
Gözəl dağdan bənövşəni, nərgizi,
Bir də üzəm, ya üzməyəm, ya qismət?!

Cənnət bulaq, Ördəkli göl, Yastana,
Tərifiniz sığışarmı dastana.
Çox içmişəm Qırxbulaqdan, ay sona,
Bir də içəm, ya içməyəm, ya qismət?!

Dəli könlüm, xeyirxah ol, kara çat,
Hicranı at, vüsala çat, yara çat.
Hacıxəlil ocağına köhlən at,
Bir də sürəm, ya sürməyəm, ya qismət?!

Çək yükünü, duman, kəsmə aranı,
Yaxşı görüm Qaraarxacı, Xramı.
Səməndər, Difsizi, Keçiqıranı,
Bir də gəzəm, ya gəzməyəm, ya qismət?!

ÖPÜRƏM, A DAĞLAR, ÖPÜRƏM SİZİ (İyirmi ildən sonra doğma dağlarımızı gəzdim və gözəlliyə meydan oxuyan göllərimiz Keçiqıranla Divsizdə əl-üzümü yuyub göz dolusu tamaşa elədim)

Qarşımda Difsizdi, Keçiqırandı,
Öpürəm, a dağlar, öpürəm sizi.
Ətəyi gül-çiçək, başı dumandı,
Öpürəm, a dağlar, öpürəm sizi.

Cənnətdə çağlayır Cənnət bulağı,
Damır damcı-damcı gülündən yağı.
Günəşdi ocağı, Aydı çırağı,
Öpürəm, a dağlar, öpürəm sizi.

Qucağında həniri var babamın,
Oğul olub, hünəri var babamın.
Cin deyiblər, çox sirri var babamın,
Öpürəm, a dağlar, öpürəm sizi.

Ulularım bu dağlarnan bir olub,
Dədələşib, Dədə olub, pir olub.
Yurd qoruyub, hər birisi şir olub,
Öpürəm, a dağlar, öpürəm sizi.

El deməkdən usanmadı Səməndər,
Can deyən dillərə candı Səməndər,
Alışdı odunda, yandı Səməndər.
Öpürəm, a dağlar, öpürəm sizi.

FAXRALI TOPONOMİK BAYATILARI

Haçaqayadı…
Yaşlı, qoca qayadı.
Türkün qeyrət rəmzidi,
Mərddi, uca qayadı.

Çal dağı,
Gül-çiçəyi bal dağı.
Başı ərşə çəkilib,
Baxça-bağdı ayağı.

Xurdacalar,
Sənətdi, xırda çalar.
Dağlar özü aşıqdı,
Sazını burda çalar.

Əli Xəlil bulağı,
Üstünə gəl yaz çağı.
Tamamlanmış kitabdı,
Tarixdi hər varağı.

Qara daşdı,
Həm tarixdi, həm yaşdı.
Oğulları mərd, mətin,
Qızları qara qaşdı.

Ocaq bulaq,
Qonağa qucaq bulaq.
Nur payla, nur gözlərə,
Qayna, bulaq, ax, bulaq.

Təhməz bulaq burdadır,
Büllur suyu bal dadır.
Qonağına qol açır,
Gözü hər vaxt yoldadır.

Qarabulaqdı,
Dərdə çara bulaqdı.
Gözəllərə seyrəngah,
İgidlərə oylaqdı.

Ballı dərədi,
Köhlən yallı dərədi.
Nələr görüb-götürüb,
Əhli-hallı dərədi.

Quru dərə,
Suları duru dərə.
Kəmər qayası inci,
Til yalın nuru dərə.

Kəmər qaya,
Qeyrət qaya, ər qaya.
Çən-dumandı çöhrəsi,
Buludu əmər qaya.

Qara qaya,
Baş çəkib hara qaya?
Qartallara yuvadı,
Düsməndi sara qaya.

Tənəkli bağça, bağdı,
Taledən günü ağdı.
Cah-cəlallı binədi,
Çicəyi baldı, yağdı.

Bu qaynayan Qarasu,
Qara bulaq, qara su.
Həsrətim quraqsıyıb,
Eylə dərdə çara, su.

Daşdı gəzdəkdi,
Pirdi, yaşdı gəzdəkdi.
Ərlər yola salıbdı,
Gözü yaşlı gəzdəkdi.

Qoşabulaq gurlayır,
Dodaqda buz bağlayır.
Yurduma “Cəngi” çalır,
Dil də deyib ağlayır.

Əzgillidi,
Moruqlu, əzgillidi.
Qayaları qalxandı,
Oxu alov dillidi.

Bu bulaq Möylə bulaq,
Harda var böylə bulaq?
Kimlər öpdü gözündən,
Gizlətmə, söylə, bulaq.

Asırğallıdı,
Yamaclıdı, yallıdı.
Qayaları eşmə bığ,
Çöl-çəməni xallıdı.

Bu bulaq Sarı bulaq,
Torpağın varı bulaq.
Dirilik paylayırsan,
Qızların yarı bulaq.

Gur bulaq,
Gözəllərə nur bulaq.
Qarşında diz cökənlər,
Dilər sənə sur, bulaq.

Nəzəroğlu bulağı,
Cənnətdi hər bucağı.
Gəl-gəl deyir uzaqdan,
Qiyamətdi qaymağı.

Keçiqıran buradı,
Üzü günə, nuradı.
Binə düşən sevinir,
Hasil olur muradı.

Dağ başında tüldü bu,
Çiçəkdi bu, güldü bu.
Adı Difsiz olsa da,
Mavi gözlü göldü bu.

Qaraarxacın yolu nur,
Sağı çəmən, solu nur.
Yamacınnan, yalınnan
Uşaqlığım boylanır.

Faxralıya hay düşüb,
Hay düşüb, haray düsüb.
Yaranışdan bu kəndə
Kişilikdən pay düşüb.

Gözəldağlı Faxralı,
Bağça-bağlı Faxralı.
Şöhrəti el-el gəzən,
Kefi çağlı Faxralı.

 

MİLLƏT SEVGİSİ

İçimdə boy verir bir çinar kimi,
Bir vətən sevgisi, millət sevgisi.
Əməli tarixdir, görənlər görür,
Bir vətən sevgisi, millət sevgisi.

Sığımayır qəlbinə odu, ocağı,
Müqəddəs, doğmadır vətən qucağı.
Yerindən oynadlr qalanı, dağı,
Bir vətən sevgisi, millət sevgisi,

Düzlərdən keçib, dağlardan aşır,
Tükənmək bilməyir, qaynayır daşır.
Nəğmətək beynində gəzib dolaşır,
Bir vətən sevgisi, millət sevgisi.

Canından çox sevir yurdu-yuvanı,
Qara torpaqdan alır ruhu, qidanı.
Onun həm qəlbidir, həm də ki, canı,
Bir vətən sevgisi, millət sevgisi.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur