Faxralı haqqında əvvəlinci və sonuncu kitab (Redaktordan)
Onilliklər boyu müxtəlif qəzet və jurnallarda, kitablarda Faxralının keşməkeşli dünəni, bu günü, onun qeyrətli oğul və qızları haqqında az yazılmayıb. Ancaq heç birində bu möhtəşəm kənd – bu ağır el barədə görkəmli ziyalı, hamımızın ağsaqqalı Hüseynqulu Məmmədovun “Görüm Faxralının biri olsun beş…” kitabında olduğu kimi geniş və əhatəli verilməyib.
Kitabı qiymətli və əvəzedilməz edən yalnız tarixi hadisələrin xronoloji düzümü, faktlara tədqiqatçı sadiqliyi deyil, eyni zamanda müəllifin uşaqlığındakı, gəncliyindəki müşahidələrinin ümumi təhlilinin bu günki dünyagörüşü prizmasında əks olunan görüntüsüdür. Elə bir görüntü ki, burada hər bir faxralılı özünü, tarixini, nəslini aydınca görür, dünəni haqqında kövrək təssavürə malik olur. Nəticədə başı min bir bəla çəkən həmin ulu torpağı unutduğuna görə, ondan soyuduğuna görə, ona gec-gec baş çəkdiyinə görə özünü məzəmmətləyir, özünü məzəmmət edə-edə hər sətirbaşı daha da faxralılaşır, sonda əsil Faxralı sakininə çevrilir, özünü Qənsələrin qabağında, Duzdaxlı bulağın başında, Gözəl dağının, Səngərin laləlzar yamacında hiss edir, xəyalən Gilliyin burnundan Bejanazarana qədər yol gedir. Bax, budur, bu kitabın gücü, oxucusuna aşıladığı qayə…
Kitabla tanışlığım bir neçə il əvvəl Böyük Britaniyaya səfərim zamanı rastlaşdığım bir hadisəni də xatırlatdı. Lordlar Palatasının işi ilə tanış olarkən proqrama əsasən Palatanın üzvləri ilə də görüşməli olurduq. Mərasim olduqca sadə təşkil edilmişdi: Tanış olun, lord Filankəs və əlavə olaraq bir neçə də ilıq söz. Növbəti tanışlıqların birində ortaboy, bir az da çələfsiz bir insanı bizə təqdim etdilər, yenə də “Tanış olun, lord…” kəlməsi və onun IX əsrdən bu yana şəcərəsi haqqında kitabın müəllifi olduğunu bildirdilər. O, sifətinə utancaqlıq təri çökə-çökə bizi öz əsəri ilə tanış etdi. Görüşdən sonra məlum oldu ki, həmin cənab İngiltərədə ən varlı nəsillərdən birinin nümayəndəsi imiş. Babası əsrin əvvəllərində ölkədə təyyarə istehsal edən şirkətin əsasını qoybmuş. İndi həmin şəxsə mənsub olan bu şirkət Avropada ən aparıcılardan sayılır. Bu nümunəni niyə önə çəkdim?
Ona görə ki, insanın tarixi yaddaşa sadiqliyinə,öz keçmişinə, babaların keçdiyi yola məsuliyyət hissi ilə münasibəti bütün maddi sərvətlərdən, məbləği milyardlarla hesablanan pul kisələrindən daha üstün sayılır. İstərdim ki, “Görüm Faxralının biri olsun beş…” kitabı faxralılar üçün həmin rolu oynasın. Əminəm ki, belə də olacaq.
Əflatun Amaşov
Bu link üzərinə sıxmaqla Hüseynqulu Məmmədovun “Görüm Faxralının biri olsun beş…” kitabı ilə ətraflı tanış olmaq olar.