ÖZ KÖKÜ ÜSTÜNDƏ BİTƏN YAXŞIDI
Deyirlər ki, həyat heç vaxt aciz insanları və zəifləri sevmir. Bu fikirdə çox böyük həqiqət var. Əgər kimsə ömrü boyu başının altına yastıq qoyub yatırsa, qolunu çırmalayıb bir iş görmürsə və günlərin birində də yaşa dolub qocalaraq dünyasını dəyişirsə, əlbəttə, bütün günah həmin insanın özündədir.
Gərək insan dünyaya nə üçün gəldiyini və niyə gəldiyini dərindən dərk eləsin. Daha doğrusu, hər adam özünə belə bir sual verməlidir: Mən bu dünyaya nə üçün gəlmişəm? Bu sualın cavabını düzgün verənlər təbii ki, sonradan hamının qarşısında, eləcə də ailəsinin və el-obasının qarşısında üzüağ olur. Yəni hara gedirsə, harda olursa, qazandığı nüfuza və hörmətə görə, çoxları ona diqqət göstərir və hörmət eləyir. İnsanların məhəbbətini qazanmaq hər adama qismət olmur. Bu o adamlara, nəsib olur ki, insana xoş olan müsbət keyfiyyətləri özündə birləşdirə bilər.
Valeh Aslan oğlu Əliyev də məhz həyat yolunu bu amal üstündə qurub. O, 1961-ci ilin noyabrın 23-də Borçalı mahalının Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra, Faxralı üzümçülük sovxozunda əmək fəaliyyətinə başlayıb. Valeh əmək fəaliyyətinə başladığı ilk gündən zəhmətsevərliyi və bacarığı ilə başqalarından fərqlənib.
Sonra ordu sıralarına yollanır. Qazaxıstanın Qızıl Orda Vilayətinin Aralski şəhərində hərbi xidmətdə olur. Əsgərlik həyatı sanki ona yeni bir yol açır. Bu yol heç də adi yollardan olmayıb. Bu yolu gedən hər hansı cavan adam sonradan daha möhkəm və daha güclü olur. Elə Valeh Əliyev də əsgərlik həyatında bərkə-boşa düşür və daha böyük təcrübə toplayır. Hərbi xidmətdən sonra Faxralı üzümçülük təsərrüfatında fəaliyyətini davam etdirir.
Məlumdu ki, hər bir insan arzu ilə yaşayır. Valeh də həmin təsərrüfatda təcrübə topladıqdan sonra arzusunun dairəsi bir az da genişlənir. Ona görə də Bakıya gəlir, Dövlət Neft Şirkətinin tabeliyində olan İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsində maşinist işləyir. İşləyə-işləyə Çingiz İldırım adına Politexnik İnstitutunun maşınqayırma fakültəsinin qiyabi şöbəsinə daxil olur. Sonradan 1985-ci ildə həmin fakültənin axşam şöbəsində təhsilini davam etdirir. Valeh Əliyev sözün həqiqi mənasında tələbəlik illərində öz ixtisasını çox dərindən öyrənir və onun sirlərinə yiyələnir. Təbii ki, kamil mütəxəssis kimi yetişmək üçün hər şeyi incəliyinə qədər öyrənmək lazım idi. Elə bu qabiliyyəti də Valehə sonralar arxa, dayaq olur. O, İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsində əvvəl iqtisadçı, sonra isə baş mühasib vəzifələrində çalışır. 1999-cu ildə Valeh Əliyev Odlar Yurdu Universitetinin maliyyə-kredit fakultəsini bitirib, ikinci ixtisas alır və əmək fəaliyyətini Vergilər Nazirliyində davam etdirir.
Hər bir müəsisə və təşkilat daha bacarıqlı və istedadlı mütəxəssisə ehtiyac duyur. Belə bir məqamda Valeh Əliyev 1997- ci ildə Baş Dövlət Vergi Müfəttişliyinin Nərimanov üzrə Dövlət Vergi Müfəttişliyində hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışır. Topladığı təcrübə və zəhmətsevərliyi zaman-zaman onun daha yüksək pillələrə qalxmasına təkan verir. O, 2000-ci ilin avqustundan Vergilər Nazirliyinin Vergi Borclarının Məcburi Alınması İşinin Təşkili İdarəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə irəli çəkilir.
Valeh Əliyev həm də şərəfli keçmişinə hörmət edib, onu yaşada-yaşada yaşayır. Müdrik ağsaqqal, kimsədən çəkinməyən, sözü məqamında deməyi bacaran Alməmmədoğlu Möylə, Axund Alı, Faxralıda kolxoz qurucuları kimi tanınmış kolxoz sədrləri və digər rəhbər vəzifələrdə çalışmış İsrafil Məmmədov, Əli Xəlilov türk dünyasının böyük alimi Şamil Qurbanov, Azərbaycan mətbuatının inkişafında müstəsna xidməti olan Azərbaycan Respublikasının Əməkdar jurnalisti, alim-publisist Məmməd Məmmədov, cavan yaşlarında məktəb direktorları işləmiş Qara Hümbətov, Yasin Xəlilov, hazırda məktəb direktoru işləyən Söhbəddin Məmmədov və digər hörmətli ziyalıları yetirən Alməmmədli nəsli layiqli davamçısı olan Valeh Aslanoğlu ilə də fəxr edir. Valeh uzun müddət Faxralıda rəhbər vəzifələrdə işləmiş, elin hörmətini qazanmış gözəl insan Aslan Əliyevin oğlu və xalqımızın çox ləyaqətli oğlu, eli, xalqı üçün yanar ürək olan və bu gün də məsul vəzifə daşıyan Arif Əliyevin qardaşıdır.
Böyük filosof Çesterfild deyib: “Ağıllı adam hərdən tələssə də, tələsik iş görmür”. Əlbəttə, o insan ki, savadlıdır, dünyagörüşü var, təbii ki, o, güclü mütəxəssis kimi harda olmasından asılı olmayaraq, özünü təsdiq edə biləcək. Özünü təsdiqdən böyük qüvvə yoxdur. Hər hansı bir mütəxəssis işə başlayanda fikirləşir ki, mən burda özümə necə hörmət qazanacam. Amma o insan ki, savadlıdır, dünyagörüşlüdür və ziyalıdır, istər-istəməz onlar nəinki işlədiyi yerdə, hətta kənarda da hamıyla ünsiyyət tapa bilir və xoş münasibət qurmağı bacarır.
Valeh Əliyev tək vergi mütəxəssisi kimi deyil, bir ziyalı kimi onu tanıyanların yanında böyük hörmət qazanır. Ziyalılıqsa savadlı, dünyagörüşlü və diplomu olmaqla ölçülmür. Ziyalılıq odur ki, yıxılana arxa durasan, kimsəsizə kömək eləyəsən, özündən acizi incitməyəsən. Bu mənada Valeh məllimin heç kimə bənzəməyən qeyri-adi müsbət xarakteri və xasiyyəti var. O, öz böyük ürəyi və sadəliyi ilə nəinki Faxralı camaatının, eləcə də bütün tanışlarının hörmətini qazanıb.
Deyirlər ki, yaxşılıq itmir. Həqiqətən də belədir. Birinə yaxşılıq elə, sonra da əvəzini umma. Amma bu yaxşılıq sənin öz qabağına çıxmasa da, övladının, nəvənin nə vaxtsa köməyinə çatacaq. Əl tutduğuna görə, günlərin birində də hansısa insan sənin yaxınına dayaq olub, kömək göstərəcək.
Valeh Əliyev 2005-ci ildən Vergilər Nazirliyi Yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin (indiki Xüsusi Rejimli Vergi Xidməti Departamenti) vergi ödəyicilərinə xidmət şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləyir. 2010-cu ildən isə o, Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin iri vergi ödəyicilərinin auditi şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.
Harda işləməsindən asılı olmayaraq, o, öncə azərbaycanlı və vətənpərvər bir ziyalıdır. Bu vətənpərvərliyi və ziyalılığı da zaman-zaman nəinki onu doğma kəndinin sakinləri arasında, eləcə də minlərlə insanlar arasında böyük nüfuz sahibi edib. Heç də hər insan nurlu və işıqlı olmur. O insanlar işıqlı olur ki, onların sözü və əməli bir-birini tamamlayır. Məhz Valeh Əliyevin də həmişə sözü və əməli bir olub. Öz kökü üstündə qalxıb, öz kökü üstündə ucalıb. Zəlimxan Yaqubun dediyi kimi:
…Öz kökü üstündə qalxan, ucalan,
Öz kökü üstündə bitən yaxşıdır.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.