2019-cu ilin sentyabr ayının 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin iştirakçısı olan yerli və xarici nümayəndələri salamlayıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (WAPC) barədə məlumat verən Ə.Amaşov bildirib ki, qurum 1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olmaq məqsədilə yaradılıb. Assosiasiya ötən müddətdə mühüm fəaliyyət yolu keçib, medianın özünütənzimləmə orqanlarının ali strukturu kimi populyarlaşıb. Bunu təmin edən cəhət təşkilatın kütləvi informasiya vasitələrinin müstəqilliklərinin qorunmasına böyük önəm verməsidir. Belə dəst-xətt üzv ölkələrdə vətəndaş cəmiyyətinin inkişafına, hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsinə dəstəkdir, müxtəlif siyasi quruluşlara malik ölkələrdə plüralist fikrin inkişafına layiqli töhfədir: “Assosiasiya tərkibində Avropanın və Asiyanın nüfuzlu media strukturlarını birləşdirməkdədir. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən onun üzvüdür. Təşkilata üzvlük Azərbaycan Mətbuat Şurasının beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Şura hazırda Avropa Mətbuat Şuraları Alyansında təmsil olunur, dünyanın müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlığa, həmçinin Avropa Şurası, BMT kimi nüfuzlu qurumlarla sıx təmaslara malikdir. Azərbaycan Mətbuat Şurası bu təşkilatların media ilə bağlı layihələrində mühüm tərəfdaş qismində çıxış edir”, – deyə Ə.Amaşov vurğulayıb.
Daha ətraflı məlumata bu linkdən tanış ola bilərsiniz.
Bakı. Elçin Mehdiyev – Trend