Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Əflatun Amaşov eyni zamanda, “Xalq qəzeti”nə yeni baş redaktor təyin olunub. “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.
Xatırladaq ki, Ə.Amaşov 19 il Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb.
Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976-1978-ci illərdə hərbi xidmətdə olub.
1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.
1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.
1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.
1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.
2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.
Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.
Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.
2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.
2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.
2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir. Bir oğlu var.