Azərbaycanın işıqlı insanlarından biri, dəyərli dostum, professor Rəşid Əliyevin haqq dünyasına qovuşması sarsıdıcı xəbər oldu.
Rəşid müəllimi bəlkə də layiq olduğundan az adam tanıyırdı, çünki onun titulları yox idi, o imtiyaz meydanını hədəf götürməmişdi, bütün şüurlu həyatı boyu xalqın dərdlərinin yanında yer alırdı. Onu tanıyanlar istedadlı fizik kimi dəyərləndirirdilər. O xalqının professoru, alimi, aydını idi. Bir həqiqəti özüm üçün qəbul etmişəm ki, bəzi insanların naqisliklərə mübtəla olmaqdan qoruyan mənəvi immuniteti var. Bu immunitet, önlara öz nəfslərinə nəzarətə, onun fövqündə dayanmağa imkan verir. Rəşid müəllim bu immunitetə sahib azsaylı Adamlardan idi.
Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda, meydan hərəkatının ilk günlərindən gənc fizik Rəşid Əliyevin tribunalarda quraşdırdığı mikrofonlardan Azərbaycan xalqının haqq səsi və azadlıq hayqırtıları bütün dünyaya yayılırdı. İstiqlal davasının hər anında millətin yanında olan Rəşid müəllim ölkəmizin müstəqillik mücadiləsi boyu həmişə bir əsgər kimi səfərbər olmuş və iştirak etmişdir. 1989-cu ildə Sovet rejimi tərəfindən həbs edilmiş, yalnız Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin və əməkdaşlarının səyi nəticəsində tezlikə azad olunmuşdu. O, 1990-cı il 19 qanlı yanvar gecəsində “Salyan kazarması” yaxınlığında əliyalın Rus Sovet ordusunun tanklarının qabağına çıxanlardan biri olmuşdu.
Səmimi vətənpərvər olan Rəşid Əliyev I Qarabağ savaşı adlandırdığımız, əslində xalqımıza qarşı aparılan soyqırım hədəfli rus-erməni saldırısı zamanı 1992-ci ilin may ayında öz dissertasiyası üzərində elmi fəaliyyətini dayandıraraq 36 yaşında könüllü silaha sarılmış, Vətənin müdafiəsinə qalxmışdır. O, Füzuli, Qubadlı, Ağdam, Ağdərə, Murov, Tərtər uğrunda qanlı döyüşlərdə iştirak etmişdir. Qarabağ müharibəsi veteranı və ehtiyatda olan kapitandır.
2007-ci il yanvar ayından İran İslam Respublikasına müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət alan Rəşid müəllim orada kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində yaxından iştirak etmişdir. İranda qalıb işləmək təklifini qəbul etməmiş və doğma Azərbaycana qayıtmışdır. Sonradan onu qısa müddətdə İrana dəvət edərək müəmmalı şəraitdə həbs etmiş, günahsız olaraq qondarma ittihamla məşhur siyasi “Evin” zindanında 1 il 10 ay müddətində edam ittihamı altında saxlamışlar. Bu zaman Rəşid müəllimin müdafiəsi üçün ayağa qalxan Azərbaycan xalqının və dövlət qurumlarının, vətəndaş cəmiyyətinin səyi ilə bu vətənpərvər alimi qaniçən İran rejiminin caynağından qurtara bildi…
Rəşid müəllim ali təhsilini başa vurduqdan sonra bütün ömrü boyu Bakı Dövlət Universitetinin Fizika Prob¬lemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasında aparıcı mühəndis vəzifəsində çalışmışdır. O, müasir texnika və texnologiyanı, eksperimentin incəliklərini mükəmməl bilirdi, bir çox elmi məqalələrin, ixtira¬ların, səmərələşdirici təkliflərin müəllifi idi. AMEA-nın ayrı-ayrı elmi strukturlarında ən mürəkkəb rentgen, lazer və digər optik qurğuların sazlanması və işlək vəziyyətdə qalmasını təmin etmiş, “LAZER” Elmi-texniki Mərkəzdə işlənib hazırlanmış xüsusi təyinatlı lazer texnikasının N saylı hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində və respublikada gəmi təmiri üzrə də əhəmiyyətli işlər görmüşdü…
Onunla ilk dəfə, 2012-ci ildə 1 saylı kliniki mərkəzin reanimasiyada şöbəsində müalicə alarkən dövrdə yaxından tanış olmuşdum (o vaxt BDU-nə işə gedərkən ayağı sürüşərək yıxılmış və aldığı ağır xəsarətlərə görə iki dəfə əməliyyat olunmuşdu).
Son illər isə çox ağır xəstəliklə mücadilə aparırdı. Bütün tibbi səylərə baxmayaraq xəstəlik onu getdikcə əldən salırdı. Səhhətinin ən kritik dövrlərində belə, öz qürurunu saxlaya bilirdi, onu gözləyən fatal nəticədən hali olmasına rəğmən ölümün gözünə dik baxmağı bacarırdı. İnstinktlərinə qalib gələrək möcüzə dolu dözüm və mətin davranış nümunəsi göstərdi Rəşid müəllim. Güclü insan idi, çünki qəlbi Vətən və millət sevgisi ilə döyünürdü, özünü haqlı sayırdı, onun gücü də bunda idi.
Onun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi həkk oluna bildi. Bu isə onun topladığı ən böyük mənəvi sərmayədir!
Ruhu şad olsun!
Doğmalaırna səbr diləyirəm.
Böyük ehtiram və sayğılarla,
Adil Qeybulla