Ramazan ayının 14-cü günündə Bolnisi bələdiyyəsinin Faxralı kəndində GMİ-nin Bolnisi müftisi Adil Nəbiyev və yerli əhalinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
24News.ge xəbər verir ki, mərasimdə Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycan səfirinin birinci katibi Anar Rəsulov və müşaviri Eldar Bayramov, millət vəkili Qoqi Meşveliyani, Bolnisi meri Davit Şerazadişvili, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Etibar Eminov, digər ictimaiyyət adamları və yerli sakinlər iştirak ediblər.
Çıxış edən qonaqlar təşkil olunan iftar süfrəsini yüksək qiymətləndirib və yerli sakinlərə xoş arzularını çatdırıblar.
Bolnisi meri Davit Şerazadişvili çıxış edərək müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib və iftara dəvətə görə təşəkkür edib:
“Məni iftara dəvət etdikləri üçün azərbaycanlı vətəndaşlarımıza təşəkkür edirəm. Hər kəsi Ramazan ayı münasibəti ilə təbrik etmək istəyirəm. Ramazan ayı ölkəmizə və bütün dünyaya sülh və firavanlıq gətirsin. Gürcülər və azərbaycanlıları çoxəsrlik birgəyaşayış və dostluq birləşdirir, biz bir-birimizin adət-ənənələrinə, mədəniyyətinə hörmət və qayğı ilə yanaşırıq və bu, şübhəsiz ki, bugünkü iftarla da təsdiqini tapır.
Bolnisi Bələdiyyəsində yaşayan vətəndaşlar bizim üçün yaradılmış tolerant mühitlə fəxr edirlər. Biz müxtəlifliyin və harmonik birgəyaşayışın vacibliyini aydın başa düşürük. Əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək və biz birlikdə Gürcüstanın tərəqqisinə öz kiçik töhfəmizi verəcəyik”, – deyə D. Şerazadişvili bildirib.
Millət vəkili Qoqi Meşveliyani də öz növbəsində çıxışı zamanı müsəlman həmvətənləri ölkəmizin ayrılmaz hissəsi olduğunu və onların adət-ənənələrinə səmimi hörmət edildiyini bildirib.
Mənbə: Bolnisi meriyası