QISA MƏLUMAT
Əli Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1941-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1943-cü ildə Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuşdur.
Əli Əliyev 1945-ci ildən başlayaraq Faxralı kəndindəki “Qələbə” kolxozunda mühasib köməkçisi, baş mühasib, ilk partiya təşkilatının katibi və kolxoz idarə heyətinin sədri vəzifələrində çalışmışdır .
Əli Əliyev 1955-ci ildə Tbilisi Dövlət Universitetinə (indiki TDU) daxil olmuş, 1960-cı ildə bitirmişdir. Təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə şəhər) aspiranturasında davam etdirmiş və “Azərbaycan SSR-nin Şəki-Zaqatala zonasında ipəkçiliyin müasir vəziyyəti və inkişaf prespektivləri” mövzusunda namizədlik dissertasiyası yazmış və 1964-cü ildə həmin dissertasiyanı müdafiə edib elmlər namizədi olmuşdur.
Əli Əliyev 1964-cü ildə Bolnisi rayon Sovet İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 1972-ci ilədək işləmişdir. 1972-ci ildən ömrünün sonuna kimi Bolnisi rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə başçılıq etmişdir.
Əli Əliyev Qırmızı Əmək Bayrağı ordeni, “Əməkdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Stalinqrad müdafiəsi uğrunda”, “Alamaniya üzərində qəlbəyə görə” və s. medallarla təltif edilmişdir.
Əli Əliyev 1945-ci ildən Sov.İKP-nın üzvü olmuşdur. O, Gürcüstan KP MK üzvülüyünə namizəd seçilmiş, dəfələrlə Bolnisi rayon partiya komitəsinin üzvü və rayon sovetinin deputatı olmuşdur. Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti 10 məqalədə öz əksini tapmışdr. Əli Əliyev 1973-cü ildə vəfat etmişdir.
Mənbə : REDAKTORDAN
BORÇALIDA EL DOLANDIRAN KİŞİ
Kəndimizdə yurd salan, çıraq yandıran, el dolandıran kişilər haqqında elin xeyir-şərində ürəkdolusu danışırlar. Belə kişilər el-oba üçün ən yaxşı yiyə, ən yaxşı ağsaqqal olublar.
Onlardan biri də Əli Əliyevdir. Bir zamanlar doğma kəndinin abadlaşması, inkişafı üçün əlindən gələni əsirgəməyən bu nurlu insanı kənd camaatı da qədirbilənliklə xatırlayır. Bu günlərdə könüllərdə taxt-tac qurmuş unudulmaz el ağsaqqalının 100 yaşı tamam olacaq, bu münasibətlə xatirə gecəsi keçiriləcək, savab işləri bir daha yada salınacaq.
Əli Bayram oğlu Borçalının adlı-sanlı kişilərindən idi. Boy-buxunu, el atasına yaraşan ədəb-ərkanı ilə soydaşlarımızın yaddaşında dərin iz buraxıb. Kəndimizin adamları həmişə onun işgüzarlığından, təşkilatçılığından iftixarla söhbət açırlar. Uşaqlıq illərimdən bu yana onun haqqında həmişə xoş sözlər eşitmişəm.
Bu insan keşməkeşli dünyanın acılı-şirinli günlərini görmüş və həyatın hər çətinliyinə sinə gərmişdi. Onun gəncliyi müharibə illərinə təsadüf etmişdi. Atası qətlə yetirildikdən sonra ailənin bütün çətinlikləri onun üzərinə düşmüşdü. Bu çətinliklərə baxmayaraq, o, gecəsini gündüzünə qatıb çalışıb, ali təhsil alıb və vəzifə pilləsində ucalıb.
Əli Əliyev 1923-cü ildə Borçalının dilbər guşələrindən olan Faxralı kəndində işıqlı dünyaya göz açıb. Orta təhsilini də həmin kənddə əla qiymətlərlə bitirib. Faxralının say-seçmə oğulları İkinci Dünya müharibəsinə səfərbər ediləndə o da könüllü olaraq cəbhəyə gedib, silaha sarılıb, düşmənə qarşı vuruşub. Hərbi topçuluq məktəbini bitirib və zabit rütbəsi alıb. Ukrayna və Belarusiya cəbhələrində, ölüm-qalım savaşlarında alman faşistlərinə qarşı döyüşlərdə fərqlənib. Stalinqraddan Polşayadək rəşadətli döyüş yolu keçib, şücaət göstərib…
Əli Əliyevin atası Bayram kişi də halal adam olub. Arxa cəbhədə cəfakeşliklə çalışıb. Ailəsinin çörəyini öz halal zəhməti ilə qazanıb. Nə qədər acı olsa da, Bayram kişi aclıq illərində at arabası ilə dəyirmana buğda üyütdürməyə gedərkən yolda güllələnib. Ölümündən əvvəl vəsiyyət edib: “Oğlum gələndə deyərsiz ki, məni düşmənçiliklə deyil, dəyirmana apardığım bir kisə buğdanı əlimdən almağa görə vurdular…”
Müharibə bitincə Əli Əliyev Faxralıya qayıtdı. Yurd-yuvası, ata-anası və doğmaları üçün çox qəribsəmişdi. Kəndin adamları, hər qarış torpağı ona əziz idi. Qanlı-qadalı döyüşlərdən sağ-salamat qayıdıb gələndə qollarını geniş açıb ana torpağı qucmaq istəyirdi. El-obasına bəslədiyi mehrə, məhəbbətə görə ana kəndi də ona qucaq açıb.
O, əynindəki əsgər paltarını mülki geyimlə əvəz etdi. Bir işin qulpundan yapışmaq üçün kənd rəhbərliyinə üz tutdu. Ona bilik və bacarığına uyğun iş təklif olundu. Faxralı orta məktəbində müəllim işlədi. Kolxozda mühasib köməkçisi kimi çalışdı. Çox keçmədi ki, mühasib vəzifəsinə irəli çəkildi. İşgüzarlığı, yüksək təşkilatçılığı sayəsində, bir müddət sonra “Qələbə” kolxozunun idarə heyətinə sədr seçildi. Onun rəhbərliyi dövründə kolxoz Borçalının ən qabaqcıl təsərrüfatları sırasına çıxdı. Adlı-sanlı təsərrüfat rəhbəri Əli Əliyev kolxozun uğurları ilə bağlı fərəhləndirici rəqəmləri və faktları heç də son hədd saymırdı. Daha böyük nailiyyətlər qazanmaq üçün bütün qüvvəsini səfərbər edirdi…
Əli Əliyev təsərrüfatda çalışmaqla yanaşı, təhsilini davam etdirməyə və elmi iş üzərində işləməyə də vaxt tapıb. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və universiteti müvəffəqiyyətlə bitirib. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına qəbul edilib. “Şəki–Zaqatala zonasında ipəkçiliyin müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda elmi əsər üzərində işləyib. Adıçəkilən mövzuda müxtəlif nəşrlərdə elmi məqalələri dərc olunub.
Bir müddət sonra Bolnisi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilib. O, bu vəzifədə rayon camaatının həyat səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsirgəməyib. Ömrünün neçə ili insanların rifah halının, sosial həyatının yaxşılaşdırılmasına sərf olunub. Onun xüsusi təşkilatçılıq qabiliyyəti vardı. Rayonda tikinti və abadlıq işlərinə, sosial məsələlərə, infrastrukturun genişləndirilməsinə daha geniş meydan verirdi.
Qurub yaratdıqları özündən sonra gələcək nəsillər üçün miras qalıb. Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində 7 il işləyib. Daha sonra Meliorasiya və Su Təsərrüfatı İdarəsinə rəhbərlik edib. Həmin dövrdə də xalqı üçün böyük işlər görüb. Rayonun kəndlərini (xüsusilə azərbaycanlılar yaşayan kəndlərini) Borçalının gözəl, füsunkar guşəsinə çevirmək üçün hər çətinliyə qatlaşıb. Kəndlərin su problemini həll edib. Onun bu sahədə də xidmətləri danılmazdır.
Rayon mərkəzində tikilən xəstəxana, kəndlərdə müasir tipli məktəblər, uşaq bağçaları, yollara asfalt örtüyünün döşənməsi onun rəhbərliyi sayəsində həyata keçirilib. O, bir rəhbər işçi kimi, rayonun ictimai-siyasi, ideoloji, sosial-iqtisadi, mənəvi problemlərinin həlli üçün çox inadla çalışırdı. Qohum-qonşulara əl tutar, gəncləri ali təhsil almağa yönləndirərdi. Ehtiyacı olanlara torpaq sahəsi verər, işsizləri işlə təmin edərdi.
Gürcüstan Ali Sovetinin sabiq deputatı, Faxralı kənd sakini, 83 yaşlı Tükəzban Tanrıverdiyeva ilə bu günlərdə telofonla danışdım. Əli kişinin haqqında xatirələrini dilə gətirib dedi:
– Əli Bayram oğlu hələ Faxralı “Qələbə” kolxozunun sədri olduğu vaxtlardan gənclərə xüsusi qayğı ilə yanaşardı. Ali məktəblərə qəbul ola bilməyən gənclərin savadlı kadr kimi yetişməsində öz köməyini əsirgəməzdi. Onların nəcib istək və arzularının həyata keçməsinə vəsilə olardı. Onun şəxsi nümunəsi, gənclərə doğma münasibəti bizi daha yaxşı işləməyə ruhlandırırdı. O, çox mehriban, torpağa, el-obaya bağlı insan idi.
Əli müəllim rayon İcraiyyə Komitəsinin sədri işlədiyi 7 il ərzində çox işlər görüb. Gürcüstanda geniş ictimaiyyətin dərin rəğbət bəslədiyi tək-tək rəhbər işçilərdən olub. Bolnisi rayonunda o dövrlərdə, gürcülər və azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də yaşayardı. Onlar da Əli Əliyevin rəhbərliyi ilə görülən işlərə yüksək dəyər verər, ona xüsusi rəğbət bəsləyərdilər. Rayonun rəhbər işçiləri arasında o, gözəl qədd-qaməti, vüqarlı görkəmi ilə də seçilərdi.
Onun həyatı maraqlı görüş və hadisələrlə zəngindir. Əli Bayram oğlunun respublika əhəmiyyətli tədbirlərdə alovlu çıxışları çoxlarını heyran edərdi. Gürcüstan Kommunist Partiyasının XXIII qurultayında onun rus dilində səlis və savadlı, məzmunlu nitqi qurultay iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Məğrur görkəmli Əli Əliyev tribunada olanda, hətta qurultayın işində iştirak edən Sov.İKP MK-nin baş katibi Nikita Xuruşovun da diqqətini özünə cəlb edib. Xruşov Gürcüstan KP MK-nın birinci katibi V. Mjavanadzedən Əli Əliyev haqqında ətraflı məlumat alıb. Onun fəaliyyətini və qurultaydakı çıxışını yüksək qiymətləndirib.
Əli Əliyev Gürcüstan KP MK üzvlüyünə namizəd seçilmiş və dəfələrlə rayon sovetinin deputatı olmuşdur.
Onun şərəfli və mənalı həyatı haqqında Loğman Çıraqovun qələmə aldığı kitabda toplanan xatirələr də ömür yolunun salnaməsidir. Bu xatirələrdə onun doğma el-obaya bağlılığı, yurd sevgisi, dost sədaqəti, xeyirxahlığı, zəhmətsevərliyi və digər mənəvi dəyərləri aydın görünür.
Əli Əliyevin xatirəsini yaşadan, onu unudulmağa qoymayan yaxşı əməlləri və nəsillərə nümunə olmasıdır. O, əsl insan, əsl ata, əsl vətəndaş idi. Xalq təsərrüfatının müxtəlif sahələrində çalışmaqla yanaşı, elmi iş üzərində də yüksək şövqlə işləyərdi. Elmi işini yekunlaşdırsa da, müdafiə etmək ərəfəsində, əcəl macal vermir, o, 50 yaşında dünyasını dəyişir. Həyata keçirmək istədiyi bir çox işləri və arzuları yarımçıq qalır.
Həyat hər yetəni belə ucaltmır. Gərək o insanın canında el kamalı, el amalı olsun. Elimizin kamallı oğlu Əli Əliyevlə öyünməyə haqqımız var. O, xalq və Vətən qarşısında xidmətlərinə görə, “Qırmızı Əmək Bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Almaniya üzərində qələbəyə görə” və başqa medallarla təltif edilmişdir.
Gözəl ailə başçısı olmuş Əli Əliyevin özündən sonra altı ömür yadigarı – üç oğlu və üç qızı qaldı…
Mənbə: Həzi HƏSƏNLİ, şair-publisist, “Xalq qəzeti”, 11.06.2023
ELDƏ BİR, ELLƏ BIR OLMUŞ İNSAN
Hər dəfə yenicə işıq üzü görmüş kitabı əlimə alanda onu böyük maraqla oxuyuram. Axı, hər bir kitabın böyük və gərgin zəhmət hesabına ərsəyə gəldiyini yaxşı bilirəm. Belə böyük zəhmət və axtarışların nəticəsi kimi ortaya çıxarılan kitabda isə təbii ki, öyrənməli çox şey olur. Bu günlərdə mənə təqdim olunan kitab isə bir oxucu kimi diqqətimi çəkməklə yanaşı, həm də hədsiz sevincimə səbəb oldu. Təkcə ona görə yox ki, kitabda mənim də yazım çap olunmuşdu və üç ildən artıq idi ki, bu kitabın yolunu gözləyirdik. Həm də ona görə ki, kitab bütün ömrünü xalqına, insanların rifahının yaxşılaşmasına həsr edərək şərəfli ömür yolu keçmiş və elə bu səbəbdən də hələ gənc yaşlarından bir el ağsaqqalı kimi tanınan qeyrətli eloğlum Əli Bayram oğlu Əliyevə həsr olunub. O Əli Bayram oğluna ki, təkcə boya-başa çatdığı Faxralı kəndində deyil, bütövlükdə Borçalıda bir ağsaqqal, bacarıqlı təşkilatçı və rəhbər işçi kimi tanınıb, adı həmişə hörmətlə çəkilib, məclislərdə yeri başda olub. Onu Azərbaycanda da yaxşı tanıyıb, hörmətlə yanaşıblar.
…Tarixin bütün dövrlərində cəmiyyətin əsas ağırlığı ayrı-ayrı şəxsiyyətlərin çiyninə düşmüşdür. Şəxsiyyətlər tarixi yaratdıqları kimi, özləri də tarixin səhifələrində əbədiləşmişlər. Amma nədənsə belə görkəmli şəxsiyyətlər müasirimiz olanda çox zaman onların böyüklüyünün fərqinə varmır, xeyirxah əməllərini görmürük. Yalnız aradan illər keçəndən sonra layiq olduqları qiyməti veririk. Burada şair Cabir Novruzu xatırlamamaq olmur: “Sağlığında qiymət verin insanlara”. Vətən üçün, el üçün canlarını fəda edənlərin qədrini bilmək, qiymətləndirmək lazımdır. Bununla belə, etiraf etmək lazımdır ki, sağlığında, özü də gənc yaşlarından rəhbər vəzifədə olub ümumxalq məhəbbəti qazanmaq hamıya nəsib olmur. Üstəlik nəzərə alsaq ki, söhbət sovet rejiminin hakim olduğu dövrdən gedir, fikrimiz daha da aydınlaşar. Bu baxımdan Əli Bayram oğlu Əliyevə həsr olunmuş kitab vaxtında atılmış xeyirxah addım, çox da uzaq olmayan tarixi keçmişimizə ayna tutan bir vəsait və sözün əsl mənasında qədirşünaslıq kimi qiymətləndirilməlidir.
1923-cü ildə Borçalının ağır ellərindən olan Faxralı kəndində dünyaya göz açan Əli Bayram oğlu Əliyev 1941-ci ildə doğma kəndində orta məktəbi bitirmiş və 1942-ci ilin yanvarında könüllü olaraq müharibəyə getmiş, burada şərəfli bir döyüş yolu keçmişdir. 1945-ci ildə cəbhədən qayıtdıqdan sonra bir müddət Faxralı kəndindəki kolxozda mühasib köməkçisi və mühasib vəzifələrində çalışıb, Faxralı orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. Bacarığını və təşkilatçılıq qabiliyyətini görüb ona daha böyük etimad göstəriblər. Rayonun ən böyük təsərrüfatlarından olan Faxralı kəndindəki “Qələbə” kolxozuna sədr seçilib. 1964-cü ilin dekabrında isə daha yüksək və məsuliyyətli vəzifəyə – Bolnisi rayon İcariyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilib. 1971-ci ilin iyul ayından ömrünün sonuna – 1973-cü ilin avqust ayına kimi isə əmək fəaliyyətini Bolnisi rayon Su Təsərrüfatı İdarəsinin rəisi kimi davam etdirib. Əlbəttə, ilk baxışda bunlar hər bir kəsin tərcümeyi-halında ola biləcək və heç bir qeyri-adiliyi ilə seçilməyən avtobioqrafik məlumat təsiri bağışlayır. Ancaq Əli Bayram oğlunu yaxından tanıyanlar, onunla təmasda olanlar yaxşı bilirlər ki, o, necə bir böyük ürək sahibi, sözün əsl mənasında xalqının cəfakeşi idi. Neçə il öncə yazdığım şeirin bir bəndini xatırlamaq istəyirəm:
Məməşoğlu İsrafilin ər idi,
Əli Bayram oğlu eldə bir idi.
Məhəmmədin ocaq idi, pir idi,
Ləl-naxışlı xanimanım, Faxralı.
Yaxından tanımayanlar isə bu kitabı oxuyub onun barəsində zəngin məlumat əldə edəcəklər. Məhz bu kitabdan öyrənəcəklər ki, Əli Bayram oğlu hələ o vaxtlar rayonda baş qaldıran milli ayrı-seçkilik siyasətinə dözməyərək qəti etiraz səsini ucaldıb. Faxralının fəxri, iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş professor, mərhum Şamil Qurbanov onun barəsində nahaq yerə deməmişdi ki, “Allah ona boy, şirin dil, gözəl danışıq qabiliyyəti vermişdi”. Oxucular həmçinin digər görkəmli elm xadimlərinin və müxtəlif peşə sahiblərinin millətinin, vətəninin və doğma el-obasının fədaisi olan bu böyük şəxsiyyət barədə ürək sözləri, onunla bağlı maraqlı və heç zaman unudulmayacaq xatirələri ilə tanış ola biləcəklər.
Kitabda ayrı-ayrı şəxslərin imzası ilə verilən yazıların sərlövləsinə nəzər salmaq kifayətdir ki, Əli Bayram oğlunun kimliyi haqqında təsəvvür yaransın: “Elimizin fəxri”, “Alı hamıya nümunə idi”, “Bütün şərəflərə layiq insan”, “Yaddaşlardan silinməyən arkadaşım”, “Əfsanəvi ictimai xadim və alim”, “O, bacarıqlı rəhbər idi”, “Arxasızların arxası”, “O, elin gücünə arxalanırdı”, “Xalq üçün yaşanan ömür”, “Bütün borçalıların dayağı”, “Əli Bayram oğlu cəsarət və mərdlik rəmzi idi”, “O, xalqın polad dayağı idi” və s. Özü də bu sözləri deyən, onu belə yüksək qiymətləndirən təkcə öz soydaşlarımız deyil. Əli Bayram oğlunu tanıyan, onunla işləyən müxtəlif vəzifə sahibləri və yaxud ondan yaxşılıq görən gürcülər və digər millətlərin nümayəndələri də onu eyni məhəbbətlə, eyni səmimiyyətlə xatırlayırlar.
Bu kitabdan oxucular həmçnin ölməz söz ustadlarımız Səməd Vurğunun, Osman Sarıvəllinin və Hüseyn Arifin Faxralıda olması, Əli Bayram oğlunun onlarla görüşü barədə məlumat əldə edəcək, həmin tarixi görüşü əks etdirən və bəlkə də indiyədək mətbuat səhifələrinə çıxmayan nadir fotoşəkillərlə də tanış olacaqlar. Həmçinin onu da öyrənəcəklər ki, bu gün Bolnisi şəhərində, Faxralıda və rayonun digər kəndlərində əhalinin xidmətində olan neçə-neçə ictimai və sosial obyektlər məhz Əli Bayram oğlunun yadigarıdır. Bütün bunlara görə də qədirbilən ellərimiz onu həmişə minnətdarlıq hissləri ilə yad edirlər.
Əli Bayram oğlu haqqında yazılmış xatirələrdə bir məqam diqqəti çəkəcəkdir. Oxucu ayrı-ayrı epizodlarda mənfur ermənilərin necə yaltaq, ikiüzlü, xain, məkrli olduğuna dəlalət edən xatirələrə rast gələcəkdir. Məsələn, biləcəklər ki, Əli Bayram oğlu ona hərbi-tibbi komissiyada xəstəlik kağızı düzəltdirməyi, rüşvət verməklə hərbi xidmətdən yayınmağı təklif edən Şulaver ermənisini necə əzişdirib. Məlum olacaq ki, Böyük Vətən müharibəsinin qızğın getdiyi dövrdə ermənilər dəllallıq etməklə məşğul imiş. Başqa bir epizodda isə Əli Bayram oğlu ilə yaxın dostluq münasibətində olan böyük şair Səməd Vurğunla erməni aktyorlar arasında düşən insidentin tarixçəsi ilə tanış olacaq. “Vaqif” dramını erməni dilində tamaşaya qoyan Şaumyan adına erməni dram teatrının aktyorlarının dəvət etdikləri ziyafətdə iştirakdan imtina edən şair erməni aktyorları arasından Vaqifi oynayanın ampulasına bələd olduğundan ona belə bir irad tutur: “Sən səhnədə özünü lotu, bambılı kimi aparırsan, Vaqif təkcə Qarabağ xanlığının vəziri deyil, o həm də Azərbaycan xalqının beynidir”. Bu iki xatirəni xatırlayan qocaman jurnalist Hacı Qurban oğlu Həsənov “Onlar mənim qəlbimdə qoşa heykəldirlər!” sərlövhli məqaləsində Səməd Vurğunla Əli Əliyevin oxşar cəhətlərini ortaya qoyan misallar çəkir.
Bölgədə kompakt halda yaşayan azərbaycanlıların sosial şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyən Əli Əliyevin milli vətənpərvərliyi, xalqına bağlılığı ona həm də böyük maneələr yaradır, tez-tez milli şovinizmin təzyiqlləri qarşısında qalırmış. Milli ruhu, milli əxlaqı və etik keyfiyyətləri ilə, eyni zamanda onu həmakarlarından fərqləndirən təbii rəhbərlik-təşkilatçılıq qabiliyyəti ilə seçilən Əli Əliyevin necə paxıllıq hədəfinə çevrilməsini əks etdirən xatirə yazılar da təsirli fraqmentlərlə zəngindir.
Oxucu təkcə Əli Bayram oğlu haqqında əlisevərlərin xatirələri ilə deyil, bu böyük insanın Vətən uğrunda savaş və əmək cəbhəsində göstərdiyi fədakarlığı, rəşadəti əks etdirən sənədlərin surətləri, şəxsi arxivindəki diplomlar, fəxri fərmanlar, arayışlar, vəsiqələr, təşəkkürnamə və ünvanına göndərilən minnətdarlıq məktubları ilə də tanış olacaqdır, haqqında yazılmış, öz sağlığında işıq üzü görən məqalələrə göz atmaq imkanı qazanacaqdır.
Tərəqqipərvər, maarifpərvər insan olan Əli Bayram oğlunun müəllimlərə hörmətlə yanaşmasını sübut edən hadisələrdən biri oğlu Bayramın qələmə aldığı xatirələrdə əksini tapıb. Bir oxucu, əlbəttə ki, bir müəllim kimi həmin epizod məni çox təsirləndirdi. Bayram Əli oğlu yazır: “Atam müəllimlərə hörmətlə yanaşar, onların problemlərini həll edərdi. Bir dəfə atam maşınla məktəbə tərəf gedirdi. Mən ondan məni də məktəbə aparmağını xahiş etdim. O, mənə dedi: “Sənin müəllimlərin avtobusla gedərkən sənin dövlət maşınında məktəbə getməyin onlara qarşı hörmətsizlikdir. Sən də hamı kimi avtobusla getsən yaxşı olar”. Əlbəttə, öz övladına müəllimə qarşı bu cür ehtiram hissi aşılayan valideyn sağlığında rəğbətə, haqq dərgahında isə rəhmətə layiqdir. Şəxsən mənim üçün maraqlıydı – görəsən Əli Bayram oğlu haqqında mənim öz müəllimim, şair Məmmədov Əli Səngərli nə yazıb. Zənnimdə yanılmamışdım. Kitabda toplanmış xatirə məqalələrinin bəlkə də ən həcmlisi, ən zəngini Əli Səngərliyə məxsusdur. Əli Bayram oğlunu Gürcüstan azərbaycanlılarının keçən yüzillikdə yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi təqdim edən Əli Səngərli onu öz şeirlərində tərənnüm edib. Məqalə elə Əli Bayram oğlununa xitab ifadə olunmuş şeirlə də bitir:
Çünki yaranışından
Allahsız yol seçmədin,
Ölməzlərə qovuşdun,
Ölüm yolu keçmədin!
Əli Bayram oğlu Əliyev haqqında xatirə kitabını oxuyan oxucu nəhayətdə bir qənaətə gələcək ki, onu təkcə bir el yox, iki xalq – həm Azərbaycan, həm gürcü xalqı itirmişdir. Təəssüflənəcək ki, bu itki çox erkən baş vermişdir. Amansız ölüm onun arzularını cəmi 50 yaşında yarımçıq qoymuşdur. Əlbəttə, hər bir insanın ölümü faciədir. Əli Bayram oğlu da insan idi. Lakin necə insan?! Doğrudan da hədsiz dərəcədə təəssüflüdür. Axı, Əli Bayram oğlunu həyatda xoşbəxt insan adlandırmaq üçün hər cür imkan var idi. 16 yaşında əlaçı, qabaqcıl şagird, 18 yaşında müharibədə komandir, 23 yaşında nəslinin ağsaqqalı, 35 yaşında kəndinin ağsaqqalı, 40 yaşında isə rayonun rəhbəri və Borçalı elinin hörmətli ağsaqqalı kimi yaşanan ömür nə üçün 50 yaşda sona yetməliydi?
Ölümə xüsusi münasibəti vardı Əli Bayram oğlunun. Bu münasibəti açıqlamaq üçün özünə istinad edək. Xəstə yatağında olarkən Abdulla Məhəmməd oğlu Bədəlovun onu fikirdən ayırmaq üçün verdiyi “Əli lələ, nə fikirləşirsiniz?” sualını belə cavablandırıb: “Dayıoğlu, mən ölümdən qorxmuram, mənim tay-tuşlarım 30 il bundan əvvəl mənim də iştirakçısı olduğum müharibədə, ömürlərinin bahar çağında həlak olublar, taleyin mənə bəxş etdiyi ömürdən istifadə edib çox məqsədlərimi həyata keçirmiş, arzularımın çin olmasına nail olmuşam. Anam həyatla qollarım üstündə vidalaşdı, həmin anlarda o, mənim gözümün dərinliyinə baxırdı. Bu isə özlüyündə yaxşı, xoş məna verən əlamət deyil. Nə qədər nikbin olsam belə, yenə mənə elə gəlir ki, məni arxasınca aparacaq”.
Xatirələr toplusunun ərsəyə gəlməsində böyük əməyi olan, eləcə “Əliyev Əli Bayram oğlu” adlanan kitabın müəllifi Loğman Çıraqovun da zəhəmti ölçüyə gəlməzdir. Əlisevərlərdən biri kimi mən bunu dəyərləndirirəm.
Təbii ki, bir qəzet yazısında bu sanballı kitab haqqında əhatəli söhbət açmaq mümkünsüzdür. Kitabın əsl qiymətini hörmətli oxucular verəcəklər. Biz isə elimizin məğrur və polad kimi sınmaz, 50 illik ömründə öz xalqı üçün neçə-neçə ömrə belə sığışmayacaq qədər fədakarlıqlar və xeyirxahlıqlar etmiş bir insanın xatirəsini əbədiləşdirmək, onu gənc nəslə tanıtmaq kimi nəcib bir işə qol qoymuş insanlara – Loğman müəllimə və bütövlükdə bu kitabın işıq üzü görməsində zəhməti olanların hamısına təşəkkür edirik. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu minnətdarlıqdan ən çox pay düşənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulu Körpü” qəzetinin baş redaktoru, borçalışünas eloğlumuz Musa Nəbioğludur.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.