DAMLADAN ÜMMANA
Hər millət özünün dahiləri – alimləri, yazıçıları, şairləri, sərkərdələri və digər məşhurları ilə tanınır. Xalq özünün tanınmışları, ona şöhrət gətirənləri ilə fəxr edir. Vətənə başucalığı olan belə insanlarla onların kiçik vətənlərində – doğulub boya-başa çatdıqları kənddə öyünənlər isə daha çox olur. Mənim boya-başa çatdığım Faxralı kəndində də el-obaya hər zaman başucalığı gətirənlər çoxdur. İndiyədək onlar haqqında çox yazılıb. Elə mən özüm bu mövzuya iki kitab həsr etmişəm. Amma hər uğurundan qürur duyduğum eloğlularım o qədər çoxdur ki, onların hamısından yazmağa bir ömür də çatmaz.
…Faxralının yetirməsi olan şöhrətli alimlərdən biri də Almas Abdu oğlu Mikayılovdur. O, 1936-cı ildə Borçalıda – o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin qanlı-qadalı illərinə təsadüf edib. 1946-cı ildə Faxralı orta məktəbinin birinci sinfinə gedib. Məktəb illərində yaxşı oxuması, nümunəvi davranışı ilə seçilib, müəllimlərinin rəğbətini qazanıb. Onu tanıyan hər kəs gələcəyinə böyük ümid bəsləyib. C.London “Martin İden” əsərindəki bir fikri sanki onu nəzərə alaraq deyib: “Həyat sübut edir ki, inadkar və iradəli adam tay-tuşlarından çox yüksəklərə qalxa bilər”. Almas Mikayılovun gələcəyinə ümid bəsləyənlər də məhz onun möhkəm iradəsinə, inadkarlığına, əzmkarlığına, qarşısına qoyduğu məqsədə çatmaq yolunda dönməzliyinə güvənirdilər.
O, 1957-ci ildə Faxralı orta məktəbinin XI sinfini bitirib və ali təhsil almaq arzusu onun da yolunu Bakıya salıb. Sənədlərini Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə verib. İlk cəhdi uğurlu olub, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb.
1962-ci ildə həmin fakültədə təhsilini fiziki-coğrafiya ixtisası üzrə bitirərək təyinatla Azərbaycan EA-nın Coğrafiya İnstitutuna göndərilib. Burada geomorfologiya ixtisası üzrə əyani aspiranturaya daxil olub.
1967-ci ildə aspiranturanı bitirən A.Mikayılov 1968-ci ilin yanvar ayında Coğrafiya İnstitutunun “Landşaftşünaslıq” şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1971-ci ildən isə Azərbaycan EA-nın “Landşaftşünaslıq” şöbəsində baş elmi işçi, laboratoriya müdiri, aparıcı elmi elmi işçi vəzifəsində çalışaraq landşaftşünaslıq və geomorfologiya elmi sahələri üzrə tədqiqat işləri aparıb.
“Qabusnamədə” deyilir ki, “Elmi olub, ağlı olmayan adama elm əziyyət verir”. A.Şmoklin isə yazır ki: “İnsana çox az vaxt verilmişdir. Bütün bir ömür mühüm bir iş görmək üçün çatmır. Bir halda ki, bu belədir, insan öz qiymətli günlərini boş şeylərə nə cür sərf edə bilər!” Bu baxımdan A.Mikayılov vaxtdan səmərəli istifadə edən, elmdəki uğurlarının tətbiqi yönündə həm də ağıllı təkliflər verən bir alim kimi tanınır. Məhsuldar elmi-tədqiat işləri ilə yanaşı, o, eyni zamanda gənc alimlərin yetişməsində də böyük əmək sərf edib. Onun elmi rəhbərliyi altında bir neçə nəfər namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi alıb.
O, həmçinin son iyirmi ildən artıq müddətdə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi olub. 100-dən çox elmi əsərin, o cümlədən iki monoqrafiyanın, 20-dən artıq elmi hesabatın müəllifidir. Hələ 1978-ci ildə nəşr olunmuş “Qusar maili düzənliyinin geomorfologiyası” və “Yeni tektonik hərəkətlərlə əlaqədar Cənub-Şərqi Qafqaz landşaftının formalaşması və inkişafı” əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Bu sadaladıqlarım Almas Mikayılovun bir alim kimi zəhmətinin bəhrəsidir. Yuxusuz gecələr, gərgin zəhmət, elmi kitabxanalarda və laboratoriyalarda keçən günlər hesabına əldə olunan və bu gün onun özü ilə yanaşı doğma el-obasına da başucalığı qazandıran uğurlar. Və mən hesab edirəm ki, onun həyatdakı ən böyük uğuru, ən böyük qazancı və mükafatı həmyerlilərinin sevgisi, el-obanın məhəbbətidir. Zərrə-zərrə, damla-damla qazanılıb böyük bir ümmana çevrilən məhəbbət. Bu məqamda nə vaxtsa oxuduğum bir fikir yadıma düşdü: “Qazanmaq asandır, qazancı saxlamaq çətin. Yüz il əlləşib-vuruşub qazandığını bir kərə ağılsız hərəkət üzündən itirmək mümkündür”.
Almas müəllimin xoşbəxtliyi isə ondadır ki, həm alim, ziyalı, həm də bir eloğlu kimi qazandıqlarının bünövrəsində halallıq durur, yəni hamısı halal haqqıdır, ona görə də təməli möhkəmdir və deməli bundan sonra itirilməsi mümkün deyildir.
P.S. Bu Yazı Almas müəllimin sağlığında yazılıb. Artıq o, dünyasını dəyişib. Allah rəhmət eləsin!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.