QISA MƏLUMAT
Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il fevralın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1954 – 1965-ci illərdə Faxralı orta məktəbini, 1965 – 1969-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1969 –1971-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-1975-ci illərdə əvvəlcə Bakı şəhərində, sonra isə Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada oxumuş, “Azərbaycan SSR əhalinin sosial qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1975 – 1994-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi qanunvericilik bazasının yaradılmasında fəal iştirak edib.
Əmirxan Babaşov “1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri” (Bakı, 1978), “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” (Bakı, 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı” (Moskva, 1983), “1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (Regional bölmə)” (Moskva, 1989) fundamental sənədlərin müəlliflərindən biri olmuşdur.
Ə. Babaşov Bakı, Moskva, Kiyev, Minsk, Tbilisi və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş və həmin şəhərlərdə 50-dən çox elmi əsəri çap olunmuşdur. O, 3 kitabçanın və 20-yə qədər elmi məqalənin müəllifidir. O, “İqtisadiyyat və həyat” jurnalında və bir çox kitabların nəşrində elmi redaktor olmuşdur.
Ə. Babaşov elmi və qanunvericilik bazasının yaradılması ilə yanaşı Neft Akademiyasında, İnşaat Mühəndisləri Universitetində, Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, Təfəkkür Universitetində iqtisadçı bakalavr və magistrantlara iqtisad elminin aktual problemlərindən mühazirə oxuyur, elmi işçi, aspirant və magistrantlara elmi rəhbərlik edir.
Mənbə : REDAKTORDAN
“CAN AY QARDAŞ” ÇAĞIRMAĞA NƏ VAR Kİ…
İnsan öz insanlığını, alicənablığını özüylə birgə dünyaya ana bətnindən gətirmir, bu gözəl xasiyyətləri həyatda qazanır. İnsanlığa verilən çox ölçülər, meyarlar var. Onların sırasında ən əsası yaxın və uzaq ətrafında olan kəslərin mehr-məhəbbətidir, insanın bu sevgini qazanmasıdır. Elinin-obasının məhəbbətini, həmvətənlərinin hörmətini qazanan, hörməti Faxralıya yayılan belə insanlardan biri də Əmirxan Babaşovdur. Bunu onun zəngin və şərəfli bioqrafiyası da təsdiq edir.
İstedadlı alim, təcrübəli pedaqoq Əmirxan Mehralı oğlu Babaşov 5 fevral 1947-ci ildə Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində kəndli ailəsində anadan olub. 1954-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1965-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə daxil olub. 1966-cı ildə həmin fakültə yeni təşkil edilmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tabeliyinə verilib və Ə.Babaşov 1969-cu ildə həmin institutun Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc mütəxəssis kimi bir müddət Ticarət Nazirliyi sistemində işləyib. Azərbaycan SSR Dövlət Plan Komitəsi (indiki İqtisadi İnkişaf Nazirliyi) yanında Elmi-Tədqiqat İqtisad İnistitutunun (ETİİ) direktoru, iqtisad elmləri doktoru professor M.M.Allahverdiyev Ə.Babaşovun elmi-tədqiqat işinə olan həvəsini nəzərə alıb, onun təyinatını dəyişdirib İnstituta gətirib və kiçik elmi işçi vəzifəsinə işə qəbul edib. Ə.Babaşov 1971-ci ilin may ayından 1972-ci ilin may ayına kimi həqiqi hərbi xidmətdə olub.
Ə.Babaşov 1972-ci ildə ETİİ-də əyani aspiranturaya daxil olmuş və Moskva şəhərinə – SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Təqiqat İnstitutuna ezam olunub. SSRİ Dövlət Plan Komitəsinin əhalinin həyat səviyyəsi və sosial inkişaf şöbəsinin müdiri, professor N.S.Laqutinin rəhbərliyi ilə “Azərbaycan SSR əhalisinin sosial qruplarının həyat səviyyəsinin yaxınlaşdırılması problemləri (İqtisadi təhlil və planlaşdırma məsələləri)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Ə.Babaşova elmi-tədqiqat fəaliyyətinə və çap olunmuş elmi əsərlərinə görə baş elmi işçi attestatı verilib.
1975-ci ilin noyabr ayından 1994-cü ilin may ayına kimi Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib.
Ə.Babaşov elmi işə hələ tələbəlik illərindən meyl göstərib. 1967-ci ildə K.Marksın “Kapital” əsərinin I cildinin çap olunmasının 100 illiyi münasibəti ilə keçirilən ümumrespublika müsabiqəsində yazdığı elmi iş III dərəcəli diploma (I dərəcə heç kimə verilməyib) və pul mükafatına layiq görülüb.
Ə.Babaşov “Azərbaycan Respublikasında şəhər və kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması problemləri” mövzusunda elmi əsərinə görə respublika komsomolu mükafatı laureatı olub.
Erməni separatçıları öz xəbis niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən guya geri qalmasını “əsaslandırdıqları” dövrdə ETİİ-nin əməkdaşları elmi dəlillərlə bu ideyanı alt-üst etmişdilər. Ə.Babaşov həmin fundamental elmi işin mühüm bölmələrindən birini – “Əhalinin həyat səviyyəsi və sosial inkişafının tədqiqi”ni yerinə yetirib. Həmin tədqiqatda əhalinin həyat səviyyəsini və sosial inkişafını xarakterizə edən (əhalinin hər on min nəfərinə düşən həkimlərin sayı istisna olmaqla) bütün göstəricilərin Dağlıq Qarabağda Azərbaycandan və Ermənistandan üstün olduğu göstərilib. Həkimlərin sayının belə az olması isə onunla əlaqədar olmuşdur ki, İrəvandan ermənilər Dağlıq Qarabağa işləməyə gəlmirdilər, Bakıdan gedən azərbaycanlıları isə işə qəbul etmirdilər. Bu məsələlər Moskvadan gələn akademik T.Xaçaturovla görüşdə də bir daha vurğulanmışdır. O, Azərbaycan iqtisadçı alimlərinin faktlarını eşitdikdən sonra səhəri günü kor-peşman Moskvaya qayıdıb.
Ə.Babaşov ETİİ də yerinə yetirilən “1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri ” (Bakı, 1978), “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks proqramının” (Moskva 1983) və “1990-2005-ci illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi baş sxemi” (3 cilddə) kimi fundamental sənədlərin müəllifləri sırasında olub.
Ə.Babaşov SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi-Tədqiqat İnstitutu ilə birgə yerinə yetirilən “Müttəfiq respublikalarda minimum istehlak büdcəsi və minimum əmək haqqı problemləri” üzrə dörd blokdan ibarət elmi-tədqiqat işinin əsas müəlliflərindən biridir.
Ə.Babaşov Bakı, Tbilisi, Moskva, Minsk və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, üç kitabçanın və 90-dan çox elmi məqalənin müəllifidir. O, “İqtisadiyyat və həyat” jurnalının və iqtisadiyyata aid bir çox kitabların elmi redaktoru olub.
Ə.Babaşov 1994-cü ildə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasına ekspert kimi qəbul edilib, həmin ilin noyabr ayından Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi olub. 1996-cı ilin aprel ayından bu günə kimi həmin şöbədə baş məsləhətçi vəzifəsində işləyir. Dövlət qulluğunun baş müşaviridir.
Ə.Babaşov iqtisadi və aqrar qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir. İşlədiyi müddətdə 30-a yaxın qanun layihəsinin hazırlanmasında, onların müzakirəsinin təşkilində, həmçinin qanunvericilik məsələlərinə həsr olunmuş bir sıra konfrans və seminarlarda iştirak edib. Əmirxan müəllim Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 23 iyun 2008-ci il 2889 saylı sərəncamı ilə “Dövlət qulluğunda fəaliyyətinə görə” medalı ilə təltif olunub.
Ə.Babaşov 2008-ci ilin sentyabr ayında Avropa Şurasının Fransa və Almaniyada keçirdiyi yığıncaqda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi kimi aktual iqtisadi mövzuya aid çıxış edib.
Ə.Babaşov elmi iş və iqtisadi qanunvericilik bazasının yaradılması ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, ayrı-ayrı illərdə Neft Akademiyasında, Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, Təfəkkür, Asiya, Memarlıq və İnşaat, Azərbaycan Dövlət İqtisad universitetlərində iqtisadçı bakalavr və magistrantlara iqtisad elminin aktual problemlərindən mühazirə oxuyub. Magistr və namizədlik dissertasiya işlərinin elmi rəhbəri olub, bir çox namizədlik dissertasiyalarına opponentlik edib.
Ə.Babaşov Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrların hazırlanması, onların peşə – ixtisas səviyyəsinin artırılması və təkmilləşdirilməsi işində Azərbaycan Auditorlar Palatasına yaxından köməklik edib. O, Auditorlar Palatasında təşkil olunmuş hazırlıq kurslarında dinləyicilərə “Sahibkarlıq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi” barəsində mühazirə oxuyub.
Əmirxan Babaşov Azərbaycan Respublikasında yaşayıb-yaratsa da, necə deyərlər, bir ayağı Borçalıdadır. Gürcüstan azərbaycanlılarının güzəranı, sosial vəziyyəti, problem və qayğıları daim onun diqqət mərkəzində olub. O, sanki Borçalı ilə, Faxralı ilə nəfəs alır. Bu da təbiidir. Axı nəcabətli nəslin nümayəndəsi olan Ə.Babaşovun dünyaya göz açdığı yerin elə füsunkar təbiəti vardır ki, heç cür unudulası deyil. Mərhum xalq şairi Hüseyn Arif dmişkən:
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım?
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım?Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Qıy vurub dinəndə qayada qartal,
O səsə bərabər bir səs harda var?
Yurdunu hədsiz dərəcədə sevən oğullardan biridir Əmirxan Babaşov. Elə bil, o yerlərə gedib baş çəkəndə Ə.Babaşov bir az da cavanlaşır. Həqiqətən də, Borçalının Qaraarxaç yaylağında, elə bil, təravətləndirici hava var, Divsiz (Dibsiz) və Keçiqıran göllərində sanki cavanlıq eliksiri – “dirilik suyu” vardır. Allahın heç nəyi əsirgəmədiyi bu əsrarəngiz yerləri öz bayatılarımda belə vəsf etmişəm:
Keçiqıran buradı,
Üzü günə, nuradı,
Binə düşən sevinir,
Hasil olur muradı.
Dağ başında tüldü bu,
Çiçəkdi bu, güldü bu,
Adı Divsiz olsa da,
Mavi gözlü göldü bu.
Ə.Babaşov hər dəfə doğma el-obanı ziyarət edəndə ulularının, əcdadların ruhunu şad eləmək üçün nəsə etməyə çalışır. Bundan ötrü, həm də özündən sonra gələcək nəsillərə görk eləmək naminə Ə.Babaşov Qaraarxaç yaylağında, Keçiqıran gölünün, Nazar oğlu bulağının, kiçik Xram çayının yanında daşdan süfrə düzəldib. Bizim ellərdə hər ünvanı orada izi, əməli qalan insanın adı ilə çağırmaq adətdir. Sözsüz ki, Əmirxan müəllimin də adını onun təkcə elmi işləri yox, həm də Daş süfrəsi əbədiləşdirəcəkdir. Faxralı meşəsində Mahmudoğlu deyilən yerdə dədə-baba binə yerində Əmirxan müəllim Vladivostokda, əsgərlikdə nakam ölən qardaşı Şabanın və atası Mehralı kişinin adına bulaq düzəltdirib. Hər il Qaraarxac yaylağına gedəndə mütləq Aralıqda Cənnət bulağında və Təyyarədüşən yerdə olan ulularının yurd yerinə özü ilə bərabər övladlarını və nəvələrini də aparır. Ə.Babaşov bununla gələcək nəsillərə ismarıc verir ki, dədə-baba yurdunu yaddan çıxarmaq olmaz.
Ə.Babaşov da özündən sonra gələnlərə görk eləyir ki, baxın, sizinçün belə nümunə yaratmışam ki, öyrənin.
O, həm də saz-söz adamıdır. Sazı sevəndir, sazı sevməyi öyrədəndir. Bu yerdə sazla bağlı yazdığımı xatırlatmaq istəyirəm:
Səməndərəm, sazı ruhum bilmişəm,
Yurd- yuvamdı, ona könül vermişəm.
Ə.Babaşov da saza könül verən oğullardan biridir. Ona qalsa, deyər ki, başda “Ruhani” olmaqla, bütün saz havaları məhz Faxralıda yaranıb. Əslində Faxralı da elə Böyük Türk Dünyasının ən gözəl ərazilərindən biridir. Təki kənarda yarandığını iddia edən olmasın “Ruhani”nin. “Sarı gəlin” kimi onu da əlimizdən qapmağa çalışmasınlar.
İndiyədək saz haqqında çox deyilib, çox yazılıb, şəninə çox təriflər səslənib. Ancaq xalq şairi Zəlimxan Yaqubun sözləri hamısından fərqlənib:
Tut ağacı tutum olsun,
Taxtası qutum olsun,
Saz özü tabutum olsun,
Tabut məndən inciməsin.
Mərhum xalq şairi Cabir Novruzun sözü var:
“Can, ay qardaş” çağırmağa nə var ki,
Bax, o canın özü olmaq çətindi.
Böyük yerdə oturmağa nə var ki,
Lazım olsa, kiçik olmaq çətindi.
Kişilikdən dəm vurmağa nə var ki,
Lazım olsa, kişi olmaq çətindi.
Ə.Babaşov da alimdir, məmurdur, vəzivəsi var. Amma böyük yerdə oturmağına baxmayaraq, o, həmişə xalqın arasındadır. Yeri gələndə, məqamı gələndə cəsarətlə sözünü deməyi bacarandır.
Əmirxan Babaşov prinsiplərinə daim sadiq qalmağı bacaran insandır. Prinsipiallıq bir çox hallarda zamandan və məkandan asılı olmur. Həyatını prinsiplər üzərində quranlar bir çox çətinliklərlə üzləşsələr də, nəticə etibarı ilə xalqın sevimlilərinə çevrilirlər. Ən çətin məqamlarda belə prinsiplərindən əl çakmədikləri üçün hamı onlara etibar edir, onları olduqları kimi qəbul edir və sevir.
Əmirxan Babaşov kimi prinsipial insanlar vicdanlarının səsi ilə yaşayırlar. Onları düzgün istiqamətləndirən yeganə amil isə vicdandır, onun səsinə qulaq asan insanlar həmişə doğru qərarlar verir, bataqlığa sürüklənmirlər. Əmirxan müəllim üçün vicdan daxili tənzimləmə mexanizmidir, prinsipləri müəyyənləşdirən də odur. Vicdan, eyni zamanda, gözəl davranışlardan həzz alan, pis hərəkətə görə məyus olan hissləri də özündə cəmləşdirir. Əmirxan müəllim bu hissləri vicdanın ən mühüm xüsusiyyətləri hesab edir. Onun fikrincə, vicdanının səsinə qulaq asanlar maneələr qarşısında iztirab çəksələr də, daxilən bir həzzqarışıq rahatlıq yaşayırlar.
Əmirxan Babaşovun həyatının, məqsəd və niyyətlərinin mərkəzində insan var. Belələri başqalarını xoşbəxt görəndə özləri də xoşbəxt olurlar. Heç vaxt kin saxlamırlar, mənfəətpərəst deyillər. Onlara hamı, hətta düşmənləri belə güvənir, etibar edir. Çünki özləri və sözləri birdir, riyakarlıqdan və yalandan uzaqdırlar. Əmirxan müəllim kimi insanların missiyaları konkretdir, həyatın gerçəkləri onları dəyişmir. Onların həyatında daim bir tarazlıq var, daxilən zəngindirlər.
Artıq sübuta yetirilmiş həqiqətdir ki, insanı dəyərli edən onun prinsip və düşüncələridir. Onu dəyərli edən nə mənsub olduğu millət, nə vəzifə, nə də var-dövlətdir. Yalnız prinsipial həyat yaşamaqla həqiqi xoşbəxtliyə nail olmaq mümkündür.
Əmirxan Babaşov həm də gözəl ailə başçısı, qayğıkeş atadır. Ə.Babaşovun iki oğlu, iki qızı, altı nəvəsi var. Böyük oğlu Etibar Ankara Universitetinin məzunudur. Etibar Babaşlının magistr elmi dərəcəsi var, hazırda rəhbər vəzifəli bank işçisidir. Əmirxan müəllimin böyük qızı Aytən xanım Neft Akademiyasında bakalavr və magistratura pillələrini bitirmişdir. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Aşqarlar Kimyası İnstitutunda aspirantdır. Digər qızı Aynur xanım Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. O, hazırda AMEA-nın Mikrobiologiya İnstitutunda aspiranturanı bitirib. Əmirxan müəllimin ikinci oğlu Mehralı Babaşlı isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
Göründüyü kimi, Əmirxan Babaşovun başçılıq etdiyi ziyalı ailəsində böyüyüb başa çatan övladların hamısı ali təhsilə yiyələnmiş və elmi fəaliyyət yolunu seçmişlər. Bu, onların atalarından əxz etdikləri həm genetik xüsusiyyətlərin təzahürüdür, həm də ailədə aldıqları tərbiyənin məntiqi nəticəsidir. Əmirxan müəllim üçün həm övladlarının böyüyüb boya-başa çatmasında, onların tərbiyəsində, həm də ümumiyyətlə, həyat yolunda ən böyük dayaq onun ömür-gün yoldaşı Sona xanım olmuşdur. Sona Əli qızı Babaşova otuz ilə yaxındır ki, Respublika İncəsənət Gimnaziyasında rus dili və ədəbiyyatı fənnini tədris edir.
Müsəlman ailəsinin, Azərbaycan ailəsinin mehriban və firavan yaşamasının təməlini ailə üzvlərinin bir-birinə olan məhəbbəti müəyyənləşdirir. Atanın başçı, ananın isə idarəçilik məqamını gözlədiyi ailələrdə bir qayda olaraq, cəmiyyətin saf üzvləri yetişdirilir. Valideyn-övlad münasibətlərinə dair bütün məsləhətlərdə göstərilir ki, valideynlərin dediklərinə əməl etmək hər bir işdə, hətta vacib olub-olmaması şübhəli olduqda belə, vacibdir. Əmirxan müəllimin başçılıq etdiyi ailədə hamı öz yerini bilmiş, valideyn və övladın bir-biriləri üzərində haqqı gözlənilmişdir.
Həyatda nailiyyətlər qazanmaq üçün mütləq müəyyən mərhələlərdən keçmək lazımdır. Təbiətdə də belədir. Bəhrə götürmək, məhsul almaq üçün dörd fəsil zəhmət çəkmək – torpağı şumlamaq, toxum səpmək, sulamaq, becərmək lazımdır. Beləliklə, bütöv bir ili əhatə edən əmək sərf etmək gərəkdir. İnsan özünü də yetişdirməli, öz üzərində əmək sərf etməlidir ki, nəyəsə nail olsun. Kəsə yolla nəsə əldə etməklə uzunmüddətli xoşbəxtliyi təmin etmək qeyri-mümkündür. Əmirxan Babaşov da əldə etdiklərini gərgin zəhməti, yorulmaz elmi fəaliyyəti sayəsində qazanıb.
Əmirxan müəllimə uzun ömür, cansağlığı, qanunvericilik elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, o, hələ Azərbaycan elminə çox töhfələr verəcək. Vətənimizin, o cümlədən ulu yurdumuz Borçalının çiçəklənməsi üçün çox xidmətlər göstərəcəkdir.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.