QISA MƏLUMAT
Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının “Bioloji Tədqiqatlar Mərkəzində” əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat işi aparmış, 1985-ci ildə həmin İnstitutun biokimya ixtisası üzrə məqsədli aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
Arif Bədəlov müdafiədən sonra bir müddət Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, sonra isə orta məktəblərdə kimyadan dərs demişdir. Hal-hazırda orta məktəbdə, “Zəngi” litseyində kimya müəllimi kimi fəaliyyət göstərir.
Arif Bədəlovun elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz əksini tapmışdır.
Mənbə : REDAKTORDAN
SƏADƏT GÜNƏŞİ BİRLİKDƏN DOĞAR
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə, fəlakət də var,
Səadət Günəşi birlikdən doğar.
N.Gəncəvi
Düzü, əvvəlcə bu yazını başqa formatda yazmağı düşünürdüm. Daha doğrusu, haqqında söhbət açdığım alimlərin hər biri haqqında ayrıca yazı yazmaq istəyirdim. Amma son anda fikrimi dəyişdim. Axı, Tanrıdan taleləri qoşa yazılan, ömür yolarında qoşa addımlayan, elmdə və eldə həmişə qoşa tanınan insanları mən necə ayıra bilərdim.
Bəli, söhbət elmimizin iki alimindən, elimizin iki ziyalısından gedir. Elə bir şəxsiyyətlərdən ki, hər ikisi həyatın enişli-yoxuşlu yollarında daim bir-birlərinə arxa-dayaq olublar. Onları həyatda birləşdirən çox şeylər var, daha doğrusu, həyat yollarında üzləşdikləri çətinliklər də eyni olub, uğurlar da. Həyatın sərt üzünə birgə sinə gəriblər, problemləri də ortaq olub, sevincləri də. Çünki bu, onların taleyidir, alın yazısıdır. Və bu qismət, bu alın yazısı çoxlarından fərqli olaraq həm də onunla əlamətdardır ki, onları birləşdirən sadəcə elmi-pedaqoji fəaliyyətləri deyil, həm də şəxsi həyatlarıdır. Daha doğrusu, ikisinin birgə addımladığı şərəfli bir yol – ömür-gün yoludur.
Oxucunu çox da intizarda saxlamamaq üçün yazımın qəhrəmanlarının hər birinin ömür yoluna qısa da olsa nəzər salmaq istəyirəm. Diqqətli oxucu qeyd etdiyim kiçik avtobioqrafik məlumatdan da görəcək ki, bu iki tale bir-birinə nə qədər yaxındır.
…Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Borçalının qədim ellərindən olan Faxralı kəndində anadan olub. 1976-cı ildə Faxralıda orta məktəbi bitirib. Ali təhsil arzusu onu da Bakıya gətirib çıxarıb. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsinə verib, qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb. 1981-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının “Bioloji Tədqiqatlar Mərkəzi”ndə əmək fəaliyyətinə başlayıb. İki il burada çalışdıqdan sonra daha səmərəli elmi axtarışlar aparmaq üçün fəaliyyətini Rusiyanın paytaxtı Moskva şəhərində davam etdirib: 1981-1983-cü illərdə o vaxtkı SSRİ Elmlər Akademiyasının Biokimya institutunda tədqiqatla məşğul olub. 1985-ci ildə həmin institutun məqsədli aspiranturasına daxil olub. Nəhayət, yuxusuz gecələr, gərgin elmi axtarışlar öz bəhrəsini verib – o, 1989-cu ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi alıb.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra elmi fəaliyyətini bir müddət Azərbaycan Elmlər Akademiyasında davam etdirən A.Bədəlov daha sonra pedaqoji fəaliyyətə üstünlük verərək orta məktəblərdə kimya fənnini tədris edib. Hazırda pedaqoji fəaliyyətini Bakıdakı “Zəngi” liseyində davam etdirir. Pedaqoji fəaliyyətlə elmi axtarışları uğurla əlaqələndirir, elmi məcmuələrdə məqalələrlə çıxış edir. İndiyədək nüfuzlu elmi jurnallarda 15 elmi məqaləsi dərc olunub.
Digər qəhrəmanımız Dilarə Məhəmməd qızı İsayeva 1958-ci il aprelin 25-də Borçalının zəngin tarixi keçmişə malik qədim kəndlərindən birində – bu gün Ermənistan adlanan respublikanın ərazisi sayılan Ləmbəli kəndində anadan olub. 1965-ci ildə həmin kənddəki 2 saylı orta məktəbin birinci sinfinə gedib. Ancaq ermənilərin özbaşınalığına, milli ayrı-seçkilik siyasətinə dözməyən atası Məhəmməd İsayev ailəsini Bakı şəhərinə köçürməli olduğundan 1970-ci ildən Dilarə təhsilini Bakı şəhərindəki 99 saylı orta məktəbdə davam etdirib. Ali təhsilini isə Moskva şəhərində – o vaxtlar SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 1976-cı ildə həmin universitetin biologiya fakültəsinə daxil olub, bu elm ocağında təhsilini müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıdıb. Ali təhsilli mütəxəssis kimi 1982-ci ildən Azərbaycan Elmlər Akademiyasında əmək fəaliyyətinə başlayıb. Onun elmi axtarışlara sonsuz həvəsini, elmi potensialını nəzərə alaraq elə həmin il onu elmi axtarışla məşğul olmaq üçün SSRİ Elmlər Akademiyasının Moskvadakı Bioüzvi Kimya İnstitutuna ezam ediblər. Burada ikiillik təkmilləşmə kursu keçib. Burada özünü bacarıqlı, elmi axtarışlara böyük həvəsi olan gənc mütəxəssis kimi tanıdan Dilarə xanımın işgüzarlığı, qabiliyyəti diqqətdən kənarda qalmayıb və o, müəllimlərinin təklifi ilə 1984-cü ildən həmin institutun aspiranturasında oxuyub. Qısa müddətdə müəllimlərinin etimadını doğruldub, molekulyar biologiya sahəsində apardığı tədqiatlar elmi rəhbəri ilə yanaşı digər alimlərin də diqqətini cəlb edib, əldə etdiyi nəticələr yüksək qiymətləndirilib. Məqalələri nüfuzlu elmi jurnallarda çap olununb, elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Bioüzvi Kimya İnstitutnda keçirilən gənc elmi işçilərin müsabiqəsəində birinci yeri tutaraq diplomla təltif olunub. 1993-cü ildə isə elmi axtarışlarının yekunu kimi, Rusiya Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini qazanıb. Hal-hazırda Azərbaycan MEA-da elmi fəaliyyətini davam etdirir.
Tərcümeyi-hallarından da göründüyü kimi, hər iki alimin ömür yolunda bağlılıqlar, bir-birinə uyğun məqamlar çoxdur. Eyni dövrdə ali təhsil alıblar, hər ikisi aspiranturanı Moskvada oxuyub, orada namizədlik dissertasiyası müdafiə ediblər. Hər ikisinin elmi axtarışları da təbiət elmləri üzrədir. Amma bunlarla yanaşı, onları birləşdirən, ömür yollarını qoşalaşdıran daha vacib məqam isə alın yazıları, qismətləridir ki, Ulu Tanrı ulduzlarını barışdırıb və onlar ailə həyatı qurublar. Şərəfli alim ömrü yaşayan Arif müəllim və Dilarə xanım həm də nümunəvi valideynlərdir. İki qızları var. Böyük qızları Nərgiz Tibb Universitetini bitirib, kardiologiya ixtisası üzrə rezidenturada oxuyub. Kiçik qızları Lalə isə Memarlıq və İnşaat Universitetini bitirərək memar ixtisasına yiyələnib.
Həyatın yolları hamar olmur. Enişli-yoxuşlu yollardan keçir həyat. H.Arif demişkən: “Həyatı dərindən duymaqdan ötrü min oddan, alovdan keçəsən gərək”. Arif də bu yolun yolçusu olaraq eldə-obada ailəsi ilə birlikdə sevilən ziyalılardandır. A.Bakıxanov vaxtı ilə yazırdı: “Bəxtiyarsan, əgər çəkdiyin əmək, cahan süfrəsinə versə bir çiçək”. Bu mənada, Arif də, Dilarə xanım da Allahın yaratdığı yaxşı bəndələrdəndi. Ona görə ki, onların çəkdiyi əmək cahan süfrəsinə çox çiçəklər verib.
Onlara güc verən, arzularını qanadlandıran bu gün həm də üç şirin-şəkər nəvələridir. Qoşa addımladıqları, hər uğura birgə imza atdıqları həyat yolunda onlara bundan sonra da xoş günlər, yeni-yeni uğurlar arzulayıram. Ulu Tanrı övladları və nəvələri ilə bağlı bütün arzularına qovuşdursun.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.