Bahəddin Alı oğlu Nəbiyev (elmlər namizədi)

QISA MƏLUMAT

Bahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 1966-cı illərdə Faxralı orta məktəbini bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya müəllimi işləmişdir. O, 1972-ci ildə Azərbaycan Respublikası EA Qeyri Üzvi və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olmuş və keçmiş SSRİ-nin N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna (Moskva şəhəri) elmi e’zamiyyətə göndərilmişdir. Bahəddin Nəbiyev 1976-cı ildə həmin İnstitutda namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Bahəddin Nəbiyev 1976-1978-ci illərdə Azərbaycan Respublikası EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1978-ci ildən indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasında dosent vəzifəsində işləyir. Bahəddin Nəbiyev 50-dən çox elmi və elmi metodik məqalələrin və dərs vəsaitinin müəllifidir. Ali məktəblərə daxil olanlar üçün çox faydalı olan “Kimya” dərsliyini nəşr etdirmişdir. Bahədddin Nəbiyev 10-dan çox ittifaq və respublika səviyyəli konfranslarda çıxış edib materiallar çap etdirmişdir.

Mənbə : REDAKTORDAN.

 

ELLƏ AĞLAMIŞAM, ELLƏ GÜLMÜŞƏM

İnsanın qəlbinin dərinliyində o qədər də asan­lıqla hiss olun­mayan və görünməyən işıq olur. Bəlkə də bu işıq  müəy­yən illər keçəndən sonra daha da güclənir və o insanı istədiyi yerə, mə­kana aparır. İstər-istəməz həmin mə­ka­na ça­tanda insan daxilən sakitləşir, özünü rahat hiss edir. Hiss edir ki, ötən illəri, arxada qalan həftə­ləri və ayları hədər yaşamayıb. Bax onda, zama­nın içində bəşər övladı özünü bayaq dedi­yimiz kimi, daha rahat hiss eliyir.

Dahilərdən biri deyib: “Mənim üçün insan heç nədir. Ancaq onun məsləki, əqidəsi hər şeydir; yalnız məslək məni insanlara bağlayır, ya da ondan ayıra bi­lər”. İnsanın ki, məsləki oldu, o məslək həmişə insanı ardınca çə­kib aparacaq və hardasa uca bir zirvəyə çatmaqda sənə kö­mək olacaq. Bahəddin Alı oğlu Nəbiyev də həyatda öz izi, öz sö­zü olan insanlardandır. O, 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib və sonradan ali təhsil arxasınca Bakıya gələrək Azər­baycan Dövlət Universitetinin (indiki BDU)  kimya fakültəsinə daxil olub.

Tələbəlik illərinin özünəməxsus çətinlikləri, ağrı-acısı və problemi olur. Təbii ki, o illərdə əziyyətə qatlaşan, kitabı özünə dost, qardaş və sirdaş bilən insanlar daha tez məqsədlərinə və istək­lərinə qovuşublar. Bahəddin Nəbiyev də tələbəlik illərində çoxlarından seçilib və dərslərini əla qiymətlə oxuyub. Elə bu­nun nəticəsidir ki, o, universiteti fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə diplomu almaq və o adı doğrultmaq insandan böyük zəhmət, alın təri və bir də yuxusuz gecələr tələb edir. Sonrakı illərdə Bahəddin müəllim öz ömrünü Əli Bayramlı (indiki Şirvan) şəhərindəki 5 saylı orta məktəblə bağlayır. Və bir müddət, daha doğrusu, 1971-1972-ci illərdə həmin tədris ocağında kimya müəllimi işləyir. Sonra isə Azərbaycan Respublikası Elmlər Akademiyasınını Qeyri-üzvü və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olur. O, burda da özünü elm adamı kimi bir daha təsdiqləyə bilir. Təsdiqləyir ki, elmin yollarına təsadüfən gəlib çıxmayıb.

O, SSRİ Elmlər Akademiyasınını N.D.Zelinski adına Üzvü Kimya İnstitutuna elmi ezamiyyətə göndərilir. Bahəddin Nəbi­yev Üzvi Kimya İnstitutunda aspiranturaya qəbul olur və “Se­olitlərin quruluşunun və adsorbsiya xassələrinin infra­qırmızı spektroskopiya üsulu ilə tədqiqi” mövzusunda namidəzlik dissertasiyası yazır, 1976-cı ildə isə həmin elmi işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi alır.

İllər ötdükcə ömrünü elmə həsr edən bu ziyalı insanın təcrübəsi daha da artır. Düşünür ki, həyat mübarizədir və nə qə­dər mübarizə aparsan bir o qədər də tez istəyinə nail olarsan. Be­linski yazır: “Mübarizə həyatın şərtidir. Mübarizə qurta­ran­da isə həyat məhv olur.” Bütün bunların ha­mısını bir alim, bir zi­yalı olaraq Bahəddin Nəbiyev çox yaxşı bilir və hər addım atan­da da fikirləşir ki, atdığı addım sonda hansı nəticəni verə­cək.

Azərbaycan Elmlər Akedemiyasının Qeyri üzvü və Fiziki Kimya İnstitutunda mühəndis, elmi işçi vəzifələrində çalışan alim öz uğurlarını daha da möhkəmləndirir.

Sonradan 1978-2003-cü illərdə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) kimya kafedrasında assistent, dosent və kafedra müdiri vəzifələrində  işləyir. İllər keçdikcə yeni-yeni uğurlar qazanır.

Bahəddin Nəbiyev 2003-cü ildən Azərbaycan Təhsil Prob­lemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Maraq­lıdır, həmişə elmi axtarışların və yenilikərin müsbət nəticə ver­di­yini dərindən duyan alim bir an da olsun axtarışlarını azalt­mır. Elə bunun nəticəsidir ki, 80 elmi əsəri, o cümlədən 3 ki­tab­çası, 2 tədris proqramı, 5 dərs vəsaiti, 20 meto­dik vəsaiti, 25 jurnal məqaləsi, 23 tezis və 3 müəlliflik şəha­dət­naməsi və s. Bahəddin Nəbiyevin alim kimi nəyə qadir olduğunun göstəri­ci­ləridir.

O, “Pedaqoji təmayüllü ali məktəblərdə müəllim hazır­lı­ğı­nın səmərəliliyinin artırılması üçün təhsilin məzmununun tək­mil­ləşdirlməsi” mövzusunda elmi araşdırmalarını və axtarış­larını davam etdirir. Hər bir çəkilən zəhmətsə öz bəhrəsini nə vaxtsa verəcək. Bahəddin Nəbiyevin yetirmələri yüzlərlədir. Bahəddin Nəbiyev ləyaqətli yetirmələri ilə fəxr edir. Müdrik­lə­ri­mizindən biri deyib ki, “Həyatda tam olmaq, bütöv olmaq lazımdır”. Bu mənada Bahəddin Nəbiyev bütöv adamdı, sözünün yiyəsidir. Bahəddin müəllim həm də elnən nəfəs alan ziyalıdır. İstedadlı şairimiz Rasim Kərimlinin vəsf etdiyi kimi:

Ellə ağlamışam, ellə gülmüşəm,
Elimdən ayrılsam bil ki, ölmüşəm.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur