Mahal Şaban oğlu Qurbanov (pedaqoji elmlər doktoru, professor)

QISA MƏLUMAT

Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1964 1974-cü illərdə Faxralı orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinbitirmişdir. Həmin ildən Marneuli şəhər 70 saylı texniki peşə məktəbində müəllimlik fəaliyyətinə başlamış və eyni zamanda Marneuli şəhər orta məktəblərində də dərs demişdir. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmuş, 1987-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildə Gəncə şəhərinə köçmüş, Gəncə şəhər 30 saylı orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə müsabiqə yolu ilə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim tə’yin olunmuşdur. Sonra dosent vəzifəsinə seçilmişdir. O, H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsinək yüksəlmişdir. Mahal Qurbanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O, bir sıra respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir. 2013-cü ilin yanvar ayında “Müasir dövrdə 8-11-ci sinif şagirdlərinin əxlaqi münasibətlərinin formalaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Podaqoqika üzrə elmlər doktoru” elmi dərəcəsini almışdır. 2020-ci ildə isə o, professorluq diplomunu da almışdır.

REDAKTORDAN

 

UĞURA APARAN YOL

Bu vaxta qədər işıq üzü görmüş kitab­la­rımda haqqında bəhs etdiklərimin ara­sın­da mü­əl­limlər çoxluq təşkil edib. Düzü, in­diyədək bu­nun fərqinə varmamışdım. Han­sı peşənin sahibi olmasından asılı ol­ma­yaraq, el-obası, doğma Və­təni üçün la­yiq­li olan hər kəs haq­qında yazıb onları ge­niş ictimaiyyətə təqdim etməyə çalış­mı­şam. Yazılarımın qəh­rə­manları Azərbay­ca­­nımızın müxtəlif guşələ­rindən olub. Am­ma bu­nu da etiraf edim ki, daha çox Bor­çalıdan və borçalılardan, bu qədim türk yurdu­nun ağır el­lə­rin­dən olan Fax­ra­lı kəndindən və bu kəndin oğul və qızlarından yaz­mı­şam. O kəs­lərdən yazmışam ki, əməlləri ilə təkcə doğulub bo­ya-başa çat­dıqları Faxralı kəndinə yox, bütövlükdə Borçalıya ba­ş­uca­lığı gəti­riblər, Azərbayca­nımızın şərəfini hər yerdə qo­ru­yub­lar.

Qələm adamı üçün yeni kitabının işıq üzü görməsinin nə demək olduğunu ancaq bu hissi yaşayanlar daha gözəl bilərlər. Mənim üçünsə yeni kitabımın nəşr olunmasından doğan hiss və həyəcan ikiqat olub. Axı, hər kitabda elimin-obamın şöhrətinin üstünə şöhrət gətirən neçə-neçə elm adamından, qabaqcıl müəl­lim­dən, şəfalı əlləriylə ailələrə sevinc bəxş edən həkimdən, elin güvənc yeri kimi üz tutduğu ağsaqqaldan, dili xeyir-dualı ağbir­çəkdən, doğma yurdunun abadlaşdırılması və həmyer­lilə­rinin daha xoş güzəranı üçün şəxsi vəsaitini əsirgəməyən xeyirxah iş adam­larından yazmışam. Və hər yazının arxasında bir insan taleyi dayan­dı­ğından, bir nəfərin keçdiyi ömür yoluna qısa da olsa ayna tutmağa çalış­­dığımdan, yazdıqlarımın oxucular, xüsusən də eloğ­lu­larım tərəfindən necə qarşılanacağı mənim üçün böyük əhə­miyyət daşıyıb. Düşün­mü­­şəm ki, görəsən, filankəs haqqında yaz­dıq­larımı eldə-obada necə qarşıladılar. Və bir də hər dəfə kitabı tamamlayıb çapa ve­rəndə düşünmüşəm ki, görəsən diqqətdən kənarda qalan olma­yıb ki?! Elə bu düşüncələr də məni vadar edib ki, hər dəfə bu səpkili kitabım işıq üzü görəndən sonra öz-özümə “artıq bu bəsdir” desəm də, aradan bir az keçmiş yeni kitabın ilk səhi­fələri yazılıb.

Bu yazıda eloğlum Mahal müəllim haqqında söhbət açmaq istəyi­rəm. O, sözün əsl mənasında bütün həyatını elmə, təhsilə həsr etmiş fədakar bir müəllimdir. Və mən onun haqqında danış­mazdan əvvəl Mus­tafa Kamal Atatürkün müəllim əməyi­nə, müəl­li­min cəmiyyətdəki möv­qeyinə verdiyi böyük qiyməti diqqətə çat­dırmaq istəyirəm. Böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürk cəhalətin, geriliyin aradan qal­dırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü gös­tə­rərək demişdir: “…Millətləri azad edənlər yal­nız və yalnız mü­əl­limlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.

Müəllim əməyi üçün bundan böyük qiymət nə ola bilər. Doğ­rudan da, müəllimi olmayan millətin gələcəyi olmaz. Hər bir mil­lə­tin gələcəyi onun müəllimlərinin əlindədir. Bu yazımın qəhrə­ma­nı da müəllim əmə­yinin nə demək olduğunu, müəllim məsu­liy­yətini yaxşı bilən ziyalıla­rımızdandır, doğma Faxra­lımın ləya­qətli yetirməsi olan alim-müəllimdir. Onun keçdiyi ömür yolu da dediklərimizin sübutudur.

…Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1964-cü ildə doğma kəndində orta məktəbin birinci sinfinə gedib, 1974-cü ildə orta təhsilini başa vu­rub. Elə həmin il ali təhsil almaq arzusu yaşıdlarının çoxu kimi, onun da yolunu Bakıya salıb. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə verib. O dövrdə təhsil alanlar yaxşı bilirlər ki, bu fakültədə oxumaq necə prestij sayılırdı. Axı, bu fakültəyə ancaq orta məktəbi əla biriənlər, xüsusilə də riyaziyyatdan güclü olanlar gəlirdilər və qəbul zamanı da böyük müsabiqə olurdu.

1979-cu ildə universitetdə təhsilini başa vuran Mahal Qur­ba­nov ali təhsilli gənc mütəxəssis kimi Borçalıya qayıdır. Marneuli şəhərindəki 70 saylı texniki peşə məktəbində pedaqoji fəaliyyətə başlayır və eyni zamanda Marneuli şəhərindəki orta məktəblərdə də dərs deyir, univer­sitetdə öyrəndiyi nəzəri bilikləri gənc nəsilə böyük həvəslə öyrədir. Qısa müddətdə burda pedaqoji ictimaiyyə­tin, rayon sakinlərinin hörmət və rəğbətini qazanır. Heç də hər bir gəncə belə tezliklə nəsib olmayan nüfuz sahibi olur. Bəlkə də onun yerində kim olsaydı artıq əldə etdikləri ilə razılaşıb burada müəllim kimi fəaliyyətini davam etdirərdi. Amma Mahal Şaban oğ­lunun içindəki oxumaq, daim yeniliyə can atmaq həvəsi onu da­ha uca zirvələrə çağırırdı. Elə bu istək, elmə olan bu maraq onu 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspirantu­rasına daxil olmağa sövq etdi. Həm pedaqoji fəaliyyətlə məşğul oldu, həm də vaxtdan səmərəli istifadə edərək elmi axta­rışlara başladı. Nəhayət, gərgin zəhmət öz bəhrəsini verdi və o, 1987-ci ildə Tbilisi Dövlət Univer­site­tində namizədlik disserta­siyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi aldı.

Artıq bir alim kimi onun qarşısında daha geniş üfüqlər açı­lır­dı. Elmi-pedaqoji potensialını daha böyük auditoriyalarda sərf et­məyi düşünürdü. Bu arzuyla da 1989-cu ildə Gəncə şəhə­rinə kö­çüb, 30 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam et­di­rib. 1990-cı ildə müsabiqə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fən­lər kafed­rasına müəllim təyin olunub. Bilik və bacarığı, zəhmət­sevər­liyi ilə bu­rada da qısa müddətdə fərqlənib, kollektivin hörmətini qazanıb, ça­lışdığı ka­fed­rada dosent vəzifəsinə seçilib. Hətta daha böyük etimad gös­tərilərək H.Zərdabi adına Gəncə Dövlət Pe­daqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsinə irəli çəkilib.

Nə tutduğu vəzifə, nə də qazandığı karyera onu elmi-təd­qiqatdan uzaqlaşdırmayıb, axtarışlarını davam etdirərək doktorluq dissertasiyası üzə­rində çalışıb. Nəhayət, gərgin zəhmətin bəhrəsi kimi, 2013-cü ilin yan­var ayında “Müasir dövrdə 8-11-ci sinif şagirdlərinin əxlaqi müna­sibətlərinin formalaş­dırılması” mövzu­sun­da doktorluq disserta­siya­sını müdafiə edərək pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Yeri gəlmişkən qeyd edim ki, onun doktorluq işinin elmi rəhbəri gör­kəmli pedaqoq-alim Zahid Qaralov olub.

Mahal Qurbanov məhsuldar alim ömrü yaşayır. Onun elmi-pedaqoji fəaliyyəti 140-dan çox elmi əsərdə öz əksini tapıb. Də­fələrlə elmi kon­franslarda məruzələrlə çıxış edib.  Xaricdə nəşr olu­nan nüfuzlu jurnal­larda 10 elmi məqaləsi dərc olunub. 4 me­todik vəsaitin, 2 dərs və­saitinin, 16 tezisin, 2 ixtiranın, 2 mono­qra­fiyanın, 12 fənn proqram­larının müəl­lifidir. Hal-hazırda Gəncə Dövlət Universitetinin professoru kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Bəli, Mahal müəllim bu gün çox məhsuldar bir alim ömrü ya­şayır, səmərəli elmi-pedaqoji fəaliyyətini davam etdirərərk uğura aparan yolda inamla addımlayır. Elimin bu alim oğluna uzun və sağlam ömür, elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur