QISA MƏLUMAT
Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də Faxralı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər interant məktəbində almış və 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya institutunda oxumuş və 1980-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il aspiranturaya daxil olmuş və 1986-cı ildə “Metalların təzyiq altında e’malı” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin iyun ayından zavoda qayıtmışdır. Boru yayma zavodunun (indi “Azərboru” SC) texniki şö’bəsinin rəisi – baş mühəndisin müavini vəzifəsində çalışır. Məmməd İbrahimov 8 ixtira və 30-dan çox elmi məqalənin müəllifidir. Dəfələrlə diplom müdafiəsi komissiyasının sədri olmuşdur. 4 nəfər dissertanta rəhbərlik etmişdir. Məmməd İbrahimovun elmi və praktiki fəaliyyəti 15 elmi-praktiki əsərdə öz əksini tapmışdır. O, 10 ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, materiallar çap etdirmişdir.
Mənbə : REDAKTORDAN
YENİLİYƏ CAN ATAN İNSAN
Hər şey insanın qanında olmalıdır. Daha doğrusu, gərək əvvəlcədən hər hansı bir adama Alllah-Təala tərəfindən bir istedad verilsin. Əgər o istedad varsa, nə vaxtsa həmin istedad üzə çıxacaq və insanı istədiyi mərtəbəyə yüksəldəcək. Bəzən də elə insanlar olur ki, istedadlarına arxayın olub, öz üzərində işləmir, tənbəllik edir və günlərin birində o istedad da məhv olub gedir. Başqa sözlə desək, qılınc qınından çıxmırsa, kotan torpaq əkmirsə, mütləq günlərin birində paslanacaq və öz kəsərini itirəcək.
Amma həyatda elə insanlar da var ki, Allah-Təala ona verdiyi payı və istedadı zaman-zaman cilalayır və günlərin birində də məqsədinə çatır. Bu cür adamlar heç vaxt yoruldum, usandım və ruhdan düşdüm demirlər. Sadəcə olaraq, bu cür insanlar öz həyat yollarını tapır, o yolu və izi addımlaya-addımlaya istəklərinə doğru irəliləyirlər.
Həsən bəy Zərdabi deyib: “Əql və elm ilə insan bütün dünyanı təsrif edə bilər”. Bu fikirdə böyük hikmət var. İnsanlar hər şeyə əql və elm sayəsində çatırlar. Gözəl ziyalı, texniki elmlər namizədi Məmməd Məmmədəli oğlu İbrahimov da öz həyat yolunu asanlıqla müəyyənləşdirə bilməyib. Hər atdığı addım ona çətinliklə başa gəlsə də, heç vaxt və heç nədən usanmadan irəliyə doğru gedib. Məmməd İbrahimov 1948-ci ilin yanvarında Faxralı kəndində anadan olub. Bir müddət Faxralı kənd orta məktəbində, sonra isə Marneuli rayonundakı internat məktəbində oxuyaraq 11-ci sinifi bitirir. İllər ötür və günlərin birində o, Gürcüstandan Sumqayıt şəhərinə köçür. 1967-ci ildə Sumqayıtdakı Boruyayma Zavodunda çilingər işləyir. Daha doğrusu, elə bərkə-boşa da o illərdə düşür və o illər Məmməd İbrahimovu sanki sınağa çəkir. Sınağa çəkir ki, görüm Məmməd mənim imtahanıma dözəcək, yoxsa dözməyəcək.
Həyat o adamları sevir ki, o, zamanın dalğalarına, gərdişinə tab gətirə bilir və möhkəm duruşu ilə yolunu davam etdirir. İradəsi zəif insanlar isə bu dalğaların qoynunda itib-batırlar. Ancaq Məmməd İbrahimov zamanın dalğalarının qoynunda itib batmadı. Əksinə, o daha da bərkidi, möhkəmləndi və günlərin birində öz istəyinə çatdı.
Məmməd İbrahimov ordu sıralarında xidmət edir və sonradan 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunda imtahan verərək Dnepropetrovski şəhərindəki Metallurgiya İnstitutuna (texnoloji fakültənin boruyayma ixtisası üzrə) qəbul olur. Tələbəlik illəri hamı kimi onu da sınağa çəkir. Tələbə yoldaşlarından fərqli olaraq, o, başqa bir yolu seçir. Yəni daha çox kitab oxuyur, daha çox dərsə hazırlaşır və daha çox da öz vaxtını səmərəli keçirir. Elə buna görə də ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Həmin ildə institutun əyani aspiranturasına daxil olur.
Məmməd İbrahimov fikirləşmirdi ki, nə zamansa böyük bir alim olacaq. O fikirləşirdi ki, günlərin birində həyatda öz yerini tapacaq, elmdə qaazandığı uğurları ilə çoxlarını sevindirəcəkdir. Belə də olur. 1986-cı ildə “Mürəkkəb formalı dövri profillərin (qaz-turbin mühərriklərinin pərləri) yan tərəflərə deformasiya olunmadan yayılması texnologiyasının işlənməsi və təhqiqatı” mövzusunda dissertasiya işini müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsinə layiq görülür. 1986-cı ildə yenidən Sumqayıta qayıdır və ordakı Boruyayma zavodunda texniki şöbənin rəisi, baş mühəndisin müavini vəzifələrində işləyir.
İstehsalatı bilmək, yeni texnoloji prosesləri mənimsəmək o qədər də asan iş deyildi. Çünki əvvəlcə Məmməd İbrahimov nəzəri elmi biliklərin incəliklərinə, dərinliklərinə yiyələnmişdir. Elə həmin bilik də istehsalatda çalışdığı zaman onun köməyinə çatır və yardımçısı olurdu. İndiyə kimi alimin 20-dən artıq elmi məqaləsi nəşr edilib. O, ali məktəblər üçün bir neçə dərslik və metodik vəsaitlər yazıb və çoxlu sayda texniki tərcümələr edib.
Məmməd İbrahimov təkcə alim və güclü mütəxəssis kimi tanınmayıb. O həmişə yeniliyə, ixtiralara imza atıb. Təsadüfi deyil ki, 8 ixtiranın müəlliflik şəhadətnaməsini alıb. Bütün bu uğurlar onu göstərir ki, insan addımladığı yolda nə istəyirsə əldə edə bilər və qazanmaq gücünə malikdir. Bakıxanov yazır: “Hər bir müvəffiyyətli iş ağıl sayəsində olur”. Ömrünü axtarışlara, elmi kəşflərə və yeni ixtiralara sərf edən Məmməd İbrahimov arxada qalan o illər üçün heç vaxt təəssüflənmir. Əksinə qürur duyur ki, arxada qalan illərdə onun əbədi bir izi qalıb.
O, bu gün “AZENCO” ASC-nin Sumqayıt Texnologiyalar parkı Metaləritmə Zavodunun texniki istehsalat və keyfiyyətə nəzarət şöbəsinə rəhbərlik edir. Alimin 2 övladı var. O, ailəsi və balaları ilə həmişə qürur duyur və ömrünü elmə sərf etməkdə yanılmadığını bildirir.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.