Nadir İsa oğlu Qurbanov (elmlər namizədi)

QISA MƏLUMAT

Nadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü ildə Moskva şəhərində “Azərbaycanda Qazkimillərin ekologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun 8 elmi əsəri çap olunmuşdur. 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı-Zeid kəndində müəllim işləmişdir. 1971-ci ildə Qabaqcıl Maarif xadimi adına layiq görülmüşdür. 1971-ci ildə Azərbaycan respublikası müəllimləri təkmilləşdirmə institutunda metodist vəzifəsində işləmişdir. O, 1995-ci ildən Səbail Rayon Təhsil şöbəsində metodist vəzifəsinək yüksəlmişdir.

Mənbə : REDAKTORDAN.

 

ZİYANSIZ ZİYALI

Vaxtın, zamanın qədrini bilən adam heç vaxt uduzmaz. Daha doğ­ru­su, belə adamların hər dəqiqəsi qı­zıl kimi qiymət­ləndirilir. İnsan var, aylar, illər ötür heç dünyanı vecinə də al­mır. Əslinə qalanda onun görü­ləsi işi də olmur. Yəni bu cür adam­lar nə ailə yanında, nə də eldə-obada söz sahibi deyillər. Ancaq insan da var ki, bayaq dediyimiz kimi, hər də­qiqəsinin qədrini bilir, hər sözü­nün çəkisini hiss edir, hər addımının yerini bilir. Bilir ki, həmin yerdə addımlamaq olar, yoxsa ol­maz.

Böyük filosof S.Ricardson yazır: “Vaxtı qoruyun, bu, hə­yat­dan düzəldilmiş bir toxumadır”. Deməli, vaxtı qoru­mağın özü, qədirbilməyin mənası hardasa insanın böyüklüyündən, ira­dəsindən və ən nəhayət uğurlarından xəbər verir.

Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində 1940-cı ildə anadan olan Nadir İsa oğlu Qurbanov sözün həqiqi mə­nasında öz zəhməti ilə böyüyən, yetişən və püxtələşən in­san­­lardan sayıla bilər. Yəni adam var ki, keçmişi unudur, yad­dan çıxarır və bu günü ilə öyünür. Ancaq Nadir Qurbanov həm keç­mişini, həm bu gününü, həm də sabahını düşü­nən adam olub. Başqa sözlə demiş olsaq, keçmişdə qazandıqları ilə heç vaxt qürrələnməyib. Əksinə, fikirləşib ki, mən bu gün və sabah nə etmişəm və nə edəcəyəm?

O, orta məktəbi bitirəndən  sonra Sovet Ordusu sıralarında qul­luq edib. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə daxil olub və oranı bitirib. El­mi axtarışları və təhsilə olan böyük maraq gənc alimi özünə çəkib. Nadir Qurbanov 1974-cü ildə Elmlər Akademiyasının Zo­ologiya İnstitutunda aspiranturaya daxil olub. Həmin illərdə o elmi axtarışlarını davam etdirərək bu sahədə uğurlarını ar­tı­rıb.

Aydındır ki, Sovet dönəmində elmi dərəcə almaq üçün çox əziyyətlər çəkmək lazım gəlirdi, daha doğrusu, elm adamı kimi özünü təsdiq etmək çox çətin idi. Özü də müdafiələrin çoxu Bakıda deyil, Moskvada keçi­ri­lirdi. Şovinsit ruslar isə bəzən bizim istedadlı, ziyalı və elm adamlarına qısqanclıqla yanaşır, gözləri onları götürmürdü. Amma bütün bu təzyiq­lərə və soyuq münasibətlərə baxmayaraq, Nadir Qurbanov 1983-cü ildə Moskvada “Azərbaycanda qazkimillərin ekologiyası” mövzu­sunda namizədlik dissertasiyası müdafiə edib.

Onun müxtəlif  dövrlərdə 8 elmi əsəri çap olunub.

O, 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı Zeid kəndində müəllim işləyib. Təbii ki, müəllimlik şərəfli bir pe­şədir, ancaq müəllim şərəfini qorumaq, onun adını uca tutmaq hər insana nəsib olmur. Nadir Qurbanov harda işləməsindən asılı olmayaraq, bu adı həmişə uca tutub, öz şərəf və ləyaqəti qədər onu qoruya bilib. Elə bu əməllərinə görə də, 1971-ci ildə o, “Qabaqcıl maarif xadimi” adına layiq görülüb. Sonralar isə Nadir Qurbanov Respublika Müəllimləri Təkmilləşdirmə İnsti­tu­tunda metodist vəzifəsində çalışıb. 1995-ci ildən isə Səbail rayon təhsil şöbəsində metodist işləyib. Deməli, hər şey insanın öz əlindədir. İnsan həyatını düzgün quranda, vaxtını dəqiq bö­lüşəndə istər-istəməz  öz məqsədinə çətinliklə də olsa çata bilir. Böyük Nizami çox yerində deyib:

Gözəl bir həyat qur, şən yaşa hər an,
Kimsəyə dəyməsin səndən bir ziyan.

Özünə gözəl həyat quran böyük ziyalı və xeyirxah insan Na­dir Qurbanovdan indiyə kimi heç kəsə bir ziyan dəyməyib, ək­si­nə, o, yıxılanın qolundan tutub, büdrəyənə arxa durub. Bir sözlə həmişə özünü əsl ziyalı və əsl müəllim kimi təsdiqləyə bi­lib.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur