QISA MƏLUMAT
Namaz Hüseyn oğlu Bədəlov 1932-ci il may ayının 20-də Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir.1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra doğma yurduna qayıdaraq 1959-cu ilədək Faxralı kəndindəki “Qələbə” kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir.Namaz Bədəlov 1964-ci ildə “Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.1972-ci ildən 1990-cı ilədək Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Rostov vilayətinin Don Kənd Təsərrüfatı İnstitutunda “Tut ipəkqurdunda yemi ödəmənin yüksəldilməsinin ekoloji və genetik seleksiya əsasları” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır.O, 1990-cı ildən ömrünün sonuna kimi institutun direktoru vəzifəsində çalışmışdır.1964-cü ildə namizədlik müdafiəsindən sonra Namaz Bədəlov tərəfindən tut ipəkqurdunun seleksiyası və damazlıq işinə aid aktual məsələlər müvəffəqiyyətlə işlənmiş, nəticələri Ümumittifaq (keçmiş SSRİ), respublika və zona elmi-təsərrüfat müşavirələrində mə’ruzə edilmiş, məqalələr çap olunmuş və istehsalata tətbiq edilmişdir.Namaz Bədəlov 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 nəfər elmlər namizədi müdafiə etmişdir. O, eyni zamanda 60-dan çox elmi-publisistik məqalələr müəllifidir.15 il daimi olaraq AzKTİ-da və H.Əliyev adına özəl Aqrar Ekologiya İnstitutunda ixtisas fənnindən mühazirə oxumuş və məşğələlər aparmışdır.Namaz Bədəlov keçmiş ÜKTEA Koordinasiya Şurasının üzvü, AzSSR-də ipəkçilik üzrə kənd təsərrüfatının idarə edilməsi sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət Aqrar Sənaye Komitəsinin heyvandarlıq problemləri üzrə elmi-metodiki Şuranın üzvü, “Şelk” elmi-texniki Ümumittifaq məcmuəsi redkollegiyasının üzvü kimi ipkəçiliyin inkişaf etdirilməsi üçün tədbirlər planının işlənməsində və elmi nailiyyətlərin həyata keçrilməsində fəal iştirak etmişdir.Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında fəal iştirak etmişdir. F.A.Məlikov adına Heyvandarlıq İnstitutunda təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının bir neçə seçki üzvü seçilmiş, 12 beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir.Namaz Bədəlovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, aqrarçı alim kimi 1970-ci ildə “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, 2 dəfə ÜXTNS-nın gümüş medalı və 1974-cü ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.Namaz Bədəlov 1999-cu ildə vəfat etmişdir.
Mənbə : REDAKTORDAN
TARİXİNDƏ ÇOX NAMAZLAR QALACAQ…
Doğma Vətəni arana, dağa, ayrı-ayrı bölgələrə bölməyin hər zaman əleyhinə olmuşam. Çoxları kimi mən də “Vətən birdir, onu bölmək olmaz” deyə, düşünmüşəm. Can Azərbaycanımızla yanaşı onun bu gününkü siyasi-coğrafi sərhədlərindən kənarda qalmış Təbriz də vətəndir, Borçalı da, Dərbənd də vətəndir, Kərkük də… Amma bu danılmaz həqiqətdir ki, doğulub boya-başa çatdığın yer – istər şəhər olsun, istərsə də ən ucqar, ən kiçik kənd – fərqi yoxdur, sənə daha şirin, daha doğma olur. Sanki dünyanın ən cənnət guşəsi elə sənin doğulduğun yerdir. Bu mənada mən həmişə Borçalıda – onun dilbər guşələrindən biri olan ağır elli Faxralı kəndində doğulub boya-başa çatmağımla, burda orta məktəbi bitirməyimlə fəxr etmiş, bu elin sorağı hər yana yayılmış oğulları ilə hər zaman fəxr etmiş, kəndimin adı çəkiləndə haqlı qürur hissi keçirmişəm. Bu yaxınlarda “Borçalı alimləri” kitabını yenidən gözdən keçirərkən Faxralı kəndinin yetirmələri olan alimlər haqqında oxuduqca bir daha bu hissləri yaşadım. Azərbaycan elminə şərəflə xidmət edərək onun şöhrətini uzaq-uzaq ellərə yayan və bununla da həm də Faxralını şöhrətləndirən alimlərdən biri də Namaz Bədəlovdur.
…Namaz Hüseyn oğlu Bədəlov 1932-ci il may ayının 20-də anadan olub, Faxralı orta məktəbində təhsil alıb. O vaxtlar Faxralıda elmə, təhsilə maraq çox güclü idi. Orta məktəbi bitirənlərin əksəriyyəti müxtəlif ali məktəblərə daxil olurdular. Namaz Hüseyn oğlu da orta məktəbi bitirdikdən sonra kənd təsərrüfatı üzrə mütəxəssis olmaq qərarına gələrək Gəncədə fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Kənd Təsərrüfatı Akademiyası) daxil olub. 1954-cü ildə ali təhsilini başa vurduqdan sonra institutda qalıb elmi işlə məşğul olmaq imkanı olsa da, o, doğma yurduna qayıdaraq əvvəlcə istehsalatda işləməyi üstün sayıb. Elə həmin ildən 1959-cu ilədək Faxralı kəndindəki “Qələbə” kolxozunda aqrotexnik kimi əmək fəaliyyətinə başlayıb, sonra isə baş aqronom vəzifəsinə irəli çəkilib.
Amma istehsalatda çalışması onun elmi tədqiqata olan həvəsini azalda bilməyib və o, 1959-cu ildə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun aspiranturasına daxil olub. 1961-ci ildə aspirantura təhsilini müvəffəqiyyətlə bitirib və elə o vaxtdan da bu institutun elmi katibi vəzifəsinə irəli çəkilib. 1964-cü ildə “Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi alan Namaz Bədəlov 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində çalışıb.
1972-ci ildə çalışdığı institutun kollektivi ona daha böyük etimad göstərib və o, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. Bu vəzifədə 1990-cı ilədək işləyib. O, 1990-cı ildən ömrünün sonuna – 1999-cu ilə kimi isə həmin institutun direktoru vəzifəsində çalısıb.
Rəhbər vəzifədə çalışmaq onun elmi tədqiqatlarına mane olmayıb, əksinə yeni-yeni elmi nəticələrin əldə edilməsinə rəvac verib. Gərgin zəhmətin, yorulmadan aparılan elmi axtarışların nəticəsi kimi 1985-ci ildə Rusiyanın Rostov vilayətinin Don Kənd Təsərrüfatı İnstitutunda “Tut ipəkqurdunda yemi ödəmənin yüksəldilməsinin ekoloji və genetik seleksiya əsasları” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alıb.
Namaz Bədəlov Azərbaycanda ipkəçiliyin inkişaf etdirilməsi sahəsində böyük işlər görmüş alimlərdəndir. 1964-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra məhz onun tərəfindən tut ipəkqurdunun seleksiyası və damazlıq işinə aid aktual məsələlər müvəffəqiyyətlə işlənilib. O, əldə etdiyi nəticələrə dair Ümumittifaq (keçmiş SSRİ), respublika və zona elmi-təsərrüfat müşavirələrində məruzə edib, məqalələri çap olunub, istehsalatda tətbiq edilib.
Namaz Bədəlov 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın müəllifi olub. O, eyni zamanda 60-dan çox elmi-publisistik məqalənin müəllifidir.
Respublikamızda bu sahə üzrə yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində də onun böyük xidmətləri olub. F.A.Məlikov adına Heyvandarlıq İnstitutunda təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının dəfələrlə üzvü seçilib. Onun rəhbərliyi altında 5 nəfər dissertasiya müdafiə edərək elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. 15 il ardıcıl olaraq AzKTİ-da və H.Əliyev adına Özəl Aqrar Ekologiya İnstitutunda ixtisas fənnindən mühazirə oxuyub. 12 beynəlxalq simpozium və konfranslarda iştirak edib.
Namaz Bədəlov keçmiş ÜKTEA Koordinasiya Şurasının üzvü, Azərbaycan SSR-də ipəkçilik üzrə kənd təsərrüfatının idarə edilməsi sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət Aqrar Sənaye Komitəsinin heyvandarlıq problemləri üzrə elmi-metodiki Şuranın və “Şelk” elmi-texniki Ümumittifaq məcmuəsi redkollegiyasının üzvü kimi ipkəçiliyin inkişaf etdirilməsi üçün tədbirlər planının işlənməsində və elmi nailiyyətlərin həyata keçrilməsində fəal iştirak edib.
Namaz Bədəlovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, aqrarçı alim kimi 1970-ci ildə “Rəşadətli əməyə görə” və “Lenin” yubiley medalları, 2 dəfə ÜXTNS-nın gümüş medalı və 1974-cü ildə «Əmək veteranı» medalı ilə təltif olunub.
Bütün varlığıyla doğma Faxralıya bağlı olan Namaz müəllim tez-tez ana vətənə baş çəkir, həmyerlilərinin hər uğuruna sevinirdi. Bir vaxtlar özünün də təhsil aldığı, yetirmələrinin sorağı dünyanın hər yerindən gələn Faxralı orta məktəbi isə onun üçün ən müqəddəs bir yer idi. Bu təhsil ocağının uğurlarından həmişə böyük fərəh hissi ilə danışır, qürur duyur, müəllimlərini minnətdarlıqla xatırlayırdı. 1994-cü ildə Azərbaycan Radio və Televiziya Verilişləri redaksiyasına Elxan Məmmədlinin adına göndərdiyi məktubda özünün Faxralı orta məktəbində oxuduğu illəri xatırlayaraq yazırdı: “Hüseynqulu müəllimin uzun illər direktor işlədiyi Faxralı orta məktəbini 1948-1949-cu dərs ilində cəmi 9 nəfər bitirmişdi. Niyəsə attestatların verilməsi rayonda iyul ayının 30-na kimi gecikdirilmişdi. Hüseynqulu müəllim bir ata kimi həmin 9 nəfər gəncin əlindən tutub 3 nəfərini Gəncəyə, 6 nəfərini Bakıya gətirdi. Onların hamısı həmin il ali məktəbə daxil oldu. Sonralar onlardan 8 nəfəri alim, o cümlədən 2 nəfər elmlər doktoru oldu”.
Mən Namaz müəllimə həmişə əmi deyə müraciət edərdim. Olduqca qohumcanlı, nəcib insan idi. Dəfələrlə həmsöhbət olmuşuq. Bir dəfə də Gəncədən Faxralıya bərabər getmişik. Yolboyu etdiyi maraqlı söhbətlərini bu gün şirin xatirə kimi xatırlayıram. O, Bakı şəhərində xəstəxanada müalicə olunarkən mərhum atam Eyvaz Məmmədovla yanına gedib günün çox hissəsini yanında qalmağımızı isə unuda bilmirəm.
Namaz əmi gözəl şairimiz Hüseyn Arifin:
Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi
– beytini sanki özünə həyat amalı seçmişdi. Təbiəti olduqca çox sevirdi. Qohumluqdan əlavə atamın həm də uşaqlıq dostu idi. Bir gün atama müraciətlə deyir:
Gəzək binələri, lap əldən düşək,
Yağışda islanaq, gün altda bişək.
Atam baş üstə deyir, hərəsi bir at minərək buz bulaqlarımızdan su içə-içə binələrimizi gəzib Möylə bulağı üstə çörək yeyib dincəlirlər. Düşünürəm ki, həmin anlarda onlar bəlkə də dünyanın ən xoşbəxt adamları imişlər. Çox qəribədir ki, hər ikisi də dünyalarını eyni ildə – 1999-cu ildə dəyişdilər.
1999-cu ildə dünyasını dəyişən Namaz Bədəlovun əziz xatirəsi yaxınlarının, dostlarının, qədirbilən faxralıların və bütövlükdə onu tanıyanların qəlbində əbədi yaşayacaq. Və hər dəfə xatırlandıqca vaxtilə yazdığım “Faxralı” şeirindən bir bənd bu xatirəni daha əziz, daha şirin edəcək:
Övladların alnıaçıq, üzüağ,
Tarixində çox Namazlar qalacaq.
Vəzirlərin zaman-aman olacaq,
İncim, dürrüm, zər-nişanım, Faxralı.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.