Pənah Hüseyn oğlu Mahmudov (elmlər namizədi)

QISA MƏLUMAT

Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Bolus nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmışdır. 1944-cü ildə rayonun partiya komitəsinə işə qəbul olunan gənc Pənah Mahmudov 1947-ci ildə Tiflisdəki ikiillik partiya məktəbinə göndərilmişdir. Partiya məktəbini bitirdikdən sonra o, 1949-cu ildə Marneuli rayonunun maarif şö’bəsinə müdir tə’yin edilmişdir. 1951-ci ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Pənah Mahmudov rayondakı maarif işindən ayrılmış, Azərbaycan Dövlət Universitetinin fəlsəfə bölməsinə daxil olmuşdur. ADU-nu bitirib fəlsəfə kafedrasında saxlanılmış, kafedrada laborant, müəllim işləməklə yanaşı, din sahəsində araşdırmalar aparmışdır. 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Pənah Mahmudovun “Elm dini mö’cüzələri rədd edir” adlı kitabı nəşr olunmuşdur. Onun “Marksist Ateizm və humanizm”, “Kommunist tərbiyəsində ateizm təbliğatı”, “Elmi ateizm üzrə ixtisasa giriş” (metodik göstəriş), “Dini mö’cüzələr varmı?” kitabları da çap olunmuşdur. Bu tədqiqatlarda dinin elmi şərhi sahəsindəki səmərəli ideya xətti əsas olmuşdur. Bütün bu müddət ərzində Pənah Mahmudov pedaqoji fəaliyyətini də gücləndirib dosent elmi dərəcəsini qazanmışdır. Pənah Mahmudovun son tədqiqatı fəlsəfə alimləri Mikayıl Məmmədov və Maqsud Cəlilovla birgə yazdıqları “Cəmiyyət, din və ateizm” kitabıdır. Pedaqoq alimin tədqiqatçılıq fəaliyyətinin bir qismi elmi məqalələr şəklində ifadə edilmiş, yüzdən çox elmi məqalə yazmışdır. Respublikada və keçmiş ittifaq miqyasında elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir. Pənah Mahmudov xalqımızın folklor yaradıcılığına xüsusi maraq göstərən ziyalılarımızdan olmuşdur. Xüsusilə Borçalının saz, söz ustadları Aşıq Əmrahın, Aşıq Kamandarın sənəti barədə məqalələr yazaraq onların Azərbaycanda tanınmasına kömək etmişdir. Pənah Mahmudov 2000-ci ilin oktyab ayında Bakıda vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

“ŞAM ƏGƏR YANMIRSA, YAŞAMIR DEMƏK”

Bu qoca dünyanın yaşı qədər ulu bir həqiqət də var: “Əbədi dirilərin” olan dünyada qazanılmış yaxşı ad əbədi yaşayır. Ad da mirasdır, özü də elə bir miras ki, xərcləndikcə tükənməz, illər keçdikcə qiymətindən düşməz.

Qədim Borçalı elindən çıxan və şərəflə yaşayan ziyalıla­rı­mız saysızdı, çoxdu. Onlar xalqımızın mədəni həyatında, şü­urunda, təfəkküründə böyük bir iz qoyub gediblər. Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək:

Yaşamaq yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək,
Onun da həyatı yanmağındadır.

Həyatını yanmaqda görən ziyalılardan biri də Pənah Mah­mudov idi. Yüzlərlə insanlara öz ziyasını  əsirgəməyən Pənah Mah­mudov geniş dünyagörüşlü, el üçün yana-yana yaşayan zəka sahibi olub. Onun söz ehtiyatı olduqca zəngin idi. Gözəl natiqlik qabiliyyəti vardı. Müdriklərimizdən biri deyirdi: “Sözü məqamında deməmək, döyüş vaxtı qılıncı qında saxlamaq kimi bir şeydir”. P.Mahmudov obyektiv, ədalətli və heç nədən çə­kin­mədən sözü məqamında deyən ziyalı idi. İxtisası üzrə ölkəmizdə tanınmış alimlərən biri idi. Uzun müddət vəzifələrdə işləməyinə baxmayaraq haqqı, həqiqəti deməkdən çəkinmirdi. Haqqa tapınmış ziyalı idi. Yolu da haqq yolu idi. Pənah Mah­mu­dovun bu və ya digər elmi və ya bədii əsər barədəki müla­hi­zələri reallığa və həqiqətə söykənirdi.

Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Borçalı maha­lının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olub. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində alıb. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texniku­mu­na daxil olmuş 1937-ci ildə oranı bitirib müəllimliyə başlamışdır. Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri, məktəb direktoru vəzifəsində çalışmışdır. 1944- cü ildə rayonun partiya komitəsinə işə qəbul olunan gənc Pənah Mahmudov 1947-ci ildə Tiflisdəki ikillik partiya məktə­binə göndərilmiş və oranı bitirdikdən sonra o, 1949-cu ildə Marneuli rayonunun maarif şöbəsinə müdir təyin edilmişdir. Qorqudşünas alim Hüseynqulu Məmmədli “Görüm, Faxralının biri olsun beş” adlı kitabında yazır: ”Pənah Mahmudov xalqının mənafeyini müdafiə etdiyinə görə Gürcüstan Maarif nazirinin müavini Berozaşvili ilə aralarınında qarşıdurma yaranıb və bunun nəticəsində MK-nın bürosunda qərəzli şəkildə vəzifəsindən azad edilib”.

1951-ci ildə ali təhsil almaq məqsədi ilə Bakıya gələn Pənah Mahmudov rayondakı maarif işindən ayrılmış Azərbaycan Döv­lət Universitetinin fəlsəfə bölməsinə daxil olmuşdur. ADU-nu bitirib fəlsəfə  kafedrasında saxlanılmış, kafedrada labo­rant, müəllim işləməklə yanaşı din sahəsində araşdırmalar aparmışdır. 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Pənah Mahmudovun “Elm və din” adlı kitabı nəşr olunmuş­dur. Onun “Marksist ateizm və humanizm”, “Kommunist tərbiyəsində ateizm təbliğatı” kitabları da nəşr olunmuşdur. Bu tədqiqatlarda dinin elmi  şərhini verməklə Pənah Mahmudov həm də filosof alim kimi özünü təsdiq etmişdir.

İllərlə keçdikcə Pənah Mahmudov pedaqoji fəaliyyətini gücləndirmiş, dossent elmi vəzifəsini qazanmışdır. Pənah Mahmudovun son tədqiqatı filosof alimlər Mikayıl Məmmədov və Maqsud Cəlilovla birgə yazdıqları “Cəmiyyət, din və ateizim” kitabıdır.

Pənah Mahmudov zəhmətkeş, məhsuldar alim kimi böyük hörmət və nüfuz sahibi idi, yüzdən çox elmi məqalə yazmışdır. Respublikada və keçmiş İttifaq  miqyasında elmi konfrans­larda,  simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Pənah Mahmudov həm də gözəl müəllim idi.  Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görül­müş­dü. Tələbələrini çox sevirdi. Tələbələri də onu çox sevirdi. Və tələbələri çox yaxşı bilirdilər ki, Pənah müəllim fənnini sevə-sevə tədris edir. Pənah müəllim tələbələrini öyrədə-öyrədə ucaldırdı. Öz ucalığını da  məhz yana-yana tələbələrini öyrət­mə­sində görürdü.  Hazırda Pənah müəllimin çoxsaylı tələbələri cəmiyyətimizin aparıcı sahələrində ləyaqətlə çalışırlar.

Həyatda olduğu kimi, elmdə də tapdanmış yolla getmək, asanı seçmək Pənah Mahmudovun təbiətinə yad idi. Pənah Mahmudov xalqımızın folklor yaradıcılığına xüsusi maraq göstərən  ziyalılarımızdan olmuşdur. Xüsusən Borçalı saz-söz ustaları Aşıq Əmrahın, Aşıq Kamandarın və türk dünyasının böyük aşığı Aşıq Şenniyin sənəti barədə məqalələr yazaraq onların Azərbaycanda tanınmasına kömək etmişdir. Görülən işlərin heç də tam olmayan bu siyahısı onun elmi irsinin əhatəliyindən və zənginliyindən xəbər verir.

2000-ci ildə vəfat edən Pənah Mahmudov həyatının son günlərinə qədər yazı masasından ayrılmadı. Ümumiyyətlə, P.Mahmudovun təbiəti elə idi ki, o, daha çox yaxşı şeyləri müs­bət və işıqlı məqamları, xoş duyğuları yaddaşında saxla­yırdı. Onun ən böyük hünəri yaşadığı müddət ərzində Azər­bay­can elminə bacardığı qədər xidmət göstərməsində idi. O, sözü ilə işi bir olan insan idi. Qəlbən xalqına bağlı idi, mənəviyyat adamı idi və zamanında öz sözünü deməyi, öz mövqeyini nümayiş etdirməyi hər şeydən üstün tuturdu. Bunun nəticəsidir ki, onu taniyanlar yaxşı bilirlər ki, yeganə ziyalılardan idi ki, həqiqəti demək naminə vəzifəli məmurları tənqid etməkdən çə­kin­mirdi. Belə vətəndaş mövqeyi də onun hörmətini qat-qat artırırdı. R.Kərimlinin bu şeiri isə heç vaxt dilindən düşmürdü:

Zireh olsa geyərəm mən,
Əyriləri əyərəm mən,
Oğul ona deyərəm mən,
Arxasıza arxa olsun.

Pənah müəllim həm də qayğıkeş ata idi. Tərbiyə etdiyi övladları cəmiyyətimizə başucalığı gətirən ziyalılardır. Övlad­la­rından Nazim prokuror, Hüseyn isə generaldır. Ordu quru­cu­luğunda fəal iştirak edir. Belə oğullar kökündən cücərib min budaq olsunlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur