Sabir Məhəmməd oğlu İsgəndərov (elmlər namizədi)

QISA MƏLUMAT

Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta məktəbini bitirmiş və  1960  1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunbitirmişdir.  1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul olunmuş və  sonra Moskva Hidromeliorasiya İnstitutuna göndərilmişdir.Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika və iqtisadiyyat kursunu bitirmişdir. 1973-cü ildə Moskva Hidromeliorasiya institutunda “Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunda su ehtiyatlarının kompleks istifadəsi laboratriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. O, Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında dosent vəzifəsinədək yüksəlmişdir 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu bitirmişdir. 1995-ci ildən Lənkəran Dövlət universitetində və Bakı Ali Hərbi Dəniz məktəbində də işləmişdir. Fakültə “Bilik” cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışmışdır. Sabir İsgəndərov 100-ə yxın elmi məqalənin, elmi hesabatın və bir sıra dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda, Orta Asiyada və Şimali Qafqazda həyata keçirilən bir sıra su təsərrüfatı tədbirlərinin aparılmasında istifadə olunur.

Mənbə : REDAKTORDAN.

 

DİLƏKLƏR GÜL AÇAR DAŞIN İÇİNDƏ

Faxralılar və bütövlükdə məni ta­nı­yanlar yaxşı bilri ki, dilim söz, əlim qələm tutandan Faxralı sözü di­li­min əzbəri, hər cümləmin əzəl müb­­tədası olub. Özüm böyüdükcə doğ­ma yur­duma olan sevgim də bö­yü­­yüyb, harda olma­ğımdan, hansı və­­zi­fədə çalışmağımdan asılı ol­ma­­yaraq Faxralı mənim qibləga­hım, fax­­ralılar qüruru mənbəyim olub. Ağ­saqqallardan, ağbir­çəklərdən bu elin dünəni ilə bağlı maraqlı bir şey öyrənmək bir növ mənim xobbimə çev­ri­lib. Bu ağır elin ağır taxtalı kişilərini, hər kəl­məsindən alqış yağan sinəsi bayatalı, qoşmalı ağbirçək nə­nə­lərimizi vəsf etməyə çalışmış, tələbəlik illərindən başla­yaraq neçə-neçə elə şairinin şeirlərini toplayıb kitab halında çap etdirmişəm.

Borçalının tarixi ilə bağlı hər hansı bir kitab əlimə keçər­kən ilk növbədə orada Faxralı ilə bağlı bir məlumatın olub-olmaması ilə maraq­lanmış, son illərdə müxtəlif peşə sahələri ilə bağlı çıxan ensik­lopedik kitablarda da ilk növbədə faxra­lı­ları axtarmışam. Özü də təkcə ona görə yox ki, bu kənd mənə doğma və əzizdir, həm də oan görə ki, Faxralı özünün ləyaqətli övladlarıyla təkcə Borçalıda yox, bu gün bütün Türk dünya­sında məşhurdur.

Bu günlərdə alimlərlə bağlı ensiklopedik bir kitabı vərəqlə­yərkən Faxralıda doğulub boya-başa çatmış bir alim diqqətimi çəkdi. Üstəlik 2011-ci ilin onun üçün yubiley ili olması marağımı bir az da artırdı. Onun keçdiyi ömür yoluna nəzər sal­maq və bu şərəfli ömür yolunun bəzi məqamları ilə oxu­cularımızı da tanış etmək istədim.

…Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Borça­lıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta təhsilini bu kənddə alıb. Ali təhsil almaq arzusu onu da Bakıya gətirib çıxarıb və o, 1960-cı ildə Azərbaycan Poli­texnik İnstitutuna (indiki Texniki Uni­ver­sitet) daxil olub.

1965-ci ildə İnstitutu bitirən Sabir İsgəndərov Azərbaycan Dövlət Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis-hidrotexnik kimi əmək fəaliyyətinə başlayıb. Təbii ki, böyük arzularla yaşayan, gə­ləcək üçün özünəməxsus plan­la­rı olan bir gənc üçün bu vəzifə olsa-olsa başlanğıc, böyük uğur­lara gedən yolda tramplin idi. Hər şey hələ qabaqda idi və istə­yə çatmaq üçün sadəcə olaraq inadkarlıq və bir də gərgin zəh­mət tələb olunurdu. Sabir Məhəmməd oğlu tezliklə çalışdığı kollektivdə bacarığı və işgüzarlığı ilə seçildi, öz gələcəyinə ət­ra­fındakılarda da böyük inam yaratdı. Elə bu inamın nəticəsi idi ki, burada işlədiyi müddətdə Rusiyanın Novoçerkassk şəhə­rindəki Mühəndsi-Meliorasiya İnstitutunun nəzdində su təsər­rüfatı üzrə ali rəhbər kadrlar hazırlayan kursu da bitirdi. Bir müddət isə Uzaq Şərqdə – Vladivostok şəhərində su təsərrüfatı qurğularının layihələndirilməsində çalışdı.

Artıq demək olar ki, institutda yiyələndiyi nəzəri bilikləri istehsa­lat­da bir az da möhkəmləndirmiş, qarşıda duran daha böyük arzulara doğru inamlı addımlar atmaq üçün yeni üfüqlər açılmışdı.

1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun aspiranturasına daxil olan Sabir müəllim elmi-təd­qiqatlarını davam etdir­mək üçün Moskva Hidromeliorasiya İns­titutuna göndərilib. Moskva elmi mühiti ona daha geniş im­kan­lar açıb və o, Moskva Hidromeliorasiya İnsti­tutunun elmi-tədqiqat bölməsində çalışaraq dissertasiya mövzusu üzrə elmi tədqiqatlarını davam etdriməklə yanaşı, həm də Moskva Xalq Universitetinin texnika və iqtisadiyyat kursunu da bitirib.

Nəhayət yuxusuz gecələr, elmi-tədqiqat laboratoriyaları və kitabxa­na­lardakı gərgin zəhmət bahasına ərsəyə gələn “Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi” mövzusunda disser-tasiya işini yekunlaşdıraraq 1973-cü ildə Moskva Hidromeliorasiya İnsti­tutunda uğurla müdafiə edib.

Bütün elmi potensialını və zəngin təcrübəsini Azərbay­canda hidro­meli­orasiya elminin inkişafına, su təsərrüfatının el­mi problemlərinin öy­rə­dilməsinə həsr edən S.İsgəndərov 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun su ehtiyatlarının kompleks istifadəsi laboratori­yasında baş elmi işçi vəzifəsində çalışıb.

1975-ci ildə Bakı Dövlət Universitetinin Hidromete­oro­logiya ka­fedrasının dosenti seçilən Sabir müəllim elə o vaxtdan həm də pedaqoji fə­aliy­yətlə məşğul olur. Özü də pedaqoji fə­aliyyət nəinki onu elmi işindən ayırmayıb, əksinə bu sahədəki işini genişləndirmək üçün əlavə stimul olub. Elmi-təcrübi bilik­lərini gələcəyin mütəxəssislərinə həvəslə öyrədib. Kafedradakı işi ilə yanaşı, təsərrüfat müqavilələri əsasında Lən­kə­ran zona­sın­da Viləşçay su anbarının gile kranlı bəndinin tikilməsində hid­rometeoroloji amillərin nəzərə alınması, səthi axımın təd­qi­qi, Ceyran­batan su anbarında lillənmənin öyrənilməsi, Böyük­şor gölünün hidroloji rejimi və s. mövzularda tədqiqat işlərinin aparılmasına rəhbərlik edib.

Sabir müəllim həmçinin 1976-cı ildə YUNESKO xətti üzrə Beynəl­xalq hidrologiya kursunu da bitirib. 1995-ci ildən Lənkəran Dövlət Universitetində və Bakı Ali Hərbi Dənizçilik məktəbində də çalışıb. Fakültə “Bilik” cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışıb.

Məhsuldar alim ömrü yaşayan Sabir İsgəndərov 100-dək elmi məqalənini, elmi hesabatın, bir neçə dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Apardığı elmi-tədqiqat işlərinin nə­ti­cələri respublikamızda, Orta Asiyada və Şimalı Qafqazda hə­yata keçirilən bir sıra su təsərrüfatı layihələrində istifadə olu­nur.

…Bəli, əziz, oxucu sizinlə birlikdə bir alim ömrünün ayrı-ayrı məqamlarına nəzər saldıq. Bəlkə də burada qeyri-adi bir şey də yoxdur, hər bir ziyalının keçdiyi bir ömür yoludur. Amma gəlin etiraf edək ki, nə qədər bir-birinə bənzəri olsa da, hər bir ömür yolunun öz gözəlliyi və özəlliyi var. İnsanın arxada qoyduğu hər il, bəzən hətta bircə gün belə özündə bir ömrə sığmayacağ qədər böyük xatirə daşıyır. Sevimli xalq şairimiz Zəlimxan Yaqub demiş, illərin izi var xatirələrdə. Sabir müəl­li­min arxada qoyduğu bu illərdə də nə qədər şirin xatirələr yaşayır və öm­rü­nün yeddinci onilliyinin zirvəsindən arxaya boylananda çox şeylə öyü­nə bilər: həm yaşadığı alim ömrü ilə, həm də əsl Faxralı oğlu olmasıynan. Əslində bunların hər ikisi daha çox faxralıların qürur mənbəyidir. Sabir müəllimin özünə gəldikdə isə hesab edirik ki, keçmişin şirin xatirələri ilə ovunmaq onun üçün hələ tezdir. Bu gün ömrün elə məqamındadır ki, istər elm üçün, istərsə də eli üçün daha böyük işlər görə bilər. “Təki arzu tükənib, ömür bitməsin”. Ağıllı insanların diləkləri daşın içində də gül açır. Şair Zəlimxan Yaqub demişkən:

Əgər ağıl varsa başın içində,
Diləklər gül açar daşın içində.
Zəlimxan yaz tapar qışın içində,
Tək arzu tükənib ömür bitməsin.              

Sabir müəllimə bu yolda uğular arzulayır və anadan olmasının 70 illik yubileyi münasibəti ilə təbrik edirik.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur