QISA MƏLUMAT
Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1945-ci ildə Şəmistan Mikayılov Marneuli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1947-ci ildə həmin texnikumu bitirərək Faxralı orta məktəbinə sinif müəllimi təyin edilmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. Əla qiymətlərlə Universiteti bitirmiş və təyinatla Faxralı kənd orta məktəbində məntiq psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur. Şəmistan Mikayılov professor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə “V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi” mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə almışdır. O, tədris metodikası probleminə dərindən nüfuz etmək məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur. Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1974-1975-ci illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şöbəsinə müdir təyin olunmuşdur. Onun ədəbiyyatın tədrisi metodikası üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. “Orta məkətbdə ədəbiyyat tədrisi” kitabı böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında 1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır. Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun “Ədbiyyat nəzəriyyəsi” kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü kitabına çevrilmişdir. Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7 dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini tapmışdır. Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak etmiş və məqalələr çap etdirmişdir. Şəmistan Mikayılov ETPEİ-nin direktor vəzifəsinə kimi yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Müəllim, pedaqoji elmlər doktoru, professor Şəmistan Abdu oğlu Mikayılov 15.11.2018-ci il tarixində 89 yaşında vəfat etmişdir. Onun haqqında əlavə məlumata bu saytdan da tanış ola bilərsiniz.
Mənbə : REDAKTORDAN
NƏCİB TƏBİƏTLİ ALİM
Onun haqqında yazmaq istəsəm də, yaza bilmirdim. Və bu, heç də ondan irəli gəlmirdi ki, mən tənbəllik edirdim. Sadəcə olaraq elimin-obamın bu gözəl, “ellər məclisinə bərəkət kimi sifətindən nur yağan” ziyalısı və alimi haqqında nəsə yazmağın olduqca məsuliyyətli olduğunu bilirdim. Bilirdim ki, uzun illərdir respublikamızda ədəbiyyatşünas alim, daha doğrusu orta məktəblərdə ədəbiyyat proqramları və dərsliklərinin müəllifi kimi tanınan bir alim haqqında nəsə yeni bir şey yazmaq elə də asan məsələ deyil. Amma hər müşküldən, çətinlikdən çıxmaq üçün Allah adama bir qapı açdığı kimi, məni də darda qoymadı. Bu günlərdə şəxsi kitabxanamdakı kitabları gözdən keçirir, rəflərdəki kitabların hər birini oxumuş olsam da, yenə oxumağa nəsə axtarırdım. 1999-cu ildə Bakıda işıq üzü görmüş “Şəmistan Mikayılov – 70” kitabını görəndə isə uzun illər axtardığım bir xəzinəni tapırmış kimi sevindim. Etiraf edim ki, həm də təəccübləndim. Necə yəni, “Şəmistan Mikayılov – 70”. Bu hesabla demək artıq onun 80 yaşı tamam olur…
Kitabı yenidən vərəqləməyə başladım. İlahi, bir insan haqqında nə qədər gözəl sözlər demək olarmış. Hamısı da bir-birindən qiymətli, bənzərsiz. Dediklərimin sübutu kimi kitabda yer almış yazılardan bəzilərinin sərlövhəsinə nəzər salmaq kifayətdir: iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş filologiya elmləri doktoru, professor Şamil Qurbanov onu “təhsil fədaisi”, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov “elmdə və həyatda tarazlıq nümunəsi”, iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş filologiya elmləri doktoru, professor Zahid Qaralov “Soykökünə, elmi əqidəsinə həmişə sadiq olan alim”, professor Camal Mustafayev “nəcib təbiətli, aydın zəkalı”, folklorşünas alim Hüseynqulu Məmmədli “xoş ünsiyyətli, dost qədri bilən insan”, pedaqoji elmlər doktoru, professor Yusif Talıbov “ədəbiyyat metodikamızın mahir tədqiqatçısı”, ”Əməkdar müəllim Sədi Pənahov “mərifət əhli”, pedaqoji elmlər doktoru, professor Sabir Quliyev “poetik təbiətli görkəmli alim” deyə xarakterizə edir, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Pənahov “əziz müəllimim, alicənab insan”, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev isə “hara getsən Şəmistanı yada sal”, – deyir. Qızıldan qiymətli olan bu kəlmələrin hər biri ona çox yaraşır.
“Soykökünə, elmi əqidəsinə həmişə sadiq olan alim”. Ömrünü elmin yollarında gilə-gilə əridən bir alim, elinə-obasına bağlı olan bir insan üçün bundan böyük qiymət, bundan gözəl keyfiyyət ola bilməz. Bu iki keyfiyyətdən birinə malik olmayan alim dünyanın ən böyük kəşflərinin müəllifi olsa belə bir şəxsiyyət kimi ucala bilməz. Həyatdakı mövqeyindən, tutduğu vəzifəsindən asılı olmayaraq soykökünə bağlılıq hər kəs üçün birinci dərəcəli şərtdir. Soyuna bələd və bağlı olmayan adamda vətən sevgisi də olmaz. Elmi əqidəsinə sadiq olmayanın isə uğur qazanacağı absurddur.
Bayaqdan bəri haqqında ayrı-ayrı müəlliflərdən sitat gətirərək söhbət açdığım Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalının ağır ellərindən olan Faxralı kəndində anadan olub. İlk təhsilini də burada alıb. Sonra o vaxtlar fəaliyyərt göstərən Borçalı Türk Pedaqoji Texnikumunda oxuyub. 1947-ci ildə texnikumu bitirdikdən sonra Faxralıda müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olub. Universitetdə təhsilini başa vurduqdan sonra yenidən doğma Faxralıya qayıdan Şəmistan müəllim kənddəki orta məktəbdə məntiq-psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1958-ci ilin payızında isə Bakıya gələrək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Professor Əliyar Qarabağlının elmi rəhbərliyi altında apardığı “V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi” mövzusunda tədqiqat işinin nəticəsi kimi namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, çalışdığı institutda ədəbiyyatın tədrisi metodikası şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. 1996-ci ildə Təhsil Problemləri İnstitunun direktoru vəzifəsinə irəli çəkilən Şəmistan Mikayılovun fəaliyyət dairəsi daha da genişləndiyi kimi, daşıdığı məsuliyyət də artıb. Bu, o dövr idi ki, ölkə keçid dövrünü yaşayırdı və həyatımızın bütün sahələrində olduğu kimi, təhslidə də yeniləşməyə ciddi ehtiyac vardı. Xüsusilə də humanitar fənlər üzrə dövrün tələblərinə cavab verən, milli ideologiyaya söykənən, dünya təhsil sisteminin tələb etdiyi standartlara uyğun dərslik və dərs vəsaitləri nəşr olunmalı, test sistemi üzrə tələbə qəbulu sahəsində proqramlar təkmilləşdirilməli idi. Bəlkə də bu gün çoxlarına bu işlər adi görünə bilər və düşünərlər ki, bu işləri görmək təhsillə bağlı bir institutun birbaşa vəzifəsidir. Burası belədir, amma gəlin razılaşaq ki, həmin dövrdə – yəni cəmiyyətin bir sistemdən başqa sistemə keçdiyi bir vaxtda bu işləri həyata keçirmək yüksək elmi potensialla, zəngin təcrübə ilə yanaşı həm də vətəndaş yanğısı, milli-mənəvi dəyərlərə dərindən bağlılıq, peşəkarlıq və təşkilatçılıq qabliyyəti tələb edirdi. Şəmistan müəllimin rəhbərliyi və şəxsən onun özünün gərgin zəhməti hesabına o illərdə təhsilimizin yeni dövrün tələblərinə uyğun inkişafı sahəsində olduqca faydalı işlər həyata keçirildi. Hal-hazırda həmin institutda şöbə müdiri vəzifəsində çalışan Ş.Mikayılov bu istiqamətdə fəaliyyətini yorulmadan davam etdirməkdədir.
Şəmistan Mikayılovu mənə doğmalaşdıran, sevdirən təkcə həmyerlim olması deyil. Mən onu həm də bir alim kimi həmişə yüksək qiymətləndirmiş, elmi tövsiyyələrindən, kitablarından bəhrələnmişəm. Özüm də ədəbiyyat müəllimi olduğumdan yaxşı bilirəm ki, o, bir alim kimi orta məktəblərdə ədəbiyyat fənninin tədrisinin bütün problemləri ilə maraqlansa da, tədqiqatının ana xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil edir. Bu baxımdan onun hələ 1981-ci ildə nəşr olunmuş “Ədəbiyyat nəzəriyyəsi” kitabı xüsusilə qeyd olunmalıdır. Pedaqoji ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu kitab sonralar bir neçə dəfə təkrar nəşr olunub. Professor Ş.Mikayılov ayrı-ayrı illərdə orta məktəblər üçün dərsliklər və dərs vəsaitlərinin də müəllifi olub. Bir sıra elmi şuraların üzvü seçilib. Uzun illər “Azərbaycan məktəbi” jurnalının və “Azərbaycan dili və ədəbiyyat tədrisi” məcmuəsinin redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib, ölkənin aparıcı universitetlərində mühazirələr oxuyub. Respublikamızda elmi kadrların hazırlanmasında da Şəmistan müəllimin müstəsna xidmətləri vardır. Onun elmi rəhbərliyi altında iyirmidən çox gənc alim namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Bu gün qürurla demək olar ki, respublikamızda ədəbiyyatın tədrisi ilə məşğul olan gənc alimlərin əksəriyyəti məhz onun yetirməsidir. O, həmçinin onlarla namizədlik və doktorluq dissertasiyasının müdafisəində rəsmi opponent kimi öz dəyərli elmi tövsiyələrini vermişdir. Elmi kadrların hazırlanması sahəsində fəaliyyətinin dairəsi təkcə Azərbaycanın coğrafi hüdudları ilə məhdudlaşmır. Bu gün onu Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və digər ölkələrdə də yaxşı tanıyırlar. Müxtəlif vaxtlarda Daşkənddə, Tbilisidə, Bişkekdə namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Almatıda və Bişkekdə təşkil olunmuş birdəfəlik müdafiə şuralarının üzvü seçilib. Türkiyə mətbuatında haqqında dəfələrlə maraqlı məqalələr dərc olunması isə onun bu ölkədə də böyük nüfuz qazanmasından xəbər verir.
Şəmistan müəllim vaxtilə Aşıq Şenliyin “görüm Faxralının biri olsun beş” deyə tərif etdiyi ağır elli Faxralı kəndində anadan olub. O Faxralıda ki, təxminən 40 il bundan əvvəl elə Şəmistan müəllimlə bu kəndə qonaq gəlmiş pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev bu elin qonaqpərvər insanlarından, gözəlliyi göz oxşayan təbiətindən vəcdə gələrək deyirdi: “Faxralıya qonaq gəlib qalmasan qohum-qonşu haray salar, el qınar”. Və bir də deyirdi ki:
Təhməz bulaq donur dildə-dodaqda,
Bülbüldümü, cəh-cəh vurur budaqda.
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan göz yorular, əl qınar.
Aşıqların sazında, şairlərin sözündə öz vəsfini tapan Faxralıda dünyaya gəlib Azərbaycandan bütün dünyaya boylanan professor, Prezident təqaüdçüsü Şəmistan Mikayılov bu gün ömrünün ən mənalı çağlarını yaşayır. Bu günlərdə 80 yaşı tamam olan bir alim haqqında mən də nəsə demək istədim. O alim haqqında ki, cəmiyyətdə, elmi-pedaqoji ictimaiyyət arasında elm fədaisi kimi ad qazanıb, nəcib təbiəti, aydın zəkası ilə könüllər oxşayıb, hər sahədə tarazlıq nümunəsi kimi tanınıb, sağlam əqidəsi, dost qədri bilməsi ilə çoxlarına nümunə olub, şairanə təbiəti ilə seçilib, barəsində söz düşəndə mərifər əhlidir, – deyiblər. O alim ki, professor Əjdər Ağayev böyük məhəbbətlə hər kəsə məsləhət görür ki: “Hara getsən Şəmistanı yada sal!” Əslində Şəmistan müəllimi kiminsə yadına salmağa ehtiyac yoxdur. Çünki o, heç vaxt yaddan çıxmır. Yazdığı onlarla kitabı ilə hər evə ayaq açan, neçə-neçə alimin yetişməsində zəhməti olan bir insan yaddan çıxarmı? Elini-obasını heç zaman unutmayan, elin xeyir-şərində tapılan, dəyərli məsləhətləri, xeyirxah əməlləri ilə hər gün yanımızda olan əsl el adamını unutmaqmı olar.
Bəli, onun haqqında mən də nəsə demək istədim. Ancaq qeyd etdiyim kimi, gördüm ki, bu, mən düşündüyüm qədər də asan iş deyildir. Yuxarıda adını qeyd etdyim kitab onu mənə sanki yenidən tanıtdı. Gözlərimdə bir az da böyüdü. Qəlbim fərəhdən dağa döndü. Qürur hissi duydum ki, mən də məhz Şəmistan Mikayılov kimi alimlər yetişdirən Faxralı kəndində dünyaya gəlmişəm. Bu məqamda vaxtilə doğma Faxralıya həsr etdiyim şeirdən bir bəndi xatırladım:
Hümbət oğlu Qara idi ziyalı,
Belə oğlu unudarmı Borçalı.
Canpoladın tökməbədən, arxalı,
Hüseynqulum, Şəmistanım, Faxralı.
Barəsində yazıya gəlincə isə üzümü hörmətli Şəmistan müəllimə tutub unudulmaz şairimiz Hüseyn Arifin sözləri ilə deyirəm:
“Bəzən əlli də yorur insanı,
Bəzən bilinmir yüz bu dünyada”.
Yüz yaşayın, Şəmistan müəllim! Atalar demiş, borclu borclunun sağlığını istər. Bu dəfə mən sizə borclu. Allah sizə sağlam və uzun ömr bəxş etsin, inşallah yüzünüzdə görüşək. Və sizin adınıza daha çox yaraşan yazını da mən elə onda yazacam!
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.