QISA MƏLUMAT
Süleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə Xəzərdənizneftqaz İstehsalat Birliyində, 1992-ci ildə Azərneft neft və qazçıxarma baş idarəsində və 1994-cü ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışmışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Muhasibat uçotu və audit” kafedrasının dissertantı qəbul olunmuş, 2001-ci ildə “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə “Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Süleyman Qasımovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik konfrans və simpoziumlarda çıxış edib, materiallar çap etdirmişdir.
Hal-hazırda Süleyman Qasımov ARDNŞ-nin iqdisadi məsələlər üzrə vitse-prezidenti, iqtisad elmləri doktoru, pofessordur.
Mənbə : REDAKTORDAN
SAFLIQ ÖMRÜN ŞƏRƏFİDİ
Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi,
Qoru görüm, şərəfi di,
Qorudunsa, yaşamısan.Zəlimxan Yaqub
Düzü, bu yazı çoxdan yazılmalı idi. Daha doğrusu, kəlmə – kəlmə, misra-misra yazılırdı da. Sadəcə olaraq kağıza köçürülməsi qalırdı. Bunun da bir səbəbi bu yazını belə asanlıqla bitirməyin mümkün olmaması idisə, digər səbəbi də onun özünün belə şeyləri xoşlamaması, hər cür tərifdən daim uzaqda durmağa çalışması idi. Heç zaman etdiyi xeyirxahlığı gözə soxmağa çalışmamış, əldə etdiyi uğurlara da soyuqqanlılıqla yanaşaraq daxili sevincini büruzə verməmişdir. İstər elmin çətin yollarında, istərsə də vəzifə pillələrində yüksəldikcə sadəliyinə, təvazökarlığına sadiq qalmış, yersiz öyünməmişdir. Bəlkə də elə bu səbəbdəndir ki, hər dəfə onun haqqında düşünəndə yadıma ilk olaraq Osman Sarıvəllinin bu sözləri düşür:
Ləyaqətin varsa, taparlar səni,
Şan – şöhrət dalınca qaçmaq əbəsdir.
Və onun haqqında düşünəndə bir də A.Lunaçarskinin bir fikrini xatırlayıram: ”Qiymətli vaxtını öldürən adam özünü öldürür, öz insanlıq ləyaqətini öldürür, insanlıq idealını öldürür”. Bu yazımın qəhrəmanı həmişə vaxtın qiymətini bilib, ondan səmərəli istifadə edib və yüksək ideallarla, böyük arzularla yaşayıb. Xəbislik, ikiüzlülük, xırda hisslər ona yad olub.
… Süleyman Mehralı oğlu Qasımov 1961-ci il dekabrın 26-da Borçalının axarlı-baxarlı bir guşəsində, bu gün yetirmələrinin sorağı Borçalının hüdudlarından çox-çox uzaqlardan gələn, neçə-neçə ünlü alimi, həkimi, mühəndisi, idmançısı və digər peşə sahibləri ilə ad çıxaran ağır ellli Faxralı kəndində halallıqla çörək qazanan əllərinə tapınan, alın təri ilə öyünən ailədə anadan olub. Yaşıdları kimi qayğısız uşaqlıq illərini yaşayıb. Faxralı orta məktəbini bitirib. İlk baxışda yaşıdlarından, məktəb yoldaşlarından heç nə ilə fərqlənməsə də, məktəbdə əla oxuması müəllimlərin diqqətindən yayınmayıb, onun gələcəyinə böyük ümidlər bəsləyiblər. Və təbii ki, müəllimlərinin ona qarşı olan bu ümidi sadə əmək adamı olan valideynlərinin ürəyini fərəhdən dağa döndərir, oğullarının işıqlı sabahına inamlarını artırırdı.
Zəlimxan Yaqub şeirlərinin birində yazır:
Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi,
Qoru görüm, şərəfi di,
Qorudunsa, yaşamısan.
Şərəf və ləyaqət üstə köklənməyin nəticəsidir ki, Süleyman Qasımov müəllimlərin və valideynlərinin inamını doğrultdu. Şərəflə yaşayan və bu günkü günə qədər yaşaya-yaşaya şərəfini qoruyan bir ocağa tapındı. 1978-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək Bakıya gəldi və o vaxtkı Xalq Təsərrüfat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot-iqtisad fakultəsinə qəbul oldu. Artıq böyük həyata ilk uğurlu addım atılmışdı. Bununla belə o, yaxşı bilirdi ki, daha gərgin günlər, yuxusuz gecələr hələ qabaqdadır. İstedadına nə qədər güvənsə də, yaxşı bilirdi ki, müdriklərdən biri demişdir: “İstedad bircə çimdik də olsa kifayətdir, inadkarlıq isə dərya qədər olmalıdır. İstedad hələ hər şey demək deyil, əgər o, son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedə bilər”.
Onun üçün bir şey də gün kimi aydın idi: “Sən öz məqsədinə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inadkarlığa, özünə inama! Bacarmıram, bilmirəm, istəmirəm, sözlərini özünə qadağan etməlisən”.
Süleyman Mehralı oğlu qaynar tələbəlik illərini məhz bu amalla, bu idealla yaşadı. Hər dəqiqənin qədrini, qiymətini bildi. Və təbii ki, gərgin zəhmət də öz bəhrəsini verdi: o, 1982- ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələndi. O vaxtlar ali məktəbi fərqlənmə diplomu ilə bitirmək məzuna böyük üstünlüklər verirdi. Əsasən belə məzunlar elmi şuranın qərarı ilə müvafiq kafedralarda saxlanılaraq elmi işə cəlb olunurdular. Bu baxımdan tələbəlik illərində elmi işə sonsuz marağı ilə müəllimlərinin diqqətini çəkən Süleymanın ali məktəbdə qalmaq imkanları daha çox idi. Amma o, hələlik bunu istəmədi. Hesab etdi ki, elmlə məşğul olmaq heç vaxt gec deyil. Həyatı daha dərindən öyrənmək, elmi biliklərini təcrübədə möhkəmlətmək üçün istehsalatda çalışmağı daha münasib saydı. Çünki yaxşı bilirdi ki, “Kəlilə və Dimnə” də deyildiyi kimi, “nəzəriyyə təcrübəsiz, şəkil məzmunsuz, dövlət ədalətsiz, elm hikmətsiz, sədəqə niyyətsiz fayda verə bilməz”.
Beləcə, o, 1982-ci ildə Neft Daşları Neft və Qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başladı. Ali məktəbdə yiyələndiyi dərin bilik burada karına gəldi, savadı, bacarığı və işgüzarlığı rəhbərliyin diqqətindən yayınmadı. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəldi. 1991–1992-ci illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində, 1992-1993-cü illərdə “Azərneft” Neft və Qazçıxarma Baş İdarəsində baş mühasib vəzifəsində çalışdı. 1994-2003-cü illərdə isə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin baş mühasibi oldu.
Artıq zəngin təcrübəsi, işə məsuliyyəti, təşkilatçılıq bacarığı ilə ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sektorunda özünəməxsus hörmət və nüfuz qazanan Süleyman Qasımov daha yuxarı dairələrin də diqqətini çəkdi. Və o, 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadiyyat və uçot idarəsinin əvvəlcə rəis müavini, sonra isə rəisi təyin olundu. Bu vazifədə ona göstərilən etimadı doğruldan Süleyman Qasımova 2006-cı ilin dekabr ayında daha yüksək və məsul bir vəzifə etibar olundu. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin olundu. Vaxtı ilə böyük söz sultanı Qazı Bürhanəddin yazırdı:
Gələn birdi, gedən birdi, qalan bir,
Gedən gəlməz, gələn qalmaz əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər;
Yalan sözdür nə əvvəl var, nə axır.
Əcəb sirr olan bu dünyada əvvəl də insanlıqdı, son da insanlıqdı. İnsanlıq həm də tanrı yoludu. Bu yolu ancaq Allahın köməyi və əxlaqi fəzilətlərin müşayiəti ilə getmək olar. Süleyman Qasımovun valideynləri özlərini biləndən bu yolun yolçularıdır. Bu fikri ona görə vurğulayıram ki, Süleyman Qasımov ilk tərbiyəni və təcrübəni bu ailədə qazandı və tədricən dairəsini genişləndirdi. Bu da bir faktdır ki, Süleyman və digər övladları Mehralı kişinin bənzərsiz ömrünə bəzək, başına tac oldular. Beləcə, Süleyman Qasımov ömür pillələrini qalxmağa başladı.
Bununla belə vəzifə pillələrində ucalması, daşıdığı vəzifənin məsuliyyəti onun hələ tələbəlikdən elmi axtarışlara olan marağını azalda bilmədi. Və o, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Mühasibat uçotu və audit» kafedrasının dissertantı kimi elmi axtarışlara başladı. Zəngin təcrübə ilə möhkəmlənən dərin elmi bilik və gərgin zəhmət öz bəhrəsini verdi. 2001-ci ildə adıbəlli Faxralı alimlərinin sırasına bir ad da əlavə olundu: Süleyman Qasımov məhz həmin ildə «Mühasibat uçotu, statistika» ixtisası üzrə «Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələndi. Bundan sonra daha yüksək vəzifələrdə çalışmasına görə çoxları güman edə bilərdi ki, artıq Süleyman Mehralı oğlunun elmi axtarışlarını davam etdirməyə vaxtı olmayacaq. Amma o, özünün inadkarlığı və əzmkarlığı ilə bir daha sübut etdi ki, ürəkdə istək olarsa hər şeyə vaxt tapmaq, hər bir çətin işin öhdəsindən gəlmək olar. Bu inadkarlığın, zəhmətsevərliyin məntiqi nəticəsi kimi o, 2009- cu ildə “Neft və qazçıxarma sənayəsində idarəetmə uçotu və iqtisadi təhlil problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək “Mühasibət uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.
Bəli, bu gün Süleyman Qasımovu Azərbaycanda neft sektorunun inkişafında xidmətləri ilə yanaşı, həm də görkəmli bir iqtisadçı alim kimi tanıyırlar. İndiyədək onun iqtisadiyyatın bu və ya digər sahələrinə aid onlarla elmi məqaləsi respublikamızn və bir sıra xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub, respublika və beynəlxalq səviyyəli elmi və elmi-praktik konfrans və simpoziumlarda məruzələrlə cıxış edib.
Yuxarıda da qeyd etdiyimiz kimi, onun özü şan-şöhrət dalınca qaçmasa da, atalar demiş, el gözu tərəzidir. Həmişə yüksək mənəviyyatı, intellektual səviyyəsi ilə seçilən Süleyman Mehralı oğluna hər yerdə böyük ehtiram göstərilib, adı çəkiləndə haqqında ancaq xoş sözlər deyilib. Onun əməyi dövlət tərəfindən də öz layiqli qiymətini alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Buradaca A.Abdullanın sözləri yada düşür:
Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən!
S.Qasımov el-oba təəssübü çəkən, yurdsevən, üzü el yanında həmişə ağ olan vətən övladı, torpaq oğludur. O, həm də gözəl ailə başçısıdır. Hər iki övladı ali məktəb tələbəsidir: qızı Pərvanə Azərbaycan Dövlət İqtisad Universitetinin, oğlu Mehralı Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsidir. İnanırıq ki, bu övladlar zamanın tələbi olmaqla, zamanın nəbzini tutub ləyaqət zirvəsinə ucalacaqlar.
Süleyman Qasımov hazırda ömrünün ən məhsuldar çağını yaşayır. İstər istehsalatda, istərsə də elm sahəsində onu qabaqda daha böyük uğurlar gözləyir.
Biz də ona bu yolda yeni-yeni nailiyyətlər arzusu ilə bu yazını C. Ruminin bir fikri ilə tamalayırıq: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma və əgər sənə xoşbəxt tale yazılıbsa, o, səni tapacaq”.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.
ƏHSƏN BU ÖMÜRƏ, YAŞA, ELOĞLU
O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir; ona ehtiram edin.
O adam ki, bilir və biliyinə güvənmir, o, özündən xəbərsizdir; onu tənqid edin.
O adam ki, bilmir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir; ona kömək edin.
O adam ki, bilmir və öyrənmək də istəmir, o, ağılsızdır, ondan uzaq olun.
N.Tusi
Hələ neçə onilliklər öncə şair Nəbi Miskin böyük iftixarla deyirdi: “Faxralı tək ağır elim var mənim”. Təkcə Borçalıda yox, onun hüdudlarından çox-çox uzaqlarda da məşhur olan bu sözlər bu gün kimliyindən, harada yaşamasından və hansı vəzifəni daşımasından asılı olmayaraq Borçalının ağır ellərindən olan, Azərbaycanda və bütün Türk dünyasında da yaxşı tanınan bu qədim Türk yurdunun yetirmələrinin dilinin əz-bəri, bir növ faxralıların vizit kartıdır. Bu torpaqda ayaq açıb, bu kəndin suyundan içən hər kəs üçün elə Faxralının özü qədər əzizdır, müqəddəsdir bu kəlmələr. Eyni zamanda bir məsuliyyətdir. Ağır elin məsuliyyəti!
R.Taqor əsərlərinin birində yazır ki, “böyük torpaq adicə otun sayəsində qonaqpərvər olur”. Ümummilli lidermiz Heydər Əliyev isə belə demişdir: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.
Bəli, torpaq üstündə bitirdiyi adicə otla tanınırsa, kənd, bölgə, respublika və sonunda isə millət də yetirdiyi şəxsiyyətlərlə tanınır. İnsanın canında, qanında vətənpərvərlik, doğma yurda bağlılıq, vətən sevgisi yoxdursa, təbii ki, el-oba qarşısında məsuliyyət də olmayacaq. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu mənada faxralıların fəxr etməyə haqqı var. Tarixin hansı qatına üz tutsaq, bu kəndin bir tanınmışı, məşhuru çıxır qarşımıza. Özü də həyatımızın bütün sahələrində. Aşıq Poladdan başlamış Əli Səngərliyədək, Mirzə Rza Əlizadə və Əfqan Faxralıdan tutmuş bu gün ABŞ-ın Texas ştatında çalışan professor Rəhilə Ramazanlıya, Klivlend ştatında elmi fəaliyyətlə məşğul olan Tahir Qasımova, keçən əsrin otuzuncu illərində Türkiyənin energetika naziri vəzifəsində çalışmış Hidayət Turandan üzübəri Arif Əliyevə qədər hər kəs bu elin başucalığına, təkcə faxralıların yox, həm də borçalıların, bütövlükdə soydaşlarımızın qürur yerinə çeviriliblər və adları Faxralının şərəf kitabına yazılanların hamısını sadalasan böyük bir siyahı alınar. Və mən bu siyahını uzatmadan bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, istər alim olsun, istər müəllim, həkim, mühəndis, istərsə də dövlət məmuru, ictimai-siyasi xadim, hüquq-mühafizə orqanı işçisi, yaxud da ədəbiyyat adamı – onların hamısını birləşdirən bir ümumi cəhət, bir pirinsip var: doğma Faxralının babalardan yadigar qalmış şöhrətinə xələl gətirməmək, onu daha geniş coğrafiyada tanıtmaq, şöhrətinin üstünə şöhrət gətirmək. Faxralının belə oğullarından biri də Süleyman Mehralı oğludur.
Bu gün Azərbaycanda məsul dövlət vəzifəsində çalışan və həm məmur, həm də elm adamı kimi bütün potensialını ölkəmizin iqtisadiyyatının daha da möhkəmlənməsinə sərf edən Süleyman Qasımovun uğurlarının kökündə vətən məhəbbəti, millət sevgisi durur. Süleyman Mehralı oğlu sağlam bir mənəvi mühitdə, elə bir ailədə dünyaya göz açıb ki, mayası zəhmətlə yoğrulub, eyni zamanda özünün həyata baxışı, zəhmətsevərliyi, fədakarlığı, uzaqgörənliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilib. Maksim Rılski mükafatına layiq görülmüş müqtədir söz sahibi, hal-hazırda yaşayıb-yaradan görkəmli şairimiz Abbas Abdullanın mənim sevdiyim bir gözəl, mükəmməl ibarəsi, Zəlimxan Yaqub demişkən, dolu kəlamı var:
Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən.
Elə bil, Abbas Abdulla bu sözləri Süleyman Mehralı oğlunun valideynləri üçün yazıb, gözünü açandan torpağa bağlı olan bu halal zəhmət adamlarını tərənnüm edib.
İnsanlıq hər adama nəsib olmur. Adamlar var ki, özləri kimi səthi adamları tez valeh edirlər. Ancaq dərinə gedəndə onların boşluqları görünür. Çünki iç dünyaları bataqlıqdır.
İnsan da var, təpədən-dırnağadək nurdu, işıqdı – içi zəngin, çölü zəngin. Belə adamları eldə-obada barmaqla göstərirlər. “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”, – Ulu öndər Heydər Əliyevin dediyi bu müdrik kəlamlar Süleyman Mehralı oğlunun bir növ həyat devizinə çevrilib. Mənəviyyat prinsiplərinə daim sadiq qalması hələ gənclik illərindən ona həm çalışdığı kollektivdə, həm də eldə-obada hörmət qazandırıb, nüfuzunu artırıb. İnsan üçün həyatda ən böyük qiymət, ən böyük mükafat el-oba məhəbbəti, xalq sevgisidir. Süleyman müəllim dövlət məmurluğu ilə yanaşı, həm də el adamı olmağı özündə üzvi şəkildə birləşdirə bilir, elin ləyaqətli oğlu olmağı bacarır və bundan qürur duyur. Ataların “ağac bar verdikcə, başını aşağı əyər” kəlamı sanki onun üçün deyilib. İqtisad elimləri doktoru, professor olan Süleyman Mehralı oğlu bununla da yerli-yersiz öyünməyib, elmdə əldə etdiyi uğurları istehsalatda tətbiq etməyə çalışıb. Çalışıb ki, gərgin elmi axtarışlarının nəticələri iqtisadiyyatımızın inkişafına yönəlsin.
Süleyman Mehralı oğlunun savab işləri sırasına yazılan xidmətlərindən əhəmiyyətli biri də Borçalıda əhalinin su təminatı, qazlaşdırma işinə verdiyi töhfələrdir, bu məsələni daim diqqət mərkəzində saxlamasıdır.
Vaxtilə Bakıda su problemi olanda Hacı Zeynalabdin Tağıyev (Allah rəhmət eləsin) ümumi vəziyyətlə tanış olur, görür ki, doğrudan da çox böyük çətinliklər var su ilə bağlı. Şollar suyunun çəkilməsi ilə bağlı mühəndislər, mütəxəssislər dəvət edir, belə qərara gəlir ki, suyu Şahdağdan çəksinlər. Oxuduğuma görə, ətrafda olan adamlar deyirlər ki, ay hacı, bu su tükənəcək. Tağıyev deyir: “Su o vaxt tükənər ki, Şahdağın başından qar əskik olar.”
Məntiq qarşısında qalan hamı başa düşür ki, su heç vaxt tükənməyəcək, gəlişi ilə həyat gətirəcək, gözəllik bəxş edəcək. Ulularımızın təfəkküründən süzülüb gələn bu məntiqə görə, suyun özündə bir saflıq, aydınlıq təmizlik var, xeyir-dua var, həm də sağlamlıq var. Folklorumuzda su ilə bağlı alqışlar da çoxdur: “Su qədər ömrün olsun!..”
Bu alqışa ünvan olanlardan ARDNŞ-nin prezidenti, hörmətli Rövnəq müəllimin Faxralıya səfərini, vaxtilə on üç min nəfər əhalisi olan bu böyük kənddə yaxşı xatırlayır və ümid edirlər ki, kəndin su təminatındakı çatışmamazlığın tam həll olunacağı gün də uzaqda deyildir.
Süleyman Mehralı oğlu da bu məsələnin birdəfəlik həlli variantları üzərində fikirləşir. Artıq ilk təşəbbüslər var və inanmağa dəyər ki, həmin təşəbbüslər intişar tapacaq, qarşıya qoyulan məqsədə tezliklə nail olunacaq. Dövlətimizin, onun başçısı İlham Əliyevin (Allah onun canını sağ eləsin) borçalıların problemlərinə həssas yanaşması ümid etməyə əsas verir ki, Azərbaycan Prezidentinin Borçalı ilə, orada yaşayan yarım milyon azərbaycanlı ilə bağlı ideyaları məqsədyönlü şəkildə həyata keçiriləcək.
…Süleyman Mehralı oğlunun inşa etdirdiyi körpüdən keçən 80 yaşlı Musa qızı Tamam anamızın alqışının şahidi olmuşam: “Ay Süleyman, səni Allah qorusun! Allah ruzini başından töksün, ayağına daş dəyməsin! Qazanan əllərin, yeriyən ayaqların var olsun!” Bir ixtiyar yaşlı kənd sakininin xeyir-duasıdı bu. Həyatda bundan gözəl, alqışa ünvan olmaqdan daha əfzəl nə ola bilər?!
Respublika səviyyəsində rəhbər vəzifədə çalışan bir insan kimi, onu fərqləndirən bir xüsusiyyət də həyatda öz yerini, məhz özünəməxsus olan yeri tutması, səmimiyyəti, sadəliyi, başqalarının fikrinə hörmətlə yanaşmağı bacarması və imkanlarından artıq iddiada olmamasıdır. Yaxşı bilir ki, “kim ki, biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur” (Heydər Əliyev). Süleyman Mehralı oğlu bu məqama, cəmiyyətdəki hazırkı mövqeyinə “həyatın dibindən”, görə-görə, götürə-götürə gəlib yetişib, bu səviyyəyə çatıb. Çünki hər şeyin fövqündə insanlığı görür. Bu da onun içindən gələn təmizlikdi.
Başqalarına rəhbərlik etmək, yol göstərmək üçün hər şeydən əvvəl gərək insanın mənəvi haqqı olsun. Süleyman Qasımov bu haqqı yuxarıda sadaladığım keyfiyyətlərlə qazanmışdır.
Gözəl bir insandır, zəhmətə bağlı,
Çörəyi qazanır alın təriylə.
Təmizdir amalı, işıq paylayır,
Fəxr edir el-oba əməlləriylə.Bir istək, sevgi var onun canında,
Kişi qanı axır damarlarında.
Nəğmələr dil açır onun dilində,
Odlu nəfəsidir dağda qarın da.Sadədir, seçilmir adi insandan,
Qəlbində sönməyən məhəbbəti var.
İnsanlığı ucalardan ucadı,
Haqlıya haqq deyən ədaləti var.
Xalqın sevgisini qazanmaqla dövlətin qayğısına layiq olmağın üst-üstə düşməsi hər insan üçün gözəllik çələngidir. Bunu da Allah Süleyman Mehralı oğluna qismət eləyib. Borçalının çox hörmətli ziyalılarından biri olan Hacı Həmid Kərimovun dediklərindən: “Bu kənd çox böyük dühalar yetişdirib. Çox böyük insanlar, zəhmətkeş və sadə adamlar yetirib. Onların hər biri bu kəndə şərəf gətirən adamlardı. Belələrindən biri də Süleyman Mehralı oğludur.”
Doğurdan da, insana xas olan müsbət xüsusiyyətləri vəsf etmək üçün nə ki gözəl sözlər varsa, Süleyman Mehralı oğlunun ünvanına söyləmək olar. Ziyalı kimi gözəl, eloğlu kimi gözəl, məmur kimi gözəl olan Süleyman Mehralı oğlu bizim Faxralı orta məktəbinin yetişdirdiyi ən gözəl, kamil məzunlardan biridir. Məktəbinə bağlı, elinə bağlı, obasına bağlı, torpağını, Vətənini sevən adamdı. İnsanlığı ilə, alimliyi ilə doğulduğu ailəyə, təmsil etdiyi nəsilə başucalığı gətirən oğuldur. Allah belə oğulları var eləsin. Borçalının məşhur şairlərindən biri Hüseyn Mahmudoğlunun dediyi kimi, belə oğullarımızın hər biri kökündən cücərib min budaq olsun”.
Ucalıq! Bu, hər bir bəşər övladının arzuladığı, eyni zamanda hərənin bir şeydə gördüyü bir fəzilətdir. Bu da məlumdur ki, əsl ucalığa yüksəlmək hər kəsə nəsib olmur. “Hər ucalıq bir alçağa dərd olsa da”, ucalar həmişə öz məqamında dayanmağı bacarır. Ucalıq işıqdı, nurdu, sevincdi. Bu ucalıqda dayananlardı cəmiyyəti nura qərq edənlər. Belə nurlu ucalardandır Süleyman Qasımov. Onun ucalığı bir də onunla əzəmətli və vüqarlıdır ki, İlahidən pay, Mehralı kişi kimi nurlu atadan, Gülüstan xanım kimi ağzı xeyir-dualı anadan güc alıb. Bir də:
Ellərə söykənib bu ellər oğlu,
Keçilməz yerlərdən körpülər salır.
Bu oba, bu ellər bizimdi deyib,
Dağından, daşından güc, qüdrət alır.Kimsəsiz, kasıbın əlindən tutur,
Yanından naümid qayıdan olmur.
Kömək istəyənin dadına çatır,
Yurda şərəf olmaq hamıda olmur.Öyünməz özüylə, deməz nəçidir,
Belə oğulları bəxtiyar olsun.
“Yaxşılar yaşadır yaxşılıqları”,
Var olan dünyada o da var olsun.
Çanaqqala müharibəsinin məşhur qəhrəmanı Şükrü paşa xatirələrində yazır:
“Torpağıma, Vətənimə dönük çıxaramsa, məni parça- parça doğrayın. Torpağım uğrunda şəhid olaramsa, məni şəhid olduğum yerdə dəfn edin. Kəfənim çantamdadır. Gələcək nəsillər məni tapıb layiq olduğum qiyməti verəcək.” Bu kəlmələri ancaq bütün varlığıyla Vətəninə bağlı olanlar deyə bilər. Yurd sevgisi, Vətən eşqi sadəcə dildə olmamalı, insanın daxilindən gəlməlidir. “Öncə Vətəndir” kəlməsi dilinin duasına çevriləndə insan böyük olur, yenilməz olur – Süleyman Mehralı oğlu kimi!
Elin sevgisidir, yaşadır onu,
Belə yaşayırsan, yaşa, eloğlu!
Kim sevməz belə bir Vətən oğlunu,
Əhsən bu ömürə, yaşa, eloğlu!
İsaak Nyuton deyib ki, insanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar. Körpü sahilləri, elləri, obaları, xalqları, ayrı-ayrı insanları birləşdirən bir vasitədir. İnsan əllərinin su və çay üstündə iz qoyduğu dostluq abidəsi də körpü hesab edilir. Qüvvələri birləşdirmək, əl-ələ verib körpü salmaq ehtiyacı insanlar arasında lap çoxdan mövcuddur. Ona görə də körpü salmaq ta qədimdən savab iş, xeyirxah əməl kimi qiymətləndirilib, sahibinə hörmət, rəğbət, lap elə şöhrət, nəhayətdə rəhmət qazandırıb.
Süleyman Mehralı oğlunun ətrafını, oturub-durduğu adamları və dostlarını müxtəlif təbəqələrin, müxtəlif zümrələrin nümayəndələri təşkil edir. Bu adamları onların vəzifəsinə, sosial statusuna, maddi imkanlarına və ictimai dayaqlarına və insanlıq pirinsiplərinə əsaslanaraq seçib Süleyman Mehralı oğlu. Bu da onun sadəliyindən, böyüklüyündən irəli gəlir.
Böyük şəxsiyyətlərin ömrü əsrlərlə ölçülür, ağlı, düşüncəsi, gördüyü işi zamana, məkana sığmır, ideyaları gələcəklə səsləşir, insanlara örnək olur, tərbiyə məktəbinə çevrilir.
Kimliyindən asılı olmayaraq hər bir insan həyatı dərk etmək, yaşayıb-yaratmaq, cəmiyyətə fayda vermək, dünyanın sirlərini açmaq, gözəllik qanunları üzərində həyat həqiqətlərinə qiymət vermək naminə gəlimli-gedimli qoca dünyaya “qonaq” gəlir, sözü, əməlləri ilə özünü təsdiq edir, xalqın və bəşəriyyətin övladı olur. Bu ömrü şərəflə yaşayanlar idrakı, məntiqi, ağlı, zəkası, müdrikliyi ilə ucalıq zirvəsində parlayır, xalqın, elin-obanın döyünən ürəyi, vuran əli, arxa-dayağına çevrilirlər. Şəxsiyyəti bu amal və əqidə əsasında bütövlüyünü tapan, xeyriyyəçilik missiyası ilə yaşayan Süleyman Mehralı oğlu da elimizinin fəxarət ünvanına çevrilmişdir.
Hörmətli Süleyman Qasımov! Sizin haqqınızda düşünəndə həmişə Qurbaninin “Bənövşə” şeiri yadıma düşür:
Ayrılıqmı çəkib, boynu əyridir,
Heç yerdə görmədim düz bənövşəni!
Əslində bənövşə doğulduğu və böyüdüyü torpağa səcdə edir, baş əyir. Vətəninə, torpağına səcdə edənin, baş əyənin başı sonsuzluğa qədər ucalır. Vətən qədri, el qədri bilən ziyalılarımızın – məmurlarımızın başı həmişə uca olsun! Süleyman Mehralı oğlu kimi!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.