QISA MƏLUMAT
Vəli Daryax oğlu Sultanov 1928-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi Faxralı kəndində bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisasına yiyələnmişdir. Bir müddət neft buruqlarında işləmiş, 1958-ci ildə “ÜİTTETİ-də” (ümumittifaq Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu) çalışmışdır.1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən etibarən AzPİ-nin (indiki ATU-nun) əmək mühafizəsi və təhlükəsizlik texnikası kafedrasında dosent vəzifəsində işləmişdir. Vəli Sultanovun elmi və pedaqoji fəaliyyəti 20-dən çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən iki kitabın müəllifi, 4 kitaba isə həmmüəllif olmuşdur. Vəli Sultanov 15-ə qədər ittifaq və respublika səviyyəli konfranslarda mə’ruzələr etmiş və elmi materiallar çap etdirmişdir. Vəli Daryax oğlu Sultanov 1998-ci il iyun ayında Bakıda vəfat etmişdir.
Mənbə : REDAKTORDAN
YADDAŞLARDA YAŞAYACAQ
Məni tanıyanlar yaxşı bilir ki, əlim qələm tutandan – hələ orta məktəb illərindən müxtəlif mövzulu yazılarımla, şeirlərimlə Gürcüstandakı Azərbaycan dilində nəşr olunan qəzetlərdə, xüsusilə də Bolnisi rayonunda çıxan “Qələbə bayarğı” qəzetində çıxış etmişəm. Sonralar Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsində oxuyarkən isə əvvəllər bəlkə də ötərki bir həvəs saydığım yazmaq marağı daha da artdı, çap olunmaq imkanlarım isə genişlənd, yazılarım Azərbaycanın müxtəlif qəzet və jurnallarında çap olunmağa başladı. Üstəlik filologiya fakültəsində oxumağım da məni daha çox yazmağa sövq etdi, bir növ əlavə stimul verdi. Faxralının saz-söz adamları haqqında araşdırmalara başladım, neçə-neçə el şairinin şeirlərini yaddaşlardan yazıya köçürüb nəşr etdirdim. Son on ildə isə yaradıcılığımda yeni bir istiqamət yarandı – doğma Faxralımın, ulu Borçalımın tanınmış şəxsiyyətləri haqqlnda publisistik məqalələr yazdım, onları ictimaiyyətə təqdim etdim. Etiraf edim ki, bu səpkili yazıları yazmağa başlayanda heç düşünmürdüm ki, nə vaxtsa bunları toplayıb kitab halında oxuculara təqdim edəcəyəm. Məqsədim sadəcə ləyaqətli eloğlularım haqqında öz ürək sözlərimi demək, onların xidmətlərini təqdir etmək idi. Amma aylar, illər keçdikcə bu yazılar da çoxaldı. Özü də təkcə faxralılar haqqında deyildi bu yazılar. Qəhrəmanlarımın arasında Borçalının görkəmli elm və ədəbiyyat adamları, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, Azərbaycanın ayrı-ayrı guşələrindən olanlar da az deyil. Bu məşhurların həm özləri haqda, bəzilərinin həm də kitabları haqda yazılarım respublika mətbuatında işıq üzü gördü. Və sonunda bu yazıları kitab halında nəşr etdirməyin zəruriliyi meydana çıxdı. Faxralı və faxralılar haqda yazdığım yazılar üçcildlik “Ağır elsən, Borçalıda adın var”, digər yazılar isə ikicildlik “El sevəni aləm sevər” adlı kitablarımda toplanaraq nəfis şəkildə işıq üzü gördü. Bütün bunları sadalamaqda heç də məqsədim öz yaradıcılıq yolum haqqında oxucuya müfəssəl məlumat vermək deyil. Demək istədiyim odur ki, əlim qələm tutandan yaradıcılığımın ana mövzusu Faxralı və faxralılar olub. Hər dəfə kitabım işıq üzü görəndən sonra artıq bəsdir deyə düşünsəm də, bu, uzun çəkməyib. Çünki görmüşəm ki, hələ haqqında yazılası eloğlularım çoxdur. Bu yazıda da elə onlardan biri haqqında söhbət açmaq istəyirəm.
Əslində bu yazı çoxdan yazılmalıydı. Hər kəs layiq olduğu qiyməti sağlığında almalı, ünvanına deyilən xoş sözləri eşitməlidir. Amma neyləyəsən ki, bəzən bu, alınmır. Bir də gözünü açıb görürsən ki, gecikmisən… Etiraf edim ki, Faxralının yetirməsi olan alimlərin böyük əksəriyyəti ilə yaxın münasibətim, tez-tez görüşlərim olsa da, onunla əlaqəm zəif olub. Bunun səbəblərindən biri odur ki, aramızda xeyli yaş fərqi olub, mən dünyaya gələndə o, artıq Bakıda idi və 20 ilə yaxındır ki, vəfat edib. Ancaq həm eloğlularımdan, həm də onun həmkarlarından, dostlarından həmişə ünvanına xoş sözlər eşitmişəm.
Bəli, bu yazıda elimin-obamın daha bir alim oğlundan – Vəli Sultanovdan söhbət açacam. Hər şeydən əvvəl onu deyim ki, Vəli müəllim Faxralı orta məktəbinin yetirməsi olan 100-dən çox alimdən biridir. Vəli Dərgah oğlu 1928-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü ikinci dünya müharibəsinin çətin illərinə təsadüf edib. Amma bu çətinliklər onu təhsildən yayındırmayıb. Orta təhsilini Faxralı kəndindəki məktəbdə alıb. Ali təhsil almaq üçün Bakıya gəlib və 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası) daxil olub. Beşillik tələbəlik həyatını uğurla tamamlayaraq 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə institutu bitirib. Ali təhsilli neft mütəxəssisi kimi bir müddət neft buruqlarında çalışıb. 1958-ci ildən isə əmək fəaliyyətini elm sahəsində davam etdirib – Ümumittifaq Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda (ÜİTTETİ) çalışıb, elmi-tədqiqatla məşğul olub. 1968-ci ildə elmi axtarışları öz bəhrəsini verib – namizədlik dissertasiyasını uğurla müdafiə edib. Bundan sonra elmi fəaliyyətinə pedaqoji fəaliyyət də əlavə olunub – əmək fəaliyyətini AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) əmək mühafizəsi və təhlükəsizlik texnikası kafedrasında dosent kimi davam etdirib. Elmi axtarışla pedaqoji fəaliyyəti bacarıqla uzlaşdıran Vəli Sultanovun elmi-pedaqoji fəaliyyəti öz əksini 20-dən çox elmi əsərdə tapıb. İki kitabın müəllifi, 4 kitabın isə həmmüəllif olub. Vəli Sultanov 15-ə qədər ittifaq və respublika səviyyəli konfranslarda məruzələrlə çıxış edib və elmi materiallar çap etdirib.
Bu gün dostları, yaxınları və qədirbilən faxralılar Vəli müəllimi minnətdarlıqla xatırlayırlar. Ondan söhbət düşəndə ilk yada gələn isə onun saza-sözə vurğunluğu, aşıq sənəti və aşıqlara bağlılığı olur. Aşıqları dinləməkdən doymazmış.
1998-ci ilin iyun ayında Bakıda vəfat edən Vəli Dərgah oğlu Sultanovun işıqlı xatirəsi faxralıların qəlbində əbədi yaşacaqdır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.