Yaylağa gedəndə. Elə ki, Novruz bayramında bayramlaşma başa çatır, camaat əl-ayağa düşür, yaylağa, dağa-binəyə hazırlaşır.
Qadınlar məhləliklə əriştə kəsir; əriştə köməkliklə aşan işdi xəmir yoğurmaq, kündələmək, yayıb kəsmək, məxsusi hazırlanmış kəndirə sərmək, quruyandan sonra sacda qovurmaq…
Qadınlar kirkirədə duz, qovrulmuş taxıldan qovud çəkirlər.
Çadır günə verilir, sökülən yerləri səliqəylə tikilir, lazım gəlsə yamaq salınır. Nəmi üçün kisələrdən, köhnə, yararsız çadır hissələrindən ayrıca örtük, dəyə çubuqlarını bağlamaq üçün 2 qarış uzunluğunda kəndirlər, bağlanmış çubuqları dəyənin orta dirəyinə sarımaq üçün möhkəm, uzun bağ da hazırlanır…
Qadınlar yaylaq üçün yığıntı dəriləri də hazırlayırlar: yundan təmizlənmiş qoyun dərisi palıd qabığı ilə qaynadılır boyanır. Küncləri və arxa hissəsi möhkəm tikilən dərinin ağzına dairəvi ağızlıq (çəmbərə) düzəldilir. Ağızlıq, adətən, dağdağandan hazırlanır.
Kişilərin öz qayğıları var. Kişilər odun tədarükü görür, dəyə çubuğu kəsir, axşamlar dana-buzovu arxacda bağlamaq üçün mıxçalar hazırlayırlar.
Uşaqlar da yaylağa ciddi hazırlaşırlar; çilik-ağac üçün ayrı, mərə qazma üçün, müştük atma, azbalı üçün ayrıca ağaclar lazımdı axı. Uşaqlar yığışıb yaxın meşələrdən birinə gedir, irdələyib-sonulayıb kəsdikləri ağacları (adətən zoğaldan) ocaqda ütələyirlər (onda ağacın sərtliyi artır). Ala-bula ağac həvəsliləri də olur (göyrüc qabığından nazik, uzun zolaqşəkilli hissələr kəsilir, ağaca dolanır, sonra közə dönmüş ocaqda ütələnir. Qabığın altında qalan hissələr ağ olur (zolaq dolanmamışdan əvvəl ağacın qabığı soyulur).
Mal-qara köçdən bir gün əvvəl yola düşür.
Vaxtilə yaylağa maşınlarla deyil, arabalarla çıxardılar. Onda mal-qara da köçlə bərabər aparılardı…
Arana qayıdanda. Köç ərəfəsində qadınlar yavaş-yavaş yır-yığışa başlayır. Köçə iki gün qalmış mal-qaram aparacaq adamlar üçün yol azuqəsi tədarükü görülür, dələmə, körəməz hazırlanır, fəsəli bişirilir. Yağ qarınları, motallar, qurutlar daha ehtiyatla qavqarılır.
Dələmə. Südə isti-isti maya qatılır, üstü basdırılır. O, iki-üç saat beləcə qalır. Maya qoyun qursağından, taxıldan və zoğal qurusundan tutulur. Ona kifayət qədər duz da qatılır. O, hazır maya şəklinə 10-15 gündən sonra düşür.
Körəməz. Qatıqla süd dəriyə tökülür. Arabada yırğalandıqca bir-birinə qarışır, ayranı əvəzləyir.
Əkin-səpin qayğıları. Torpaq kotanla əkilərdi. Kotanı, atı, öküzü olmayanlara qohum-qonşu əl tutardı. Kəndə əkin təmayüllü texnika (traktor) gətiriləndən sonra da torpağını traktorla şumlaya bilməyənlər (torpaq sahəsi texnikadan istifadə üçün əlverişli olmayanlar) indinin özündə də kotandan istifadə edir. Payız və yaz əkininin hər birinin öz vaxtı var. Payız əkini bir qayda olaraq, məhsul yığımından sonra aparılırdısa, yaz əkininin vaxtını (ilindən asılı olaraq) torpağın nəmliyi-quraqlığı ilə müəyyənləşdirirlər.
Mənbə: Rəşid Faxralı,“Faxralı tək ağır elim var mənim”