Faxralıda Novruz bayramı çox maraqlı keçir. Əvvəlcə kəndin cavanları çərşənbələrdən başlayaraq imkan olduqca ilboyu topladıqları irili-xırdalı avtomobil və traktor təkərlərini dağlara daşıyırlar. Hər məhəllənin öz tonqalı olur və kimin tonqalı daha uzunmüddətli yanacaq deyə bir prinsipiallıq da vardır, bu kənddə.
Hava qaralan kimi Faxralını əhatə eləyən “Gözəl dağı”, “Yovşanlı təpə”, “Orta sivi” kimi dağ, təpə və yüksəkliklərdə tonqallar alovlandırılır.
Bayram günü hər məhəllədən bir igid hava qaralan kimi atını minərək gedib öz məhəlləsinin tonqalını alovlandıraraq geri dönürlər. Bayram tonqalları gecənin bir yarısına kimi yanaraq insanlara bayram sevinci bəxş edir.
Kənddə əsas Novruz atributlarından biri də maskalıların qapı-qapı gəzməsidir. Cavan-cümrü bayram axşamı müxtəlif cür maskalanaraq dəstə-dəstə yaxınların, qohumların evlərinə baş çəkərək həm bayram paylarını alırlar, həm də ev sahiblərini təbrik edirlər. Bəzi hallarda hətta ev sahibləri maskalıların kim olduqlarını bilmirlər.
Nişanlı oğlanlar, istəkli olanlar da bayram axşamı maska geyinərək adaxlılarını evlərinə gedirlər. Bu gözəl adət hələ də Faxralıda qorunub saxlanılır.
Qədim türk yurdu olan Faxralıda bayram adətləri öz türkçülük tarixini qorumuş və elliklə keçirilən “Novruz” və digər bayramlar, “At yarışları” və s. mərasimlər çox maraqlı keçirilir. “Novruz” bayramında maskalı uşaqlar, dağ başında yandırılan tonqallar, yumurta toqquşdurma, tonqal üzərindən tullanma və s. hadisələr bayrama faxralıların necə böyük məhəbbətlə yanaşdığını, müsbət dəyər verdiklərinin göstərir.
Faxralıda “Novruz” bayramı Bakıda və Azərbaycanın bir çox digər bölgələrindən fərqli olaraq mart ayının 21-i qeyd olunur.
Hər il “Novruz” bayramı qədim adətlərə uyğun keçirilir. Bu bayramda Faxralıda qonşu kəndlərin sakinlərinin iştirakı ilə at yarışları, cıdır təşkil olunur. Qaliblərə kəndin maddi imkanlı şəxslərinin və “Borçalı” Cəmiyyətinin xüsusi hədiyyələri təqdim olunur.
Tədbirlərdə Qara zurnanın və Dəf toyunun sədaları insanlara əsl bayram əhval-ruhiyyəsi aşılayır, hər kəsin üzündə bayram sevinci əks olunur.
At yarışlarında yarışda iştirak eləmək istəyən at sahibləri, tamaşaçılar və süvarilər “Qənsələrin” qabağında toplaşaraq oradan hamı birlikdə cıdırın keçiriləcəyi kəndin ayağındakı düzənliyə doğru hərəkət edirlər.
Faxralıda kənd meydanına xalq arasında “Qənsələrin qabağı” deyirlər. “Qənsələr” sözü rus dilindəki “kanselyariya”- yəni idarə sözünün kənd camaatının dilində təhrif olunmuş forması idi. Hələ sovetin vaxtından burada dövlət və hökumət idarələri olub və camaat öz dərdini-sərini, sevincini bölüşmək üçün bu meydana toplaşarmışlar.
Faxralıda artıq neçə illərdir At yarışları “Borçalı” Cəmiyyətinin nümayəndəsi və Faxralı kəndinin ağsaqqalı olan Əmirxan Babaşovun rəhbərliyi ilə keçirilir.
Tədbirlərin sonunda Ə.Babaşov tərəfindın qaliblər mükafatlandırılır. Onlara müəyyən məbləğdə pul və elin qədim adətinə uyğun olaraq kəlağayı yaylıqlar təltif edilir. Birinci yerin sahibi atın boynuna qırmızı kəlağayı, ikinciyə mavi, üçüncü gələnə isə ağ kəlağayı bağlayırlar. Beləcə izdihamlı tədbir yekunlaşır.